|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunun Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə yeni töhfəsi Gürcüstanın
Dmanisi rayonunda kompüter-tədris mərkəzi
istifadəyə verildi İyunun 15-də Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi
rayonunda inşa edilmiş kompüter-tədris
mərkəzinin binası istifadəyə verilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə
Tbilisidə ümummilli lider Heydər Əliyevin adını
daşıyan parkda ulu öndərin abidəsi önünə
əklil və gül dəstələri qoymuş, görkəmli
şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Kompüter-tədris mərkəzi binasının açılış
mərasimində Azərbaycanın və Gürcüstanın dövlət
himnləri səsləndirilmişdir. Tədbiri Gürcüstanın tanınmış
musiqiçisi, bəstəkar Roman Şxiladze açaraq qonaqları
təqdim etmişdir. Kvemo Kartli-Borçalı bölgəsinin
qubernatoru David Kirkiladze yerli sakinlərin müasir
informasiya-kommunikasiya texnologiyalarına daha dərindən
yiyələnmələri baxımından belə bir
mərkəzin açılmasının əhəmiyyətini
vurğulamışdır. Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov tədbir iştirakçılarını
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
adından salamlamışdır. A.Ələkbərov əsasını ümummilli
lider Heydər Əliyevin qoyduğu Azərbaycan-Gürcüstan
dostluq münasibətlərinin hazırda Prezidentlər İlham
Əliyev və Mixail Saakaşvili tərəfindən uğurla
inkişaf etdirildiyini, ölkələrimizin birinci xanımları
Mehriban Əliyevanın və Sandra Elizabet Rulofsun da
bu əlaqələrə öz töhfələrini
verdiklərini demişdir. A.Ələkbərov Heydər Əliyev
Fondunun fəaliyyəti haqqında məlumat verərək
demişdir ki, Fond Azərbaycanda və xaricdə təhsil,
səhiyyə, mədəniyyət, elm və digər
sahələrlə bağlı layihələr hazırlayıb
həyata keçirir. Bir neçə ay əvvəl Heydər Əliyev
Fondu Pakistanın Müzəffərabad şəhərində
qızlar üçün orta məktəb binası istifadəyə
vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Gürcüstanda yaşayan
soydaşlarımızın problemlərini daim diqqət
mərkəzində saxlayır. Bu gün istifadəyə
verilən kompüter-tədris mərkəzi bu diqqətin
bariz nümunəsidir. Bu, Heydər Əliyev Fondunun Gürcüstanla
bağlı həyata keçirdiyi sonuncu layihə deyildir. Fond
bu istiqamətdə işləri davam etdirəcəkdir. Azərbaycanın Gürcüstandakı səfiri
Namiq Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva
Prezidentlər İlham Əliyevin və Mixail Saakaşvilinin
rəhbərliyi ilə möhkəmlənən
Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə
Heydər Əliyev Fondunun verdiyi töhfələri qeyd etmişlər.
Bugünkü tədbir də ölkələrimiz arasında dostluq
münasibətlərinin təzahürüdür. Gürcüstanın hakim "Vahid Milli
Hərəkat" Partiyasının baş katibi, deputat
Zurab Melikaşvili, təhsil və elm naziri Giorgi Nodiya
mərkəzin açılışına görə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür
etmiş, Fondla hər cür əməkdaşlığa hazır
olduqlarını bildirmişlər. Mərkəzin açılışını
bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları
bina ilə yaxından tanış olmuşlar. Təhsilin inkişafına xüsusi diqqət
yetirən Heydər Əliyev Fondunun layihəsi çərçivəsində
inşasına ötən ilin sonlarında başlanmış
bu mərkəzin binası ən müasir
tələblərə və standartlara tam cavab verir. İkimərtəbəli
binanın foyesində ümummilli lider Heydər Əliyevin böyük
portreti asılmışdır. Burada, həmçinin
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır.
Müasir tipli istilik sistemi ilə təchiz olunmuş
mərkəzin dərs otaqları, iki böyük zalı,
kitabxanası, müəllimlər otağı, yardımçı
otaqları, yeməkxanası mebel dəstləri və
avadanlıqla təmin edilmişdir. Mərkəzin yerləşdiyi
küçəyə asfalt döşənmiş, ətrafda yaşıllıq
sahəsi salınmışdır. Mərkəzdəki 70-dən çox kompüterin
hamısı birbaşa İnternetə qoşulmuşdur
və həm azərbaycanlı, həm də gürcü uşaqlar
burada pulsuz kompüter dərsləri keçə
biləcəklər. Bununla yanaşı, burada hər iki
millətin uşaqları ingilis, azərbaycanlılar gürcü
dilini öyrənəcəklər. Mərkəz kütləvi
tədbirlərin, seminarların keçirilməsi üçün də
əlverişlidir. Heydər Əliyev Fondu mərkəzi
əyani vəsaitlər, kitablar,
dərsliklər, CD və DVD-lərlə təmin etmişdir.
Mərkəzlə tanışlıqdan sonra təhsil
və elm naziri Giorgi Nodiyaya Heydər Əliyev Fondunun hazırladığı
"Qarabağ xanəndələri" musiqi albomu
hədiyyə edilmişdir. Mərasim Azərbaycanın və Gürcüstan
incəsənət ustalarının konsert proqramı
ilə davam etmişdir. AzərTAc
|