· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Onbirincilərin ən kövrək anı

Respublikamızın ümumtəhsil orta məktəblərində 11-ci sinif şagirdləri üçün "Son zəng" çalındı. Bu ilin "Son zəng"i  əlamətdar bir dövrdə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünün və Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin qeyd olunduğu vaxtda keçirilirdi.

 

Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin builki "son zəng"i 50-ci buraxılışı olduğundan onbirincilərin yaddaşında həmişəlik qalacaqdır.

Həmin gün 20 nömrəli məktəb-lisey bayramsayağı bəzədilmişdi. Tədbiri açan təhsil müəssisəsinin direktoru, əməkdar müəllim Əkbər Qocayev təhsilə göstərilən dövlət qayğısından və qazanılmış nailiyyətlərdən danışdı. Qeyd etdi ki, çoxsaylı kontingenti olan təhsil müəssisəsinin müəllim kollektivi şagirdlərin təlim-tərbiyəsi prosesində yüksək bacarıq nümayiş etdirirlər.

Təhsil müəssisəsində bir sıra struktur islahatların aparılmasının nəzərdə tutulduğunu bildirən Əkbər müəllim məktəb-liseyə çevrilmiş müəssisələrinin gələn ildən bütün siniflərinin lisey sinifləri kimi fəaliyyət göstərməsinə, müəllim və xüsusi istedadlı şagirdlərin  bura cəlb olunmasına qərar verdiyini diqqətə çatdırdı. Məzunları təbrik edən Ə.Qocayev onlara  əsl ölkə vətəndaşı olmalarını arzuladı. Sonra əllərində Azərbaycan bayrağı olan onbirincilər musiqi sədaları altında tədbirə dəvət olundular.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov, 20 nömrəli məktəb-liseyin direktor müavini Zemfira İbrahimova, müəllimlərdən Zərifə Babayeva, Afa Əliyeva, keçmiş məzunlardan Nəzakət Əhmədzadə, Əsgər Cavadov, valideyn komitəsinin sədri Gülnarə Xəlilova məzunlara xoş arzularını çatdırdılar. Onbirincilərdən Səbinə, Aydan, Abdul, Günel, İzzət, Nərmin, Fidan, Nəzrin, Günay, Nigar və başqaları tədbirdə çıxış edərək məktəb-liseyin rəhbərliyinə, öz müəllimlərinə minnətdarlıqlarını bildirdilər və onların adını həmişə uca tutacaqlarına söz verdilər.

Sonra mərasimin ən kövrək anı gəlib çatdı. Onbirincilərin çiynində olan balaca fidanlar "son zəng"i səsləndirdilər.

 

Fazil İDRİSOĞLU,

fotolar müəllifindir

 

 

 

 

 

Doqquzuncular ana dilindən imtahan verdilər

ölkəmizdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət gündüz ümumtəhsil məktəblərinin IX siniflərini bu il 156101 şagird bitirir. İyunun 2-də onlar Təhsil Nazirliyinin "2007-2008-ci dərs ilində respublikanın ümumtəhsil müəssisələrində əsas və orta təhsil üzrə buraxılış imtahanlarının aparılması haqqında" 8 aprel 2008-ci il tarixli əmrinə əsasən ana dilindən yazılı imtahan verdilər. Həmin gün əməkdaşlarımız paytaxtın və Abşeron rayonunun bir neçə ümumtəhsil müəssisəsində olub imtahanların gedişini müşahidə etdilər.

 

Bakıdakı 13 nömrəli orta məktəbdə imtahanlar mütəşəkkil başlanmışdı. Bu il həmin tədris ocağının IX siniflərini 157 şagird bitirir. Onların hamısı imtahanlara buraxılmışdı. İmtahanların normal keçməsi üçün zəruri hazırlıq işləri görülmüş, məktəbdəki "imtahan guşəsi" vasitəsi ilə bu barədə bütün vacib informasiya şagirdlərə çatdırılmışdır. Mövcud təlimata uyğun aparılan imtahan saat 10.00-da başlamış, nazirlikdən göndərilən zərf açılaraq mövzular siniflərə paylanmışdı.

Həmin gün məktəbin 7 doqquzuncu sinfində imtahan gedirdi. Qısa müşahidələr apardığımız IX "A", IX "E", IX "B", IX "ç" siniflərində heç bir təlimat pozuntusu ilə rastlaşmadıq. Şagirdlər qaralama vərəqlərində inşalarını yazmaqla məşğul idilər. IX "A" sinfindən imtahan komissiyasının sədri Elmira Babayeva, fənn müəllimi Raziyə Mehdiyeva və assistent  Yaqut Məmmədlidən ibarət heyət imtahan götürürdülər. Onlar inşa üçün göndərilən mövzuların şagirdlərə artıq tanış mövzular olduğunu, il ərzində həmin mövzularda inşa yazdıqlarını söylədilər.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi tərəfindən builki doqquzunculara iki variantda 6 inşa mövzusu təklif olunmuşdu. 13 nömrəli məktəbin IX sinif şagirdləri I variant üzrə "Vətən qarşısında borcumu nədə görürəm",  "Mən xalqıma arxalanıram və ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", Heydər Əliyev, "Dostluğu necə başa düşürəm", II variant üzrə "Şəhidlər xiyabanı and yerimizdir", "Ana dilim şirindir" "Həyatda kimlərdən nümunə götürürəm" mövzularını işləyirdilər. öyrəndik ki, şagirdlər ümummilli liderimiz Heydər Əliyevdən bəhs edən mövzuya üstünlük veriblər.

***

Abşeron rayonundakı Xırdalan şəhər 1 nömrəli orta məktəbdə də doqquzuncuların imtahanında iştirak etdik. Məktəbdə 3200 şagird təhsil alır. Onlara 320 müəllim elmlərin əsaslarını öyrədir. Təbii ki, imtahan verən doqquzuncuların sayı da çox idi. Azərbaycan bölməsinin 11 sinfində 265, rus bölməsinin 2 sinfində isə 47 şagird yazılı imtahan verirdilər. Məktəbin direktoru, bu yaxınlarda "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş Tahirə Ələkbərova ilə söhbətimizdən öyrəndik ki, doqquzuncuların 6-sı imtahana buraxılmayıb. Onlar yay tapşırığı alıblar və payızda imtahan verməli olacaqlar. 8 nəfər isə xəstəlik üzündən imtahana gəlməyib.

İmtahan gedən IX "C", IX "F", IX "B", IX  "E", IX "Ğ", IX "D" siniflərində  olduq. İnşa mövzuları eyni idi. Burada da şagirdlər sərbəst şəkildə mövzular üzərində işləyirdilər. Bəzi siniflərdə şagirdlərin bir qismi artıq inşasını yazıb təhvil vermişdi.

***

Biz paytaxtın 111 nömrəli məktəbinə gələndə imtahanların başa çatmasına bir saat qalmışdı. Şagirdlərin xeyli qismi artıq işlərini yekunlaşdırıb təhvil vermişdilər. Direktor Jalə Hacıyevadan öyrəndik ki, məktəbin dörd IX sinfində 85 şagird təhsil alır. Onların hamısı imtahana buraxılıb. Bir nəfər azad olunduğundan imtahanda iştirak etmir. İmtahan nazirliyin müvafiq əmrinə uyğun olaraq saat 10.00-da başlayıb. Nazirlikdən göndərilən zərf açılaraq mövzular variantlar üzrə yazı taxtalarında yazılıb. Şagirdlərə müvafiq təlimat verilib. İmtahanın gedişində heç bir neqativ hal qeydə alınmayıb.

İmtahanlara əvvəlcədən ciddi hazırlıq işləri aparılıb. Nazirliyin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrləri icra üçün əsas götürülüb və məktəb üzrə əmr verilərək imtahan komissiyalarının tərkibi təsdiqlənib, münaqişə komissiyası yaradılıb. İmtahanlara hazırlıqla əlaqədar yoxlamalar keçirilib, şagirdərlə məsləhət saatları təşkil olunub. Direktor məhz bütün bunların nəticəsi olaraq IX siniflərdə imtahanların mütəşəkkil keçdiyini söylədi.

***

Paytaxtdakı 236 nömrəli orta məktəbin direktoru Xanlar İmaməliyev bildirdi ki, hazırlıq məqsədilə məktəbdə hələ aprel-may aylarında ayrı-ayrı fənlər üzrə sınaq yoxlamaları keçirilmiş, proqram materiallarının yerinə yetirilməsinə nəzarət gücləndirilmiş, imtahanlar ərəfəsində isə əlavə məşğələlər və məsləhət saatları, "İmtahan guşəsi" təşkil olunmuşdur.

Bu tədris ilində məktəbin IX siniflərində 211 şagird təhsil almışdır. Onlardan 209 nəfəri imtahanlara buraxılmışdır. İki şagird isə üzürlü səbəbə görə imtahanlarda iştirak etmirdi. Onu da deyək ki, doqquzuncular 6 sinifdə komplektləşmişdilər.

Direktorla birlikdə  təlimatda nəzərdə tutulmuş vaxtda başlamış imtahanın gedişini ilk müşahidə etdiyimiz IX "A" sinfi oldu. Burada imtahan komissiyasının sədri Elnarə Bəşirli, fənn müəllimi Baba Bayramov, assistent Nəzakət Cabbarova idi. Artıq hər iki variantın mövzuları lövhəyə yazılmışdı.

İmtahanın qurtarmasına bir saata yaxın vaxt qalırdı. Yazı işlərini təhvil verib dəhlizə çıxmış doqquzuncu sinif şagirdləri ilə görüşdük. Onların hansı inşa mövzularını yazdıqları ilə maraqlandıq. Sevinc Ağayeva, İsmayıl Məhərrəmli, Xoşqədəm Əliyeva və Türkanə Əlizadə "Ana dilim şirindir", Elçin Tağızadə, Ayşən Vəlibəyli, Aytac Qədiməliyeva, Vüsalə Vəliyeva, Nübar İsazadə və başqaları ulu öndər Heydər Əliyevə həsr olunan inşa mövzularını böyük həvəslə yazdıqlarını və yüksək qiymətlər alacaqlarını inamla söylədilər.

***

Bakı şəhərindəki 225 nömrəli orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, imtahan komissiyasının sədri Arzu Vəliyevanın bildirdiyinə görə, təhsil müəssisəsində 56 IX sinif şagirdi iyunun 2-də ana dilindən yazılı imtahanda iştirak edir.

İmtahanla bağlı şagirdlərlə söhbətlər aparılıb, onlara zəruri məsləhətlər verilib. Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş 2 variantda inşa mövzuları şagirdlər tərəfindən sərbəst qaydada seçilib.

Təhsil müəssisəsinin dəhlizində cədvəllər vurulmuş, xüsusi imtahan guşəsi təşkil olunub. Nəzarətçilər öz vəzifələrini məsuliyyətlə yerinə yetirirdilər.

IX "A" və IX "B" siniflərində şagirdlər səliqəli məktəbli formasında əyləşmişdilər. Bir neçə şagird seçdiyi mövzuda inşasını yazaraq təhvil vermişdi. Qalanları isə ciddi, bir az da həyəcanlı şəkildə öz bilik və bacarığını nümayiş etdirirdi.

İmtahan komissiyasının sədri Arzu Vəliyeva, müəllim Şəymən Əliyeva və assistent Gülnarə Yusifova imtahanın gedişini ciddi nəzarətdə saxlayırdılar.

 

"Azərbaycan müəllimi"