· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məktəblilərin 2007-2008-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə

2007-2008-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək sahəsində məqsədyönlü işlər görülmüşdür.

Görkəmli alim-pedaqoqlardan ibarət respublika münsiflər heyətləri  yaradılmış,  xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada materialları hazırlanmışdır. I, II rayon (şəhər) və respublika turunda qaliblərin müəyyənləşdirilməsində obyektivlik təmin edilmişdir.

Respublika üzrə IX-XI siniflərdə təhsil alan 399.064 şagirddən rayon (şəhər) mərhələsinin I turunda 46.422 (11,6%), II turda 17.128 (4,3%), respublika turunda 1112 (0,3%) nəfər iştirak etmişdir.

Yekun turun nəticəsi cədvəldə göstərilən kimi olmuşdur.

 

I-III yerin qalibləri xüsusi diplom və medallarla, həvəsləndirici IV yeri tutanlar isə nazirliyin tərifnaməsi ilə mükafatlandırılmışlar.

Yekun turda Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Sumqayıt, Şirvan şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Şərur, Babək, Zaqatala, Zərdab, Kürdəmir, Qax, Balakən, Füzuli, Salyan, Oğuz, Göygöl, Qəbələ, İmişli, Beyləqan, Neftçala, Ucar, Ağsu, Cəlilabad rayonlarının şagirdləri fərqlənmiş, mükafata layiq yerləri tutmağa nail olmuşlar.

Bilavasitə nazirlik tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin, "Zəngi" liseyinin, "Zəkalar" liseyinin, S.Bəhlulzadə adına xarici dillər, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyaların, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, "Tərəqqi" liseyinin, Heydər Əliyev adına liseyin, "İntellekt" liseyinin, Bakı şəhəri "Klassik" və "Akademik" gimnaziyaların, BMLK-nın, 83, 236, 291 nömrəli orta məktəblərin, Sumqayıt şəhəri Təbiət və texniki elmlər təmayüllü liseyin, Təbiət elmləri təmayüllü gimnaziyanın, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Balakən rayonu humanitar və texniki fənlər təmayüllü liseyin, Ağcabədi rayonu şəhər 3, Qax rayonu şəhər 2, Cəlilabad rayonu Alar kənd 1 nömrəli, Zərdab rayonu şəhər 5 nömrəli, Ağsu rayonu Gəgəli kənd, İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbinin şagirdləri daha yüksək nəticələr əldə etmişlər.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də respublikada fəaliyyət göstərən "çağ" öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmiş, I-IV yerlərə layiq görülənlərin 48 (12,9%) nəfəri onların şagirdləri olmuşdur.

Fənn olimpiadalarının təşkili və keçirilməsi sahəsində Şamaxı, Qobustan, Goranboy, Siyəzən rayonlarının şagirdləri zəif nəticələr göstərmişlər. Göstərilən rayon (şəhər) təhsil şöbələrinin rəhbərləri fənn olimpiadalarına hazırlıq və istedadlı uşaqların üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi sahəsində lazımi əməli tədbirlərin həyata keçirilməsinə məsuliyyətsiz yanaşmış, əvvəlki illərdə ünvanlarına söylənilmiş tənqidlərdən belə nəticə çıxarmamışlar.

Olimpiadaların I-II rayon (şəhər) mərhələsində fənlər üzrə şagirdlər arasında seçimin aparılmasında nöqsanlara yol verilməsinin nəticəsidir ki, yekun turun iştirakçılarından 26 nəfəri (2,3%) "0", 69 nəfəri isə (6,2%) "1-10" bal toplamışlar.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. "Məktəblilərin 2007-2008-ci dərs ilində fənn olimpiadalarının nəticələri haqqında" münsiflər heyətləri sədrlərinin təqdim etdikləri protokollar, həmçinin olimpiada qaliblərinin Təhsil Nazirliyi tərəfindən diplomlar, medallar, hədiyyə və tərifnamələrlə təltif olunmaları nəzərə alınsın.

2. Fənn olimpiadalarının təşkili və keçirilməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə, Naxçıvan, Sumqayıt şəhərləri, İsmayıllı, Şəmkir, Tovuz, Balakən, Zərdab, Cəlilabad, Zaqatala, Göygöl, Kürdəmir, Oğuz, Qax, Ucar, Ağsu, İmişli, Füzuli, Salyan, Şərur, Babək rayon təhsil şöbələrinin və respublikada fəaliyyət göstərən "çağ" öyrətim İşlətmələri Şirkətləri Azərbaycan-Türkiyə özəl liseylərinin müsbət işləri qeyd edilsin.

3. Goranboy, Siyəzən, Qobustan, Şamaxı rayon təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayon təhsil şöbə müdirlərinin nəzərlərinə çatdırılsın.

4. Fənn olimpiadalarına şagird hazırlığında səmərəli fəaliyyət göstərmiş və 2008-ci ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma və medala layiq görülmüş müəllimlərin hər birinə 135 (yüz otuz beş) manat məbləğində mükafat verilsin.

5. Fənn olimpiadalarının keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin hər biri 120 (yüz iyirmi) manat, məsul katiblərin hər biri 110 (yüz on) manat, üzvlərin hər biri 50 (əlli) manat pulla mükafatlandırılsınlar.

6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyaların direktorlarına tapşırılsın ki, əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkar olunmasına, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə, olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunmalarına diqqəti artırsınlar.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

 

29 may 2008-ci il