· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ali məktəb tələbələri arasında futbol üzrə  çempionat  başa çatdı

Naxçıvan Dövlət Universiteti ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirilən yarışın qalibi oldu

 

ölkəmizdə idmanın inkişafı, onun kütləviləşməsinə nail olunması  istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, məqsədyönlü işlər görülür. Hazırda xüsusilə yeniyetmə və gənclər arasında idmana maraq gündən-günə artmaqda, bu sahədə qazanılan uğurların sayı çoxalmaqdadır.  İdmanın ən müxtəlif sahələri üzrə əldə olunan qələbələr hər birimizi sevindirir. Bu günlərdə belə  tədbirlərdən biri - Azərbaycan universitetlərinin  tələbələri arasında futbol üzrə I respublika çempionatının keçirilməsi də özünün genişmiqyaslılığı, mütəşəkkilliliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə ən yaddaqalan hadisələrdən biri kimi daxil oldu.

Bu  faktın özü bir daha göstərir ki, ölkəmizdə idmanın müxtəlif sahələri  ilə yaşından, harada oxumasından, işləməsindən asılı olmayaraq, əksəriyyət  məşğul olur, buna böyük həvəs göstərir.

 "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətovla görüşərək  ali məktəblərarası futbol üzrə I respublika çempionatı,eləcə də onun nəticələri ilə bağlı  oxucularımıza daha ətraflı məlumat verməsini xahiş etdik:

-- Bəllidir ki, son illər Azərbaycanda idman yüksək səviyyədə inkişaf etməkdədir. Artıq  idmançılarımızın xoş soraqları beynəlxalq idman arenalarından gəlir. ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu  Heydər Əliyev  ölkədə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi qayğı göstərmişdir. Hazırda onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətində bu ən vacib sahələrdən biri kimi diqqətdə saxlanılır.

Universitetlərin  tələbələri arasında keçirilən futbol üzrə I respublika çempionatı da məhz əbədiyaşar liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuşdu. Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının birgə təşkil etdikləri yarışda ali məktəblərin tələbələrindən ibarət 32 komanda iştirak edirdi. Aprelin 18-də "Şəfa" stadionunda futbol üzrə  I respublika çempionatının rəsmi açılışı oldu. Bayram əhval-ruhiyyəsi yaşanılan həmin açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov, AFFA-nın baş katibi Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov komandaları təbrik edərək, onlara uğurlar arzuladılar. İncəsənət ustalarının maraqlı konsert proqramı ilə çıxışından sonra ilk olaraq Tibb Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrindən ibarət komandalar futbol meydançasına çıxdılar. Komandalar maraqlı oyun nümayiş etdirdilər. Azərbaycan Dövlət Neft Akademiyasının komandası rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Onu da qeyd edim ki, mayın 31-nə qədər müxtəlif yerlərdə 32 komanda tərəfindən bütövlükdə 37 görüş keçirildi.

Mayın 24-25-də isə 1/2 final oyunu oldu. Həmin oyunda Azərbaycan Kooperasiya Universiteti Lənkəran Dövlət  Universitetinə 2:1 hesabı ilə qalib gəldi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Naxçıvan Dövlət Universitetinə 1:2 hesabı ilə məğlub oldu. Bu görüşdən sonra I, II, III yerlər uğrunda mübarizə  aparan universitetlərin adları bilindi. Nəhayət ,mayın 31-i - həlledici məqam günü gəlib çatdı. "Şəfa" stadionunda 5 minə yaxın tamaşaçının izlədiyi bu final görüşündə komandalar  gözəl oyun nümayiş etdirdilər. Oyunçular olduqca həyəcanlı idilər. Təbii ki, onların hiss və həyəcanını başa düşmək olardı. Həmin gün burada təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkilləri Fəzail Ağamalı, Siyavuş Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli və digər rəsmi şəxslər də iştirak edirdilər. Komandaların oyununu maraqla izləyən azarkeşlər onları alqışlayırdılar. Keçirilən oyunlarla ilk 3 yerin sahibləri məlum oldu.  Brinci olaraq III yer uğrunda keçirilən görüşdə Lənkəran Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşdılar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının   komandası  rəqibi 3:1 hesabı ilə məğlub edərək III yerin sahibi oldu. İkinci qarşılaşma finala vəsiqə qazanmış Azərbaycan Kooperasiya Universiteti və Naxçıvan Dövlət Universitetlərinin komandaları  arasında oldu. Həmin oyunda qalibin kim olacağı müəyyənləşməli idi. Bu isə hər iki  komandadan yüksək oyun məharəti və daha çeviklik tələb edirdi.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun Naxçıvan Dövlət Universiteti  komandasının qələbəsi ilə başa çatdı: 4:1. Bir məsələni də xüsusi qeyd edim ki, keçirilən görüşlərdə Naxçıvan Dövlət Universitetinin komandası hər dəfə öz oyunu ilə yaddaqalan olurdu. Komandada təmsil olunan tələbələr bu çempionata olduqca mütəşəkkil və ciddi hazırlaşmışdılar. Bəlkə elə ona görə də  çempionatın qalibi adına daha çox onlar  iddialı və maraqlı idilər. Hər halda komandanın göstərdiyi gözəl oyun bizə bunu deməyə imkan verir. Qeyd etdiyim kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunan   I respublika çempionatının qalibi Naxçıvan Dövlət Universiteti oldu.

Final görüşü başa çatdıqdan sonra çempionatın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. I yeri tutan Naxçıvan Dövlət Universitetinin komandasına qızıl medal, fəxri kubok və 20 min manat, II yerin sahibi Azərbaycan Kooperasiya Universitetinin komandasına gümuş medal və 15 min manat, III yeri tutan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasına isə bürünc medal və 10 min manat verildi.

Qalib komandalara mükafatları təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edərək onlara ən xoş arzularını bildirdilər.

Naxçıvan Dövlət Universitetinin komandası  çempion olmaqla, iyul ayının 7-də 16 komandanın iştirakı ilə Ukraynada təşkil olunacaq tələbələr arasında Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazandı. Əlbəttə  ki, bu uğur təkcə Naxçıvan Dövlət Universitetinin deyil, bütövlükdə hamımızın qələbəsidir.

Bəli, bu gün fəxrlə demək olar ki, Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır və bizi istər ölkə daxilində, istərsə də dünyada keçirilən beynəlxalq yarışlarda hələ neçə-neçə qazanılmamış uğurlar gözləyir.

Mən də sonda idmansevərlər adından ölkəmizi Avropa çempionatında təmsil edəcək  qalib komandamıza Vətənə qələbə ilə dönməyi arzulayıram.

 

Söhbəti qələmə aldı:

Samirə KƏRİMOVA