· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti

Həmin kollegiya iclasında daha sonra ikinci məsələ - "Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti" müzakirə olundu. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətin yüksək səviyyədə aparılması üçün orta ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin xüsusi əhəmiyyət daşıdığını dedi və məhz bu səbəbdən fənnin tədrisinə məsuliyyətlə yanaşılmasının zəruri olduğunu vurğuladı. Bu məqsədlə həyata keçirilən tədbirlər haqqında danışan Misir Mərdanov ölkə Prezidentinin tapşırığına əsasən fənnə aid dərsliyin hazırlandığını və cari dərs ilində digər dərsliklərlə bərabər, şagirdərə pulsuz paylandığını bildirdi. Lakin gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində müxtəlif problemlərin mövcudluğunun heç kəs üçün sirr olmadığını deyən nazir kollegiya iştirakçılarının diqqətinə çatdırdı ki, bu sahədəki nöqsan və çatışmazlıqları müəyyən etmək məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bakı və Sumqayıtın 360 ümumtəhsil məktəbində monitorinq aparılmışdır.

Sonra ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyətinə dair arayışı təqdim etmək üçün söz Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimova verildi.

ümumtəhsil məktəblərində tədris olunan bu fənnin çağırış yaşına çatmış şagirdlərin orduya hazırlanmasında mühüm rolundan bəhs edən A.İbrahimov qeyd etdi ki, məhz məktəbdə əldə etdiyi bilik və bacarıqlar sayəsində minlərlə gənc orduda nümunəvi xidmət göstərərək Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Respublikamızın müstəqilliyinin qorunub saxlanılması, onun ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin Silahlı Qüvvələri daim qüdrətlənməlidir. Bu baxımdan Silahlı Qüvvələrdə qulluq edən gənclərin mənəvi, fiziki və hərbi hazırlığı məsələsi dövlətin prioritet sahələrindən biri kimi qiymətləndirilir. ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, torpaqlarımızın azad edilməsi üçün Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığında olması daim gündəlikdə duran ən vacib bir məsələdir. Buna nail olmağın əsaslarından biri də məktəblərdə hərbi-vətənpərvərlik işlərinin keyfiyyətinin artırılmasıdır.

Məruzəçi gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) fənninin ümumtəhsil məktəblərində tədris olunması tarixinin ayrı-ayrı təkmilləşmə mərhələləri haqqında ətraflı məlumat verərək diqqətə çatdırdı ki, hazırda bu  kurs ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan təhsil müəssisələrində həftədə 2 saat hesabı ilə tədris edilir. 2007-2008-ci dərs ilindən gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə proqram tamamilə yeniləşdirilmiş, buna müvafiq olaraq dərsliklər də yenidən çap olunmuşdur. Yeni proqrama əsasən, bu fənn X-XI siniflərdə həftədə 2 saat, cəmi 129 saat (65 saat X sinifdə, 64 saat XI sinifdə) olmaqla tədris edilir.

Arayışda göstərildiyinə görə, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin təkmilləşdirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, Azərbaycan Respublikasının ümumi təhsil konsepsiyası (Milli Kurrikulum) çərçivə sənədində fənnin məzmun standartları müəyyənləşdirilmiş, məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənn kabinetlərinin yaradılması və təchizatı istiqamətində əhəmiyyətli addımlar atılmış, hər il tətbiqi idman yarışları keçirilmişdir və s.

Nəticədə gənclərin hərbi xidmətə hazırlaşdırılmasının forma və məzmunu zənginləşdirilmiş, siyasi-əxlaqi tərbiyəyə diqqət artırılmış, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin apardığı ordu quruculuğu, ordunun güclənməsi sahəsindəki fəaliyyəti məktəblilərə çatdırılmış, dövlətçiliyə, dövlətin atributlarına hörmət daha da dərindən aşılanmışdır.

Bütün bunlarla yanaşı, fənnin tədrisi sahəsində bir sıra çatışmazlıqlar olduğunu bildirən Ağababa İbrahimov qeyd etdi ki, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər kadrların tərkibi ixtisas tələblərinə, fənn üzrə mövcud proqram və dərsliklər müasir tələblərə tam cavab vermir, fənn kabinetlərinin maddi-texniki bazası zəifdir.

Bakı və Sumqayıt şəhərlərinin 360 ümumtəhsil məktəbində aparılan monitorinqin nəticələrinə görə, bu müəssisələrdən 75-də (21%) ümumiyyətlə, gənclərin çağırışaqədərki hazırlığı fənn kabineti yoxdur. 290 məktəbdən 203-də (70%) kabinetin tərtibatı orta səviyyədədir, 85-də (29%) isə ümumiyyətlə tərtibat yoxdur. Bakı və Sumqayıt şəhərlərinin 194 məktəbində (54%) pnevmatik silahın olmadığı, 103 məktəbdə isə (29%) silah saxlama otağının olmadığı müəyyən edilmişdir. 360 məktəbdən yalnız 2-də Mülki Müdafiə üzrə avadanlıqlar yararlı vəziyyətdədir. 145 təhsil müəssisəsində avadanlıqlar yararsız vəziyyətdədir, 213-də isə heç bir avadanlıq yoxdur. 325 gənc çağırışaqədərki hazırlığı üzrə rəhbərdən  113-ü ixtisaslı, 212-si qeyri-ixtisaslı, 77-si pedaqoji qeyri-ixtisaslı kadrlar, 135 nəfəri isə ümumiyyətlə pedaqoji təhsili olmayanlardır.50 nəfərin zabit rütbəsi yoxdur. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər kadrlarla təminat baxımından Bakı şəhərində 33, Sumqayıt şəhərində 2 olmaqla, cəmi 35 (11%) vakant yer mövcuddur.

Məruzəçi bu fənn üzrə dərsliklərdə faktiki hazırlıq məsələlərinə çox az yer verildiyini, "Sağlam həyat tərzi", "QİçS və onun profilaktikası" kimi mövzuların gənclərin çağırışaqədərki hazırlığı fənninin məzmununa uyğun olmadığını söyləyərək həmin dərsliklərin təkmilləşdirilməsinə dair təkliflərini diqqətə çatdırdı. O, dərsliklərə piyada və tank əleyhinə minalar, əl qumbaraları haqqında məlumatların salınmasının, XI sinif dərsliyində verilmiş "Fövqəladə hallar və onların təsnifatı", "Mülki Müdafiə və onun vəzifələri", "Fərdi mübarizə vasitələri və onlardan istifadə edilməsi" kimi mövzuların X sinifdə keçilməsi, X sinif dərsliyindəki "Vətəndaşların hərbi vəzifələri", "Əsgərin ümumi və xüsusi vəzifələri", "Əlbəyaxa döyüş növləri" mövzularının isə XI sinif dərsliyinə salınmasının məqsədəuyğun olduğunu qeyd etdi.

Sonra məruzə ətrafında çıxışlar başlandı. Müzakirələrdə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndi və nöqsanların aradan qaldırılmasına dair təkliflər söyləndi.

Təhsil naziri Misir Mərdanov bu sahədəki problemlərin həllində tələskənliyə yol verməməyin zəruri olduğunu, dünya ölkələrinin təcrübəsinə istinad etməyi vacib saydığını dedi. O bildirdi ki, bu məqsədlə peşəkarlardan ibarət işçi qrupu yaradılmalı, onların müxtəlif ölkələrə ezamiyyətlərindən sonra həmin məsələ müzakirə olunaraq düzgün qərarlar qəbul edilməlidir.

Bununla da kollegiya öz işini başa çatdırdı.

Hicran ƏKBƏROVA