· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil Nazirliyinin kollegiya iclasında

2007-ci ildə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti

 

İyunun 4-də, günün ikinci yarısında Təhsil Nazirliyinin kollegiya iclasında "2007-ci ildə Təhsil Nazirliyində vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyəti" və  "Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti" ilə bağlı məsələlər müzakirə olundu. Kollegiya üzvləri ilə bərabər nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələri və şöbələrinin, təhsil müəssisələri rəhbərlərinin, respublikanın əksər rayon təhsil şöbəsi müdirlərinin, fənn müəllimlərinin  və KİV nümayəndələrinin iştirak etdiyi iclası açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov vətəndaşların ərizə və şikayətlərinə baxılmasına ciddi yanaşmanın çox vacib olduğunu, bu işin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, vətəndaşlar yerlərdə, kənd, rayon və məktəblərdə həll oluna bilən adi bir məsələ üçün yuxarı təşkilatlara müraciət etmək məcburiyyətində qalmamalı, nəticədə Azərbaycan hökumətindən narazı olmamalıdır. ölkəmizdə vətəndaşların ərizə və şikayətlərinə baxılmasına çox ciddi diqqət yetirildiyini deyən nazir məlumat verdi ki, Azərbaycan Respublikası Prezidentinin İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında fərmanına müvafiq olaraq bütün mərkəzi icra hakimiyyəti orqanlarında fərman və sərəncamların icra vəziyyəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət Nəzarəti və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri tərəfindən yoxlanılmışdır. Yoxlama arayışında göstərildiyinə görə, bir sıra hallarda tapşırıqlar vaxtında, tam yerinə yetirilmir, cavablar müddət pozuntuları ilə səthi tərtib olunur, zəruri təhlillər aparılmır, təqsirli şəxslər barədə intizam tədbirləri görülmür.

Misir Mərdanov əvvəlki ilə nisbətən 2007-ci ildə vətəndaşların ərizə və şikayətlərinin sayının artdığını təəssüf doğuracaq bir fakt kimi diqqətə çatdırdı. O, ölkənin stabilliyinə xələl gətirən bu amilin aradan qaldırılması üçün əlaqədar şəxslərin öz vəzifələrinə məsuliyyətlə yanaşmalarının zəruri olduğunu vurğuladı.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyində 2007-ci ildə vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması vəziyyətinə dair arayışı təqdim etmək üçün söz təhsil nazirinin müavini Elmar Qasımova verildi.

Elmar Qasımovun məlumatına görə, 2007-ci ildə Təhsil Nazirliyinə 16437 ərizə və şikayət, 20742 məktub olmaqla 37184 sənəd daxil olmuş, onlardan 356 ərizə və 259 məktub nəzarətə götürülmüşdür. 3567 ərizədən 175-i Prezident Aparatından, 23-ü Nazirlər Kabinetindən, 43-ü Milli Məclisdən, 115-i isə digər təşkilatlardan daxil olmuşdur.

Respublika təşkilatlarından daxil olan 3561 ərizədən 312-si Təhsil Nazirliyi tərəfindən nəzarətə alınmaqla, 3249-u nəzarətə alınmadan baxılmış, bunlardan 1030-u müsbət həll olunmuş, 215-i əsassız sayılmış, 2316-sı yerlərə göndərilmişdir. Vətəndaşlardan gələn 12876 müraciətdən 21-i nəzarətə alınmaqla, 12855-i nəzarətə alınmadan baxılmış, bunlardan 4765-i müsbət həll olunmuş, 874-ü əsassız sayılmış, 7237-si yerlərə göndərilmişdir. Həmin dövrdə nazirliyə Prezident Aparatından 284 (43-ü nəzarətdə), Nazirlər Kabineti və Milli Məclisdən 952, ali və orta ixtisas təhsili müəssisələrindən 5353, xarici ölkələrdən 1162 məktub daxil olmuşdur. ümumilikdə müraciətlərdən 259-u nəzarətə götürülmüşdür.

Əvvəlki ilə nisbətən 2007-ci ildə 2034 müraciət çoxalmışdır.

Daha sonra ayrı-ayrı şöbələrə paylanmış ərizə, təklif və şikayətlərin sayını diqqətə çatdıran nazir müavini ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələrinə görə nazirliyin apelyasiya komissiyasına 3353 ərizənin daxil olduğunu və bütün müraciətlərə baxılaraq icrasının mövcud qaydalara uyğun təmin edildiyini bildirdi.

Nazirliyə bilavasitə daxil olan əksər müraciətlərin ərizə xarakterli olduğunu deyən məruzəçi onların arasında dövlət və özəl ali məktəblərdə köçürülmə, ali məktəblərə bərpa, orta məktəblərdə yerdəyişmə, təhsil xərcinin ödənilməsinə kömək, xaricdə təhsil alan tələbələrin problemləri, məktəb binalarının tikintisi və təmiri, işlə təminat, azad təyinat, yaşı 6-ya çatmayanların məktəbə qəbulu və s. məsələlərin üstünlük təşkil etdiyini bildirdi. Məruzədə qeyd olundu ki, keçmiş illərlə müqayisədə 2007-ci ildə vətəndaşların ərizə və şikayətlərinə, eləcə də təkliflərlə bağlı məktublarına baxılması müddəti qısaldılmış, qaldırılan məsələlərin daha dərindən araşdırılması və icra müddətinə nəzarət artırılmış, icra intizamı xeyli yüksəlmişdir. Görülən tədbirlər nəticəsində Təhsil Nazirliyinin mərkəzi aparatında, həm də yerlərdə vətəndaşların ərizə və şikayətlərinə vaxtlı-vaxtında baxılması, eləcə də onların operativ həlli məqsədi ilə icraçıların şəxsi məsuliyyətinin artırılması üçün təsirli tədbirlər görülmüşdür.

Elmar Qasımov şikayət xarakterli müraciətlərin bəzi hallarda səthi icra olunduğunu, ərizəçilərə tələb olunan səviyyədə cavab verilmədiyini, bunun da təkrar ərizələrin yaranmasına səbəb olduğunu deyərək ötən il vətəndaşlardan eyni məzmunlu 345 təkrar müraciətin daxil olduğunu bildirdi. Onun sözlərinə görə, bu yerli təhsil orqanlarının vətəndaşların qəbulu və ərizələrinə baxılması məsələsində süründürməçilik hallarına yol verməsi, problemlərlə bağlı konkret tədbirlər görməməsindən irəli gəlir. Bununla bağlı 2007-ci ildə Təhsil Nazirliyinə hansı rayonlardan daha çox şikayət ərizəsi gəlməsi haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı:

Laçın - 65, Yardımlı - 57, Ağdam və Lerik - 54, Gədəbəy - 47, Lənkəran və Masallı - 44, Zəngilan - 41, Astara - 40, Gəncə və Goranboy - 35 və s.

Arayışda öz fəaliyyətində nöqsanlara yol verməməyə çalışan və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan rayon təhsil şöbələrindən il ərzində nazirliyə nisbətən az şikayət ərizəsi daxil olması, Xızı, Siyəzən, Naftalan və Qax rayonlarından isə ötən il heç bir ərizə və şikayətin gəlmədiyi diqqətə çatdırıldı.

Məruzədə daha sonra qeyd olundu ki, vətəndaşların müraciətləri ilə bağlı fəaliyyətin mühüm bir hissəsini qəbula gələnlərlə iş təşkil edir. Yazılı müraciətlərə nisbətən şifahi müraciətlər az olsa da, adətən operativ müdaxilə tələb edir. 2007-ci ildə Təhsil Nazirliyində cəmi 21311 nəfər qəbul edilmiş, nazirin qəbulunda 452 nəfər vətəndaş olmuş, şöbə müdirləri müxtəlif məsələlərlə bağlı 12748 nəfər şikayətçi qəbul etmişlər, qəbul otağında isə 8563 nəfərin şifahi sorğusuna cavab verilmişdir.

2007-ci ildə nazirlik tərəfindən 2409 əmr və sərəncamın imzalanaraq qeydiyyatdan keçirildiyi haqqında məlumat verən Elmar Qasımov bu sənədlərin bütövlükdə respublika təhsil sisteminin idarə olunmasında mühüm rol oynadığını qeyd etdi. Bu əmrlər yuxarı instansiyaların fərman və sərəncamları, kollegiya qərarları, mükafatlandırma və təltif, maliyyə, lisenziya məsələləri, dərslik və metodik vəsaitlərə qrif verilməsi və s. ilə bağlı olmuşdur.

Ərizə və şikayətlərin daxil olması ilə əlaqədar xüsusi proqramın daha da təkmilləşdirildiyini və ərizəçi barədə ətraflı məlumat almaq üçün əlverişli şəraitin yaradıldığını deyən təhsil nazirinin müavini vətəndaşların məktub, ərizə və şikayətlərinə baxılması prosesində müəyyən nöqsan və çatışmazlıqların da mövcud olduğunu bildirdi. O, bu işin günün tələbləri səviyyəsində qurulması məqsədilə mövcud kompüter proqramlarının daha da təkmilləşdirilməsi, yalnız şikayət ərizələrinin toplanması üçün deyil, həmçinin yuxarı təşkilatlardan daxil olan fərman, sərəncam və digər sənədlərin də qəbulu üçün xüsusi proqramın hazırlanmasının məqsədəuyğun olduğunu vurğuladı. Qeyd etdi ki, Təhsil Nazirliyinin mərkəzi aparatının ayrı-ayrı struktur bölmələrində də kargüzarlıq işlərinin daha da yaxşılaşdırılması məqsədilə İKT-nin tətbiqi və bu işlərin lazımi çərçivədə aparılması zəruridir.

Hər bir dövlət qulluqçusunun ona göstərilən etimadı öz layiqli işi ilə doğrultmağa borclu olduğunu deyən təhsil nazirinin müavini Elmar Qasımov çıxışının sonunda qeyd etdi ki, Azərbaycan vətəndaşlarının hər bir təklif, ərizə və şikayətlərinə daha həssaslıqla yanaşılmalı və beləliklə, mövcud problemlər qısa müddətdə, tezliklə aradan qaldırılmalıdır.

Sonra çıxış üçün söz alan Laçın RTŞ müdiri Şahlar Xəlilov ən çox bu rayondan ərizə və şikayətlərin daxil olması faktı ilə bağlı açıqlama verdi və bununla bağlı müəyyən tədbirlərin həyata keçiriləcəyini bildirdi.

Hicran ZöHRABQIZI