· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəbdə metodik işin təşkili

"Azərbaycan müəllimi" qəzetinin 25 yanvar 2008-ci il tarixli sayında dərc olunmuş "Metodbirləşmə məktəbə lazımdırmı?" məqaləsində aktual məsələyə toxunulub. öz metodikası və metodbirləşmə ilə işlərin təşkili sahəsində təcrübəsi olan bir müəllim kimi mən də müəllifin fikirləri ilə razılaşıram ki, doğrudan da, son illər məktəblərdə metodik iş yaddan çıxmaq üzrədir.

 

Halbuki metodbirləşmə məktəbdə həyata keçirilən metodik işlərin qərargahı, bir növ, müəllimlər üçün yaradıcılıq laboratoriyasıdır. Müasir təlim metodlarının, texnologiyalarının tədris prosesinə tətbiqinin geniş vüsət aldığı bir şəraitdə ona daha çox ehtiyac vardır.

Müasir məktəbin fəaliyyətində məktəb rəhbərliyinin, o cümlədən də təlim-tərbiyə işləri üzrə direktor müavininin rolu böyükdür. Pedaqoji kollektivin hər müvəffəqiyyəti müəyyən dərəcədə direktor müavininin işgüzarlığından, pedaqoji ustalığından, kollektivin işini düzgün istiqamətləndirmək bacarığından, tələbkarlığından asılıdır. Belə ki, o, dinlədiyi dərsləri hərtərəfli təhlil etməyi bacarmalı, müəllimə konkret tələblər verməklə yanaşı, onun yaxın köməkçisi və məsləhətçisi olmalı, dərs cədvəlini düzgün tərtib etməlidir. Bunlarla yanaşı, direktor müavini pedaqoji şura, metodbirləşmə yığıncaqlarında, metodşuralarda müasir dərsin təşkilini, yeni pedaqoji təfəkkürün inkişafını diqqət mərkəzində saxlamalıdır.

Hazırda müasir dərsə verilən tələblər artıb. Bu mənada müasir dərs yeni əsrin elmi-texniki inqilabının bütün cəhətlərini özündə əks etdirən dünya standartlarına uyğun dərs modellərinin təlim prosesinə gətirilməsi deməkdir.

Bəzi müəllimlər dərsdə müasirliklə müasir dərs ifadələrini eyniləşdirirlər. Müasir dərs dedikdə, adətən, mövzunu şagirdlərə öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, şagirdlərdə yaradıcı təxəyyülü inkişaf etdirməyə və idrakın müstəqilliyinə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verə bilirsə, deməli o, dərsi müasir tələblər əsasında qurur.

Müasir dərsin planlaşdırılması, məşğələ strukturunun müəyyən edilməsi təlimin effektliliyinin artırılmasında əsas amillərdəndir. Müəllim bir dərs saatında görəcəyi işləri ardıcıl həyata keçirmək üçün öz işini hər dəqiqəyə qənaət etmək əsasında planlaşdırıb yerinə yetirməlidir. Belə olanda müəllimin fəaliyyətində müəyyən sistem yaranır və təlimin müxtəlif üsullarından istifadə etmək asanlaşır.

Müasir dərsdə əyanilik, problem situasiya, təlimlə tərbiyənin vəhdəti, əks-əlaqə, təlim üsullarının optimallaşdırılması, diferensiallaşdırma, fərdiləşdirmə və s. istifadə etmək o demək deyildir ki, müəllim dərsdə bütün məqamları əhatə etməlidir. Məqsəd dərsin optimallaşdırılması və müasirləşdirilməsidir.

Müasir dərsin təşkili müəllimlərin elmi-metodik hazırlığının artırılmasını, onlarla aparılan metodik işin məzmunu və formalarının daha da yaxşılaşdırılmasını və təkmilləşdirilməsini tələb edir. Məktəbdə aparılan metodik iş qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi ilə, müəllimin şəxsi təhsili, onun elmi-metodik və pedaqoji hazırlığının fasiləsiz olaraq yüksəldilməsi ilə, habelə məktəbdə təlim-tərbiyə prosesinin daha da zənginləşdirilməsi ilə şərtlənir. Metodik işin keyfiyyətinə bir çox amillər - işin forma və metodlarından səmərəli istifadə edilməsi, müəllimlərin yaradıcılıq inkişafına təsir edən müəyyən təşkilati-pedaqoji şəraitin yaradılması və s. daxildir. Bütün bu məsələlərin həllində məktəbdaxili metodbirləşmə mühüm rol oynayır.

Məlum olduğu kimi, müəllimlərin sayı azı 3 və daha çox olan məktəbdə fənn metodbirləşməsi yaratmaq vacibdir.

Metodbirləşmənin ilk iclasında müəllimlər tərəfindən sədr seçilməli və sonra pedaqoji şurada təsdiq edilməlidir. Metodbirləşmə sədri seçilərkən müəllimin əsas 5 keyfiyyəti nəzərə alınmalıdır. Belə ki, o, öz ixtisasını dərindən bilməli və hərtərəfli məlumata malik olmalı, təlimin müxtəlif üsullarından məharətlə istifadə etməyi bacarmalı, müntəzəm olaraq elmi, pedaqoji-psixoloji biliyini artırmalı və bu sahədə müəllimlərə nümunə olmalı, dərs dediyi şagirdlərin fənnə aid ümumi bilik səviyyələrini nəzərə almalı, yüksək mənəviyyatı, obyektivliyi, əməksevərliyi, təşəbbüskarlığı, nüfuzu və təşkilatçılığı ilə fərqlənməlidir.

Metodbirləşmə sədrlərinin əsas vəzifələri proqram materiallarının planlaşdırılmasında müəllimlərə köməklik göstərmək, onların dərslərində iştirak etmək, qabaqcıl və təcrübəli müəllimlərin iş üsulunu öyrənib yaymaq, müəllimlərin vaxtında ixtisasartırma kurslarına getmələrini təşkil etmək, pedaqoji yeniliklər, müxtəlif təlimat və metodik tövsiyələri müəllimlərə çatdırmaq, gənc müəllimlərə əməli yardım göstərmək, fənn kabinetlərinin təşkili, müsabiqələrin, olimpiadaların, sinifdənxaric və məktəbdənkənar tədbirlərin həyata keçirilməsində müəllimlərə yardımçı olmaqdır.

Metodbirləşmə iclasını I yarımildə 2 dəfə, II yarımildə 3 dəfə keçirmək məqsədəuyğundur. Direktor müavinlərinin metodbirləşmə iclaslarında iştirakı vacibdir. Məktəbdə iş elə təşkil olunmalıdır ki, metodbirləşmənin işi formal xarakter daşımasın, o, canlı orqanizm kimi həmişə fəaliyyətdə olsun, təlim-tərbiyə işinin təkmilləşməsinə kömək etsin.

Metodik işin planlaşdırılması fəal, yaradıcı prosesdir. O, məktəbin metodik şurası tərəfindən həyata keçirilir.

Məlum olduğu kimi, müəllimlərin pedaqoji ustalığının təkmilləşdirilməsi, onlarla aparılan metodik işin təşkili problemlərinə pedaqoji şurada müntəzəm və hərtərəfli baxılması mümkün deyildir. Ona görə də həmin məsələ ilə metodik şura məşğul olur və bu onun yeganə funksiyasıdır. Şuranın tərkibinə məktəbin qabaqcıl müəllimləri, sinif rəhbərləri daxil olurlar. Bir qayda olaraq metodik şuraya direktor müavini rəhbərlik edir.

Şura il üçün qarşıda duran vəzifələri müəyyənləşdirir, iş planının tərtibində iştirak edir, metodbirləşmələrin fəaliyyətini istiqamətləndirir və ona nəzarət edir, məktəbdaxili pedaqoji mühazirələrin və metodik konfransların hazırlanması və keçirilməsi işinə rəhbərlik edir, ayrı-ayrı məsələlər üzrə aparılan seminar və konfransların proqramını hazırlayır, qabaqcıl təcrübə haqqında müəllimlərə məlumat verir, gənc müəllimləri təlimatlandırır.

Bir sözlə, metodik şura öz fəaliyyətilə məktəbin qarşısında duran əsas metodik və təlim-tərbiyə vəzifələrinin məqsədyönlü və fəal həllinə kömək etməlidir. Məktəbin metodik şurasının işi o vaxt səmərəli olur ki, pedaqoji kollektivdə işgüzar, yaradıcı mühit, məktəb rəhbəri ilə müəllimlər arasında mehriban, etibarlı qarşılıqlı əlaqə yaransın, pedaqoji kollektivin hər bir üzvü işə həvəslə və yaradıcı yanaşsın.

M.ABDULLAYEVA,

Bakıdakı 261 nömrəli məktəb-liseyin 

direktor müavini, "Qabaqcıl maarif xadimi"