|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə Aprelin14-də
Təhsil Nazirliyində "Ən yaxşı müəllim"
müsabiqəsinin II mərhələsi ilə bağlı müşavirə
keçirildi. Tədbirdə təhsil nazirinin müavinləri,
nazirliyin müvafiq şöbələrinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin rəhbərliyi,
təhsil ictimaiyyətinin nümayəndələri, eyni
zamanda müsabiqə iştirakçılarının sınaq
dərsi keçəcəkləri ümumtəhsil
məktəblərinin direktorları və onların müavinləri
iştirak edirdilər. Tədbiri açan Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov artıq "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin I
mərhələsinin başa çatdığını
bildirdi və bir neçə ay ərzində Təhsil
Nazirliyində bununla bağlı görülmüş işlər
haqqında məlumatı iştirakçıların
diqqətinə çatdırdı. O qeyd etdi ki, "Ən yaxşı
müəllim" müsabiqəsinə Bakı şəhərinin
məktəblərindən 123, nazirliyin tabeliyindəki ümumtəhsil
məktəblərindən 28, Sumqayıt şəhərindən
21, respublikanın digər şəhər və rayonlarından
221 nəfər olmaqla cəmi 393 müəllim sənəd
təqdim etmişdir. Onlardan 31 nəfərinin
sənədi müəyyən edilmiş şərtlərə
uyğun gəlmədiyindən müsabiqədə iştirakı
qeyri-mümkün sayılmışdır. Sənəd
təqdim edən müəllimlərin 15 meyar üzrə göstəriciləri
qiymətləndirilmiş və buna uyğun olaraq onların
hər birinə müvafiq bal verilmişdir. Təhsil
Nazirliyində aidiyyəti şəxslərin iştirakı
ilə keçirilən müzakirə zamanı növbəti
mərhələyə keçid balı minimum 16 müəyyən
edilmiş və buna müvafiq olaraq Təşkilat
Komitəsinin qərarı ilə müsabiqənin növbəti
mərhələsinə 208 müəllim buraxılmışdır.
Sözünə davam edən təhsil naziri
artıq yaxın günlərdə "Ən yaxşı
müəllim" müsabiqəsinin iştirakçı müəllimlərin
dərsinin dinlənilməsi, təhlil olunması və
qiymətləndirilməsi prosesindən ibarət olan II
mərhələsinə start veriləcəyini
deyərək bu məqsədlə Bakının
mərkəzi rayonlarında yerləşən və müvafiq
şəraitə malik olan məktəblərin seçildiyini
bildirdi. Müsabiqənin II mərhələsində
həmin təhsil müəssisələrinin
rəhbərlərinin üzərinə düşən
vəzifələrdən söz açan nazir onlara görüləcək
işlərlə bağlı Təşkilat Komitəsinin
rəsmi məktubunun göndəriləcəyini qeyd
etdi. Misir Mərdanov bildirdi ki, aprelin 21-də
Təhsil Nazirliyində bu mərhələyə
vəsiqə qazanmış 208 müəllimin iştirakı
ilə müşavirə keçiriləcək və ayrı-ayrı
fənlər üzrə onların sınaq dərsləri keçəcəkləri
məktəblərin adları elan olunacaq.
Nəzərdə tutulub ki, tədbirdən sonra müəllimlər
məktəbin nümayəndələri ilə birlikdə
ora gedərək şəraitlə yaxından tanış
olsunlar. Bu işə böyük məsuliyyətlə yanaşmağın
zəruriliyini məktəb rəhbərlərinin
diqqətinə çatdıran nazir tədbirin yüksək
səviyyədə həyata keçirilməsinin bilavasitə
onların təşkilatçılıq qabiliyyətindən
asılı olduğunu vurğuladı. Hər bir direktor
məktəbə seçilmiş müəllimlərin
gəldiyini nəzərə almalıdır. Qonaqlar
səmimi qəbul edilməli, onlara həssas yanaşılmalı,
fəaliyyətləri üçün zəruri şərait yaradılmalıdır.
Onlar əyani vəsaitlər və texniki
vasitələrlə bağlı heç bir problemlə üzləşməməli,
dərs keçdikləri sinifdə bütün şagirdlərin
davamiyyəti təmin olunmalı, məktəbdə ciddi
nizam-intizam olmalıdır. Daha sonra "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsi haqqında məlumat
verən Misir Mərdanov iştirak üçün 126 məktəbin
müraciət etdiyini bildirdi. O qeyd etdi ki, sənədləri
qəbul edilmiş məktəblərin göstəriciləri
14 meyar üzrə qiymətləndirilmiş və keçid balı
16 müəyyən olunmaqla 102 məktəbin II
mərhələyə buraxılması
məqsədəuyğun sayılmışdır. Daha sonra müşavirədə "Ən yaxşı
müəllim" müsabiqəsinin II mərhələsi
ilə bağlı digər məsələlər
müzakirə olundu və nazir iştirakçıları
maraqlandıran sualları cavablandırdı. Hicran ZöHRABQIZI
II mərhələdə müəllimlərin sınaq dərsləri dinləniləcək Aprelin
15-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun
"Ən yaxşı müəllim" müsabiqəsinin II
mərhələsini keçirən fənn komissiyalarının
üzvləri ilə görüşü keçirildi. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq
ölkə başçısı cənab İlham Əliyevin 4
sentyabr 2007-ci il tarixli sərəncamına əsasən
"Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi ilə bağlı ötən müddət
ərzində xeyli təşkilati işlərin görüldüyünü
dedi. Nazir qeyd etdi ki, bütün bu işlər nazirlikdə yaradılmış
Təşkilat Komitəsi tərəfindən
istiqamətləndirilir və koordinasiya edilir.Görüş iştirakçılarının
diqqətinə " Ən yaxşı müəllim" müsabiqəsi
ilə bağlı görülmüş işlər haqqında
məlumatları çatdıran nazir bildirdi ki, adıçəkilən
müsabiqədə iştirak etmək üçün Təşkilat
Komitəsinə müraciət edənlərdən 208-i növbəti
mərhələyə buraxılıb. İkinci
mərhələdə həmin müəllimlər sınaq
dərsi deməlidirlər. Artıq sınaq
dərslərinin keçilməsi üçün Bakı şəhərində
28 məktəb müəyyənləşdirilib.Müsabiqənin
ikinci mərhələsinin iştirakçıları arasında
ingilis dili müəllimləri çoxluq təşkil edirlər.
Onların sayı 31 nəfərdir. Müsabiqədə 47
rayon və şəhərin müəllimləri təmsil
olunurlar. Ən çox müəllim Bakı şəhərindəndir.
Bunların sayı 77 nəfərdir. İştirakçılar
arasında Təhsil Nazirliyinin tabeliyindəki
məktəblərdən 19, Sumqayıtdan 13, Cəlilabad
və İsmayıllı rayonlarının hər
birindən 6, Quba və Şəki rayonlarının
hər birindən isə 5 müəllim vardır.13 rayonun müəllimləri
15 meyar üzrə göstəricilərinə görə 16-dan az
bal topladıqları üçün II mərhələyə buraxılmayıblar. Bütün bunlar haqqında geniş məlumat
verən Misir Mərdanov dinləniləcək
dərslərin qiymətləndirilməsi meyarlarının
da artıq müəyyən edildiyini bildirdi. Nazir fənn
komissiyalarının üzvləri tərəfindən müəllimlərin
dinləniləcək sınaq dərslərinin müəyyən
edilmiş 12 meyar əsasında hər birinin maksimum 10
balla dəyərləndirilməsinin nəzərdə
tutulduğunu söylədi. Sınaq dərsləri
dinləniləcək müəllimlərin
qiymətləndirilməsi zamanı nəzərdə
tutulan 12 meyarın hər biri barəsində ətraflı
danışan nazir fənn komissiyalarının üzvlərinə
öz işlərinə olduqca məsuliyyətli yanaşmağı
və diqqətli olmağı tövsiyə etdi. Qeyd etdi ki,
fənn komissiyalarının tərkibinə tanınmış
müəllimlər, metodistlər, məktəbi yaxşı
bilən şəxslərlə yanaşı, həmçinin
Təhsil Nazirliyinin nümayəndələri də salınacaqlar.
Onlar ixtisaslarına uyğun dərslərin
dinlənilməsində iştirak etməklə
bərabər, təşkilati işlərin həllinə
kömək göstərəcəklər. Fənn komissiyalarının
üzvləri dərsində iştirak etdiyi hər bir müəllimi
yuxarıda qeyd olunan 12 meyar üzrə
qiymətləndirəcəklər.Sınaq
dərsləri videolentə
alınacaq. Hazırkı dövrün müəlliminə
verilən tələblərlə 15-20 il bundan
əvvəl müəllimə verilən tələblər
arasında xeyli fərqlərin olduğunu deyən nazir bu
haqda bir qədər ətraflı danışdı. Bu günün
müəllimi daha çox təşkilatçı, istiqamətverici
keyfiyyətləri ilə fərqlənməli,şagirdlərə
öyrənməyi öyrətməyi bacarmalıdır. Müasir
müəllim şagirdlərlə əməkdaşlıq
etməyi, onların təşəbbüskarlığını,
təlim müstəqilliyini layiqincə
qiymətləndirməyi bacarmalıdır. Nazir müsabiqənin
keçirilməsində əsas məqsədin ən yaxşıların
yaxşısının seçilməsi, respublika miqyasında
tanınması, onların biliyinin, peşəkarlığının
layiqincə qiymətləndirilməsi olduğunu dedi.
"Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsinin Azərbaycanın təhsil tarixində mühüm
bir hadisə olduğunu söyləyən Misir Mərdanov
bunun gələcəkdə təhsil işçiləri arasında
stimullaşdırmaya, təhsilin keyfiyyətinin yüksəldilməsinə
imkan yaradacağını bildirdi. Respublika Prezidenti
cənab İlham Əliyev tərəfindən təhsil işçilərinə
daim diqqət göstərildiyini xüsusi vurğulayan nazir
müsabiqələrin keçirilməsinin buna bir daha bariz nümunə
olduğunu söylədi. Misir Mərdanov fənn komissiyalarının
üzvlərinin üzərilərinə düşən
vəzifənin öhdəsindən layiqincə gələcəklərinə ümidvar
olduğunu bildirərək onlara müəyyən tövsiyələr
verdi. Nazir aprelin 23-dən etibarən sınaq
dərslərinin dinlənilməsinə başlanılmasının
nəzərdə tutulduğunu söyləyərək, çox qısa
bir vaxta qədər müəyyən
olunmuş hər bir məktəbdə fənn komissiyalarının
üzvləri tərəfindən
dərslərin dinlənilməsi ilə bağlı
qrafikin hazırlanıb onlara təqdim olunacağını,
həmçinin meyarlar üzrə qiymətləndirmə
cədvəlinin veriləcəyini dedi. Sınaq dərslərinin dinlənilməsi
və bununla bağlı digər
məsələlər haqqında geniş danışan
Misir Mərdanov sonda fənn komissiyalarının üzvlərinin
suallarını cavablandırdı,bir sıra məqamlara
aydınlıq gətirdi. Samirə KƏRİMOVA
Nazir amerikalı qonaqları qəbul edib Aprelin
15-də təhsil naziri Misir Mərdanov ölkəmizdə işgüzar
səfərdə olan ABŞ-ın Troy Universitetinin biznesin
təşkili və idarə edilməsi fakültəsinin
dekanı, professor Don C.Hinesi və universitetin beynəlxalq
proqramlar üzrə direktoru Filip Lyonu qəbul edib. Həmin görüşdə
Qafqaz Universiteti ilə Troy Universiteti arasında
beynəlxalq proqramlar əsasında biznesin təşkili
və idarə olunması, eləcə də iqtisadiyyatın
müxtəlif sahələri üçün kadrların hazırlanmasına
dair anlaşma memorandumu imzalanıb. Səmimi dostluq şəraitində
keçən qəbulda "çağ" öyrətim İşlətmələri
şirkətinin prezidenti Ənvər özərən, Qafqaz
Universitetinin rektoru, professor Əhməd Saniç və
təhsil ocağının digər nümayəndələri,
eləcə də nazirliyin mərkəzi aparatının
və müvafiq şöbələrinin rəhbərləri
və əməkdaşları iştirak edirdilər. Qonaqları səmimi salamlayan təhsil
naziri Misir Mərdanov onları Təhsil Nazirliyində görməsindən
məmnunluğunu ifadə etdi. ölkəmizdə təhsil
sahəsində beynəlxalq əməkdaşlıq
əlaqələrinin yaranmasına daim xüsusi önəm
verildiyini vurğulayan nazir Azərbaycan Respublikasının
ABŞ-la müxtəlif proqramlar çərçivəsində geniş
miqyasda əməkdaşlıq əlaqələrinin mövcud
olduğunu diqqətə çatdırdı. Misir Mərdanov yüksək
intellektə malik insan kapitalının formalaşmasında,
davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın
qurulmasında təhsilin, xüsusilə ali təhsilin böyük
rolundan bəhs edərək qonaqlara son illər ölkəmizdə
bu sahədə görülən işlər və həyata keçirilən
tədbirlər haqqında məlumat verdi. O, imzalanacaq
sənəd əsasında Qafqaz Universiteti ilə Troy
Universiteti arasında yaranacaq əməkdaşlıq
əlaqələrini yüksək dəyərləndirdiyini
diqqətə çatdırdı. Görüşdə Türkiyə
və Azərbaycan qardaşlığının ən
parlaq simvolu olan Qafqaz Universitetinin böyük uğurlarından
söz açan nazir Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün
"Qafqaz Universiteti bütün Qafqazın "Harvard"ı
olacaq" fikrinin yaxın gələcəkdə gerçəkləşəcəyinə
şübhə etmədiyini dedi. Sonra çıxış üçün söz alan professor
Don C.Hines Azərbaycanda qarşılaşdıqları yüksək
qonaqpərvərlik və səmimiyyətə görə
təşəkkürünü bildirdi. Qafqaz Universitetinin Troy
Universitetinin Cənubi Qafqazda əməkdaşlıq
edəcəyi ilk ali məktəb olduğunu deyən qonaq
tədbir iştirakçılarına çalışdığı
130 yaşlı təhsil ocağı haqqında ətraflı
məlumat verdi. O qeyd etdi ki, Troy Universiteti əlaqə
yaratmaq istədiyi müəssisənin fəaliyyətini
diqqətlə izləyir və yalnız bundan sonra işbirliyinə
can atır. Bu mənada Qafqaz Universiteti də məhz
Azərbaycanda fəaliyyət göstərən özəl ali
məktəblər arasında ən yüksək reytinqə
malik olması, beynəlxalq miqyasda böyük nüfuzu, məzunlarının
dünya səviyyəsində əhəmiyyətli
nailiyyətləri ilə diqqəti cəlb edib. İmzalanacaq
müqaviləyə görə Qafqaz Universitetinin bir qrup
tələbəsi 2 il öz ali məktəbində, 2 il ABŞ-da
təhsil alacaq. Bu razılıq amerikalı
tələbələrə də şamil olunur. Proqramı
başa vurmuş tələbəyə hər 2
universitetin biznes bakalavr dərəcəsi veriləcək.
Bundan başqa, biznes magistr proqramının (MBA) həyata
keçirilməsi də gözlənilir ki, bunun üçün
tələbə hər iki təhsil ocağında bir il
oxumalıdır. Əməkdaşlıq çərçivəsində
müasir dövrdə dünyanın hər bir guşəsində
əsas rol oynayan 2 sahə üzrə - biznesin təşkili
və idarə olunması, eləcə də iqtisadiyyatın
müxtəlif sahələri üçün kadrların hazırlanması
nəzərdə tutulub. Dünyanın hər bir yerində
tanınacaq diplomlar məzunların istənilən ölkədə
işləməsinə imkan yaradacaq. Beləliklə,
Qafqaz Universiteti Azərbaycanın təhsil tarixində
məzunlarına 2 universitetin diplomunu verən ilk ali
təhsil ocağı olacaq. Don C.Hines yaranacaq əməkdaşlıq
əlaqələrinin həm də ölkələr arasında
dostluq münasibətlərinin inkişafına xidmət
edəcəyinə əmin olduğunu bildirdi. Səmimi şəraitdə keçən görüşün
sonunda Qafqaz Universiteti və Troy Universiteti arasında qarşılıqlı
əməkdaşlığa dair anlaşma sənədi
imzalandı. Təhsil naziri Misir Mərdanov onları
təbrik edərək gələcək
fəaliyyətlərində uğurlar arzuladı və
qonaqlarla xatirə şəkli çəkdirdi. Hicran ƏKBƏROVA |