· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ən yeni məktəblərimiz

Suraxanı rayonunun Zığ qəsəbəsindəki 317 nömrəli orta məktəb ötən ilin sentyabrında istifadəyə verilib. Təhsil Nazirliyi tərəfindən inşa edilən 840 şagird yerlik 3 korpusdan ibarət olan məktəb üçmərtəbəlidir. Təhsil ocağında 43 sinif otağı, fənn kabinetləri, akt, idman, kompüter zalları, kitabxana, laboratoriyalar və yeməkxana vardır. Burada yüksək səviyyədə qurulmuş istilik sistemi də istifadəyə verilib. Məktəbin həyətyanı sahəsinin abadlaşdırılmasında müəllim, şagird və valideynlərin böyük rolu olub.

 

 

 

Elektron dərsliklərdən necə istifadə olunur?

Məlum olduğu kimi, Təhsil Nazirliyi ötən ildən etibarən məktəblərə elektron dərsliklər verib. Ancaq elə məktəblər var ki, həmin dərsliklərdən heç də səmərəli istifadə etmir. Bu günlər elə bu məsələ ilə bağlı müşahidə apardığımız iki təhsil ocağındakı vəziyyətlə sizləri də tanış etmək istəyirik.

 

Bakıdakı 245 nömrəli məktəbdə elektron dərsliklərdən niyə istifadə olunmur?

Suala aydınlıq gətirməzdən əvvəl bu təhsil ocağının müdiriyyətinin qəzəbinə tuş gəlməmək üçün məktəb barədə öyrəndiyimiz qısaca məlumatları diqqətə çatdırmaq qərarına gəldik. Bu təhsil müəssisəsində 170 müəllim, 2051 şagird var. Məktəbdə kompüterlər üçün iki otaq ayrılıb. Birində informatika, digərində isə elektron dərsliklərdən alayarımçıq da olsa, istifadə olunur. Məktəbin direktoru Əvəz Əliyevin sözlərinə görə, təhsil ocağına nazirlik tərəfindən 36 kompüter verilib. Eyni zamanda məktəb dörd fənn üzrə (Azərbaycan tarixi, kimya, biologiya, fizika) elektron dərsliklər də alıb...

Sonra direktor müavini Sədaqət Salayeva ilə birlikdə kompüter otaqlarına getdik. İlk baxış keçirdiyimiz otaqda cədvəl üzrə IX "D" sinfi dərs keçməli olduğu halda, VIII "Q" sinfi biologiya dərsi keçirdi. Bu qarışıqlığın səbəbini direktor müavini cədvəlin dəyişdirilməsi ilə əlaqələndirdi. Biologiya müəllimi Vəfa Ağalarova isə bildirdi ki, bundan əvvəlki dərs nəzəri olduğu üçün indiki saatı bütöv elektron görüntülərə həsr etmişik...

Məsələnin son dərəcə qəliz, cidanı çuvalda gizlətməyin heç bir əhəmiyyəti olmadığını görən direktor müavini bildirdi ki, cədvəl üzrə elektron dərsliklərdən IX-XI siniflərdə biologiya, VIII-X-XI siniflərdə kimya, VI-X siniflərdə tarix, VII-VIII-IX siniflərdə fizika fənləri həftədə bir saat tədris olunmalıdır. Ancaq məktəbdə bu dərslər tam keçilmir. Elektron dərsliklərdən həftədə bir saat istifadə olunmamasının səbəbini Sədaqət Salayeva otaq çatışmazlığı ilə izah etdi. Bildirdi ki, bax elə bu səbəbdən də nəzərdə tutulan elektron dərsliklərdən 41 saatı istifadə olunmur. Bu müəmmalı məsələyə bir qədər də aydınlıq gətirmək üçün XI "Q" sinfinə getdik. Sinifdə ingilis dili dərsi keçilirdi. Şagirdlərdən elektron dərsliklərdən istifadə edib-etmədiklərini soruşduq. Araya çökən ani sükutdan sonra hamı bir nəfər kimi dərsliklərdən istifadə etdiklərini dedi. Şagirdlərlə bir qədər səmimi söhbətdən sonra hər şey aydın oldu. Onlar bildirdilər ki, təxminən bir aya yaxındır ki, kimya dərsi istisna olmaqla, başqa heç bir elektron dərsliklərdən istifadə etmirlər. Səbəbini də bilmirlər. Biz sinif otağından çıxandan sonra direktor müavini Sədaqət Salayeva əsəbi halda dedi: "Gərək mən sizə sinif otağına girməyə icazə verməyəydim".

Bizi isə bir məsələ düşündürür, görəsən şagirdlərə bilik öyrətmək üçün dövlətin göstərdiyi qayğıdan belə direktor müavinləri onları niyə məhrum edir. Hələ üstəlik onlara yalan danışmağı öyrədir. Məktəb rəhbərliyi də belə laqeydliyə göz yumur.

 

 

"Kompüterləri bağlı yerdə saxlamışıq"

 

İkinci baş çəkdiyimiz Bakıdakı 60 nömrəli məktəbdə isə vəziyyət bam-başqa idi. Bu məktəbin binası əsaslı təmir olunduğuna görə 2007-ci ilin sentyabr ayından 153 nömrəli məktəbin binasına köçüb. Direktor Həqiqət Qarayevanın dediyinə görə, I növbədə 153 nömrəli məktəb, II növbədə isə 60 nömrəli məktəb dərs keçir. 58 müəllim, 449 şagirdi olan bu məktəbdə 24 sinif yaradılıb. O ki qaldı elektron dərsliklərdən istifadəyə, məktəb direktoru fevral ayına kimi 153 nömrəli məktəbin nəzdində olan kompüterlərdən istifadə etdiklərini dedi. Bəs görəsən məktəbin şagirdləri mart, aprel və may aylarında informatika və elektron dərsliklərdən harada və necə istifadə edəcəklər? Məgər onlar üçün verilmiş 24 sinifdə kompüterdən istifadə etmək üçün şərait yaratmaq olmazdımı. Əlbəttə olardı. Əgər direktorun könlü olsaydı. Direktor isə deyir ki , Təhsil Nazirliyi bizim 60 nömrəli məktəbə hələ ötən il 10 kompüter verib. Həmin kompüterləri bu məktəbə gətirmək üçün gərək otaqların hansısa birində şərait olsun. Buna görə də kompüterləri məktəbə yaxın bağlı yerdə saxlamışıq...

Bizə belə gəlir ki, buna biganəlik və laqeydlikdən başqa ad vermək olmaz...

Rəşad ZİYADOV

foto Fazil İDRİSOĞLUNUNDUR