· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Əzizbəyov rayonundakı üç təhsil müəssisəsində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 18-də Bakının Əzizbəyov rayonunda olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daha sonra 3 nömrəli uşaq evinin Buzovnadakı yay düşərgəsinin vəziyyəti ilə tanış oldu.

Uşaq evinin direktoru Zöhrə Hüseynova bildirdi ki, 1988-ci ildən uşaq evinin balansına verilmiş yay düşərgəsinin binası hazırda yararsız vəziyyətdədir.

Mehriban xanım burada görülməli olan işlərlə maraqlandı.

Fondun icraçı direktoru Anar Ələkbərov məlumat verdi ki, araşdırmalar nəticəsində binanın təmirinin səmərəsiz olduğu müəyyən edilmişdir. Ona görə də layihə əsasında yenidən tikilməsinə ehtiyac var.

Mehriban xanım Əliyeva tezliklə yeni binanın tikintisinə başlamağın zəruriliyini vurğuladı, bunun üçün təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq layihə-smeta sənədlərinin hazırlanmasını tapşırdı. Eyni zamanda bildirdi ki, tikinti işlərini gələn yaya qədər başa çatdırmaq lazımdır.

Yay düşərgəsində eyni vaxtda 150 uşağın dincələ bilməsi üçün şərait yaradılacaqdır.

***

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün Şüvəlandakı Uşaqlara və Ailələrə Dəstək Mərkəzinə gəldi.

Mərkəz ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "Uşaqların xilası" təşkilatı tərəfindən inşa olunmuşdur. Mərkəz xüsusi qayğıya ehtiyacı olan uşaqları və onların ailələrini alternativ qayğı ilə təmin edir, zəruri xidmətləri təşkil edir, təlimlər keçirir və nəticədə uşaqların uşaq evlərinə və internatlara düşmələrinin qarşısı alınır. Burada gündə 100-dək uşaq müxtəlif qruplarda təlimlərdə və dərnəklərdə iştirak edir, idmanla məşğul olur. Mərkəzdə əlil uşaqlar üçün xüsusi avadanlıq da vardır.

Mehriban xanım otaqları gəzdi, təlimlərin gedişi ilə maraqlandı, uşaqların əl işlərinə baxdı.

Balacalar Mehriban xanımı səmimiyyətlə salamladılar. Onlar nəqliyyat problemlərinin həllinə göstərdiyi köməyə görə Fondun prezidentinə təşəkkür etdilər.

Uşaqları Novruz bayramı münasibətilə təbrik edən Mehriban xanım onların ehtiyacları ilə maraqlandı, bundan sonra da tez-tez onların görüşünə gələcəyini bildirdi.

Sonda Mehriban Əliyevaya uşaqların əl işlərindən ibarət xatirə hədiyyəsi təqdim olundu.

Şüvəlandakı 237 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı gül-çiçəklə qarşıladılar. 1964-cü ildə inşa olunmuş məktəbdə müxtəlif vaxtlarda cari təmir işləri aparılmış, ötən il isə yeni korpus tikilmiş, istilik sistemi qaydaya salınmışdır. Lakin köhnə bina uşaqların dərs keçmələri üçün yararsızdır.

Məktəbin iclas salonuna, sinif otaqlarına baxan Mehriban xanıma məlumat verildi ki, Şüvəlandakı 3 məktəbdən yalnız bu məktəbin köhnə binası yararsız vəziyyətdədir.

Fondun prezidenti vəziyyətlə tanış olduqdan sonra tədris ilinin axırında təmirə başlamağı tapşırdı, yeni dərs ilinədək işlər tamamlanmasa, uşaqların digər məktəblərdə təhsil almasının təmin olunmasının vacibliyini vurğuladı.

***

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sonra Türkandakı 262 nömrəli orta məktəbdə oldu. Məktəbin müəllimləri Mehriban xanımı səmimiyyətlə salamladılar, qarşıdan gələn Novruz bayramı münasibətilə onu və Azərbaycan Prezidentini təbrik etdilər.

Məktəb binasının vəziyyəti ilə tanış olan Fondun prezidentinə bildirildi ki, 1176 şagird yeri olan məktəbdə hazırda 736 nəfər təhsil alır. 1979-cu ildə inşa olunmuş binada indiyədək təmir işləri aparılmamışdır, dam örtüyü də yararsız vəziyyətdədir.

Mehriban xanım tədris ilinin sonunda binanın təmirinə başlamağın zəruriliyini bildirdi, layihə-smeta sənədlərinin hazırlanması barədə müvafiq tapşırıq verdi. O dedi ki, yeni dərs ilinədək təmir işləri başa çatmasa, uşaqların digər məktəblərdə təhsil almasını təmin etmək lazımdır.

***

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə martın 18-də Novruz bayramı münasibətilə Əzizbəyov rayonunda 4 minədək ailəyə sovqat göndərilmiş, rayon mədəniyyət evində konsert proqramı təşkil olunmuşdur.

AzərTAc