· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Yeni fənn kurrikulumlarının tətbiqi: eksperiment keçirilən müəssisələrin fəaliyyət istiqamətləri

Təhsildə əsaslı keyfiyyət dəyişikliyinə nail olmaq və onun inkişafını təmin etmək üçün, ilk növbədə, təhsilin məzmunu, təlim texnologiyaları, idarəedilməsi və qiymətləndirilməsi, pedaqoji kadr hazırlığının diqqətdə saxlanılması olduqca vacibdir. İnformasiyanın kifayət qədər çox olması, pedaqoji, sosioloji, psixoloji və təhsil sahəsindəki nailiyyətlər, təlim və öyrənilən materialın mənimsənilməsi haqqında yeni empirik məlumatların şagirdlərə çatdırılmasına imkan verən müasir təlim metodlarının tətbiqinin vacibliyi maraq dairəsindədir.

 Artıq müəllim şagird üçün bir informasiya, bilik almaq mənbəyi deyil. Bu gün müəllim əməkdaşlıq mühitində peşə ustalığını artırmağı, fəal təlim metodlarının əhəmiyyətini dərk və tətbiq etməyi, valideynlərdə məktəbə və müəllimlərə düzgün münasibət bəsləməyi öyrətməyi, məktəbin nüfuzunu yüksəltməyi, təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürü inkişaf etdirməyə nail olmağı bacarmalıdır.

Yeni fənn kurrikulumlarının tətbiqi üzrə təşkilati tədbirlərin həyata keçirilməsi ilə əlaqədar təhsil naziri Misir Mərdanovun əmrinin icrası ilə bağlı yeni fənn kurrikulumlarının məzmun və mahiyyətinin izahı, pedaqoji işçilərə bu sənədlərlə işin metodikasının mənimsədilməsi vacibdir. Problemin həlli üçün ibtidai təhsil bölməsinin fəaliyyət istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

- İbtidai təhsillə bağlı sənədləri öyrənmək;

- İnformasiya bankı yaratmaq;

- İbtidai təhsil kurrikulumunu hazırlayan milli məsləhətçilərlə görüşlər keçirmək;

- Kurrikulum şurası yaradılması;

- Qabaqcıl təcrübənin öyrənilməsi;

- Dövri mətbuatda müzakirələrdə iştirak etmək;

- Anket sorğuları keçirmək;

- Vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq.

Yeni yaradılmış kurrikulumda ibtidai təhsilin əsas məqsədi: idraki və yaradıcı (təhliletmə, tədqiqetmə, tətbiqetmə) bacarıq və qabiliyyətləri formalaşdıran, şəxsiyyətyönümlü ilkin, zərüri biliklər vermək, milli, bəşəri, vətəndaş, sosial dəyərlər sistemini formalaşdırmaq, ümumi təhsilin digər pillələrində təhsilini davam etdirmək üçün şagirdləri istiqamətləndirməyi nəzərdə tutur.

İbtidai sinif şagirdləri Azərbaycan xalqının dili, dini, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin biliklərə malik olmalı, fəaliyyətində, münasibətlərində onlara istinad etməlidir. Gerçəkliyi estetik qavramaq, gözəlliyi duymaq, dərk etmək qabiliyyətinə, müasir texnika və kommunikasiya vasitələrinə dair bilgilərə, tələbatlarına uyğun olanlardan ilkin istifadə bacarıq və vərdişlərə malik olmalıdır.

Planlaşdırılmış təlim nəticələrini nəzərdə tutan ibtidai təhsil pilləsində şagirdlərin mənimsəmə, təhliletmə, tədqiqetmə, tətbiqetmə kimi keyfiyyətlərinin formalaşmasına nail olmağa imkan verir. Hazırda ibtidai təhsil pilləsində ana dili, riyaziyyat, təbiətşünaslıq, musiqi, təsviri sənət, əmək hazırlığı, fiziki mədəniyyət, həyat bilgisi (I-II siniflərdə layihə şəklində tədris olunur) fənləri tədris olunduğu halda, yeni yaradılmış kurrikulumda ana dili (oxu və Azərbaycan dili), riyaziyyat, həyat bilgisi, əmək hazırlığı, incəsənət, fiziki mədəniyyət fənlərinin tədrisi nəzərdə tutulur.

İbtidai təhsilin məzmunu, ilk növbədə, şəxsiyyəti aşağıdakı əsas tərəflərin formalaşmasına istiqamətləndirir:

- İdraki mədəniyyət, kommunikativ mədəniyyət, əxlaqi mədəniyyət, estetik mədəniyyət, əmək mədəniyyəti, fiziki mədəniyyət, ekoloji mədəniyyət, iqtisadi mədəniyyət.

Problemin həllinin məhz müəllimlərimizin yeni bilikləri mənimsəmələrindən daha çox asılı olduğunu nəzərə alaraq onların istifadəsi üçün xüsusi sənədlər toplusu hazırlanmışdır.

1.Kurrikulumun tərkib hissələri əsas 4 çərçivədən ibarətdir:

məqsədlər/standartlar,

məzmun,

tədris/təlim prosesi və

nəticələr/qiymətləndirmə.

2.Tədris olunan fənnin məqsədi və məzmunu ilə yanaşı, tədris/təlim fəaliyyətlərin təşkilini, nailiyyətlərini və onların qiymətləndirilməsini əks etdirir.

3.Təlim prosesinin bütün əsas komponentləri (məqsədlər, məzmun, metodlar, öyrədici mühit və qiymətləndirmə) sistemli və bir-biri ilə əlaqəli şəkildə planlaşdırılır.

4.Kurrikulumda həm tədris, həm də təlim proseslərinin təşkili əks olunur:

- Kurrikulumun məqsəd və vəzifələrinin planlaşdırılması hissəsində fənnin həm tədris (məqsədlər), həm də təlim (standartlar) vəzifələri əks olunur;

- Kurrikulumun metodiki hissəsində həm müəllimin, həm də öyrənənin fəaliyyəti planlaşdırılır;

- Kurrikulumun qiymətləndirmə hissəsində həm müəllimin, həm də öyrənənin tədris/təlim prosesində gözlənilən nəticələrinə aid meyar və vasitələr əks olunur.

Kurrikulum dedikdə, təlim prosesi ilə bağlı bütün fəaliyyətin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd başa düşülür.

Geniş mənada kurrikulum dövlətin təhsil sahəsində siyasəti və məqsədləri, milli təhsil standartları, tədris plan və proqramları, tədris və təlim prosesində baş verən bütün fəaliyyətləri (monitorinq və qiymətləndirmə prosesləri daxil etməklə) və istifadə olunan resursları əks etdirən konseptual sənəddir.

Onun ekvivalenti kimi "tədris proqramı" çıxış edir. Lakin Azərbaycanda mövcud olan "tədris proqramı" anlayışından fərqli olaraq kurrikulumda təlim prosesinin bütün əsas komponentləri (məqsədlər, məzmun, metodlar, öyrədici mühit və qiymətləndirmə) əks olunur.

 

Zülfiyyə VƏLİYEVA,

AMİ-nin əməkdaşı, respublikanın əməkdar müəllimi,

akademik M.Mehdizadə mükafatı laureatı