|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev və Azərbaycan dili Hər
bir xalqın özünəməxsusluğunu müəyyən
edən başlıca ünsürlərdən biri onun dilidir. XX
əsrdə xalqımızın bu sahədə
əldə etdiyi uğurları yüksək təqdirə
layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan
Respublikasının dövlət dili olan Azərbaycan dili son
bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək
lüğət tərkibini zənginləşdirmiş,
qrammatik quruluşunu cilalamış və dünya dilləri
içərisində öz layiqli yerini tutmuşdur. Heydər ƏLİYEV Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil
siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi
tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan
Respublikasına rəhbərlik etməyə başladığı
ilk illərdə ana dilinə - Azərbaycan xalqının
milli dilinə böyük əhəmiyyət vermiş, bu dilin
Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi
maddədə göstərilməsinə nail olmuşdur. Ali
məktəblər üçün yazılmış "Müasir
Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət
mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın
inkişafı üçün hər cür şəraitin yaradılması,
Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği
bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana
dilində çıxış edən dövlət başçısı
Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırırdı. Heydər Əliyev Azərbaycan dövlətinin
rəhbəri olduğu ilk illərdən ana dilinin
sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul
olmuşdur. Tarix üçün o qədər də böyük olmayan,
təxminən onillik bir müddətdə görkəmli dövlət
xadimi həqiqətən böyük tarixi olan aşağıdakı
işləri görmüşdür: - Azərbaycan dili dövlət dili olaraq
Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Əsas
Qanunda - Konstitusiyada) öz əksini tapmış, Moskvanın
etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı,
Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir; - Azərbaycandilli məktəbin, maarifin
inkişafına xüsusi qayğı göstərilmiş, bir sıra
digər sovet respublikalarından fərqli olaraq,
Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük
verilmişdir; - Azərbaycan dilində mətbuatın,
elmin tərəqqisi üçün dövlət rəhbərliyi
əlindən gələni etmiş, Azərbaycanın böyük
yazıçıları öz əsərlərini, demək olar
ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar
İttifaqının aparıcı mətbuat orqanları -
"Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat
və incəsənət" qəzeti Azərbaycan
dilində çıxmışdır; - Azərbaycan dilinin tarixi o zamana
qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış,
çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılmış,
həmin çoxcildliklərdən biri - ali məktəblər
üçün "Müasir Azərbaycan dili" dərsliyi
Azərbaycan Dövlət mükafatına layiq görülmüş, ana
dilini araşdıran alimlərin əməyi yüksək
qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu
bir daha təsdiq edilmişdir; - həm rəsmi, həm də
qeyri-rəsmi yığıncaqlarda, məclislərdə
Azərbaycan dilində danışmaqdan çəkinməyən
respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin
yüksəlməsinə bilavasitə təsir göstərmiş,
başqalarına nümunə vermişdir və s. 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində Azərbaycanda milli azadlıq
hərəkatının gedişində ana dilinin
ictimai-siyasi nüfuzunun güclənməsi Heydər Əliyevin
vaxtilə yürütdüyü siyasətin bilavasitə
nəticəsi idi. Lakin həmin illərdə başqa
sahələrdə olduğu kimi, dil quruculuğu, dil
siyasəti, geniş mənada
dil mədəniyyəti sahələrində də
hədsiz volyuntarizmə, hərc-mərcliyə yol verilirdi
- xüsusilə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu
zaman etnik-kulturoloji məsələlərlə bağlı
buraxılan səhvlər milli dilin (dövlət dilinin) nüfuzuna
mənfi təsir göstərdi: - yaxın dövrün tarixi varisliyi gözlənilmədən
ana dilinə (dövlət dilinə) münasibətdə
kəskin sıçrayışlarla
səciyyələnən, hər cür əsasdan məhrum
"tədbirlər" görülməsinə başlandı
ki, həmin "tədbirlər" nəticə
etibarilə idarəolunmaz bir situasiyaya çevrilib ana dilini
(onun ictimai-siyasi nüfuzunu, normalarını, funksional üslublarını...)
bütövlükdə təhlükə altında qoydu; - Azərbaycanda yaşayan azsaylı xalqlara,
etnoslara mədəni muxtariyyət vermək kimi volyuntarist
bir hərəkətin rəsmi müdafiə olunması on
illər boyu qazanılmış tarixi uğurların
itirilməsi həmin uğurlara (və dövlət dilinin nüfuzuna)
barmaqarası münasibətin nəticəsi idi; - geniş, hərtərəfli müzakirələr
aparılmadan (nə ictimaiyyətin, nə də mütəxəssislərin
rəyini öyrənmədən) ana dilinin "türk dili"
adlandırılması, eləcə də kiril əlifbasından
latın əlifbasına keçidin hazırlıqsız başlanması
sonralar bir sıra problemlər törətdi; - normal təhsil görməmiş,
mədəniyyətdən uzaq bir sıra "dövlət
xadimləri"nin, "siyasi xadimlər"in müxtəlif
çıxışları, məntiqsiz mülahizələri
Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş
normalarına, funksional üslublarına (ümumən ana dilinin
əxlaqına) sayğısız, məsuliyyətsiz münasibət
yaratmağa başladı və s. Xalqın təkidi, tarixin hökmü ilə
Azərbaycanda yenidən hakimiyyətə qayıtmış
Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi,
ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına,
stabilləşməsinə nail oldu. Və bu
illərdə onun xüsusi diqqət yetirdiyi
məsələlərdən biri də dil
məsələsi idi... Məsələnin ciddiliyini
nəzərə alan dövlət rəhbəri mütəxəssislərin
iştirakı ilə geniş müzakirələr keçirdi
və həmin müzakirələr mövcud problemlərin
həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki,
yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər
də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının
əleyhinədir. Hər şeydən əvvəl, ona görə
ki: a) iki müstəqil türk mənşəli
dilin hər ikisinin eyni bir adla adlandırılması özünü
doğrultmur və təcrübədə onları
istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan
türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım
gəlir; b) Azərbaycan ərazisində yaşayan
qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar,
tatlar, kürdlər, ləzgilər və s.)
"Azərbaycan dili"nin "türk dili" adlandırılmasından
hər hansı halda narahat olurlar, bir sıra qüvvələr
isə bundan istifadə edərək "xırda
millətçilik" hisslərini qızışdırırlar; c) "Azərbaycan dili" adı artıq
neçə on illərdir ki, uğurla işlənir,
kifayət qədər böyük işlənmə təcrübəsinə
malikdir. Bütün bunlar nəzərə alınaraq
(eyni zamanda referendumun nəticələrinə
əsaslanaraq) müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasında dövlət dilinin adı "Azərbaycan
dili" kimi qeyd edildi. Azərbaycan müstəqillik əldə
etdikdən sonra dövlətə və xalqa yenidən
rəhbərlik edən ümummilli lider ana dili
məsələsinə yeni səviyyədə - müstəqil
dövlət quruculuğunun tələb etdiyi
səviyyədə yanaşmağın təcrübəsini
verdi. 2001-ci ildə qəbul edilən Konstitusiyada
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzindən
biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu
ərəfəsində dövlət dilinin adı ilə bağlı
keçirilən geniş ictimai müzakirələr Azərbaycan
dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət
dilinin müstəqil dövlət üçün nə demək olduğunu
əyani şəkildə göstərdi. 2001-ci ildə Azərbaycan Prezidentinin imzaladığı
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman isə yalnız cari bir
sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan
böyük siyasi hadisə idi. Məhz Heydər Əliyevin yürütdüyü dil
siyasətinin nəticəsində bütün dövlət və
qeyri-hökumət təşkilatlarında, indiyə
qədər Azərbaycan dilindən istifadə etməmiş
qurumlarda dövlət dili, sözün həqiqi mənasında,
bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa
çatdırıldı. Heydər Əliyevin həyata keçirdiyi dil
siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev
cənabları uğurla davam etdirir. Latın qrafikasında
kütləvi nəşrlərin meydana çıxması bunun
parlaq göstəricisidir. ümumiyyətlə, Azərbaycan xalqının
ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq
dilinin tərəqqisi üçün elə bir tarixi şərait
yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla
davam edəcəyinə tamamilə əminik. Nizami CƏFƏROV, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir
üzvü
|