Dil həmən millətdir.
M.Ə.Rəsulzadə
Avqustun 1-i ölkəmizdə Ana dili günüdür. Bu gün ölkəmizin hər bir guşəsində öz dilini öyrənənlərin, sevə-sevə danışanların, başqalarına öyrədənlərin günüdür. Bu gün, eyni zamanda bizlərə dilin milli kimliyimizin var olmasının təməl prinsipi olduğunu göstərərək milli intibahımızın günüdür. Azərbaycan dili adlandırdığımız Ana dilimiz Firudin bəy Köçərlinin. Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Abdulla Şaiqin və daha bir çox ziyalılarımızın səyi nəticəsində başqa dillər arasında “əriyib” yox olmaqdan yan keçərək gələcək nəsillərin bir millət kimi formalaşmasının əsas atributlarından biri olmuşdur. Uzaq tarixlərə varmadan Azərbaycan dilinin XX yüzillikdə inkişaf tarixinə və onun necə adlandırılmasına nəzər salsaq, son dərəcə acınacaqlı faktlarla rastlaşarıq: “müsəlman dili”, “tatar dili”, “Türk dili”, “Azərbaycan dili”. Fikrimcə, dünyada elə bir dil yoxdur ki, bir əsrdə onun adı dəfələrlə dəyişikliyə məruz qalsın. Bir-birinin ardınca baş verən bu addəyişmələr nəticəsində dilimizin ictimai-mədəni funksiyasının müəyyənləşdirilməsinə və nəhayət, onun dövlət dili statusunu almasına böyük maneələr yaradılmışdı. Dilimizin sıxışdırılması siyasəti yaxın keçmişimizdə - sovetlər dönəmində daha geniş vüsət almışdı. Və bu proses ölkəmizdə çox böyük ustalıqla həyata keçirilərək Ana dilinin bir dövlət dili kimi tətbiqi və istifadə olunması sahələrinin məhdudlaşdırılması, kargüzarlıqda rus dilindən istifadənin genişləndirilməsi fonunda baş verirdi. Elə bir vəziyyət yaranmışdı ki, dövlət idarələrində kargüzarlıq işləri tam olaraq rus dilində aparılırdı və bu hal tədricən rayonlara da sirayət edirdi. Anadilli məktəblərin sayının get-gedə azalaraq öz yerini rusdilli və beynəlmiləl məktəblərə verməsini, ali məktəblərə qəbulda rus bölməsinə üstünlük verilməsini, bütün elmi-texniki ədəbiyyatların rus dilində olması və s. istiqamətlərdə imperiyanın apardığı düşünülmüş, ardıcıl siyasətini bizim nəsil yaxşı xatırlayır. 80-ci illərin sonunda baş verən ictimai-siyasi hadisələr burulğanında xalqımız hər səhifəsi mübarizə dolu bir tarix yazdı: milli kimliyimiz, milli dövlətimiz, milli qürur və vicdanımız olan dilimiz bərqərar oldu. Bu dəyərləri yaşatmaq hər birimizin borcudur. Təəssüflər olsun ki, son zamanlarda Ana dilimizin yabançı söz, ifadə və şəkilçilərlə yüklənməsi halları artmaqdadır. “Müəllim” sözünün işlədilməsi ilə bağlı bir örnək vermək istərdik. Ərəb kökənli bu söz artıq bizim dilimizdə “vətəndaşlıq” almış bir sözdür. Amma bizlər qadınlara müraciət edəndə bu sözə bir “ə” şəkilçisi əlavə edərək “müəllim+ə” deyirik. Dilimizin qayda-qanunlarına zidd olan bu hal son zamanlar kütləvi bir xarakter alıb. Belə ki, qrammatikamızda şəxs əvəzliyinin III şəxs təkində cins fərqi yoxdur: yəni, istər kişi, istərsə də qadın cinsi olsun, “O” dəyişməzdir. Bu bizim dilin gözəlliyidir. Amma ingilis və rus dillərində III şəxsin təkində bu fərq vardır. Məsələn, ingilis dilində III şəxsin təkində qadına She, kişiyə isə He, rus dilində də analoji olaraq On və Ona deyə müraciət edilir. Ehtiyac olmadan dilimizə gətirilən bu qəbildən nümunələri çox göstərmək olar. Ancaq bunu söyləməkdə məqsədimiz heç də son illərdə elmin və texnikanın inkişafı ilə əlaqədar dilimizə gətirilmiş alınma sözlərə qarşı çıxmaq deyil. Dilin tərkibinin dəyişməsi, yeni sözləri alması qloballaşan dünyamızda təbii bir prosesdir. Bizim söylədiyimiz ehtiyac olmadan edilən əlavə və dəyişikliklərdən bəhs edir. Gəlin, “dilimizin ekologiyası”nı çirkləndirməyək, Ana dili gününüz mübarək olsun!
Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru