XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların və ixtiraların sürətlə inkişaf etdiyi bir dövrdür. Bu dövrdə rəqəmsal inqilab, süni intellekt, böyük məlumatlar (Big Data), avtomatlaşdırma və digər texnologiyalar cəmiyyətin bütün sahələrini transformasiya edir. Yeni texnologiyaların və elmi nailiyyətlərin yaratdığı imkanlar sayəsində insan həyatının keyfiyyəti yüksəlir və yeni iş imkanları yaranır. Bu ixtiraları həyata keçirənlər isə müasir təhsil modellərinin yetişdirdiyi, yenilikçi düşüncə tərzinə malik şəxslərdir.
 

Müasir təhsil modelləri artıq yalnız ənənəvi bilik ötürmə metodları ilə məhdudlaşmır. Müasir dövrdə təhsil prosesləri daha çox tələbəyönümlü, interaktiv, problem həlletmə və yaradıcı düşüncə inkişaf etdirməyə yönəlmiş yanaşmaları özündə birləşdirir. Tədris prosesində texnologiyaların inteqrasiyası ilə şagird və tələbələr müasir dünya ilə ayaqlaşmağı öyrənir, elmi-texnoloji bilikləri praktik tətbiqetmə bacarıqlarını inkişaf etdirir. Təhsil yalnız informasiya əldə etməyi deyil, eyni zamanda bu məlumatları analiz etməyi, yeni yanaşmalarla sintez etməyi və yaradıcı həll yolları təklif etməyi hədəfləyir.
 

Bu günün məzunu artıq yalnız akademik biliklərlə deyil, eyni zamanda kritik düşünmə, liderlik, əməkdaşlıq və texnoloji bacarıqlarla da silahlanmalıdır. Çünki iş dünyasının tələbləri sürətlə dəyişir, bu səbəbdən məzunlar dəyişən texnologiyalara və əmək bazarının tələblərinə uyğun olaraq öz bilik və bacarıqlarını daim yeniləməlidir. Beynəlxalq tədqiqatlar da göstərir ki, işəgötürənlər ənənəvi akademik biliklərdən əlavə, məzunlardan kreativlik, mühitə adaptasiya, texnoloji savadlılıq və problem həlletmə bacarıqları da gözləyir.
 

Dünya iqtisadiyyatının rəqabətədavamlı və sürətlə dəyişən təbiəti, tələbə və məzunların müasir tələblərə cavab verən şəxsiyyətlər olaraq yetişdirilməsini zəruri edir. Bundan əlavə, müasir məzunlar qlobal iqtisadiyyatda uğur qazanmaq üçün beynəlxalq təcrübə və çoxmədəniyyətli bacarıqlara sahib olmalıdır. Təhsil sistemləri tələbələrin müxtəlif mədəniyyətlərə uyğunlaşmasını və qlobal əmək bazarına inteqrasiya olunmasını təmin edən beynəlxalq mübadilə proqramları və qlobal perspektivlər təqdim edir.
 

Müasir təhsil sistemləri STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrinə önəm verir, bununla yanaşı, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) yanaşması da təhsilin yeni əsasını təşkil edir. Bu yanaşmalar tələbələrin elmi-texniki bilikləri qazanmaqla yanaşı, yaradıcılıq və innovasiya bacarıqlarını da inkişaf etdirir.
 

STEAM nədir?
 

STEAM (Science, Technology, Engineering, Arts and Mathematics) müasir təhmsil yanaşmasını ehtiva etməklə müxtəlif sahələri bir araya gətirərək yaradıcılığı, tənqidi düşüncəni və problem həlletmə bacarıqlarını inkişaf etdirir. STEAM sözündəki "Arts" (İncəsənət) yalnız təsviri incəsənət və dizaynı deyil, həm də dil, humanitar elmlər, musiqi, dram, rəqs və medianı da əhatə edir.
 

Beynəlxalq tədqiqatlar STEAM təhsilinin şagirdləri gələcəkdə uğur qazanmaq üçün vacib bacarıqlarla təmin etdiyini göstərir. Tədqiqatlar sübut edir ki, incəsənətin STEM sahələrinə inteqrasiyası yalnız şagirdlərin marağını artırmır, həm də onların yaradıcı problem həlletmə bacarıqlarını gücləndirir. Məsələn, Harvard Universitetinin “Project Zero” tədqiqatı göstərir ki, incəsənətin STEM təhsilinə daxil edilməsi uşaqların tənqidi düşünmə və birgə işləmə qabiliyyətini yaxşılaşdırır ki, bu da getdikcə daha mürəkkəb hala gələn dünyada əsas bacarıqlardır.
 

Bundan əlavə, OECD-nin PISA 2018 və 2022 nəticələri göstərir ki, təhsil sistemlərində STEAM strategiyalarını tətbiq edən ölkələr daha yüksək səviyyədə innovasiya və adaptasiya qabiliyyətinə malik kadrlar yetişdirirlər.
 

STEAM layihələri uşaqları həm analitik, həm də yaradıcı proseslər vasitəsilə problemləri araşdırmağa təşviq edir. Bu fənlərarası layihələr çox vaxt əməkdaşlıq, iteraktiv dizayn və eksperimentləri özündə birləşdirir ki, bu da real iş mühitləri ilə uyğun gəlir. Məsələn, mühəndislik prinsipləri və bədii dizaynın bir robototexnika layihəsində birləşdirilməsi həm texniki bacarıqların, həm də estetik yeniliklərin inkişafına imkan yaradır.
 

STEAM təhsil yanaşması riyaziyyatın, elmin "sərt" bacarıqlarını, həm də yaradıcılıq, kommunikasiya və əməkdaşlıq kimi "yumşaq" bacarıqlarını inkişaf etdirməyə kömək edir. Beynəlxalq tədqiqatlar və real təcrübələr sübut edir ki, bu model sadəcə pedaqoji çərçivə deyil, eyni zamanda gələcək nəsillərin innovativ potensialını açmaq üçün açardır. Beləcə, STEAM fənləri ayrıca tədris etmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
 

STEAM və STEM arasındakı fərq nədir?
 

Oxşar olsa da, STEAM və STEM təhsili bir-birini əvəz edən terminlər deyil. Belə ki, STEM təhsili elm, texnologiya, mühəndislik və riyaziyyat kimi əsas sahələri əhatə edir. STEAM isə bu sahələrə “İncəsənət”i (arts) əlavə edir, lakin fərq yalnız bir hərfi artırmaqdan ibarət deyil. STEM elmi anlayışlara diqqət yetirir, STEAM isə bu anlayışları yaradıcılıq prosesi ilə birləşdirir. STEAM təhsili zamanı şagirdlər həm beynin sağ (yaradıcılıq), həm də sol (məntiq) tərəflərini işə salaraq problemləri həll edir və yeni təşəbbüslər ortaya qoyur.
 

STEAM təhsilinin əhəmiyyəti nədir?
 

STEAM təhsilinin əhəmiyyətini bir neçə əsas amil üzərindən izah edə bilərik. Birincisi, müasir dünyada innovasiya və yaradıcılıq həyati önəm daşıyır. Gələcək nəsillər dünya əhalisinin qarşılaşdığı qlobal problemlərin həlli üçün yeni yollar tapmalı və doğru suallar verməyi bacarmalıdır. STEAM təhsili şagirdlərə yalnız “kim” və “nə” suallarını deyil, həm də “necə” və “niyə” suallarını cavablandırmağa imkan verir. Misal üçün, texnologiyada əldə olunan uğurlar enerji saxlama, kənd təsərrüfatında innovativ üsulların tətbiqi və təbiətin qorunması kimi sahələrdə insanların və planetin xeyrinə istifadə olunur.
 

İkincisi, STEAM təhsili şagirdləri sürətlə dəyişən iş dünyasına hazırlaşdırır. Yeni sənaye inqilabına qədəm qoyarkən, müəllimlər şagirdləri hələ mövcud olmayan bir çox işə hazırlamalıdırlar. Avtomatlaşdırma bir çox təkrarlanan işləri əvəzləsə də (McKinsey&Company-ə görə işlərin 60%-də 30%-ə qədər), insan yaradıcılığı və düşünmə qabiliyyəti əvəzolunmazdır. Bu təhsil modeli şagirdlərə gələcəyin iş dünyasında vacib olan kritik düşünmə, kreativlik və innovativ problemlərin həlli bacarıqlarını aşılayır. Təhsilin bu yanaşması yeni sənaye inqilabına cavab vermək üçün insanları daha yaradıcı və səriştəli mütəxəssis-kadrlara çevirir.
 

Üçüncüsü, STEAM təhsili şagirdlərin tədrisə marağını artırır. İnteqrativ və holistik yanaşma sayəsində tələbələr elmlər və incəsənət sahələrini ayrı-ayrı deyil, böyük bir bütövün hissəsi kimi qəbul edirlər. Bu isə tələbələrin müxtəlif fənləri bir araya gətirərək problemləri həll etməsinə və daha geniş perspektivdən baxmasına şərait yaradır.
 

Azərbaycanda STEAM
 

Azərbaycanda STEAM təhsil metodologiyasının aktiv şəkildə tətbiqi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) dəstəyi ilə “STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürməsi ilə başlayıb.
 

Azərbaycanda STEAM təhsili ilk olaraq orta məktəblərin bazasında qurulan mərkəzlərlə tətbiq olunub. Hazırda isə ölkədə 30-dan çox STEAM mərkəzi fəaliyyət göstərir. Ölkəmizdə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu mərkəzlər vasitəsilə müxtəlif layihələr həyata keçirilir. Misal olaraq, UNİCEF ilə birgə keçirilən "Green Skills through STEAM" – "STEAM ilə Yaşıl Bacarıqlar" layihəsi 240 şagirdin iştirakı ilə davam edir.
 

Həmçinin STEAM mərkəzlərinin ölkə üzrə genişlənməsi prosesi aktiv şəkildə həyata keçirilir. 2024-cü ilin oktyabrında keçirilməsi planlaşdırılan "Yaşıl STEAM Azərbaycan Festivalı" (Yaşıl SAF 2024) bu sahənin inkişafında mühüm addımlardan biridir. Ölkənin müxtəlif regionlarını əhatə edən 19 STEAM mərkəzində 500-dən çox şagird festivalda iştirak etmək üçün hazırlaşır.
 

STEAM mərkəzləri artıq işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyətə başlayıb. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə açılan mərkəz bu sahədə bir ilkdir. Qarabağ Universitetində də STEAM mərkəzinin yaradılması ilə bağlı ilkin müzakirələr aparılıb və bu mərkəzlərin Ağdam, Laçın, Zəngilan, Kəlbəcər kimi digər ərazilərə də inteqrasiyası planlaşdırılır.
 

2026-cı ilə qədər STEAM metodologiyasının 10 000 sinifdə tətbiq edilməsi və 280 000 şagirdin bu təhsildən faydalanması planlaşdırılır. Hazırda bu metodologiya 210 000-dən çox şagirdi əhatə edir və Bakı, Sumqayıt və regionlar daxil olmaqla 398 məktəbdə tətbiq olunur.
 

Bu təhsil metodologiyası Azərbaycan təhsilinin modernləşməsi və XXI əsrin tələblərinə uyğun kadrların yetişdirilməsi baxımından vacib bir addımdır. Ölkəmizdə bu metodologiya kurrikulum konsepsiyasına inteqrasiya olunaraq XXI əsr bacarıqlarını şagirdlərə aşılamağa yönəlib. Müəllimlərin təlimlərə cəlb olunması, yeni avadanlıqların istifadəsi və beynəlxalq təcrübələrdən istifadə olunması STEAM metodologiyasının uğurlu tətbiqinə kömək edir.
 

Nəticə etibarilə, STEAM təhsil metodologiyası Azərbaycan gənclərini gələcəyin tələblərinə uyğun olaraq hazırlayır və ölkənin təhsil strategiyasında mühüm yer tutur. Çünki XXI əsrin məzunu yalnız biliklərə yiyələnən deyil, həm də gələcəyin formalaşdırılmasında iştirak edən, dünyaya töhfə verən, innovasiyalara və yeni texnologiyalara adaptasiya olan, davamlı öyrənmə bacarığına sahib bir insandır.
 

Vaqif FƏTULLAYEV