Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb.
Bu barədə rəsədxanadan "Azərbaycan müəllimi"nə məlumat verilib.
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı yüksək səviyyədə qalmışdır. 3842 ləkə oblastı aktivdir və 25-ci tsiklin ən güclü alışması - X9.0 sinifli alışma baş vermişdir. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 167 ləkə və Tac Dəliyi müşahidə olunur. Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 648 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 465 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.9 nT, radial istiqamətdə isə -1.2 nT təşkil edir.
Hesabat dövründə X sinifli alışmalar, alışmalara bağlı TKA-ın təsiri ilə 04-05 oktyabrda G2(orta) - G3(güclü) səviyyəli geomaqnit qasırğası gözlənilsə də, geomaqnit qasırğası 06 oktyabr axşam saatlarından başlamışdır və qeyd olunan maksimal səviyyə G2-dir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin də TKA-nın və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsi – Gün ərzində geomaqnit qasırğasının G1 səviyyəsində davam edəcəyi gözlənilir. 09 oktyabradək isə TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri gözlənilir.