Durmadan dəyişən, inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Bu gün hər bir təhsilverənin qarşısında duran ən vacib məsələ öz kimliyini dərk edən, vətənpərvər, savadlı, bacarıqlı, yeniliklərə açıq olan, mənəvi aləmi, dünyagörüşü zəngin olan şəxsiyyətlər yetişdirməkdir. Bütün bu keyfiyyətlərin inkişaf etməsi şagirdlərin mütaliəyə nə dərəcədə cəlb olunmasından asılıdır. 
 
Kiçikyaşlı məktəblilərin mütaliə vərdişləri nağıllardan başlanır. “Biri var idi, biri yox idi” sözləri ilə başlanan nağıllar uşaqları xəyallar aləminə aparır. Mütaliəyə nağıllar, kiçik hekayələrlə başlayan və oxuduqları haqqında təqdimatlar edən şagirdlər, ilk növbədə, Azərbaycan ədəbi dili ilə tanış olur, üslubi və qrammatik cəhətdən düzgün cümlə qurmağı öyrənirlər. Mütaliə edən şagirdlərin söz ehtiyatı, təxəyyülü, mənəvi aləmi zənginləşir, nitqi rəvan olur, dünyagörüşü genişlənir. Ədəbi qəhrəmanların həyatı onlarda haqq-ədalətin qələbəsinə inam yaradır, onları şəxsiyyət kimi formalaşdırır. Müşahidələr göstərir ki, davamlı mütaliə edən şagirdlərin intellekt səviyyəsi yüksək olur və onlar təhsilin digər sahələrində də uğurlar qazana bilirlər.
 

Mütaliə uşağa nə verir?
 
- geniş söz ehtiyatı;
 
- oxuduğunu anlamaq;
 
- düzgün cümlə qurmaq;
 
- özünü sərbəst ifadə etmək;
 
- özünü qəhrəmanın yerində hiss etmək;
 
- xəyallar qurmaq;
 
- bu xəyalların gerçəkləşməsi üçün çalışmaq;
 
- vətənpərvərlik;
 
- insanpərvərlik;
 
- haqq-ədalətin qalib gələcəyinə inam hissi;
 
- heyvanlara mərhəmət hissi. 
 


Şəxsiyyətin inkişafında oxuyub-anlama çox vacibdir. Əlavə ədəbiyyat oxumadan şagirdin oxuyub-anlaması yüksək dərəcədə inkişaf edə bilməz. Bu gün sosial şəbəkələr ən geniş yayılmış informasiya mənbəyi olsa da, şagirdlərin həyatında mütaliə qədər rol oynaya bilməz. 
 
İbtidai sinif müəllimi olaraq şagirdlərimi mütaliəyə necə həvəsləndirirəm?
 
Qeyd edim ki, mən hazırda ibtidai sinif müəllimi olaraq çalışıram. Sinifdə kitab guşəsi yaratmışıq. Guşəyə hər şagird 1-2 kitab hədiyyə edib və siniflər dəyişdikcə guşəmiz də genişlənib. Sinifdə kitabxanaçımız da var. Kitabxanaçı kitabların siyahısını tutur, kitabları kimin nə vaxt apardığını, qaytardığını qeyd edir. Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq Şöbəsi ilə də sıx əlaqələrimiz var. Uşaqlarla bir neçə dəfə kitabxanada olmuş, orada olan kitab çeşidləri ilə tanış olmuşuq. Sinif şagirdləri kitabxananın fəal üzvləri olduğuna görə, hər il 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günündə kitabxana işçiləri sinfimizə gəlir fəal mütaliəçilərə kitab hədiyyə edirlər. Hər həftənin sonu bir kitabın müzakirəsini keçiririk. Uşaqlar kitab haqqında, obrazlar haqqında fikirlər bildirir, bir-birilərinə açıq suallar ünvanlayırlar. Hər hansı obraz və hadisə haqqında rəylərdə fikir ayrılığı yaranarsa, növbəti günlərdə debat keçirməyi planlaşdırır, debatın mövzusunu elan edirik.
 
Şagirdləri böyükhəcmli əsərlərə alışdırmaq üçün adətən ilk kitab olaraq Daniel Defonun "Robinzon Kruzo" kitabını seçirəm. Əvvəlcə kitab haqqında annotasiya hazırlayır və şagirdlərdə kitabı oxumağa maraq yaradıram. Sonra şagirdlərin ümumi rəyi ilə qərar qəbul edirik ki, hər gün 15-20 dəqiqədən az olmayaraq mütaliə edək.
 

 
Hər yarımbaşlıq üçün suallar hazırlayıb şagirdlərə göndərirəm. Burada mətndə birbaşa cavabı olmayan açıq tipli suallar üstünlük təşkil edir. Uşaqlar bu sualların cavabını düşünərək məntiqlə cavab tapırlar ki, bu da onların oxuyub-anlama vərdişlərinin yaranmasına və inkişafına səbəb olur.
 
Son zamanlar şagirdlərdə elmi-fantastik əsərlərə də güclü meyil yaranıb. Yeni dərsliklərimizdə də bu cür mövzular öz əksini tapıb. Elmi-fantastik mövzuda olan əsərlər şagirdlərdə yaradıcılığa maraq oyadır.

Jül Verninin “Aya səyahət”, Levis Carrolun “Alisa güzgü arxasında”, "Alisa möcüzələr ölkəsində", Con R.R Tolkinin “Hobbitlər” kitabları bu gün uşaqları daha çox cəlb edir. Keçən il R.Yusifqızının “Yaşılgözlü qız” əsərini şagirdlərlə birgə oxuyub müzakirə etdik. Kitab uşaqları o qədər cəlb etdi ki, hətta yazıçı ilə onlayn görüş keçirdik. Uşaqlar müəllifə suallar ünvanladılar. Daha sonra R.Yusifqızının Şamaxıda oxucularla canlı görüşü oldu. Siniflə bərabər bu görüşdə iştirak etdik.
 
 
Şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında, həyat yolunu müəyyən etməsində, vətənpərvərlik, humanistlik kimi mənəvi keyfiyyətlərə malik olmasında, xeyirxah, mərhəmətli, təbiətsevərlik ruhunda tərbiyə olunmasında mütaliənin rolu əvəzedilməzdir. 
 
 
 
Vüsalə MƏLİKOVA,
Şamaxı Avropa liseyinin ibtidai sinif müəllimi