Dil öyrənmə və çoxdillilik Avropa ölkələrinin təhsil sistemində mühüm rol oynayır. Avropa ölkələrinin çoxdilli təhsil siyasətləri, şəxsi inkişaf və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün əhəmiyyətli bir vasitə kimi qiymətləndirilir. UNESCO Avropada dil təhsilinin vəziyyətini və gələcək perspektivlərini təhlil edən "Dil Öyrənmə Sorğusu" keçirib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, sorğu nəticələri ilə bağlı təhlil Təhsil İnstitutunun "Beynəlxalq Təhsil İcmalı" bülleteninin sentyabr nömrəsində də öz əksini tapıb.
 
Qeyd olunub ki, sorğu çoxdilliliyi, Avropa Şurasının ömür boyu öyrənmə üçün əsas kompetensiyalarından biri olaraq vurğulayıb. Eyni zamanda, dil təhsilinin Avropa məktəblərində necə həyata keçirildiyinə dair dəyərli məlumatlar toplayıb. Sorğuda əsasən, İtaliya, İspaniya, Türkiyə və Yunanıstandan olan 1109 ibtidai və orta məktəb müəllimi iştirak edib. Sorğu dil öyrənmə strategiyalarının effektivliyini, tədris prosesində istifadə olunan metodların və texnologiyaların təsirini araşdırır. Eyni zamanda gələcəkdə süni intellektin (Si) və texnologiyanın dil təhsilində oynaya biləcəyi rolu nəzərdən keçirir.
 
Dil öyrənmə sorğusunun məqsədi Avropa ölkələrində dil təhsilinin mövcud vəziyyətini və bu sahədə mövcud olan çətinlikləri müəyyən etməkdir. Sorğu Avropa ölkələrində məktəblərdə hansı dillərin təklif olunduğunu, şagirdlərin dil öyrənməyə maraq səviyyələrini və istifadə olunan tədris strategiyalarını təhlil edib. Bundan əlavə sorğu dil tədrisində hansı metodların daha təsirli olduğunu, şagirdlərin motivasiyasını artırmaq üçün hansı tədbirlərin görüldüyünü və gələcəkdə dil öyrənmə prosesinin necə inkişaf etdirilə biləcəyini də əhatə edir.
 
Sorğu nəticələrinə görə dil təhsilində texnologiyanın və süni intellektin artan istifadəsi ilə bağlı gözləntilər də ön plana çıxır. Bu da gələcəkdə təhsil sahəsində texnologiyaların necə tətbiq olunacağına dair müzakirələr üçün zəmin yaradır.
 
Məktəblərdə təklif olunan dillər: Sorğunun nəticələrinə görə, Avropa məktəblərində xarici dil təhsili geniş yayılıb. Respondentlərin təxminən 24%-i məktəblərdə bir xarici dilin, 41%-i isə iki xarici dilin tədris olunduğunu bildirib. Üç xarici dil təklif edən məktəblər 21% təşkil edir, dörd və ya beşdən çox xarici dil təklif edən məktəblər isə müvafiq olaraq 7% və 5%-dir. Bu rəqəmlər Avropada xarici dil tədrisinin əhəmiyyətli olduğunu və məktəblərin çoxdilli təhsil təklif etdiyini göstərir.
 
Şagirdlərin dil öyrənməyə marağı: Şagirdlərin dil öyrənməyə maraqları müxtəlif səviyyələrdə olsa da, orta səviyyəli maraq üstünlük təşkil edir. Sorğuya əsasən müəllimlərin 51%-i şagirdlərinin dil öyrənməyə orta səviyyədə maraq göstərdiyini bildirib. Bununla belə respondentlərin 30%-i şagirdlərinin yeni dilləri öyrənməyə yüksək və ya çox yüksək, 18%-i isə şagirdlərin dil öyrənməyə az maraq göstərdiyini bildirib. Bu nəticələr şagirdlərin dil öyrənməyə daha çox cəlb edilməsi üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayır.
 
Dil tədrisində istifadə olunan strategiyalar: Dil tədrisində müxtəlif strategiyalardan istifadə olunmaqdadır. Respondentlərin 70%-i ünsiyyət yönümlü metodların geniş şəkildə tətbiq edildiyini bildirib. Eyni zamanda məktəblərdə 62% autentik materiallardan (qəzetlər, jurnallar, podkastlar və s.) istifadə və 60% şagirdlərin özünü idarə edən öyrənmə metodlarına cəlb edilməsi kimi yanaşmalar tətbiq olunur. Eyni zamanda 58% dil öyrənmə tətbiqləri və onlayn platformalar da geniş yayılıb.
 
Digər tədris metodları, o cümlədən məzmun və dilin inteqrasiya olunmuş öyrənməsi (CLIL), formativ qiymətləndirmə üsulları da geniş tətbiq olunmaqdadır. Bununla belə e-portfellər, əks sinif modeli (flipped classroom), əlavə dərs fəaliyyətləri və süni intellekt alətləri dil öyrənmə üçün daha az istifadə olunan metodlar arasındadır.
 
Dil öyrənmədə qarşılaşılan çətinliklər
 
Respondentlər dil tədrisində qarşılaşdıqları əsas çətinliklərdən bəhs ediblər. 53% respondent an əhəmiyyətli problemlərdən birinin şagirdlərin sinifdən kənarda hədəf dilə məhdud çıxışı olduğunu bildiriblər. Digər əsas çətinliklərə böyük sinif ölçüləri, autentik dil praktikası imkanlarının çatışmazlığı və şagirdlər arasında motivasiya səviyyəsinin aşağı olması daxildir. Eyni zamanda məhdud tədris vaxtı və müxtəlif öyrənmə ehtiyacları üçün qeyri-kafı dəstək də məktəblərdə dil öyrənmənin səmərəsini azaldan əsas amillər kimi qeyd olunub.
 
Dil öyrənməni artırmaq üçün effektiv strategiyalar
 
Müəllimlər dil öyrənməni təkmilləşdirmək üçün bir neçə effektiv strategiyanı vurğulayıblar. Respondentlərin 62%-i mübadilə proqramları və yerli danışanlarla tərəfdaşlıqların dil öyrənməni artırmaq üçün ən təsirli yanaşma olduğunu qeyd edib. Aktiv öyrənmə metodları, əlavə dərs fəaliyyətləri və texnologiya ilə zənginləşdirilmiş öyrənmə vasitələri də respondentlər tərəfindən dəyərli strategiyalar kimi qiymətləndirilib. Dil tədrisində fərdi yanaşmanın vacibliyi və dil müəllimlərinin peşəkar inkişafının davamlı olaraq dəstəklənməsi də təklif edilib.
 
Dil öyrənmənin gələcəyi
 
Gələcəkdə dil öyrənmə sahəsində bir sıra mühüm trendlər gözlənilir. Respondentlərin 48%-i mübadilə proqramlarının və sərhədüstü məktəb tərəfdaşlıqlarının artmasını gözləyir. 32% dil tədrisində effektiv təcrübələrin daha çox vurğulanacağı proqnozlaşdırılır. Həmçinin uşaqlar üçün erkən yaşlarda dil öyrənmənin təşviqi və fərdiləşdirilmiş öyrənmə yolları üçün süni intellektin istifadəsi də önəmli gözləntilər arasındadır. Bundan əlavə süni intellektin və texnologiyanın o cümlədən virtual və artırılmış reallığın dil təhsilinə necə inteqrasiya olunacağı da müzakirə mövzularındandır.
 
Bütün bu qeyd olunanlar "Dil öyrənmə sorğusu" Avropa məktəblərində dil təhsilinin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı əsaslı məlumat verir. Mövcud çətinliklərə baxmayaraq sorğu texnologiyanın və mədəni inteqrasiyanın dil öyrənmədə daha əhəmiyyətli rol oynayacağını göstərir. Süni intellektin və texnologiyanın dil təhsili prosesinə inteqrasiyası şagirdlərin dil bacarıqlarını artırmaq və tədris prosesini daha effektiv etmək üçün böyük potensiala malikdir.