“Öyrətmənin evi kitabxana, dövləti kiçik öyrəncilər, sazı, nəğməsi onların sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır”

Tanınmış Azərbaycan pedaqoqu Sultan Məcid Qənizadə


Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz  XXI əsrdə şagirdlərin maraq dairəsi, eləcə də öyrənmək istədikləri sahələr günbəgün artır və inkişaf edir. Şagirdlərin oyrənmək  istədikləri sahələr artdıqca öyrənmə və öyrətmə yolları, metodları da dəyişir.  “Zəmanənin uşaqlarıdır” dediyimiz  şagirdlər onları öyrədənlərin-müəllimlərin  də öz üslublarında dəyişikliklər etmələrini  tələb edir. Bu sürətlə dəyişən zamanda haqlı bir sual meydana çıxır: müəllim necə olmalıdır, dünənin, hətta bu günün yox, sabahın müəllimi necə olmalıdır? Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri və maarifçisi İbn Sina müəllimdə aşağıdakı keyfiyyətlərin  olmasını  zəruri hesab edirdi:

 

1.Dərs dediyi fənni mükəmməl bilməlidir;

 

2. Hərəkətləri  biliyinə uyğun olmalıdır;

 

3. Təhsil üçün nəmərdən imtina etməlidir;

 

4. Şagirdlərlə öz övladı kimi rəftar etməlidir;

 

5. Biliyinə və ona uyğun olaraq hərəkətlərinə dərin inamı olmalı, eyni zamanda bu inamı şagirdlərinə aşılamalı və bununla da onlara xoşbəxtliyin yolunu göstərməlidir;

 

6. Şagirdlərinə qarşı xeyirxah və səbrli olmalıdır;

 

7. Tədris planını şagirdlərin əqli qabiliyyətinə uyğun olaraq ardıcıllıqla tətbiq etməlidir.

 

Əlbəttə,  İbn Sinanın çox yığcam bir şəkildə sadaladığı bu keyfiyyətlərə  bugünkü zaman kəsiyindən yanaşdıqda  çox  keyfiyyətlər əlavə etmək, detallara varmaq  olar.  Əsas məsələ bu keyfiyyətlərə malik olan və yaxud da sovet dövründən miras qalmış “bilik xəzinəsi” olan müəllimin  zamanın tələbindən irəli gələrək öz üslubunda hansı dəyişiklikləri etməsidir, hansı yolu seçməsidir.  Çünki  təlim-tərbiyə prosesində onun seçəcəyi  üslub nəticəsində “zəmanənin uşaqları”nda  tənqidi təfəkkür, tədqiqat aparmaq, nəticə çıxarmaq, mühakimə yürütmək qabiliyyətləri inkişaf edəcək, cəmiyyətə fayda verəcək bir vətəndaş kimi yetişəcəkdir. Bu yazımızda  təcrübə və apardığımız müşahidələr nəticəsində qruplaşdırdığımız, müəllimi başarıya  və yaxud da əksinə aparan  üslubları  təqdim edirik.

 

 

Demokratik  müəllim

Liberal  müəllim

Avtokratik   müəllim

- Şagirdlərin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir

- Dərsin gedişatında şagirdlərin fəallığının təmin edilməsi üçün şərait yaradır

- Şagirdlərin fikir müxtəlifliyini qəbul edir

- Hesab edir ki, uğur qazanmaq üçün şagirdlərlə birgə fəaliyyət göstərmək lazımdır

- İnteraktiv təlim metodlarından istifadə edir

- Dərsin keyfiyyətinin şagirdlərin bu prosesdə iştirakından asılı olduğunu bilir

- Şagirdlərin fəaliyyətinə, çalışmalarına çox məhdud nəzarət edir

- Şagirdlərin mövzu ilə bağlı sərbəst fikirlərinə, əlavə məlumatlarına etinasız yanaşır

- Fikir müxtəlifliyini  şübhə ilə qarşılayır

- Hesab edir ki, şagirdlər çox şey bacarırlar, amma buna ciddi yanaşmır

- Şagirdlərin əqli və fiziki fəaliyyəti üzərində tam inzibati qaydalarla nəzarəti həyata keçirir

- Dərsin təşkilində şagirdlərin bilik, meyil və maraqlarını, bacarıqlarını nəzərə almır.

- Ən çox özü danışır

- Şagirdləri öz iradəsinə tabe edir

- Hesab edir ki, şagirdlər onsuz heç nə edə bilməzlər, onlara inamı yoxdur

  Şagirdlər

 

Fəaldırlar, dərsin gedişində iştirak edirlər

- Yaradıcıdırlar, müəllimin və sinif yoldaşlarının fikrini başa düşür, inkişaf etdirirlər

- Müstəqil fikir söyləyirlər, suallar verirlər

- Şagirdlər bilik xəzinəsini axtarıb tapmağa, mənimsəməyə, tətbiq etməyə  meyil göstərir

 

Şagirdlər

 

- Öz  maraqları çərçivəsində dərsə maraq göstərirlər , tələbat olduqda fəallaşırlar və hazırlaşırlar

- Başa düşmədikdə müəllimə sual vermək həvəsində olmurlar

- Fənnə  olan maraq azalır, dərsə gecikmələr baş verir

Şagirdlər

 

- Passivdirlər, sakit otursalar da dərsə laqeyddirlər, yaxud səs salırlar

- Müəllimə sual vermirlər, öyrənmək motivasiyası yoxdur

- Dərsi ya müəllimin qorxusundan, yaxud da qiymət almaq xatirinə oxuyurlar

- Müstəqil  diskussiya  aparmaq,  fikir söyləmək, qərar vermək bacarıqları yoxdur

 

 

45 dəqiqə ərzində müəllim sinifdə həm öyrədəndir, həm də  sinfi idarəedəndir. Vaxtdan səmərəli istifadə etmək, şagirdlərdə  motivasiya yaratmaq, bir sözlə, məqsədə nail olmaq  müəllimin ən başlıca vəzifəsidirsə, üslubu, formanı seçmək isə onun hüququdur. 

 

 

Məlahət  MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru