Müəllimlik üslubu | ||||||||||
Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz XXI əsrdə şagirdlərin maraq dairəsi, eləcə də öyrənmək istədikləri sahələr günbəgün artır və inkişaf edir. Şagirdlərin oyrənmək istədikləri sahələr artdıqca öyrənmə və öyrətmə yolları, metodları da dəyişir. “Zəmanənin uşaqlarıdır” dediyimiz şagirdlər onları öyrədənlərin-müəllimlərin də öz üslublarında dəyişikliklər etmələrini tələb edir. Bu sürətlə dəyişən zamanda haqlı bir sual meydana çıxır: müəllim necə olmalıdır, dünənin, hətta bu günün yox, sabahın müəllimi necə olmalıdır? Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri və maarifçisi İbn Sina müəllimdə aşağıdakı keyfiyyətlərin olmasını zəruri hesab edirdi:
1.Dərs dediyi fənni mükəmməl bilməlidir;
2. Hərəkətləri biliyinə uyğun olmalıdır;
3. Təhsil üçün nəmərdən imtina etməlidir;
4. Şagirdlərlə öz övladı kimi rəftar etməlidir;
5. Biliyinə və ona uyğun olaraq hərəkətlərinə dərin inamı olmalı, eyni zamanda bu inamı şagirdlərinə aşılamalı və bununla da onlara xoşbəxtliyin yolunu göstərməlidir;
6. Şagirdlərinə qarşı xeyirxah və səbrli olmalıdır;
7. Tədris planını şagirdlərin əqli qabiliyyətinə uyğun olaraq ardıcıllıqla tətbiq etməlidir.
Əlbəttə, İbn Sinanın çox yığcam bir şəkildə sadaladığı bu keyfiyyətlərə bugünkü zaman kəsiyindən yanaşdıqda çox keyfiyyətlər əlavə etmək, detallara varmaq olar. Əsas məsələ bu keyfiyyətlərə malik olan və yaxud da sovet dövründən miras qalmış “bilik xəzinəsi” olan müəllimin zamanın tələbindən irəli gələrək öz üslubunda hansı dəyişiklikləri etməsidir, hansı yolu seçməsidir. Çünki təlim-tərbiyə prosesində onun seçəcəyi üslub nəticəsində “zəmanənin uşaqları”nda tənqidi təfəkkür, tədqiqat aparmaq, nəticə çıxarmaq, mühakimə yürütmək qabiliyyətləri inkişaf edəcək, cəmiyyətə fayda verəcək bir vətəndaş kimi yetişəcəkdir. Bu yazımızda təcrübə və apardığımız müşahidələr nəticəsində qruplaşdırdığımız, müəllimi başarıya və yaxud da əksinə aparan üslubları təqdim edirik.
45 dəqiqə ərzində müəllim sinifdə həm öyrədəndir, həm də sinfi idarəedəndir. Vaxtdan səmərəli istifadə etmək, şagirdlərdə motivasiya yaratmaq, bir sözlə, məqsədə nail olmaq müəllimin ən başlıca vəzifəsidirsə, üslubu, formanı seçmək isə onun hüququdur.
Məlahət MÜRŞÜDLÜ, pedaqogika üzrə fəlsəfə doktoru |
||||||||||
19.07.2019 | 14:47 | ||||||||||
|
||||||||||
|