Fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatı


Məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin  başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Tam təhsil mühiti yaratmaq  və əsas məqsədə çatmaq xüsusi nizam-intizamdan və qaydaların tətbiqindən asılıdır. Müasir təlim metodları məktəbdə şagirdi dövrün tələblərinə uyğunlaşa biləcək bir şəxsiyyət kimi  formalaşdırmaqdan əlavə,  eyni zamanda da qarşımızda bir çox vəzifələr qoyur. Çünki məktəb şagirdin  müxtəlif yaş dövrlərinə uyğun olaraq təlim-tərbiyə sistemi həyata keçirir.

 

Bu yaradılmış mühit də  hər yaş dövründə onun xarakterinin düzgün formalaşmasına  mühüm təsir göstərir. Tərbiyə işi anlayışı bir məna daşımır və bu prosesə təkcə bir prizmadan baxmaq doğru deyildir.  Bir pedaqoq dərs dediyi şagirdin bacarıqlarının inkişafını  təmin etmək üçün  bütün müşahidə  və diqqətini  yönləndirərək, həm individual yanaşmalarla, həm kollektiv münasibətlərlə, həm də fərdi görüşlərlə bir metod müəyyənləşdirməlidir.  Müəllim müxtəlif situasiyalarda şagirddə özünəinam hissini yaratmaq üçün  həm dərs zamanı, həm də dərsdənkənar əlverişli şərait yaratmalıdır.  Bununla bərabər hər bir təlim zamanı tərbiyə işi arxa plana keçməməlidir.

 

Bilik və bacarıq.  Bu iki anlayış həmişə vəhdət təşkil edir. Biliyi bir ağaca bənzədiriksə bacarıq onun yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə, onun gözəlliyi və  diqqəti cəlb edən tərəfi olacaqdır. Yüksək səviyyəli bacarıq yeniliklər yaradır. Müasir təhsil sistemi  təhsilalanlara daha geniş aspektdə yanaşaraq  müxtəlif bacarıqların üzə çıxması üçün  yeni metodikaların tətbiqini həyata keçirərək fənlərin  tədrisini, həm də bacarıqların inkişafını birgə, əlaqəli şəkildə tətbiq edir. Nəticə etibarilə  nailiyyətlər əldə olunur. Şagirdin  dünyagörüşü, intellektual səviyyəsi və təfəkkürü  daim inkişaf edir. Məhz bugünkü təhsil sisteminin şagirdyönümlü olması  bilik və  bacarığın bir birinə  müsbət təsirinə, möhkəmləndirilməsinə və inkişafına  xidmət edir.  Məktəbdə şagirdlərin sərbəst fikir  ifadə edə bilməsi və belə  metodika ilə təhsil alması kreatv bir mühitin yaranmasına da səbəb olur. Mütəmadi olaraq belə davam edən şəraitdə şagirdlərin  istedadları da  aşkar olunur. Xüsusi istedadlar seçilir və onlara xüsusi yanaşmalar tətbiq edilir. Beləcə, məktəbin təhsil mühiti aktiv formada fəaliyyət göstərir. Bir tərəfdən şagirdin  marağı,  digər tərəfdən müəllimlərin istiqamətləndirməsi  sağlam bir  rəqabətə çevrilir.  Nəticə etibarı ilə  rəqabət olan yerdə inkişafa nail olunur. Tərbiyə prosesində uğurlar  çoxalaraq  qarşıya qoyulmuş məqsəd və nəticələr daha da mükəmməlliyə doğru yönəlir.

 

Məktəbdə fəaliyyət göstərən dərnəklər bu prosesin daha da uğurlu nəticələrinə zəmin yaradır. Şagird hər zaman fikirlərinin tətbiq etmə mühitini axtarır və  uğurlu nəticəni əldə edərək  daha da motivasiya olur. Dərnəklər bir növ də şagirdin asudə vaxtının səmərəli istifadəsində faydalı olur. Əlavə təhsil və ya məşğələlər məktəblilərin dünyagörüşünün artırılmasına, eyni zamanda  yaradıcı qabiliyyətlərinin genişlənməsinə də xidmət edir.

 

İnklüziv təhsil. Təlim-tərbiyə  prosesində bütün təhsilalanlar iştirak edir. Eləcə də,  məktəbdə   sağlamlıq məhdudiyyətləri olan şagirdlər üçün  təhsil mühiti xüsusi əhəmmiyyətli və maraqlı  olur.  Aktiv  bir mühit onun da fəaliyyətinə bilavasitə təsir edərək özünə inam hissi aşılayır. İnklüziv təhsilin  tətbiqi məhz bu  nəticələrə xidmət edir.  Bu təhsil təkcə fərqli inkişaf özəllikləri olan uşaqlar üçün deyil, bütün şagirdlərin maarifləndirilmə ehtiyaclarına və inteqrasiyanın inkişafına  yönəlmişdir.  Beləcə, bərabərhüquqlu, humanist prinsiplərə əsaslanan  bir cəmiyyət və təhsil formalaşır.

 

Fərqli inkişaf özəllikləri olan  şagirdlər  belə təhsil  mühitində özünü sərbəst ifadəetmə üsullarını daha tez mənimsəyir. Şagirdlər  bütün fənlərdən öz fəaliyyət və yenilikçi düşüncələrinə uyğun biliklər əldə edir. Digər şagirdlərin fərqli maraqları, fərqli yanaşmaları  bu şagirdin  də fəaliyyətinə stimul verir. O, öz bacarıqlarını kəşf edir.  Seçdiyi fəaliyyət növü üzrə həmin bacarıqları  istifadə etmək yollarını tapır. Təhsil  alan digər  şagirdlər təlim-tərbiyə prosesində aldığı biliklər sayəsində yüksək intellektli bir şəxsiyyət olmaq, yüksək mənəvi keyfiyyətləri dəyərləndirə bilmək təfəkkürünə malik olurlar. Bu da insanların fiziki deyil, mənəvi keyfiyyətlərlə ölçüldüyü düşüncəsini  yaradır.  Beləcə, qarşılıqlı işgüzar bir mühitdə, fikirlərin demokratik  şəkildə ifadəsinin heç  bir əngəl tanımadığı, hər bir real fikrin gerçəklənməsində heç bir maneə olmadığı nəticəsinə gəlmək mümkün olur. Məktəb yaşlarından cəmiyyətin fikir müxtəlifliyinə və bu müxtəliflik içərisində  özünün də fikir yürüdərək rəğbətlə  qarşılanması fərqli fərdlərin  bütün həyat tərzinə müsbət təsir göstərir. Onun özündə cəmiyyət üçün faydalı  olmaq arzusu formalaşır. İnkluziv təhsilin inkişafinda pedaqoji bacarıq yüksək səviyyədə olmalı və  hər bir şagirdin individual  bacarıqlara malik olduğunu bilməli  və individual yanaşma tətbiq etməlidir. Bu bacarıqlara əsasən sərbəst işləyə bilmək imkanları yaradılmalıdır. Bu mühit  həmin şagirdlərin gələcək peşə seçimində də əhəmiyyətli rol oynayır.

 

Peşə seçiminin istiqamətləndirilməsi.  Bu sahədə erkən maarifləndirmə işi çox vacibdir. Məktəb həyatında şagirdlərin  bilik və bacarıqlarının artırılması ilə yanaşı onlarda gələcək həyatda hər hansı bir mövqe tutmasının təsəvvürünü yaratmaq bizim peşə vəzifələrimizdəndir. Öz qabiliyyətlərinə əsaslanan  seçimlərini  düzgün  yönəltmək lazımdır. Bu işdə ümumi orta təhsil bitirməkdə olan şagirdlərin valideynlərinin də maarifləndirilməsi çox vacib şərtlərdəndir.  Ümumiyyətlə, məktəb, şagird, valideyn üçlüyünün əməkdaşlığı hər zaman faydalı olmuşdur. Şagirdin öz yaşıdları ilə birlikdə kollektiv bir mühtdə davranışı çox zaman ailədə olan davranış tərzindən müəyyən qədər fərqli olur. Bu iki cür davranışın zəif və güclü tərəflərini məhz valideynləri ilə birgə müzakirə edərək düzgün istiqamət müəyyənləşdirmək olar. Artıq 9 il məktəbdə təhsil alan şagird və onun valideynləri, o cümlədən, müəllimləri bilməlidir ki, şagird hansı istiqamət üzrə təhsilini davam etdirərsə,  ilk növbədə cəmiyyətə, özünə və ailəsinə faydalı olacaqdır.  Bu dövrdə  mühüm seçim olan peşə seçimi bu üçlük tərəfindən yeniyetmənin maraq və bacarıqlarına uyğun düzgün qərarlaşdırılmalıdır. Çox diqqət tələb edən bu vaxt ərzində şagirdə müasir dövrün  tələblərinə uyğun həyat tərzinin bir parçası olmaq, müxtəlif sənətlərə yiyələnərək uğurlar əldə etmək həvəsi aşılanmalıdır. Son zamanlar  peşə təhsilinə göstərilən xüsusi  diqqət və bu sahədə aparılan uğurlu islahatlar həmin sahənin inkişafına yönəldilib.

 

İdarəetmə. Bütün bu sahələri tam mükəmməl şəkildə həyata keçirmək məktəb  rəhbərliyinin diqqətli müşahidə qabiliyyətinin olmasıdır. Analitik müşahidə bir çox vəziyyətlərdə, situasiyalarda qərar verməni doğru istiqamətə yönləndirə bilər. Bu, həm də ümumi nəzəri qiymətləndirmə aparmağa kömək edə bilər.  İllərlə əldə olunmuş təcrübələr, dünya təcrübələrindən istifadə imkan verir ki, məktəbin ümumi vəziyyətinin qiymətləndirilməsini doğru aparıb, yeni məqsədyönlü strategiyalar müəyyənləşdirilsin. Nəzəri cəhətdən və qanunauyğunluqla yanaşı, bir çox situasiyalar yaranır ki, burada peşəkarlıq  tələb olunur. Peşəkarlıq bir növ intiusiyanın güclü olması ilə də bağlıdır. 

 

Təhsil sisteminin bugünkü uğurları cəmiyyətdəki intellektual səviyyəyə, ictimai fikrə, düşüncə və həyat tərzinə təsir edir.  Kadr səriştəsizliyi indiki dövrdə  get-gedə azalır. Çünki müəllim elə bir sistemdə fəaliyyət göstərir ki, özünə, işinə, peşəsinə, təhsilə, cəmiyyətə, şagirdə laqeyd oduqda bu yolda irəliləyə bilməz. Ona görə də bu gün müəllim olmaq istəyən artıq üzərinə düşən vəzifələri bilir və peşəkar olmaq üçün öz-özünü inkişaf etdirməyə səy göstərir. Müəllim  ətrafında baş verən bütün proseslərə biganə qalmır. Təbiətcə müəllim olur, peşəkar olur. 

 

 

İlhamə CƏFƏROVA,

Bakı şəhəri 328 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini