Məktəbdə təlim-tərbiyə işi | |
Məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Tam təhsil mühiti yaratmaq və əsas məqsədə çatmaq xüsusi nizam-intizamdan və qaydaların tətbiqindən asılıdır. Müasir təlim metodları məktəbdə şagirdi dövrün tələblərinə uyğunlaşa biləcək bir şəxsiyyət kimi formalaşdırmaqdan əlavə, eyni zamanda da qarşımızda bir çox vəzifələr qoyur. Çünki məktəb şagirdin müxtəlif yaş dövrlərinə uyğun olaraq təlim-tərbiyə sistemi həyata keçirir.
Bu yaradılmış mühit də hər yaş dövründə onun xarakterinin düzgün formalaşmasına mühüm təsir göstərir. Tərbiyə işi anlayışı bir məna daşımır və bu prosesə təkcə bir prizmadan baxmaq doğru deyildir. Bir pedaqoq dərs dediyi şagirdin bacarıqlarının inkişafını təmin etmək üçün bütün müşahidə və diqqətini yönləndirərək, həm individual yanaşmalarla, həm kollektiv münasibətlərlə, həm də fərdi görüşlərlə bir metod müəyyənləşdirməlidir. Müəllim müxtəlif situasiyalarda şagirddə özünəinam hissini yaratmaq üçün həm dərs zamanı, həm də dərsdənkənar əlverişli şərait yaratmalıdır. Bununla bərabər hər bir təlim zamanı tərbiyə işi arxa plana keçməməlidir.
Bilik və bacarıq. Bu iki anlayış həmişə vəhdət təşkil edir. Biliyi bir ağaca bənzədiriksə bacarıq onun yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə, onun gözəlliyi və diqqəti cəlb edən tərəfi olacaqdır. Yüksək səviyyəli bacarıq yeniliklər yaradır. Müasir təhsil sistemi təhsilalanlara daha geniş aspektdə yanaşaraq müxtəlif bacarıqların üzə çıxması üçün yeni metodikaların tətbiqini həyata keçirərək fənlərin tədrisini, həm də bacarıqların inkişafını birgə, əlaqəli şəkildə tətbiq edir. Nəticə etibarilə nailiyyətlər əldə olunur. Şagirdin dünyagörüşü, intellektual səviyyəsi və təfəkkürü daim inkişaf edir. Məhz bugünkü təhsil sisteminin şagirdyönümlü olması bilik və bacarığın bir birinə müsbət təsirinə, möhkəmləndirilməsinə və inkişafına xidmət edir. Məktəbdə şagirdlərin sərbəst fikir ifadə edə bilməsi və belə metodika ilə təhsil alması kreatv bir mühitin yaranmasına da səbəb olur. Mütəmadi olaraq belə davam edən şəraitdə şagirdlərin istedadları da aşkar olunur. Xüsusi istedadlar seçilir və onlara xüsusi yanaşmalar tətbiq edilir. Beləcə, məktəbin təhsil mühiti aktiv formada fəaliyyət göstərir. Bir tərəfdən şagirdin marağı, digər tərəfdən müəllimlərin istiqamətləndirməsi sağlam bir rəqabətə çevrilir. Nəticə etibarı ilə rəqabət olan yerdə inkişafa nail olunur. Tərbiyə prosesində uğurlar çoxalaraq qarşıya qoyulmuş məqsəd və nəticələr daha da mükəmməlliyə doğru yönəlir.
Məktəbdə fəaliyyət göstərən dərnəklər bu prosesin daha da uğurlu nəticələrinə zəmin yaradır. Şagird hər zaman fikirlərinin tətbiq etmə mühitini axtarır və uğurlu nəticəni əldə edərək daha da motivasiya olur. Dərnəklər bir növ də şagirdin asudə vaxtının səmərəli istifadəsində faydalı olur. Əlavə təhsil və ya məşğələlər məktəblilərin dünyagörüşünün artırılmasına, eyni zamanda yaradıcı qabiliyyətlərinin genişlənməsinə də xidmət edir.
İnklüziv təhsil. Təlim-tərbiyə prosesində bütün təhsilalanlar iştirak edir. Eləcə də, məktəbdə sağlamlıq məhdudiyyətləri olan şagirdlər üçün təhsil mühiti xüsusi əhəmmiyyətli və maraqlı olur. Aktiv bir mühit onun da fəaliyyətinə bilavasitə təsir edərək özünə inam hissi aşılayır. İnklüziv təhsilin tətbiqi məhz bu nəticələrə xidmət edir. Bu təhsil təkcə fərqli inkişaf özəllikləri olan uşaqlar üçün deyil, bütün şagirdlərin maarifləndirilmə ehtiyaclarına və inteqrasiyanın inkişafına yönəlmişdir. Beləcə, bərabərhüquqlu, humanist prinsiplərə əsaslanan bir cəmiyyət və təhsil formalaşır.
Fərqli inkişaf özəllikləri olan şagirdlər belə təhsil mühitində özünü sərbəst ifadəetmə üsullarını daha tez mənimsəyir. Şagirdlər bütün fənlərdən öz fəaliyyət və yenilikçi düşüncələrinə uyğun biliklər əldə edir. Digər şagirdlərin fərqli maraqları, fərqli yanaşmaları bu şagirdin də fəaliyyətinə stimul verir. O, öz bacarıqlarını kəşf edir. Seçdiyi fəaliyyət növü üzrə həmin bacarıqları istifadə etmək yollarını tapır. Təhsil alan digər şagirdlər təlim-tərbiyə prosesində aldığı biliklər sayəsində yüksək intellektli bir şəxsiyyət olmaq, yüksək mənəvi keyfiyyətləri dəyərləndirə bilmək təfəkkürünə malik olurlar. Bu da insanların fiziki deyil, mənəvi keyfiyyətlərlə ölçüldüyü düşüncəsini yaradır. Beləcə, qarşılıqlı işgüzar bir mühitdə, fikirlərin demokratik şəkildə ifadəsinin heç bir əngəl tanımadığı, hər bir real fikrin gerçəklənməsində heç bir maneə olmadığı nəticəsinə gəlmək mümkün olur. Məktəb yaşlarından cəmiyyətin fikir müxtəlifliyinə və bu müxtəliflik içərisində özünün də fikir yürüdərək rəğbətlə qarşılanması fərqli fərdlərin bütün həyat tərzinə müsbət təsir göstərir. Onun özündə cəmiyyət üçün faydalı olmaq arzusu formalaşır. İnkluziv təhsilin inkişafinda pedaqoji bacarıq yüksək səviyyədə olmalı və hər bir şagirdin individual bacarıqlara malik olduğunu bilməli və individual yanaşma tətbiq etməlidir. Bu bacarıqlara əsasən sərbəst işləyə bilmək imkanları yaradılmalıdır. Bu mühit həmin şagirdlərin gələcək peşə seçimində də əhəmiyyətli rol oynayır.
Peşə seçiminin istiqamətləndirilməsi. Bu sahədə erkən maarifləndirmə işi çox vacibdir. Məktəb həyatında şagirdlərin bilik və bacarıqlarının artırılması ilə yanaşı onlarda gələcək həyatda hər hansı bir mövqe tutmasının təsəvvürünü yaratmaq bizim peşə vəzifələrimizdəndir. Öz qabiliyyətlərinə əsaslanan seçimlərini düzgün yönəltmək lazımdır. Bu işdə ümumi orta təhsil bitirməkdə olan şagirdlərin valideynlərinin də maarifləndirilməsi çox vacib şərtlərdəndir. Ümumiyyətlə, məktəb, şagird, valideyn üçlüyünün əməkdaşlığı hər zaman faydalı olmuşdur. Şagirdin öz yaşıdları ilə birlikdə kollektiv bir mühtdə davranışı çox zaman ailədə olan davranış tərzindən müəyyən qədər fərqli olur. Bu iki cür davranışın zəif və güclü tərəflərini məhz valideynləri ilə birgə müzakirə edərək düzgün istiqamət müəyyənləşdirmək olar. Artıq 9 il məktəbdə təhsil alan şagird və onun valideynləri, o cümlədən, müəllimləri bilməlidir ki, şagird hansı istiqamət üzrə təhsilini davam etdirərsə, ilk növbədə cəmiyyətə, özünə və ailəsinə faydalı olacaqdır. Bu dövrdə mühüm seçim olan peşə seçimi bu üçlük tərəfindən yeniyetmənin maraq və bacarıqlarına uyğun düzgün qərarlaşdırılmalıdır. Çox diqqət tələb edən bu vaxt ərzində şagirdə müasir dövrün tələblərinə uyğun həyat tərzinin bir parçası olmaq, müxtəlif sənətlərə yiyələnərək uğurlar əldə etmək həvəsi aşılanmalıdır. Son zamanlar peşə təhsilinə göstərilən xüsusi diqqət və bu sahədə aparılan uğurlu islahatlar həmin sahənin inkişafına yönəldilib.
İdarəetmə. Bütün bu sahələri tam mükəmməl şəkildə həyata keçirmək məktəb rəhbərliyinin diqqətli müşahidə qabiliyyətinin olmasıdır. Analitik müşahidə bir çox vəziyyətlərdə, situasiyalarda qərar verməni doğru istiqamətə yönləndirə bilər. Bu, həm də ümumi nəzəri qiymətləndirmə aparmağa kömək edə bilər. İllərlə əldə olunmuş təcrübələr, dünya təcrübələrindən istifadə imkan verir ki, məktəbin ümumi vəziyyətinin qiymətləndirilməsini doğru aparıb, yeni məqsədyönlü strategiyalar müəyyənləşdirilsin. Nəzəri cəhətdən və qanunauyğunluqla yanaşı, bir çox situasiyalar yaranır ki, burada peşəkarlıq tələb olunur. Peşəkarlıq bir növ intiusiyanın güclü olması ilə də bağlıdır.
Təhsil sisteminin bugünkü uğurları cəmiyyətdəki intellektual səviyyəyə, ictimai fikrə, düşüncə və həyat tərzinə təsir edir. Kadr səriştəsizliyi indiki dövrdə get-gedə azalır. Çünki müəllim elə bir sistemdə fəaliyyət göstərir ki, özünə, işinə, peşəsinə, təhsilə, cəmiyyətə, şagirdə laqeyd oduqda bu yolda irəliləyə bilməz. Ona görə də bu gün müəllim olmaq istəyən artıq üzərinə düşən vəzifələri bilir və peşəkar olmaq üçün öz-özünü inkişaf etdirməyə səy göstərir. Müəllim ətrafında baş verən bütün proseslərə biganə qalmır. Təbiətcə müəllim olur, peşəkar olur.
İlhamə CƏFƏROVA, Bakı şəhəri 328 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini |
|
23.06.2019 | 15:20 | |
|
|
|