Uğur motivasiyası qarşıda qoyulan vəzifələrin həllində vacib faktordur
Təhsilin keyfiyyəti təhsil müəssisəsinin fəaliyyətini xarakterizə edən müxtəlif aspektlərin - təhsilin məzmunu, təlimin forma və metodları, insan resursları, tədris və maddi-texniki bazanın vəziyyəti və s. məcmusu ilə müəyyən olunur. Bütövlükdə bu məsələlər yeni pedaqoji təfəkkürün tərkib hissəsidir.
Yeni pedaqoji təfəkkür təlim-tərbiyənin “öyrənməyi-öyrətmək” texnologiyası əsasında qurulmasını, təhsilin fərdiləşdirilməsini, interaktiv təlim metodlarının tətbiqinin aktuallaşdırılmasını, diqqətin şagirdin intellektual inkişafına, məntiqi təfəkkürünün formalaşmasına, əqli nəticə çıxarmasına, ümumiləşdirməyə və bu kimi pedaqoji-psixoloji aspektlərə yönəldilməsini tələb edir.
Bunu nəzərə alaraq məktəbimizdə il ərzində müxtəlif müsabiqələr, olimpiadalar, ədəbi-bədii gecələr və sinifdənxaric digər tədbirlər keçirilir.
Son illər məktəblərdə yaradılmış “Kiçik Akademiya”lar da şagirdləri ilkin elmi axtarışlara qoşmaq, öz fikir və düşüncələrini ifadə etmək üçün bir vasitəyə çevrilib. Məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya” bu baxımdan fərqlənir. Onun yığıncaqlarında rəhbərliyin, mütəxəssislərin, qonaqların iştirakı “Gənc alimlər”in məsuliyyətini daha da artırır.
Ədəbi-bədii tədbirlərin hazırlanması şagirdlərin bədii təfəkkürünün, bədii zövqünün formalaşmasında, nitq qabiliyyətinin inkişafında böyük rol oynayır. Məktəbimizdə müntəzəm olaraq ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, viktorinalar keçirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinə, ulu öndər Heydər Əliyevin anım gününə və Dövlət Bayraq gününə həsr olunmuş tədbirləri buna misal göstərmək olar. Kitabxanada tez-tez təşkil olunan bədii qiraət saatları, şagirdlərin bədii yaradıcılığının müzakirəsi və digər tədbirlər də müsbət nəticə verir. Sinifdənxaric, məktəbdənkənar tədbirlər dərs prosesində verilən nəzəri biliklərlə əlaqələndirilir və bu, şagirdlərin dünyagörüşünün inkişafına güclü təsir edir.
Ölkəşünaslıq işlərinin, ekskursiyaların şagirdlərin vətənpərvərlik tərbiyəsindəki mühüm rolunu nəzərə alaraq belə tədbirlərin təşkilini də diqqətdə saxlayırıq.
Təhsil müəssisəsinin inkişaf rejimində fəaliyyətin və keyfiyyətin idarə olunması məktəb rəhbərliyinin, təlim-tərbiyə prosesinin iştirakçılarının planlaşdırdıqları nəticəyə çatmaqda kömək edir. İdarəetmənin, eləcə də məktəbin bütövlükdə fəaliyyətinin keyfiyyəti və səmərəliliyi məktəb rəhbərləri arasında funksiya və vəzifə öhdəliklərinin nə dərəcədə real, konkret və məqsədəuyğun paylanmasından asılıdır.
İdarəetmə təcrübəsi göstərir ki, istənilən innovasiya fəaliyyətində uğur motivasiyası qarşıda qoyulan vəzifələrin həllində vacib faktordur.
Məktəbdə uğur motivasiyası üçün hər bir kəsin əməyinin ədalətli qiymətləndirilməsi fəaliyyətin yüksək keyfiyyətini situmullaşdıran amildir. Bu amildən məktəbimizdə geniş istifadə olunur.
Dərs ilinin sonunda “Son zəng”də il ərzində yüksək göstəriciləri ilə seçilən müəllimlər, müsabiqələrdə, idman yarışlarında, rayon və ya respublika əhəmiyyətli tədbirlərdə fərqlənən şagirdlər mükafatlandırılır.
Planlaşdırma təlim prosesinin səmərəliliyinin artırılması vasitəsi kimi çıxış etməklə, həm də təhsil müəssisəsinin idarə olunmasının keyfiyyət göstəricilərindən biridir.
Təhsilin keyfiyyətinin planlaşdırılması məktəbin keyfiyyətinin ümumi planlaşdırılmasının tərkib hissəsidir. Bu gün məktəbin fəaliyyətinin planlaşdırılmasında perspektiv məsələlər, həmin məsələlərin arzu olunan nəticələri öz əksini tapmalıdır. Həmin planlarda tədbirlərin uzlaşdırılmasına diqqət verilməli, yaradıcılıq, təşəbbüskarlıq ön plana gətirilməlidir.
Təhsil müəssisəsinin inkişaf rejimində fəaliyyətinin və keyfiyyətinin idarə olunmasında böyük əhəmiyyət kəsb edən məqamlardan biri nəzarətdir. Belə ki, nəzarət nəticəsində nəinki çatışmazlıqlar aşkar edilir, eyni zamanda müsbət təcrübə meydana çıxır və gələcəkdə bütün təşkilatın fəaliyyətində yayılır.
Müasir təhsilin innovasiya mühitində idarə olunmasında ən vacib məsələ təhsil müəssisəsinin inkişaf və inkişafetdirici rejimə keçirilməsidir. İnkişaf rejimində fəaliyyət göstərən təhsil müəssisəsində innovasiya prosesləri idarəetmə obyektinə çevrilir. Bu zaman məktəbin inkişaf rejimində fəaliyyətinin və keyfiyyətinin idarə olunmasında psixoloji yanaşma, məktəbə psixoloji xidmət mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, müasir məktəbin psixoloji xidmətə ehtiyacı böyükdür. Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, çətin tərbiyə olunan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi tələb edir. Bu işdə psixoloq konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olur. Başqa sözlə, məktəbdə psixoloji xidmət fəaliyyətinin perspektiv istiqaməti hər bir şagirdin inkişafı, cəmiyyətdə yaradıcı həyata psixoloji hazırlığının formalaşması məqsədinin reallaşdırılmasında məktəb kollektivinin sağlam psixoloji mühitdə işləməsi üçün şəraitin yaradılmasında rəhbərliyə dəstək olmaqdır. Bu mənada müsbət psixoloji iqlim məktəbin idarə olunmasının keyfiyyət göstəricisi kimi qiymətləndirilə bilər.
Təhsil müəssisəsinin keyfiyyətli fəaliyyətinin, inkişafının mühüm amillərindən biri də təlim fəaliyyətinin məqsədyönlü təşkilidir. Bu baxımdan təhsil prosesinə mütləq yeni qaydalar gətirilməli, təhsilalanların yaradıcı və tənqidi təfəkkürünün formalaşdırılması məqsəd olmalıdır. Bu məqsədləri yerinə yetirərkən şagirdlərin baxışlarının, fikirlərinin nəzərə alınması olduqca əhəmiyyətlidir. Bunları nəzərə alaraq VIII-X siniflər arasında sosioloji sorğu keçirmişik. Sorğunun nəticələri pedaqoji şurada müzakirə olunub. İş prosesində şagirdlərin maraqlarının təmin olunması üçün tədbirlər planı hazırlanıb.
Dərs cədvəli pedaqoji kollektivin sistemli və intensiv fəaliyyət göstərməsi ücün nə qədər vacibdirsə, bir o qədər də keyfiyyətli işə şərait yaradan amildir. Dərs ilinin ilk günündən, bütün göstəricilərə və şərtlərə əməl olunmuş və təsdiq edilmiş cədvəllə işə başlamağımız fəaliyyətimizi kifayət qədər asanlaşdırır. Rəhbərliyin idarəetmədəki funksiyalarına uyğun olaraq iş bölgüsü aparmaq və buna uyğun fəaliyyət göstərmək təhsil prosesində bir operativlik yaradır.
Müəyyənləşdirilmiş məsul şəxslər tərəfindən monitorinqlər, yoxlama yazı işləri aparılır. “Açıq dərs”lər, qarşılıqlı dərsdinləmələr və s. rəhbərlik tərəfindən nəzarətlə həyata keçirilir.
İdarəetmə fəaliyyətinin vəzifələrindən biri normal şəraitin yaradılmasıdır. Yəni, təlim-tərbiyə prosesinin normal gedişi üçün maddi-texniki təchizat, kadrlara olan ehtiyacın ödənilməsi əsasdır. Müasir dövrdə bu ehtiyac əsaslı şəkildə təmin olunub.
Bu gün məktəbin idarə edilməsində kollegial idarəetmə orqanları mühüm rol oynayır. Pedaqoji şura, direktoryanı müşavirə, fənn metodbirləşmələri, sinif rəhbərlərinin metodbirləşməsi, həmkarlar komitəsi, valideyn komitələri məktəbin fəaliyyətini və pedaqoji kollektivin üzvlərini əhatə edən kollegial idarəetmə orqanıdır.
Kollegial idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məktəb direktorunun təşkilatçılıq fəaliyyətinin tərkib hissəsini təşkil edir.
Kollegial idarəetmə orqanlarının fəaliyyətinin şəffaf olması üçün direktor pedaqoji kollektivin təcrübəli və peşəkar müəllimləri ilə məsləhətləşməli, onların fikirlərini, rəylərini əsas götürməlidir. Direktor işi elə təşkil etməlidir ki, kollegial idarəetmə orqanlarının hər bir üzvü təkcə öz vəzifə borcunu yerinə yetirməklə kifayətlənməsin, eyni zamanda təhsil islahatlarının həyata keçirilməsində fəal iştiraka səy göstərsin.
Pedaqoji şura məktəbin fəaliyyətinin təşkilində çox mühüm rol oynayır və məktəbin təlim-tərbiyə və təsərrüfat işlərinə rəhbərlik edən ali orqandır. Məktəb direktoru təlim-tərbiyə işlərinə pedaqoji şura vasitəsilə rəhbərlik edir. Məktəbdə həyata keçirilən bütün işlərin nəticəsi pedaqoji şurada müzakirə olunur və müəllimlərə çatdırılır.
Direktor bu və ya digər məsələnin həllində direktoryanı müşavirələrin imkanlarından geniş istifadə edə bilər. Məsələn, məktəbdaxili nəzarətin qrafik planına əsasən aparılan yoxlamaların nəticələrini, sinif rəhbərlərinin valideynlərlə apardığı işlər, fənn metodbirləşmələrində müzakirə olunan məsələlərin nəticələri və s. direktoryanı müşavirənin mövzusu ola bilər.
Direktorun metodbirləşmələrin işinin düzgün təşkilinə, təlimin keyfiyyətinə, müəllimin hazırlığına kömək edən tədbirlərin planlaşdırılmasında yaxından iştirak etməsi məktəbdə təlim-tərbiyə prosesinin yüksəldilməsinə, müəllimlərin müasir təlim üsullarına və metodlarına yiyələnməsinə kömək edə bilər.
Kollegial idarəetmə orqanı kimi məktəb valideyn komitələrinin müzakirə etdiyi məsələlərin hazırlanmasında pedaqoji heyətin iştirakı vacibdir. Burada da məktəb direktorunun valideyn komitəsinin işinə pedaqoji təsir göstərməsinə ehtiyac var.
Məktəbdə təlim-tərbiyə işinin səmərəliliyi təşkilatçılıq funksiyasının yerinə yetirilməsi səviyyəsindən asılıdır. Məktəb direktoru pedaqoji - təşkilatçılıq fəaliyyətini idarəetməyə verilən yeni tələblər əsasında qurmaq üçün idarəetmənin demokratik üsullarından geniş istifadə etməlidir. Məktəb direktoru şagird və müəllim kollektivinin fəaliyyətini təşkil edərkən elə bir şərait yaratmağa çalışmalıdır ki, müəllimin, hər bir məktəb işçisinin qabiliyyət və bacarığı, yaradıcılıq potensialı, peşəkarlığı formalaşsın və inkişaf etsin.
Məktəb rəhbərinin idarəetmə fəaliyyətinin səmərəliliyi onun kollektivdə tutduğu mövqe və qazandığı nüfuzla sıx əlaqədardır. O, çalışmalıdır ki, öz vəzifələri zəminində qazandığı nüfuzu, kollektivin hər bir üzvü qarşısında qazana biləcəyi şəxsi nüfuzla uzlaşdıra bilsin.
Bir sözlə, idarəetmənin mahiyyəti onun düzgün və səmərəli təşkilindədir. Məktəbdə idarəetmə qərarları kollektiv zəkanın məhsulu olduqda və onların icrasına nəzarət düzgün təşkil edildikdə uğur qazanılır.
Məktəbin idarə olunması və ona rəhbərlik məktəb direktoru, onun müavinləri vasitəsilə həyata keçirilir. Məktəb müdiriyyəti məktəbin fəaliyyətinə istiqamət verməli, qəbul edilən qərarları, söylənən rəyləri öz adından deyil, kollektivin adından söyləməlidir. Belə olduğu halda, kollektiv məktəbin inkişafında töhfə verdiyini düşünür, özünü verilmiş qərarlara görə cavabdeh hesab edir. Bu isə rəhbərliklə pedaqoji kollektivin yaxınlaşmasına, bir məqsəd uğrunda yekdil fəaliyyətinə gətirib çıxarır. Təhsil müəssisəsinin inkişaf rejimində idarə olunmasının keyfiyyət göstəricisi kimi insan resurslarının əməkdaşlığı və birgə fəaliyyəti əsas yer tutur. Təhsildə uğurun əldə edilməsi üçün rəhbər işçilərin - direktorun və müavinlərin işbirliyi zəruridir. Rəhbər işcilərin vahid rəyə gəlməsi, təlimdə və təhsildə ortaq məxrəc tutması, həmfikir olması təsiredici şərtlərdən biridir.
Təhsil müəssisəsinin idarə edilməsinin keyfiyyət göstəriciləri çoxdur. Əminliklə deyə bilərik ki, uzun illərdir tədris işləri üzrə direktor müavini işlədiyim Nəsimi rayonu 164 nömrəli tam orta məktəb qeyd etdiyim keyfiyyət göstəricilərinə bariz nümunə ola bilər.
Nazimə ZEYNALOVA,
Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini