Pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsinə, tətbiqinə yeni yanaşmalar sərgiləmək tələb olunur
Kiçik vətəndaşları tərbiyə edək.
Abdulla Şaiq
Pedaqogika yunan sözüdür. Bəzi tərcümələrdən fərqli olaraq hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və “tərbiyə sənəti” anlamlarını verir. Bu üç amili özündə ehtiva edən pedaqogikanın ilkin fikir və ideyaları insanlıq mövcud olduğu dövrdən meydana gələrək xalq yaradıcılığının bütün janrlarında, eləcə də Qədim Şərq filosoflarının görüşlərində təcəssüm edərək çağdaş günümüzdə müstəqil bir elm kimi formalaşmışdır. İnsanın yetişdirilməsi, onun təlim-tərbiyəsi, həyata, yaşayışa hazırlanması pedaqogika elminin təməl prinsiplərini təşkil edir.
Əsrlərin süzgəcindən keçən bu prinsiplərin kamil insan ideyasını irəli sürən Nizaminin, N.Tusinin, M.Füzulinin, A.Bakıxanovun və digər mütəfəkkirlərin əsərlərində bir sistem halını aldığını görürük. Nizaminin qəhrəmanları dərin biliyə malik olmaqla yanaşı özünüidarə, ədalətlilik, humanizm, əməksevərlik, davranış və ünsiyyət mədəniyyəti, cəsarətlilik kimi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmuşdur. XVI yüzillikdə yaşayıb yaratmış, zəngin pedaqoji irsə malik M.Füzuli əsərlərində təlim və tərbiyənin məqsədinə, məzmununa və üsullarına toxunmuş, orta əsr təlim-tərbiyə məktəbinin quruluşunu, onun təşkili formasını tənqid etmişdir. M. Füzulinin “Hər kəs ilə onların öz əqillərinin səviyyəsində danış” - deyə irəli sürdüyü pedaqoji fikri bu gün: “hər kəsə bilik, bacarığına görə yanaşmaq” müddəası kimi təlim-tərbiyədə pedaqogikanın ən əsas tələblərindən biridir. Maraqlıdır ki, M.Füzulidən 200 il sonra təbiətəmüvafiqlik nəzəriyyəsini müdafiə edən İsveç pedaqoqu, demokrat İohan Pestolotsi də “Hər bir uşaqda inkişaf üçün zəmin olan təbii imkan var” fikrini söyləyərək təlim-tərbiyə prosesində hər bir uşağın yaşının və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını irəli sürür. O, tərbiyənin məqsədini uşağın özünəməxsus harmonik, fiziki, əxlaqi, əqli inkişafını təmin etməklə “həqiqi insanlar” hazırlamaqda görürdü. “Böyük didaktika” əsərinin müəllifi Y.Komenski isə öz sələflərindən çox illər əvvəl insanı daim inkişafda olan varlıq kimi qiymətləndirmiş və tərbiyənin köməyi ilə “Hər uşağı insan etmək olar” fikrini irəli sürmüşdür.
XXI yüzillikdə bazar iqtisadiyyatının sürətlə dəyişən qaydaları, qloballaşmanın həyatımıza nüfuz etməsi insan kapitalının yetişdirilməsi istiqamətində bizim qarşımızda yeni vəzifələr qoyur. Minilliyin çağırışı olan insan kapitalının yetişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədlərindən biridir. Belə ki, sənəddə insan kapitalının inkişafı perspektivləri ön plana çəkilərək mövcud vəziyyət təhlil edilmiş, təhsilin bu istiqamətdə məqsəd və vəzifələri müəyyənləşdirilmişdir. Pedaqoji - sosial əməkdaşlığın vəhdəti halında yerinə yetiriləcək bu vəzifələr ölkəni gələcəyə aparacaq, hər cür rəqabətə cavab verəcək mənəvi-intellektual dəyərlərə malik insanın yetişdirilməsində zəncirvari bir xətlə ailədən başlayaraq təhsil işçilərini və ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrini insan tərbiyəsində yüksək nəticələr əldə etmiş yeni model axtarışlarına sövq edir. Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə “İnsan mərkəzli təhsil” adlı proqramlar həyata keçirilir. Bu proqram çərçivəsində fərdin fasiləsiz öyrənmə potensialı yüksəldilir, öyrəndiklərini praktik tətbiq etmək vərdişləri formalaşdırılır, ona mənəvi dəyərlər kontekstində həyati bacarıqlar aşılanır. İkinci olaraq bu proqram cəmiyyətdə insanların sosial qütbləşməsinin demokratik prinsiplər əsasında formalaşmasında mühüm rol oynayır. İnsan yetişdirmənin bütün təsisatlarının: ailənin, məktəbin, universitetin və cəmiyyətin daşıdıqları məsuliyyət, görəcəyi işlər pedaqoji prinsiplərə əsaslanaraq mərkəzin fəaliyyətinin təməlini təşkil edir. Keçən əsrin 50-ci illərində Almaniya da demokratiyanın və hüquqi dövlətçiliyin təməli hesab edilən, azadlığın və sosial cavabdehliyin prinsiplərini özündə ehtiva edən sosial bazar iqtisadiyyatının verdiyi bütün imkanlardan istifadə edərək insan kapitalını yetişdirən institutlarını formalaşdırmışdır.
Zaman uşağa tərbiyə verən tərbiyəçidən də, valideynindən də, orta məktəb və universitet müəllimindən də, cəmiyyətin peşə və təhsilindən asılı olmayaraq hər bir üzvündən də pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsinə, tətbiqinə yeni yanaşmaları sərgiləməyi tələb edir. Çünki tərbiyə insanla bağlı hər bir prosesin alt yapısıdır. Onun açarı isə tərbiyə sənəti olan pedaqogika elmindədir.
Və bu elmin müasir tələblər baxımından məzmunundan, nəzəri öyrənilməsindən və praktiki tətbiqindən asılıdır.
Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru