Pedaqogika və insan tərbiyəsi

Kiçik vətəndaşları tərbiyə edək.

 

Abdulla Şaiq

 

 

Pedaqogika yunan sözüdür. Bəzi  tərcümələrdən fərqli olaraq  hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və  “tərbiyə sənəti” anlamlarını verir. Bu üç amili özündə ehtiva edən pedaqogikanın ilkin  fikir və ideyaları  insanlıq mövcud olduğu dövrdən meydana gələrək xalq yaradıcılığının bütün janrlarında, eləcə də  Qədim Şərq filosoflarının görüşlərində təcəssüm edərək  çağdaş günümüzdə  müstəqil bir elm kimi formalaşmışdır. İnsanın yetişdirilməsi, onun təlim-tərbiyəsi, həyata, yaşayışa hazırlanması  pedaqogika elminin  təməl prinsiplərini təşkil edir.

 

Əsrlərin süzgəcindən keçən   bu prinsiplərin  kamil insan ideyasını irəli sürən Nizaminin, N.Tusinin, M.Füzulinin, A.Bakıxanovun  və digər  mütəfəkkirlərin əsərlərində  bir sistem halını aldığını görürük.  Nizaminin qəhrəmanları  dərin biliyə malik olmaqla yanaşı  özünüidarə, ədalətlilik, humanizm, əməksevərlik, davranış və ünsiyyət mədəniyyəti, cəsarətlilik kimi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmuşdur. XVI yüzillikdə yaşayıb yaratmış, zəngin pedaqoji irsə malik M.Füzuli əsərlərində təlim və tərbiyənin məqsədinə, məzmununa və üsullarına toxunmuş, orta əsr təlim-tərbiyə məktəbinin quruluşunu, onun təşkili formasını  tənqid etmişdir. M. Füzulinin “Hər kəs ilə onların öz əqillərinin səviyyəsində danış” - deyə irəli sürdüyü  pedaqoji fikri  bu gün: “hər kəsə bilik, bacarığına görə yanaşmaq” müddəası kimi  təlim-tərbiyədə pedaqogikanın ən əsas tələblərindən  biridir. Maraqlıdır ki, M.Füzulidən 200 il sonra  təbiətəmüvafiqlik  nəzəriyyəsini müdafiə edən  İsveç pedaqoqu, demokrat  İohan Pestolotsi də  “Hər bir uşaqda  inkişaf üçün  zəmin  olan təbii imkan  var” fikrini söyləyərək  təlim-tərbiyə prosesində hər bir uşağın  yaşının və  fərdi xüsusiyyətlərinin nəzərə  alınmasını irəli sürür. O, tərbiyənin məqsədini uşağın özünəməxsus harmonik, fiziki, əxlaqi, əqli inkişafını təmin etməklə “həqiqi insanlar” hazırlamaqda görürdü. “Böyük didaktika” əsərinin müəllifi Y.Komenski isə öz sələflərindən çox illər əvvəl  insanı  daim  inkişafda olan varlıq  kimi  qiymətləndirmiş  və  tərbiyənin köməyi ilə  “Hər uşağı  insan etmək olar” fikrini irəli sürmüşdür.

 

XXI yüzillikdə bazar iqtisadiyyatının sürətlə dəyişən  qaydaları, qloballaşmanın həyatımıza nüfuz etməsi  insan kapitalının yetişdirilməsi istiqamətində bizim qarşımızda yeni  vəzifələr qoyur. Minilliyin çağırışı olan insan kapitalının yetişdirilməsi  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas  məqsədlərindən biridir. Belə ki, sənəddə  insan kapitalının inkişafı perspektivləri ön plana çəkilərək mövcud vəziyyət təhlil edilmiş, təhsilin bu istiqamətdə məqsəd və vəzifələri  müəyyənləşdirilmişdir. Pedaqoji  -  sosial əməkdaşlığın vəhdəti halında yerinə yetiriləcək bu vəzifələr ölkəni gələcəyə  aparacaq, hər cür  rəqabətə cavab verəcək mənəvi-intellektual dəyərlərə malik insanın yetişdirilməsində zəncirvari bir xətlə ailədən başlayaraq təhsil işçilərini və ümumiyyətlə,   cəmiyyətin  bütün təbəqələrini insan tərbiyəsində  yüksək nəticələr əldə etmiş yeni model axtarışlarına sövq edir. Məsələn, bir sıra inkişaf etmiş ölkələrdə   “İnsan mərkəzli təhsil”  adlı  proqramlar  həyata keçirilir. Bu proqram çərçivəsində  fərdin fasiləsiz öyrənmə potensialı  yüksəldilir,  öyrəndiklərini praktik tətbiq etmək vərdişləri formalaşdırılır, ona  mənəvi dəyərlər kontekstində həyati bacarıqlar aşılanır. İkinci olaraq bu proqram cəmiyyətdə  insanların sosial qütbləşməsinin demokratik  prinsiplər əsasında  formalaşmasında mühüm rol oynayır. İnsan yetişdirmənin  bütün təsisatlarının: ailənin, məktəbin, universitetin və cəmiyyətin daşıdıqları məsuliyyət, görəcəyi işlər  pedaqoji prinsiplərə əsaslanaraq  mərkəzin  fəaliyyətinin təməlini təşkil edir.  Keçən əsrin 50-ci illərində Almaniya da  demokratiyanın və hüquqi dövlətçiliyin təməli hesab edilən, azadlığın və sosial cavabdehliyin prinsiplərini  özündə ehtiva edən  sosial bazar iqtisadiyyatının verdiyi bütün imkanlardan  istifadə edərək insan kapitalını yetişdirən institutlarını formalaşdırmışdır.

 

Zaman uşağa tərbiyə verən tərbiyəçidən də, valideynindən də, orta məktəb və universitet müəllimindən də, cəmiyyətin peşə və təhsilindən asılı olmayaraq hər bir üzvündən  də  pedaqogikanın nəzəri və praktiki cəhətdən öyrənilməsinə, tətbiqinə yeni yanaşmaları sərgiləməyi tələb edir.  Çünki tərbiyə insanla bağlı hər bir prosesin alt yapısıdır. Onun açarı isə tərbiyə sənəti olan pedaqogika elmindədir.

 

Və bu elmin müasir tələblər baxımından məzmunundan, nəzəri öyrənilməsindən və praktiki tətbiqindən asılıdır.

 

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru



16.03.2019 | 10:01