İtaliya və Fransanın sabiq təhsil nazirləri təcrübələrini bölüşüblər


Məlum olduğu kimi,  ötən əsrin ortalarında   Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO-nun əsası qoyulub.  Bu münasibətlə dünya ölkələri  arasında  elm, təhsil, mədəniyyət sahələrində dialoqa imkan yaradan  YUNESKO-un təhsilin planlaşdırılması Beynəlxalq İnstitutunda  keçirilmiş onlayn müzakirələrdə iştirak edən  İtaliya  və Fransanın keçmiş təhsil nazirləri  öz ölkələrində təhsil islahatlarının hazırlanması prosesində qarşılaşdıqları problemlər barədə danışıblar.  Hazırda təşkilatda yüksək vəzifələr tutan sabiq  nazirlər  İtaliyada və Fransada təhsil  siyasətinin mümkün perspektivləri haqda fikirlərini  bölüşüblər.

 

Sabiq təhsil nazirləri: tanıtım

 

Stefaniya Djannini - İtaliyanın keçmiş təhsil naziri, hazırda YUNESKO baş direktorunun təhsil üzrə  köməkçisidir.  S.Djannini öz karyerasını  insanın ömürboyu öyrənməsi kimi əsas hüquqlarından olan təhsilin təşviqinə həsr edib.  Dilə, mədəniyyətə yiyələnmək, özünəməxsusluğu saxlamaqla  fikrini azad ifadə etmək.  Bütün bunlar, onun fikrinə görə, daha mükəmməl və bərabərhüquqlu cəmiyyətin inkişafı üçün vacibdir. Humanitar elmlər (PhD in Linguistics) sahəsində akademik hazırlıq nəticəsində o,  1992-ci ildə linqvistika  professoru,  2004 - 2012-ci illərdə isə  Peruca Universitetinin rektoru (İtaliyada ilk gənc qadın-rektorlardan biri!) olub. 2014-cü ilin iyul-dekabr  aylarında  Avropa İttifaqının təhsil və rəqabətə davamlılıq  məsələləri üzrə Şurasına  sədrlik edib. S. Djannini radikallaşma  və ekstremizmin qarşısının alınması üçün əhalinin müxtəlif qrupları  arasında dialoq  aləti  kimi yaradıcılığın, mədəni irsin və innovasiyaların əhəmiyyətinin artırılması məsələləri üzərində çalışıb. İtaliya Respublikasının senatoru  (2013-cü ildən 2018-ci ilə qədər) və təhsil naziri (2014-cü ildən 2016-cı ilə qədər) kimi o,  İtaliya təhsil sisteminin struktur islahatını hazırlayıb və tətbiq edib.  Bu yeniliklərin hədəfi mədəniyyət sahəsində sosial inteqrasiya və maarif  idi.

 

 

Nadjad Vallo-Belkasem - Fransanın keçmiş təhsil naziridir. 2018-ci ildən YUNESKO baş direktorunun müavinidir,  “Ipsos Group”da beynəlxalq tədqiqatlar və  sosial innovasiyalara cavabdeh şəxsdir.  “Fayard”  nəşriyyatında “Raison de plus” agentliyinə başçılıq edir. Təhsilinə görə hüquqşünasdır. Onun birinci vəzifəsi - inzibati ədalət məsələləri üzrə Fransa  Ali məhkəməsində,  dövlət şurası yanında  hüquq şirkətində hüquqşünas  köməkçisi olub.

 

 

2000-ci ilin başlanğıcında,  yerli  siyasətdə karyeraya başlayıb və bir neçə seçki kampaniyası keçirib. 2008-ci ildə  Lion şəhər icmasının məsləhətçisi olub. 2008-2012-ci illədə  Vallo-Belkasem Lion merinin gənclər və ictimai təşkilatlarının tədbirlərinin təşkili üzrə  müavini vəzifəsini tutub. Milli səviyyədə o,  2007-ci ildə Seqolen Ruayal və 2012-ci ildə isə  Fransua Ollandın  prezident  seçkilərində namizədliyi üzrə təmsilçisi olub.  2012-ci ilin mayında Nadjad Vallo-Belkasemi qadınların hüquqları  üzrə nazir və hökumət nümayəndəsi təyin edilib. Sonra o, gənclər və idman naziri olub.  2014-cü ildən  2017-ci ilə qədər  Fransanın Milli Təhsil,  Ali  Təhsil və Tədqiqatlar  Nazirliyinə başçılıq edib.

 

Təhsil naziri olmaq nə deməkdir?

 

Stefaniya Djannini: - Mən bilmirdim, nazir olmaq nədir. Amma indi deyə bilərəm ki, bu vəzifə çox təhlükəlidir,  köpək balıqlarıyla qaynaşan hovuzda üzməkdən daha  təhlükəlidir.  Və mən zarafat etmirəm! Axı əgər sən bütün  ölkənin təhsili ilə məşğulsansa, onda bu və digər formada  hər bir insanın taleyinə  cavabdehsən.  Səmimi etiraf edirəm,  mən bu sahənin xəstəsi oldum. 

 

Təhsil - cəmiyyətin fəaliyyətinin əsas sferalarından biridir. O, bizə ətrafımızdakı dünyanı  anlamağa,  bu dünyada özünü tapmağa,  insanları daha yaxından tanımağa  imkan  verir.  Mən başladığım  işin bu  qədər  təhlükəli olacağını düşünmürdüm,  amma biz sağ qaldıq (gülür).

 

Təhsil naziri kimi mən özüm üçün nəticə çıxardım:  təhsil hər şeyin əsasıdır.  Ölkənin təhsil  problemlərinin müzakirəsini beynəlxalq səviyyəyə çıxarmaq  kifayət qədər çətindir, çünki çox məsələləri həll etmək lazımdır. Bu çətinliklərin öhdəsindən gəlinməsi üçün Avropa cəmiyyətləri, institutlar, təşkilatlar mövcuddur. Məhz bu platformalarda  biz qlobal çağırışları müzakirə edə bilərik.

 

Nadjad Vallo-Belkasem: - Yalnız maarif nazirinin yox, istənilən nazirin qarşısında inanılmaz  dərəcədə böyük miqdarda vəzifə və onların həllinə  son dərəcə az vaxt var. Mən Fransanın təhsil naziri olandan sonra  “65 milyon insanın fikirlərini necə  nəzərə almaq olar”  deyə qorxurdum.  Amma bizim üçün ictimai rəyi,  hətta əgər o, həmişə dövlət qulluqçularının fikirləri ilə uyğun gəlmirsə belə,  nəzərə almaq  çox əhəmiyyətlidir. Biz inkişaf etmiş dövlətin maarif sahəsinə girişdik, onu təkmilləşdirmək, nə isə yenisini tətbiq etmək  və eyni zamanda mövcud olanı saxlamaq  istəyirik.

 

Təhsil  siyasətinin vəzifələri haqqında

 

Hər iki nazir 2014-cü ildə bu  vəzifəyə təyin olunub. Bu,  təhsilin inkişafının nəticələrinin yenidən  qiymətləndirilməsi,  davamlı inkişafın yeni mexanizmlərinin tətbiqi dövrüdür. Amma qlobal məsələlərin müzakirəsi İtaliyanın və Fransanın təhsil siyasətinə təsir etdimi?

 

“Ən əhəmiyyətli vəzifə məktəb sistemini dəyişdirmək idi”

 

Stefaniya Djannini: - Mənim nazirliyimə,  ölkəmə gəlincə, bizim üçün əksəriyyətin  təhsil sisteminin özünün inkişafına cəlb olunması prosesinə başlamaq vacib idi.  Mən indi vətəndaşlar haqqında,  təhsil vahidləri haqqında danışıram, hansılar ki, milli təhsili birlikdə formalaşdırırlar.

 

İtaliya - rəngarəng  ölkədir, onun hər şəhərində insanlar fərqli  yaşam tərzinə malikdir,  biz  bunu, məsələn,  məktəb sistemində də müşahidə edə bilərik. Əhəmiyyətli fərqlər və hətta bərabərsizliklər  var.  Bizim üçün ən əhəmiyyətli vəzifə məktəb sistemini dəyişdirmək, onu  daha açıq, inklüziv etmək idi.  Məktəb şəffaf olmalıdır. Mən onu nəzərdə tuturam ki, müəllimlərin və  uşaqların çoxunun  məktəb və sinifdən kənarda nələrin baş verməsi barədə təsəvvürləri yoxdur.  Biz anlamağa çalışırdıq ki,  niyə belə olur?  Biz  öyrənməyə çalışdıq ki, müəllimlərin diqqətinin daha dar məsələlərə yönəlməsi ilə necə mübarizə aparmaq olar  və  zəruri nəticə çıxartdıq.

 

Bizim  əsas vəzifəmiz inklüziv və bərabərhüquqlu cəmiyyət  yaratmaqdır. Biz  uşaqlara və  pedaqoqlara standartların sərhədlərindən çıxmağa imkan verməliyik. Həmçinin ailələri, valideynləri də  maksimum dərəcədə bu prosesə  qoşmaq lazımdır.

 

“Hədəflərimiz davamlı təhsildir”

 

Nadjad Vallo-Belkasem: - Stefaniya ilə razılaşacağam, çünki Fransada da oxşar proseslər baş verirdi. Və bu mənim üçün  baş ağrısıdır.   Ölkənin vacib problemlərini insanlara çatdırmaq və onları dövlətin daxilində həll etməyə çalışmaq lazımdır.

 

Bizim hədəfimiz - davamlı təhsildir.  Bizə Afrikada aclıq çəkənlər üçün su və yemək kimi  keyfiyyətli təhsil lazımdır.  Buna görə biz müzakirələr aparır və başqa ölkələrdə nələrin baş verdiyini müşahidə edirik.  Sonra təhsilin inkişaf planını hazırlayırıq. Amma bizi gah bəyənirlər,  gah söyür  və gah da  ittiham edirlər.

 

“Cəmiyyət üçün açıq məktəb yaratdıq”

 

Stefaniya Djannini: - Təhsildə islahtlar, bu,  çox, bəlkə də  daha artıq dərəcədə  ambisiyalı layihə idi,  çünki   nələrisə planlaşdırmaq  və nəticəni hiss etmək istəyirsənsə,  təhsildə  çox şeyləri diqqətə almaq lazımdır.  İtaliyada pedaqoqların daimi təkmilləşdirmə sistemi  yarandı.

 

Mən bunun üçün mübarizə aparmağı bacardım! Müəllimlərin və pedaqoqların keyfiyyətli hazırlığı birbaşa  iş şəraitindən, öz bilik  və bacarıqlarını daim  yeniləşdirmək imkanlarından asılıdır. 

 

Bilik - bu heç də universitetdə və bütün ömür boyu  öyrəndiklərin deyil, o daim tamamlanma, əlavələr, biliklərin həyat fəaliyyətinin müxtəlif sahələrində tətbiqini  tələb edir. Bunun üçün biz təlimlər,  təcrübələr təşkil edir,   uşaq bağçalarında, məktəblərdə, universitetlərdə, təhsil mərkəzlərində müxtlif üsullarla  maarifləndirici proqramlar keçiririk.

 

Pedaqoqların tyutorları var, hansı ki, daimi əsasda onlarla işləyirlər.  Daha vacib bir  məqam - biz cəmiyyət üçün açıq məktəb yaratdıq. Bu məsələdə  ictimai institutlar bizə çox kömək edir.

 

Yeri gəlmişkən, bizim arxeoloji qazıntılarla məşğul olan  bir şirkətlə maraqlı layihəmiz  var idi. Bu layihədə 15 məktəb  iştirak edirdi, şagirdlər, müəllimlər, inzibati heyət üzvləri - hamı  arxeoloji tədqiqatlar  sahəsində peşəkar  bir komandada cəmləşmişdi.  Uşaqlar layihədən razı, müəllimlər  narazı,   ictimai rəy isə tamamilə bunun əleyhinə  idi.

 

“Fənlərarası praktik təhsili tətbiq etdik”

 

Nadjad Vallo-Belkasem: - Nə vaxt ki, mən təhsil naziri oldum,  təəccübləndim ki, mənim həmkarlarım, tabeçiliyimdə olanlar çox sayda məsələri müzakirə edir, amma onlardan heç biri bizim uşaqlarımızın gələcəyi  mövzusuna toxunmurdu.

 

Hər gün mən təxminən 50  insanla ünsiyyət saxlayırdım, biz birlikdə işləyirdik, müşavirələrə qatılır və mübahisə edirdik, amma mənim təhsil naziri kimi fəaliyyət müddətimin birinci iki həftəsi ərzində  onlardan “uşaqlar” sözünü eşitmədim.

 

2012-ci ildə Fransada təhsil nəticələri, yumşaq desək, pis idi: 100 - 140 min məktəbli və tələbə məktəbi və universitetləri atmışdı, həyata  əliboş atılırdı.  2015-ci ilə doğru vəziyyət gözəçarpacaq dərəcədə  yaxşılaşdı.

 

Mənim islahatımın hədəfi - təlimin pedaqoji metodlarını tamamilə dəyişdirməkdir. Bütün məktəblilər, tələbələr eyni   keyfiyyətli təhsil almalıdır.  Buna görə də biz prioritetli təhsili,  orta məktəbi islah etdik,  yaşı 6-dan 15-ə qədər  uşaqlar üçün tədris planlarını  təkrar gözdən keçirdik və fənlərarası praktik təhsili tətbiq etdik.

 

Biz sistemi elə müasirləşdirməyi bacardıq ki, uşaqlar məktəbdən eyni bilik yükü ilə çıxsınlar.

 

Pedaqoqların həmkarlar ittifaqları: islahatlara reaksiya

 

Bu mövzuda hər iki nazir demək olar ki, eyni düşünür.

 

Fransada və İtaliyada təhsil  həmkarlar ittifaqları - ən mühafizəkar orqanlardan biridir. Müəllimlər  təhsilin mövcud modelini ona görə saxlamağa üstünlük verirlər ki, risk etməkdən qorxurlar. İstənilən dəyişiklik - əvvəldən heç nəylə haqq  qazandırılmamış  riskdir.

 

Müəllimləri  həmçinin anlamaq olar, axı rəhbərlik onlara nə deyəcək, o cür edəcəklər.  Müvafiq olaraq, bütün zərbə onlara düşür. Amma nə vaxt ki, dəyişikliklər ən yaxşı tərəfə dəyişir,  onları  birinci olaraq müəllimlər özlərində  hiss edirlər.

 

Pedaqoqlardan bəziləri yeniliklərə sevinirlər, başqaları istənilən növ sınağa qarşı fikir bildirirlər. Nazirlərə   yeniliklərin tərəfdarları və əleyhdarlarının hüquqlarını məhdudlaşdırmadan hər kəsin fikrini nəzərə almaq əhəmiyyətlidir.

 

Debatların sonunda Stefaniya Djannini  universallıq və qloballaşma prinsipini,  yəni bütün dünya ölkələri  və xalqlarının  qarşılıqlı asılılığını qeyd edib.  Onun sözlərinə görə, YUNESKO bəşəriyyətin  qlobal problemlərinin,  hədəflərin və  istiqamətlərin düzgün  müzakirə edilməsinin mümkün olduğu yerdir.

 

 

Oruc MUSTAFAYEV