Təhsil siyasətinin perspektivləri | |
Məlum olduğu kimi, ötən əsrin ortalarında Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO-nun əsası qoyulub. Bu münasibətlə dünya ölkələri arasında elm, təhsil, mədəniyyət sahələrində dialoqa imkan yaradan YUNESKO-un təhsilin planlaşdırılması Beynəlxalq İnstitutunda keçirilmiş onlayn müzakirələrdə iştirak edən İtaliya və Fransanın keçmiş təhsil nazirləri öz ölkələrində təhsil islahatlarının hazırlanması prosesində qarşılaşdıqları problemlər barədə danışıblar. Hazırda təşkilatda yüksək vəzifələr tutan sabiq nazirlər İtaliyada və Fransada təhsil siyasətinin mümkün perspektivləri haqda fikirlərini bölüşüblər.
Sabiq təhsil nazirləri: tanıtım
Stefaniya Djannini - İtaliyanın keçmiş təhsil naziri, hazırda YUNESKO baş direktorunun təhsil üzrə köməkçisidir. S.Djannini öz karyerasını insanın ömürboyu öyrənməsi kimi əsas hüquqlarından olan təhsilin təşviqinə həsr edib. Dilə, mədəniyyətə yiyələnmək, özünəməxsusluğu saxlamaqla fikrini azad ifadə etmək. Bütün bunlar, onun fikrinə görə, daha mükəmməl və bərabərhüquqlu cəmiyyətin inkişafı üçün vacibdir. Humanitar elmlər (PhD in Linguistics) sahəsində akademik hazırlıq nəticəsində o, 1992-ci ildə linqvistika professoru, 2004 - 2012-ci illərdə isə Peruca Universitetinin rektoru (İtaliyada ilk gənc qadın-rektorlardan biri!) olub. 2014-cü ilin iyul-dekabr aylarında Avropa İttifaqının təhsil və rəqabətə davamlılıq məsələləri üzrə Şurasına sədrlik edib. S. Djannini radikallaşma və ekstremizmin qarşısının alınması üçün əhalinin müxtəlif qrupları arasında dialoq aləti kimi yaradıcılığın, mədəni irsin və innovasiyaların əhəmiyyətinin artırılması məsələləri üzərində çalışıb. İtaliya Respublikasının senatoru (2013-cü ildən 2018-ci ilə qədər) və təhsil naziri (2014-cü ildən 2016-cı ilə qədər) kimi o, İtaliya təhsil sisteminin struktur islahatını hazırlayıb və tətbiq edib. Bu yeniliklərin hədəfi mədəniyyət sahəsində sosial inteqrasiya və maarif idi.
Nadjad Vallo-Belkasem - Fransanın keçmiş təhsil naziridir. 2018-ci ildən YUNESKO baş direktorunun müavinidir, “Ipsos Group”da beynəlxalq tədqiqatlar və sosial innovasiyalara cavabdeh şəxsdir. “Fayard” nəşriyyatında “Raison de plus” agentliyinə başçılıq edir. Təhsilinə görə hüquqşünasdır. Onun birinci vəzifəsi - inzibati ədalət məsələləri üzrə Fransa Ali məhkəməsində, dövlət şurası yanında hüquq şirkətində hüquqşünas köməkçisi olub.
2000-ci ilin başlanğıcında, yerli siyasətdə karyeraya başlayıb və bir neçə seçki kampaniyası keçirib. 2008-ci ildə Lion şəhər icmasının məsləhətçisi olub. 2008-2012-ci illədə Vallo-Belkasem Lion merinin gənclər və ictimai təşkilatlarının tədbirlərinin təşkili üzrə müavini vəzifəsini tutub. Milli səviyyədə o, 2007-ci ildə Seqolen Ruayal və 2012-ci ildə isə Fransua Ollandın prezident seçkilərində namizədliyi üzrə təmsilçisi olub. 2012-ci ilin mayında Nadjad Vallo-Belkasemi qadınların hüquqları üzrə nazir və hökumət nümayəndəsi təyin edilib. Sonra o, gənclər və idman naziri olub. 2014-cü ildən 2017-ci ilə qədər Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqatlar Nazirliyinə başçılıq edib.
Təhsil naziri olmaq nə deməkdir?
Stefaniya Djannini: - Mən bilmirdim, nazir olmaq nədir. Amma indi deyə bilərəm ki, bu vəzifə çox təhlükəlidir, köpək balıqlarıyla qaynaşan hovuzda üzməkdən daha təhlükəlidir. Və mən zarafat etmirəm! Axı əgər sən bütün ölkənin təhsili ilə məşğulsansa, onda bu və digər formada hər bir insanın taleyinə cavabdehsən. Səmimi etiraf edirəm, mən bu sahənin xəstəsi oldum.
Təhsil - cəmiyyətin fəaliyyətinin əsas sferalarından biridir. O, bizə ətrafımızdakı dünyanı anlamağa, bu dünyada özünü tapmağa, insanları daha yaxından tanımağa imkan verir. Mən başladığım işin bu qədər təhlükəli olacağını düşünmürdüm, amma biz sağ qaldıq (gülür).
Nadjad Vallo-Belkasem: - Yalnız maarif nazirinin yox, istənilən nazirin qarşısında inanılmaz dərəcədə böyük miqdarda vəzifə və onların həllinə son dərəcə az vaxt var. Mən Fransanın təhsil naziri olandan sonra “65 milyon insanın fikirlərini necə nəzərə almaq olar” deyə qorxurdum. Amma bizim üçün ictimai rəyi, hətta əgər o, həmişə dövlət qulluqçularının fikirləri ilə uyğun gəlmirsə belə, nəzərə almaq çox əhəmiyyətlidir. Biz inkişaf etmiş dövlətin maarif sahəsinə girişdik, onu təkmilləşdirmək, nə isə yenisini tətbiq etmək və eyni zamanda mövcud olanı saxlamaq istəyirik.
Təhsil siyasətinin vəzifələri haqqında
Hər iki nazir 2014-cü ildə bu vəzifəyə təyin olunub. Bu, təhsilin inkişafının nəticələrinin yenidən qiymətləndirilməsi, davamlı inkişafın yeni mexanizmlərinin tətbiqi dövrüdür. Amma qlobal məsələlərin müzakirəsi İtaliyanın və Fransanın təhsil siyasətinə təsir etdimi?
“Ən əhəmiyyətli vəzifə məktəb sistemini dəyişdirmək idi”
Stefaniya Djannini: - Mənim nazirliyimə, ölkəmə gəlincə, bizim üçün əksəriyyətin təhsil sisteminin özünün inkişafına cəlb olunması prosesinə başlamaq vacib idi. Mən indi vətəndaşlar haqqında, təhsil vahidləri haqqında danışıram, hansılar ki, milli təhsili birlikdə formalaşdırırlar.
İtaliya - rəngarəng ölkədir, onun hər şəhərində insanlar fərqli yaşam tərzinə malikdir, biz bunu, məsələn, məktəb sistemində də müşahidə edə bilərik. Əhəmiyyətli fərqlər və hətta bərabərsizliklər var. Bizim üçün ən əhəmiyyətli vəzifə məktəb sistemini dəyişdirmək, onu daha açıq, inklüziv etmək idi. Məktəb şəffaf olmalıdır. Mən onu nəzərdə tuturam ki, müəllimlərin və uşaqların çoxunun məktəb və sinifdən kənarda nələrin baş verməsi barədə təsəvvürləri yoxdur. Biz anlamağa çalışırdıq ki, niyə belə olur? Biz öyrənməyə çalışdıq ki, müəllimlərin diqqətinin daha dar məsələlərə yönəlməsi ilə necə mübarizə aparmaq olar və zəruri nəticə çıxartdıq.
Bizim əsas vəzifəmiz inklüziv və bərabərhüquqlu cəmiyyət yaratmaqdır. Biz uşaqlara və pedaqoqlara standartların sərhədlərindən çıxmağa imkan verməliyik. Həmçinin ailələri, valideynləri də maksimum dərəcədə bu prosesə qoşmaq lazımdır.
“Hədəflərimiz davamlı təhsildir”
Nadjad Vallo-Belkasem: - Stefaniya ilə razılaşacağam, çünki Fransada da oxşar proseslər baş verirdi. Və bu mənim üçün baş ağrısıdır. Ölkənin vacib problemlərini insanlara çatdırmaq və onları dövlətin daxilində həll etməyə çalışmaq lazımdır.
Bizim hədəfimiz - davamlı təhsildir. Bizə Afrikada aclıq çəkənlər üçün su və yemək kimi keyfiyyətli təhsil lazımdır. Buna görə biz müzakirələr aparır və başqa ölkələrdə nələrin baş verdiyini müşahidə edirik. Sonra təhsilin inkişaf planını hazırlayırıq. Amma bizi gah bəyənirlər, gah söyür və gah da ittiham edirlər.
“Cəmiyyət üçün açıq məktəb yaratdıq”
Stefaniya Djannini: - Təhsildə islahtlar, bu, çox, bəlkə də daha artıq dərəcədə ambisiyalı layihə idi, çünki nələrisə planlaşdırmaq və nəticəni hiss etmək istəyirsənsə, təhsildə çox şeyləri diqqətə almaq lazımdır. İtaliyada pedaqoqların daimi təkmilləşdirmə sistemi yarandı.
Mən bunun üçün mübarizə aparmağı bacardım! Müəllimlərin və pedaqoqların keyfiyyətli hazırlığı birbaşa iş şəraitindən, öz bilik və bacarıqlarını daim yeniləşdirmək imkanlarından asılıdır.
Bilik - bu heç də universitetdə və bütün ömür boyu öyrəndiklərin deyil, o daim tamamlanma, əlavələr, biliklərin həyat fəaliyyətinin müxtəlif sahələrində tətbiqini tələb edir. Bunun üçün biz təlimlər, təcrübələr təşkil edir, uşaq bağçalarında, məktəblərdə, universitetlərdə, təhsil mərkəzlərində müxtlif üsullarla maarifləndirici proqramlar keçiririk.
Pedaqoqların tyutorları var, hansı ki, daimi əsasda onlarla işləyirlər. Daha vacib bir məqam - biz cəmiyyət üçün açıq məktəb yaratdıq. Bu məsələdə ictimai institutlar bizə çox kömək edir.
Yeri gəlmişkən, bizim arxeoloji qazıntılarla məşğul olan bir şirkətlə maraqlı layihəmiz var idi. Bu layihədə 15 məktəb iştirak edirdi, şagirdlər, müəllimlər, inzibati heyət üzvləri - hamı arxeoloji tədqiqatlar sahəsində peşəkar bir komandada cəmləşmişdi. Uşaqlar layihədən razı, müəllimlər narazı, ictimai rəy isə tamamilə bunun əleyhinə idi.
“Fənlərarası praktik təhsili tətbiq etdik”
Nadjad Vallo-Belkasem: - Nə vaxt ki, mən təhsil naziri oldum, təəccübləndim ki, mənim həmkarlarım, tabeçiliyimdə olanlar çox sayda məsələri müzakirə edir, amma onlardan heç biri bizim uşaqlarımızın gələcəyi mövzusuna toxunmurdu.
2012-ci ildə Fransada təhsil nəticələri, yumşaq desək, pis idi: 100 - 140 min məktəbli və tələbə məktəbi və universitetləri atmışdı, həyata əliboş atılırdı. 2015-ci ilə doğru vəziyyət gözəçarpacaq dərəcədə yaxşılaşdı.
Mənim islahatımın hədəfi - təlimin pedaqoji metodlarını tamamilə dəyişdirməkdir. Bütün məktəblilər, tələbələr eyni keyfiyyətli təhsil almalıdır. Buna görə də biz prioritetli təhsili, orta məktəbi islah etdik, yaşı 6-dan 15-ə qədər uşaqlar üçün tədris planlarını təkrar gözdən keçirdik və fənlərarası praktik təhsili tətbiq etdik.
Biz sistemi elə müasirləşdirməyi bacardıq ki, uşaqlar məktəbdən eyni bilik yükü ilə çıxsınlar.
Pedaqoqların həmkarlar ittifaqları: islahatlara reaksiya
Bu mövzuda hər iki nazir demək olar ki, eyni düşünür.
Fransada və İtaliyada təhsil həmkarlar ittifaqları - ən mühafizəkar orqanlardan biridir. Müəllimlər təhsilin mövcud modelini ona görə saxlamağa üstünlük verirlər ki, risk etməkdən qorxurlar. İstənilən dəyişiklik - əvvəldən heç nəylə haqq qazandırılmamış riskdir.
Müəllimləri həmçinin anlamaq olar, axı rəhbərlik onlara nə deyəcək, o cür edəcəklər. Müvafiq olaraq, bütün zərbə onlara düşür. Amma nə vaxt ki, dəyişikliklər ən yaxşı tərəfə dəyişir, onları birinci olaraq müəllimlər özlərində hiss edirlər.
Pedaqoqlardan bəziləri yeniliklərə sevinirlər, başqaları istənilən növ sınağa qarşı fikir bildirirlər. Nazirlərə yeniliklərin tərəfdarları və əleyhdarlarının hüquqlarını məhdudlaşdırmadan hər kəsin fikrini nəzərə almaq əhəmiyyətlidir.
Debatların sonunda Stefaniya Djannini universallıq və qloballaşma prinsipini, yəni bütün dünya ölkələri və xalqlarının qarşılıqlı asılılığını qeyd edib. Onun sözlərinə görə, YUNESKO bəşəriyyətin qlobal problemlərinin, hədəflərin və istiqamətlərin düzgün müzakirə edilməsinin mümkün olduğu yerdir.
Oruc MUSTAFAYEV |
|
28.12.2018 | 11:42 | |
|
|
|