Süni intellektin inkişafı cəmiyyətdə geniş və sürətli transformasiyaların əsasını qoyub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramında (PISA) verilən tapşırıqlarda süni intellektin bu sualların həll edilməsində nə qədər uğurlu ola biləcəyini ölçməyə çalışıb. Beləliklə, süni intellektin performansı testin əsas istiqamətləri olan oxu, riyaziyyat və elm tapşırıqlarında 15 yaşlı şagirdlərin performansı ilə müqayisə edilib. Nəticələr göstərir ki, “ChatGPT” versiyaları həm oxuda, həm də elmdə orta şagird performansını üstələyir. Bundan əlavə, riyaziyyatda da süni intellekt qısa bir zamanda irəliləyişlər əldə edə bilib. Süni intellekt texnologiyasının sürətli inkişafı və onun iqtisadiyyata, cəmiyyətə potensial təsiri son illər həm tədqiqat, həm siyasət sferalarında, həm də kütləvi informasiya vasitələrində getdikcə qızğın müzakirə mövzusuna çevrilib.
“Azərbaycan müəllimi” aparılan testlərin nəticələrini təqdim edir. Belə ki, oxu və elm üzrə “ChatGPT” şagirdlərin ortalamasından daha yüksək PISA nəticələri əldə edib.
Aparılan real təcrübələr göstərib ki, PISA oxu nəticələrində şagirdlər ortalama 57% (göy rəng), “ChatGPT-3.5” 2022-ci ilin noyabr ayında 73% (açıq qəhvəyi rəng), yeni təqdim olunan “ChatGPT-4” isə 2023-ci ilin mart ayında 85% (bənövşəyi rəng) daha yuxarı nəticə toplayıb. Bu da onu deməyə əsas verir ki, oxu testlərində süni intellekt şagirdləri 16% fərqlə, növbəti təkmil versiyada isə 28% qabaqlamağı bacarıb.
Riyaziyyat nəticələrində isə mənzərə qismən fərqlidir. Belə ki, şagirdlərin PISA-da riyaziyyat tapşırıqlarını ortalama həll etmə faizi 51, “ChatGPT-3.5” 35, “ChatGPT-4” isə 40-dır. “ChatGPT”nin yeni versiyasının əvvəlki versiya ilə müqayisədə daha yaxşı nəticə göstərməsinə rəğmən, şagirdlərin riyazi bacarıqları hələ də süni intellekti qabaqla bilir. Buna baxmayaraq, mövcud vəziyyətin dəyişməsi istisna deyil.
Digər tərəfdən, PISA-nın təbiət elmləri üzrə tapşırıqlarında da oxu tapşırıqlarında olduğu kimi, süni intellektin daha yaxşı nəticə göstərdiyi müşahidə edilib. Beləliklə, şagirdlər ortalama olaraq təbiət elmləri üzrə suallarda 53%, “ChatGPT-3.5” 66%, “ChatGPT-4” isə daha da yüksək (84%) nəticə əldə edib. Burada şagirdlərin PISA-da düzgün cavablarının ortalama faizi müvafiq olaraq “ChatGPT-3.5” və “ChatGPT-4”dən 13% və 18% daha aşağıdır.
Qeyd: “Students” – şagirdlər, “November” – noyabr, “March” – mart, “Reading” – oxu, “Mathematics” – riyaziyyat, “Science” – təbiət elmləri, “percent correct answers” – düzgün cavablar faizlə.
Vaqif FƏTULLAYEV