Antonio Quterreş: “Gəlin, hər kəsin arzularını, ambisiyalarını və istedadını dəstəkləyək”.
 
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş senyabrda nəzərdə tutulmuş Dünya Təhsil Sammiti ərəfəsində qlobal təhsil böhranına son qoymaq üçün öz fikirlərini açıqlayıb. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Baş katib açıqlamasında təhsilin bilik və bacarıqlardan daha geniş mahiyyət daşıdığını qeyd edib. “Təhsil gələcəklə bağlıdır. Uşaqların və gənclərin gələcəyi, iqtisdiyyatların, planetimizin və bizim bir–birimizə münasibətlərimizin gələcəyi təhsillə bağlıdır. 
 
Mövcud çağırışlar nəzərə alındıqda dünya təhsili qısa müddətdə dəyişikliklərə laqeyd qala bilməz, ancaq biz məhz bunu edirik”.
 
Baş katib qeyd edir ki, 2030-cu ilə qədər 84 milyon uşağın məktəbdən kənarda qalma ehtimalı var. Afrikada Saharadan cənubdakı uşaqların 70%-i 10 yaşına qədər əsas mətni oxuya bilmir. “Deməli, nələrsə dəyişməlidir”, - deyə A.Quterreş bildirib.
 
Baş katib dünya təhsilindəki mövcud problemlərə son qoymaq üçün 4 bənddən ibarət plan irəli sürüb:
 
Birincisi - maliyyə çatışmazlığının aradan qaldırılması
 
Liderlər milli gəlirin 15%-ni və ÜDM-nin 4%-ni təhsilə həsr etmək kimi beynəlxalq standartı təmin etməlidirlər və ya mümkündürsə, bu rəqəmləri keçməlidirlər.
 
Donor təşkilatlar, Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası təhsilin inkişafı üçün ayırdıqları vəsaitlərin həcmini artırmalıdırlar.
 
Beynəlxalq Valyuta Fondu və digər çoxtərəfli inkişaf bankları borc sıxıntısı yaşayan ölkələrdə təhsil xərclərini qorumalıdır.
 
Qlobal maliyyə arxitekturasında islahatlar aparılmalıdır ki, inkişaf etməkdə olan ölkələr öz inkişaf məqsədlərinə, o cümlədən təhsilə nail olmaq üçün adekvat maliyyələşdirmə əldə edə bilsinlər.
 
İkincisi – təhsilə giriş boşluğunun bağlanması
 
Hər bir uşaq və gənc, döyüş bölgələrində və ya fəlakət bölgələrində olmalarından asılı olmayaraq təhsil almağa layiqdir. Qızlar, əlillər və ya digər təcrid olunmuş qrupların bir hissəsi təhsillə təmin olunmalıdır. Uşaqlar Əfqanıstanda gənc qadınların orta və ali təhsil almasını qadağan edən mənasız fərmanların qurbanı olurlar. Yaxud məktəblərdə digər uşaqların birbaşa hücumuna məruz qalırlar - bu, heç vaxt heç bir yerdə baş verməməli olan şokedici və çox adi bir hadisədir.
 
 Biz bütün uşaqlara lazım olan və layiq olduqları bilik və bacarıqlara çatan proqramlara, təhlükəsiz mühitlərə və təhsil infrastrukturuna tam investisiya qoymalıyıq.
 
Üçüncüsü -  müəllimlərin dəstəklənməsi
 
Biz dramatik müəllim çatışmazlığı ilə üzləşirik - dünya üzrə təxminən 44 milyon nəfər müəllim çatışmır. Milyonlarla müəllim ehtiyac duyduqları dəstək, tədris alətləri və davamlı təlimdən məhrumdur.
 
Transformasiya Təhsili Sammitindən sonra Müəllim Peşəsi üzrə Yüksək Səviyyəli Panel hər bir şagirdin peşəkar təlim keçmiş, ixtisaslı və yaxşı dəstəklənən müəllimə çıxışını təmin etmək üçün konkret tövsiyələr hazırlayıb.
 
Mən YUNESKO-nun bu tövsiyələrini müəllimlərin statusuna dair yeni qlobal standarta çevirmək səylərini alqışlayıram. Bütün ölkələri, müəllimlər həmkarlar ittifaqlarını və tərəfdaşları bu tövsiyələrin dünya məktəblərində reallığa çevrilməsi üçün qüvvələri birləşdirməyə çağırıram.
 
Dördüncüsü - təhsil sistemlərinin yenidən nəzərdən keçirilməsi
 
Təhsilalanların öyrəndiklərini yenidən düşünməliyik, tənqidi düşünmə və problem həll etmə bacarıqlarını, həmçinin yaşıl və rəqəmsal bacarıqları vurğulamalıyıq. Biz şagirdləri maarifləndirmə üsulumuzu, o cümlədən öyrənmə və tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməklə, ucqar və ya əlçatmaz ərazilərdəki uşaqların təhsilə çıxışını yaxşılaşdırmalıyıq. Və biz şagirdlərin öyrənməsini yenidən düşünməliyik - insanların ömürboyu öyrənə və təkmilləşə bilməsi üçün təhsil sistemlərini yenidən dizayn etməliyik. 
 
BMT-nin Baş katibi sonda bildirir: “Təhsil hər hansı bir ölkənin edə biləcəyi ən mühüm investisiyadır. Gəlin, hər kəsin arzularını, ambisiyalarını və istedadını dəstəkləyək”.
 
Oruc MUSTAFAYEV