“Qarşımızda müasir gənclərin maraqlarına əsaslanan, tələbə əsaslı universitetin formalaşdırılması tapşırığı var. Bu baxımdan yeni dövrün tələblərinə uyğun ixtisasların yaradılması əsas hədəflərimizdəndir. Süni intellektin inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi də bu istiqamətlərə aiddir”.
Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
Ş.Bayramov qeyd edib ki, qarşıdakı dönəmdə Qarabağ Universitetində süni intellekt laboratoriyasının yaradılması da nəzərdə tutulub: “Müasir Azərbaycan gənci hansı formada təhsil almaq, hansı bilik və bacarıqları əldə etmək istəyirsə, universitetimiz həmin amilləri nəzərə alaraq, yeni ixtisasların yaradılması ilə bağlı müvafiq qərarlar verəcək. Mövcud ixtisaslar üzrə məzmunun məhz yeni dövrün tələblərinə, dördüncü sənaye inqilabından irəli gələn ehtiyaclara uyğunlaşdırılması, habelə müasir dünyada davamlı inkişafla bağlı olan istiqamətlərdə laboratoriyaların yaradılması diqqətdə saxlanılır”.
Günel ABBAS