Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin yeni tədris ilinə başlaması ilə əlaqədar tədbir keçirilib.
 
“Azərbaycan müəllimi”nin Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Anar Məcidov, məktəbin keçmiş məzunları, müəllimləri, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər. 
 
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu gün Xankəndi şəhərində həm Qarabağ Universiteti, həm də 4 nömrəli məktəb fəaliyyətə başlayıb. Bu günü yüz minlərlə insan böyük həsrətlə gözləyib. O qeyd edib ki, nəhayət, sizinlə birgə Xankəndidə ilk məktəbin açılışındayıq.
 
Nazir tədbirdə iştirak edən hərbçilərimizi də salamlayaraq bildirib ki, bu günlərin əsas səbəbkarları məhz Ordumuzun əsgərləridir, onların sayəsində bu anları yaşayırıq: “Azərbaycan Ordusunun rəşadəti bu gün işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin açılmasına şərait yaratdı. Bu şagirdlərimiz üçün də örnəkdir. Ölkə rəhbərimizin Qarabağ Universitetinin çıxışında da dediyi kimi, növbəti nəsillər müstəqil, heç kimdən asılı olmayan Azərbaycan vətəndaşlarıdır. Buna görə də hər bir şagirdin, müəllimin üzərinə ikiqat məsuliyyət düşür. Əminik ki, onlar Azərbaycanın daha güclü dövlət kimi formalaşnası üçün əllərindən gələni edəcəklər”.
 
Nazir diqqətə çatdırıb ki, növbəti aylarda da bizi Kəlbəcər və Cəbrayılda məktəblərin açılışı gözləyir. Nəzərdə tutulub ki, işğaldan azad edilmiş ərazilərdə, 50-yə qədər təhsil müəssisəsi fəaliyyət göstərsin. Həmçinin Xankəndidə daha bir məktəbin açılması nəzərdə tutulur.
 
Daha sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Əməkdar müəllim Asif Cahangirov çıxışlarında məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. 
 
Tədbirdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin qızı Aynur Mirzəyeva, sözügedən məktəbin məzunu və müəllimi olmuş Telli Həşimova, Emelya Əliyeva çıxış ediblər və təəssüratlarını dilə gətiriblər.
 
Qeyd edək ki, 624 şagird yerlik Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə14 nəfərlik pedaqoji heyət şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq. Şagirdlərdən 40 nəfəri I sinif, 450-dən çoxu II-XI sinif üzrə təhsil alacaq. 45 nəfər isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
 
Günel ABBAS