22 sentyabr, saat 07:00. "ASAN Radio"da himnimiz səslənir. Yolumuz minlərlə canın qurban olduğu Qarabağadır. Üçrəngli bayrağı ilə məsud olub, gülüstana dönən Xankəndiyə gedirik. Gəlişimiz çox gözəl bir missiyanın reallaşması ilə bağlıdır. Qarabağın ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti ilk tədris ilinə başlayır. İndi Xankəndi tələbələrin, gənc nəslin addımları ilə bir az da canlanır. 
 
Tələbələrin yurda qayıdış görüntülərinə canlı şahid olmaq üçün ilk dayanacağımız Qarabağ Universitetinin tələbə yataqxanası olur. Yataqxanaya çatanda qarşılaşdığımız mənzərə bizi olduqca xoşhal edir. Tələbələrin son hissəsi də bu gün yataqxanaya yerləşdirilir. Valideynlər övladları ilə vidalaşıb, onları yataqxanaya yola salırlar. 
 
 
Qısa yoxlanışdan sonra içəri keçirik. Universitetin əzəmətli və böyük yataqxanası ayrıca bir şəhərciyə bənzəyir. Tələbələr böyük bir həvəslə yeni tədris ilinə hazırlaşırlar. Kimi əşyalarını yerləşdirir, kimi həyətdə oyun oynayır. Ölkəmizin müxtəlif regionlarından gələn tələbələrin sevinc, qürrə dolu saf gülüşləri yataqxananın həyətindən ucalaraq Xankəndi səmalarına yayılır. Bu gün hava bizi xoş qarşılayıb, təbiət də bizdən yanadır, hər şey möhtəşəm bir harmoniya içərisindədir. 
 
 
Tələbələri müşahidə edirəm, onlarla söhbətləşməliyəm, ancaq heç birinin söhbətini bölmək istəmirəm. Elə bu dəm axtarışda olduğumu hiss edən tələbələrdən biri yanıma gəlir və özünü təqdim edir. 16 yaşlı Arslan Novruzlu Naxçıvanın Babək rayonundandır. Nəhəcir kənd tam orta məktəbində təhsil alıb. 530 balla Qarabağ Universitetinin "Kompüter mühəndisliyi" ixtisasına qəbul olub: “İlk tələbələrdən olmaq və daha yaxşı təhsil almaq üçün Qarabağ Universitetini seçdim. Ayın 17-dən buradayam. Bu cür yataqxana başqa yerdə ödənişli olardı, ancaq burada pulsuz olması çox sərfəlidir. İsti bir bölgədən gəldiyim üçün buranın sərin havasını da bəyəndim.
 
Yeməklərin də qiyməti sərfəlidir. Səhər yeməyi 2, günorta və axşam yeməkləri isə 4 manatdır. Hətta mən deyərdim, dadı evdəki yeməklərdən də qəşəngdir. Seçimi bizə buraxırlar, nə istəsək onu götürürük. Yeməkxanaya abunə olmaq da mümkündür, 210 manat ödəyərək abunə olmaq daha sərfəlidir. Burada hər gün fərqli yeməklər bişirilir”.
 
Arslanla söhbətimizi bitiririk, ancaq başqa bir işinin olub-olmadığını soruşduqdan sonra bizə bələdçilik etməsini xahiş edirəm. Tələbə qızlardan birinə yaxınlaşıram. Fidan Şıxəliyeva deyir ki, Bakı şəhəri 2 nömrəli tam orta məktəbin şagirdi olub. 548,5 balla Qarabağ Universitetinin "Xarici dil müəllimliyi" ixtisasına qəbul olub. O deyir ki, Xankəndiyə Bakının səs-küyündən uzaqlaşmaq üçün gəlib: “Ayın 18-dən buradayam. Yataqxanada qaldığımız otaq hər şeylə təmin olunub. İstəyən öz yeməklərini mətbəxdə soyuducuda saxlayıb, isidib yeyə də bilər. Açığı öz evimizdə yeməklərə qarşı çox həssas idim, amma buradakı yeməklər çox dadlıdır”. 
 
Arslan Fidanın sözünə qüvvət verərək deyir ki, özü də yeməkxanaya abunəçidir. 
 
 
Elə bu dəm yeməkxanadan çıxan iki tələbə qız söhbət edə-edə bizə yaxınlaşır. Sara Əsədlinin 18 yaşı var. O da Sumqayıtdan Xankəndiyə gəlib. Sara şəhərdən Xankəndiyə gəlməyinin səbəbini oralarda insanların sıx məskunlaşması ilə əlaqələndirir: “Bununla yanaşı, düşündüm ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən universitetdə niyə təhsil almayım? İndi də burada olmaqdan qürur duyuruq. Universitetə qəbul olmaq üçün iki imtahan vermişəm. TC imtahanından 529, DT imtahanından isə 608 bal toplamışam. Beynəlxalq münasibətlər fakültəsini seçmişəm. Biz universitetdə dil mərkəzi ilə tanış olduq, əminəm ki, orada dil biliyimizi inkişaf etdirəcəyik”.
 
 
Laləzar Abbasova isə Ağcabədinin Qaravəlli kəndindəndir. Onun da 18 yaşı var. 490 balla psixologiya fakültəsinə qəbul olub. Digər tələbə yoldaşları kimi o da burada təhsil almaqdan qürur duyur: “Bu günü yaşadığımız üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yataqxanamızda və Xankəndidə qalmaq üçün bizə hər bir şərait yaradılıb. Bunun üçün ölkə rəhbərimizə də təşəkkürümü bildirirəm”.
 
 
Tələbələrin yüksək fikirləri məni yeməkxana ilə şəxsən tanış olmağa sövq edir. Yaxınlaşıb öyrənirəm ki, buradakı yeməkləri keytrinq şirkətlərindən biri hazırlayır. İşçilərə suallarımı ünvanlayarkən baş aşpaz da yanımıza yaxınlaşır. Həmid Şibiliyev deyir ki, Bakıda da bir çox ali məktəblərdə yeməklər məhz onlar tərəfindən hazırlanıb: “Qarabağ Universitetinin ilk tələbələri ilə işləmək və Xankəndidə olmaq çox qürurvericidir. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. İnanıram ki, bu işin öhdəsindən layiqincə gələcəyik. Tələbələrin də fikirlərini alırıq, açılışıdan sonra menyunu onların istəklərinə uyğun olaraq bir az da genişləndirəcəyik. Qeyd edim ki, bütün yeməklərdə keyfiyyətli məhsullardan istifadə edirik”.
 
Elə bu dəqiqələrdə yemək vaxtı başlayır. Uşaqlar növbəyə düzülərək yeməklərini götürür və şam edirlər.
 
 
Yeməkxananın çıxışında bələdçim Arslanın yanında bir cavan oğlanın olması diqqətimdən yayınmır. Onun da təəssüratlarını alırıq. Məhəmməd Ələkbərlinin 17 yaşı var və Salyandan gəlib. O, "Kompüter mühəndisliyi" ixtisasına 499 balla qəbul olub. Deyir ki, məqsədi Qarabağ Universitetin ilk tələbəsi olub tarixə adını yazmaqdır: “Həm də buradakı mühitin bizi sosiallaşmağa sövq edəcəyindən əminik. Yataqxanamız da hər şeylə təmin olunub, burada tələbənin hər bir istəyi qarşılanıb. Xankəndidə təhsil almaq çox böyük qürurdur”.
 
Bu an mühafizəçilərdən biri yaxınlaşaraq burada nə etdiyimizi soruşur. Bizi bir müddət gözlədəndən sonra davam edəcəyimizi bildirir. Və üzr istəyərək əlavə edir ki, bu uşaqların hər biri əmanətdir, onların təhlükəsizliyini düşünmək lazımdır. 
 
 
Uşaqlarla söhbətimizi bitirib çıxışa doğru gedirik. Onlar isə böyük bir həvəslə universitetin ilk tədris ilinə başlamasına hazırlaşırlar. Yataqxananın önündə övladını qürur hissi ilə bağrına basan bir ata xüsusi diqqətimizi çəkir. Yaxınlaşıb hal-əhval tuturuq. Elşən Orucov Gəncədən gəlib. Övladı Simarə tarix fakültəsində təhsil alır. O deyir ki, övladının Xankəndidə ilk məskunlaşanlardan, həm də universitetin ilk tələbələrindən olması böyük qürurdur: “Ümid edirəm ki, tələbələr buranı bir yerdə dirçəldəcəklər”.
 
Söhbətimizi görən digər valideynlərdən biri Vaqif Hüseynov da bizə yaxınlaşır. Onun övladı isə "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına 360 balla qəbul olub: “Özümüz Qubadlıdanıq, Sumqayıtda məskunlaşmışdıq. Övladımın məhz öz torpaqlarımızda təhsil almasını istədim. Həm övladımın burada qalıb çalışmasını istəyirəm, həm də özüm bu yerlərdə çalışmaq, yaşamaq istəyərəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, onların sayəsində bu günləri görürük”.
 
Bakı şəhərindən gələn Şahnaz Həmzəyeva deyir ki, burada təhsil almaq tamamilə övladının öz seçimidir: “Övladım "Turizm işinin təşkili" ixtisasına 375 balla qəbul olub. Biz də bir valideyn kimi ilk vaxtlar narahat olduq, ancaq fikrini hörmətlə qarşıladıq. Övladlarımız Qarabağı yenidən qurmağa gəliblər. Buna şübhəmiz yoxdur. Bu yolda bizə ancaq onlara dəstək göstərmək qalır”.
 
Elşən Həmzəyevin övladı isə rəssamlıq kollecini bitirəndən sonra burada "Dizayn" ixtisasına qəbul olub: “Allah şəhidlərimizə rəhmət etsin, yurdu yaşatmaq lazımdır və bu şərəfli missiyanın bir hissəsi bizim övladlarımızın üzərinə düşür, həqiqətən böyük qürur və fərxrdir”.
 
Valideynlərə və bələdçim Arslana uğurlar diləyib otelə yola düşürük. Sabah gərgin və məhsuldar bir gün bizi gözləyir.
 
 
Qarabağ Universitetində ilk dərs
 
 
 
İlk tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün universitetə üz tuturuq. Qarabağ Universitetinin rektoru Şahin Bayramov tələbələri salamlayaraq tədbiri açıq elan edir.
 
Sonra rektor tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirir ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar. O qeyd edir ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.
 
 
Universitetin mətbuat xidmətinin rəhbəri Aytən Quliyeva bizi qarşılayaraq ali təhsil müəssisəsi ilə tanış edir. Onun da təəssüratlarını öyrənirik. Deyir ki, xüsusilə belə bir məkanda tələbələrlə bir yerdə olmaq, onlarla işləmək olduqca xoşdur.
 
 
Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədovun dəhlizin o başından tələbələrlə hal-əhval tutaraq bizə tərəf gəldiyini görürük. Onula həmsöhbət oluruq. O deyir ki, Xankəndiyə əsas gözəllik verən tələbələrin gəlişidir: “Tələbələrin köçü başlayanda bizim həyəcanımız daha da artdı. Burada işləmək mənim üçün bir vəzifə yox, missiyadır”.
 
 
Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova da bizi salamlamağa gəlir. O deyir ki, yüksək nəticə göstərən tələbələrlə bir yerdə işğaldan azad edilmiş Xankəndidə olmaq böyük qürurdur. Qarabağ Universitetinin ilk əməkdaşı olmaq həyatımızın unudulmaz anlarından biri kimi daim yaddaşımızda qalacaq.
 
 
Universitetlə yeni tanış olan tələbələri, onlara yol göstərən, dəstək olan həvəsli müəllimləri müşahidə edirik.
 
Qarabağ Universitetinin iqtisadiyyat fakültəsinin müəllimi Elxan Qurbanlı da inanır ki, Qarabağ Universiteti işğaldan azad olunmuş torpaqlarda inkişafımıza, möhkəmlənməyimizə töhfə verəcək.
 
O bildirir ki, Qarabağ Universitetinə gələnə qədər Xəzər Universitetində müəllim kimi çalışıb: “Dəvət gələndə tərəddüd etmədən “hə” dedim. Mənə bir il öncə deyilsəydi ki, Qarabağ Universitetində müəllim kimi çalışacaqsan, bu universitetdə, bu torpaqlarda məsuliyyətli peşəni icra edəcəksən, inkişaf edən Azərbaycanın gələcəkdə layiqli təmsilçilərinin yetişdirilməsinə töhfə olacaqsan, inanmazdım. Bu gün isə bütün bunlar realdır”. 
 
 
Otaqlardan birində “Ölkəm” mahnısının ifa edildiyini eşidirik. Yaxınlaşanda onun incəsənət fakültəsinin tələbəsi olduğunu öyrənirik. Həbib Hüseynov 25 yaşındadır. Naxçıvanın Babək rayonundandır. Orada musiqi kollecində təhsil alıb: “Bir müddət filarmoniyada işlədim. Sonra düşündüm ki, ali təhsil almaq daha yaxşıdır. Qarabağ Universitetini ilk sırada yazdım.Xankəndini məhz biz gənclər canlandırırıq. Burada mərkəz parkında piano var, orada mahnılar ifa edirik. Vokal müəllimim isə Anar Şuşalıdır. Qarabağın havası, suyu incsənət adamlarını yetişdirir. Buraya gələndən səsim açılıb. 
Burada orkestrlər yaradıb, konsertlər vermək fikrimiz var”.
 
Həyətə çıxıb, üç tələbə qızın əyləşib söhbət etdiyini görüb onlara yaxınlaşıram. Böyük həvəslə təəssüratlarını bölüşmək istədiklərini deyirlər. Öyrənirəm ki hər üçünün 17 yaşı var və "İngilis dili müəllimliyi" ixtisasına qəbul olublar. Nərmin Məhərrəmzadə və Solmaz Şükürzadə Bərdə rayonundan, Xədicə Məmmədova isə Mingəçevirdən gəlib. Onlar universiteti çox bəyəndiklərini deyirlər və hər kəsi Qarabağ Universitetində təhsil almağa çağırırlar. Universitetdəki təhsil metodunun da digər universitetlərdən çox üstün olduğunu deyirlər.
 
Universitetdə işlərimizi dərslərin də yekunlaşdığı bir saatda bitiririk. Xatırlayıram ki, Qarabağ Universitetində şəkil çəkdirməyi unutmuşam. Həyətdə skamyalardan birində tək əyləşən tələbə oğlandan fotomu çəkməyini xahiş edirəm. Tuncay Əliyev deyir ki, dərsi bitib, sadəcə universitet o qədər qəşəngdir ki, getmək istəmir, oturub mənzərəni izləyir. 
 
Onunla bir yerdə əyləşib söhbətləşirik, deyir ki, Xankəndinin havası da, özü də çox gözəldir. Bura gəldiyi üçün çox xoşbəxtdir. 
 
Saata baxıram ki, artıq yola çıxmalıyıq. Tuncayla sağollaşıb maşına üz tuturam. Qürur, fərəh, sevinc hisslərinin kövrəkliklə qovuşduğu Xankəndidən ayrılırıq. Ancaq bu ayrılıq müvəqqətidir. Əminik ki, hələ Xankəndidə, Qarabağ Universitetində çoxsaylı tədbirlər keçiriləcək. Biz də bu yerlərə yenidən qayıdacağıq, bəlkə əbədi…
 
Günel ABBAS