İlkləri yaşamaq hər zaman həyəcanlı olur. Bu da həmin günlərdən biridir. Səhər dan yeri sökülmədən oyanıb yola düşürük. İstiqamətimiz Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli məktəbdir. Bu gün 33 il sonrada Xankəndi məktəbi yenidənqurulmadan sonra yenidən fəaliyyətə başlayır. Məktəbin yaxınlığına çatanda valideynlərin böyük həvəslə övladlarını həyətə ötürdüyünü görürəm. Onların sırasında hərbiçilər də az deyil. Yaxınlaşıb fikirlərini öyrənirəm, deyirlər ki, uğrunda döyüşdükləri torpaqlarda bu gün övladlarının təhsil alması onlarda böyük qürur hissi yaradır. Birinin gözlərinin dolduğunu görürəm. Kövrəlsə də, ağlamağı özünə yaraşdırmır. 

 

 

Məktəbin qapısından içəri keçirik şagirdləri sıraya düzürlər. İbtidai sinif müəllimlərindən biri ürəklə, şagirdlərinə deyir ki, elm və təhsil naziri bu gün sizi təbrik etməyə gəlir. Yavaş-yavaş qonaqlar da toplaşır. Məktəb direktoru həyəcanlı şəkildə bütün işçilərdən prosesin necə getdiyi barədə məlumatlar alır. Onun da fikirlərini almaq istəyirəm. Əhmədova Cəmilə titrək səs tonu ilə deyir ki, doğulub boya-başa çatdığım doğma yurduma qayıtmışam və burada çalışmaq böyük qürurdur: "Bu gün Xankəndidə vətənə sədaqətli və savadlı oğullar, qızlar hazırlamaq üçün çalışacağıq".

 

 

Elə bu dəm Qarabağ Regional Təhsil İdarəsinin rəisi  səlahiyyətlərini icra edən Anar Məcidov da məktəbə daxil olur. Qapıdan içəri keçən hər kəsin çöhrəsində böyük bir xoşbəxtlik hiss olunur A.Məcidov bizə yaxınlaşan kimi hamımızı salamlayır və bu önəmli gündə Xankəndidə olmağın fəxarətindən bəhs edir. Anar müəllim deyir ki, Xankəndi məktəbində çalışan müəllimlərin əksəriyyəti məhz bu bölgədən olan və yüksək nəticələr göstərmiş müəllimlərdir. 

 

 

Pilləkənlərdən yuxarıda məkətbin keçmiş məzunları, müəllimləri və Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dayanıblar. E.Yusubov deyir ki, Xankəndidə fəaliyyət göstərən bu məktəbdə tapşırıqlara uyğun olaraq ən müasir təhsil şəraiti yaradılıb. O burada təhsil alan şagirdlərin gələcəkdə layiqli kadrlar olacağına əminliyini ifadə edib.

 

Məktəbin keçmiş ibtidai sinif müəllimlərindən Emeliya xanım, fizika müəllimi Telli xanım da buradadır. Telli xanım fikirləri ilə bizi kövrəldir. Gözlərindəki kədər dolu sevinc əslində, danışmasa da hər şeyi izah edir. Hiss olunur ki, illərin həsrəti onun bütün hisslərini əsir alıb, sanki torpaqların azadlığa qovuşması ilə o duyğular da azad olub. İndi həmin hisslər sevinclə əzbərlənib. Telli müəllim üzünü şagirdlərə tutub deyir ki, arzu edirəm, heç kimin ad soyadının qarşısında məcburi köçkün ifadəsi deyilməsin. Bunu deyib əllərini üzünə sıxır. Şagirdlərə nəzarət edən kişi müəllimlərdən biri diqqətimi çəkir, o da bu çıxışdan sonra dəsmalını üzünə sıxıb hönkürərək ağlayır. Hamının ürəyi elə dolub ki. Sevinc hissi belə göz yaşlarına səbəb olur. 

 

Tədbir saatının yaxınlaşdığını görüb müəllimlərdən birindən məlumat alıram. Deyir ki, Emin müəllim (elm və təhsil naziri) Şuşadan yola çıxıb gəlir. Bu ifadə hamımızın üzündə təbəssüm yaradır. Nə vaxtsa, ağlımıza gəlməzdi ki, çatacağımız və yola düşdüyümüz ünvanlar Xankəndi və Şuşa olar. Söhbətimizin yekunlarına doğru məktəbin gözlənilən qonağı gəlir və tədbir öz saatında başlayır. 

 

 

Çıxış üçün sözü alan elm və təhsil naziri Emin Əmrullayev sözünə başlamazdan əvvəl əli ilə qonaqlara həyətdə dayanan hərbiçi valideynləri işarə edir. Sözə onları təbrik edərək başlayır. Bildirir ki, bu möhtəşəm günü məhz şəhidlərimizin, qazilərimizin və hərbiçilərimizin şücaəti, Ali Baş Komandanımızın siyasi iradəsi hesabına yaşayırıq.

 

 

Növbəti çıxış əməkdar müəllim Asif Cahangirova verilir. Asif Cahangirov çıxışında tarixi anlara şahidlik etməkdən məmnun olduğunu bildirərək deyir ki, Xankəndi məktəbinin ilk şagirdləri bu gün öz adlarını tarixə əbədi yazdılar. Sonda şagirdlərin yanlız sülh və əmin-amanlıq şəraitində yaşamasını arzu edir.

 

Qardaşım şəhərə girəndə diz çökdü, "Biz qayıtdıq Xankəndi" deyərək ağladı

 

Çıxışların ardından məktəblilər öz şeirləri ilə tədbir iştirakçılarını sevindirir və Xanləndidə ilk zəng çalınır. Kiçiyindən böyüyünə qədər bu hisslər hər birimizi duyğulandırır. Ən çox da yanımda dayanan Esmira xanım təsirlənir. Onunla həmsöhbət oluruq. Esmira xanım da Xankəndidə doğulub, bu məktəbdə təhsil alıb və çalışıb. Deyir ki, qardaşı şəhərə girəndə diz çöküb, "Biz qayıtdıq Xankəndi" deyərək ağlayıb. Oğlu da burada polis kimi çalışır və bu yaxınlarda Xankəndidə toy mərasimi keçiriləcək. Esmira xanım bu sözlərin ardından göz yaşlarını tuta bilmir. Onunla bir yerdə tədbirdə iştirak edən həyat yoldaşına tərəf dönüb, kövrəlir. 

 

 

Həmsöhbətimlə sağollaşıb içəri keçirəm, sinif otaqlarını bir-bir gəzirəm. Bayaqdan cərgədə düzülən şagirdlərinə vətənpərvərlik aşılayan sevgi dolu müəllimin sinfinə daxil oluram. Gülərüzlə bizi qarşılayır. Adını və soyadını soruşanda atasının da adını xüsusi qeyd etməyimizi istəyir. Əliyeva Bahar Kamal qızı Xankəndi məktəbində ibtidai sinif müəllimidir: "Demək olar ki, 36 ildir ki, biz Xankənidən aralı düşmüşdük. Atam Xankəndinin həsrəti ilə dünyadan köçdü. O hər gecə Xankəndi xəyalı ilə yuxuya gedirdi. Ömrünün son günlərində deyirdi ki, mən bu dünyadan köçsəm də torpaqlarımız geri qaytarılsın, bunu mənim ruhum hiss edəcək. Mən əminəm ki, atamın ruhu artıq şaddır. Bizə bu qəlb rahatlığını verən şəhidlərə Allahdan rəhmət diləyirəm".

 

 

Uşaqlardan da təəssürat almaq istəyirəm, qızlardan biri özü könüllü olur. Melisa deyir ki, Yevlax rayonundan bir müddət əvvəl buraya köçüb və Xankəndini çox bəyənib. 

 

Digər ibtidai siniflərdən birinə daxil oluram. Hacıyeva Azadə deyir ki, fəaliyyəti dövründə ən həyəcanlı dövrü yaşayır. O deyir ki, bu hissin bənzəri yoxdur. 

 

 

Dəhlizə çıxanda şagirdlərdən birinin pəncərədən mənzərəni izlədiyini görürəm. Raul Orucov Oğuzdan iki aydır ki, ailəsinin işi ilə bağlı Xankəndiyə köçüb. Raul deyir ki, Qarabağda təhsil həyatına başlamaq onun üçün yenilik və fərqlilikdir.

 

Pilləkənlərdən yuxarı çıxıb yuxarı siniflərə daxil oluram. 7-ci sinif rəhbərləri Həsənova Lamiyə və Qədirova Təranə şagirdlərinin bölünməsi üçün bir yerdə gözləyirlər. Otağın xeyli şagirdi yerləşdirə biləcək qədər geniş olması da diqqətimi çəkir. Müəllimlər deyir ki, Xankəndiyə ilk ayaq basandan bu günə qədər hələ də burada olduqlarına inana bilmirlər və sevinc dolu hisslər yaşayırlar. Müəllimlər vətənə layiqli savadlı şəxsiyyətlər yetişdirəcəklərinə əminliklərini ifadə edirlər. 

 

 

Şagirdlərdən üç nəfəri yaxınlaşıb təəssüratlarını bildirmək istədiklərini deyirlər. Zəhra Oruczadə, Əliyeva Zəhra, İsmayılzadə Aylin Qarabağda təhsil almağın çox həyəcanlı olduğunu deyirlər. Z.Oruczadə deyir ki, Xankəndi onun gözündə dünyanın hər yerindən gözəldir. Z.Əliyeva isə atasının azad etdiyi torpaqlarda yaşamağın, təhsil almağın qürurundan bəhs edərək kövrəlir və bizə də duyğulu anlar yaşadır. A.İsmayılzadə isə hazırda atasının polis kimi fəaliyyət göstərdiyi yerdə yaşamaqdan məmnunluğunu ifadə edir.

 

 

Biz də bu gün yaşadıqlarımızından, gördüklərimizdən olduqca məmnunuq. Sevincin, göz yaşlarının, qürurun və daha bir çox ülvi hisslərinin bir-birinə qarışdığı Xankəndi məktəbindən ayrılırıq. Əminik ki, könlündə vətən sevgisi olan şagirdlərin, müəllimlərin olduğu Xankəndi məktəbi də bizim kimi xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, bu gün Azərbaycan vətəndaşları 4 saylı məktəbin qapılarını ömürlük açdı...

 

Günel ABBAS