Məlum olduğu kimi, 32 ildən sonra Laçın rayonunun Zabux kəndində ilk uşaq bağçasının açılışı olub.
Zabuxda fəaliyyət göstərən ilk uşaq bağçasının müdiri Humay Nadirzadə 26 avqust 1996-cı ildə Ağcabədidə anadan olub. Orta məktəb təhsilini Laçın rayon 7 nömrəli tam orta məktəbdə alan H.Nadirzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təlim və tərbiyə ixtisasını bitirib. Ailəlidir və bu günə qədər Qaradağ rayon Sahil qəsəbəsində yaşayıb. 2024-cü il 4 iyul tarixində isə Zabux kənd uşaq bağçasına müdir vəzifəsinə təyin edilib.
Humay Nadirzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təyinat xəbəri onun üçün həm qürurlu, həm də sevindirici olub:
“Ona görə ki, mən artıq öz doğma torpaqlarımızda yaşamaqla bərabər həm də fəaliyyət göstərəcəkdim. Buna görə də bir qədər kövrək anlar da yaşadım. İnanıram ki, mənə həvalə edilən bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacaracam. Bu günlər həmişə bizim arzularımızda, dualarımızda olub. Ancaq ağlıma gəlməzdi ki, nə vaxtsa öz doğma torpaqlarımızda fəaliyyət göstərərəm”.
Bağça müdirinin sözlərinə görə, bağçada təlim-tərbiyə alan uşaqların valideynləri öz övladlarını kameralar vasitəsilə izləyə bilərlər:
“Kollektivim adından da deyə bilərəm ki, bizim üçün hansısa bir çətinlik yoxdur. Çalışırıq ki, bağçamızda təlim-tərbiyə alan körpələrimizi vətəninə, cəmiyyətinə xeyirli övladlar kimi yetişdirək. Bizim üçün burada hər bir şərait yaradılıb. Bağçamız bütün standartlara cavab verir və şərait əlverişlidir. Ona görə də bu işin öhdəsindən ən yaxşı şəkildə gəlmək bizim borcumuzdur”.
Günel ABBAS