Könül Xanmirzəyeva Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər qrupda ilk tərbiyəçi-müəllim olaraq çalışır. 
 
O, fəaliyyəti barədə "Azərbaycan müəllimi"nə danışıb. Könül Xanmirzəyeva deyir ki, tərbiyəçi-müəllim olmaq ən böyük arzu olub və xüsusilə, azad olunmuş torpağımızda ilk tərbiyəçi-müəllim olaraq fəaliyyət göstərməkdən qürur duyur.
 
"Məqsədim uşaqlara düzgün tərbiyə vermək, yaradılan imkanlardan istifadə edərək öz imkanlarımı önə çıxarmaqdır. Düşünürəm ki, tərbiyəçi-müəllim səbrli olmalı, uşaqlara qayğı ilə yanaşmalı və onları sevməkdir. Havalar yaxşı keçəndə çalışıram məşğələləri uşaqlara açıq havada və əyani vəsaitlərdən istifadə edərək keçim. Çünki, onlar əylənərək öyrənirlər". 
 
Könül Xanmirzəyeva icmada uşaqlarla hər gününün yaddaqalan keçdiyini deyir. Tərbiyəçi-müəllim icma əsaslı məktəbəqədər qrupdakı uşaqlarından da danışmağı unutmur:
 
"Musanın danışmamağı, karandaşı tuta bilməməyi, heç kimlə ünsiyyət qura bilməməsi anasını narahat edirdi. Qısa zaman ərzində Musada olan dəyişiklik valideynini də, məni də çox sevindirdi. Bundan əlavə, Elayın rəqəmlərə baxaraq meyvə tərəvəzlərin qiymətini soruşub səbətə əlavə etməsi onu göstərir ki, özünü rahat şəkildə ifadə edə bilir. Fərəhin, Yağmurun, Banunun ailə üzvlərin rəsmini çəkməsi də bir başqa gözəllikdir. Uşaqlarla işləmək, onları xəyal dünyasını görmək olduqca maraqlıdır". 
 
Qeyd edək ki, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 layihə qrant qazanıb. Bu layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara və Göygöldə icra olunmaqla, ümumilikdə 500-dən çox uşağı əhatə edir. Pilot qrant proqramının keçirilməsində əsas məqsəd məktəbəqədər təhsilin əhatə dairəsinin artırılmasından ibarətdir. Füzulidə Həcər Mahmudovanın rəhbərlik etdiyi layihədə isə 3-5 yaşlı 22 uşaq məktəbəqədər təhsilə cəlb edilib.
 
Günel ƏHMƏDOVA