İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib. Festival Milli Qurtuluş Gününə həsr olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb. Nazir müavini ulu öndərin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət, qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduqlarını, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusilə vurğulayıb. 
 
Firudin Qurbanov həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri arasında dostluq və qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildirib. 
 
Nazir müavini çıxışının sonunda şagirdlərə uğurlar arzulayıb və  bütün iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 
 
Sonra çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov, həmçinin Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov mədəniyyət və digər sahələrdə ümummilli liderin çoxşaxəli fəaliyyəti, ölkəmizdə apardığı islahatlardan danışıblar. 
 
Daha sonra Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.