Türk dünyası ölkələri arasında elm və təhsillə bağlı əməkdaşlıq bu ölkələrin ortaq tarixi, mədəniyyəti və dilindən qaynaqlanan güclü bağlar əsasında inkişaf edir. Bu əməkdaşlıq milli sərhədləri aşaraq, təhsil və elmi araşdırmalar sahəsində bir çox perspektivlər yaradır.
Xəbər verdiyimiz kimi, iyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII, Türk Akademiyasının Elmi Şurasının VII iclasları keçirilib.
Sonuncu dəfə Özbəkistanın Səmərqənd şəhərində təşkil edilən Türk Dövlətləri Təşkilatı (TDT) təhsil nazirlərinin builki – VIII iclasının ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuş Şuşa şəhərində keçirilməsi Türk dünyası ölkələri arasında münasibətlərin daha da inkişafında Azərbaycanın rolunu və bu istiqamətdəki dəstəyini göstərir.
Türk dünyası arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə xidmət edən bu görüşlərə yerli media ilə yanaşı, dünya mediasında geniş yer verilib.
TRT AVAZ yazır: “Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin ev sahibliyi etdiyi iclasda Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov, Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TDT baş katibinin müavini Sədi Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər. Toplantıda Türkiyədən olan YÖK sədri professor doktor Erol Özvar və Milli Təhsil Nazirinin müavini Nazif Yılmaz da iştirak ediblər. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında türk dövlətləri arasında sabit və sağlam əməkdaşlığın əsasının gənclər olduğunu bildirərək, təhsil ocaqları arasında tələbə mübadiləsinin onların ortaq tarix, mədəniyyət və adət-ənənələri daha yaxından tanımasına şərait yaratdığı qeyd edib. TDT çərçivəsində əməkdaşlığın uğurla davam etdiyini deyən E.Əmrullayev işğaldan azad edilmiş Azərbaycan torpaqlarında qardaş ölkələrin dəstəyi ilə tikilən məktəblərin dostluq və qardaşlıq rəmzi olduğunu vurğulayıb”.
Glosema.group baş tutan bu iclası “Şuşa nazirlərin VIII görüşünə ev sahibliyi edir” başlığı ilə manşetlərində əks etdirib. Məlumatda elm və təhsil naziri Emin Əmrullayevin üzv dövlətlər arasında əlaqələrin uğurla inkişaf etməsini və məktəblərin tikintisini, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını, tələbələrin, müəllimlərin, ali təhsil müəssisələrinin iştirakı ilə müxtəlif tədbirlərin təşkilini bu tərəqqiyə misal kimi qeyd etməsi diqqətə çatdırılıb.
Türkiyənin Milli Təhsil Nazirliyi görüşü detallı işıqlandıraraq yazır: “Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilən təhsil nazirləri toplantısında Türkiyənin milli təhsil nazirinin müavini Nazif Yılmaz çıxışında deyib: "Türk dövlətləri arasında mövcud ortaq tarix, mədəniyyət və dil birliyinin inkişaf etdirilməsi üçün bu günə qədər aparılan mühüm və dəyərli araşdırmalar zənginləşdirilərək, müxtəlif fikirlər, təkliflər və elmi məlumatlar akademik platformalarda müzakirə edilir. Təhsil Türk dünyasında tarixi əlaqələrin işığında, xoşməramlı və həllyönümlü, obyektiv meyarlara əsaslanan və sürətli nəticəyə çatdırılır".
Çıxışında türk dünyasının önündə parlayan yeni əsrə işarə edən Yılmaz bu yeni əsrin qurulmasının elm, texnologiya, incəsənət və idmanda birlikdə atılacaq addımlarla, fəzilətli nəsillər yetişdirmək üçün atılan səylərlə mümkün olacağını deyib. Nazir müavini Yılmaz bildirib ki, bu mənada üzv ölkələrin bir-birini dəstəkləyəcəyi onlayn görüşlər və təlimlər sahəsində qurulacaq müxtəlif mexanizmlər işçi qrupları ilə məlumat mübadiləsinin daha davamlı və uzunmüddətli olmasını təmin edə bilər.
“Biz kağızəsaslı və rəqəmsal materiallarla mədəni və tarixi əlaqələrimizi gücləndirməyi düşünürük”. – deyə o əlavə edib.
Mədəni və tarixi əlaqələrimizin kağızəsaslı və rəqəmsal materiallarla gücləndirilməsinə önəm verdiyini deyən Yılmaz, iclasda qəbul edilən qərarlara uyğun olaraq, hazırda Türkiyədə məktəblərdə ortaq türk tarixi, ortaq türk ədəbiyyatı və Türk dünyası coğrafiyası dərsliklərinin tədris olunduğunu diqqətə çatdırıb. Yılmaz, həmçinin ümumi dəyərlərin daha yaxşı başa düşülməsinə töhfə verəcək tələbə və müəllim mübadiləsi proqramlarına yenidən diqqət yetirərək, həm də qlobal təhsil vizyonunun canlandırılması lazım olduğunu ifadə edərək, üzv ölkələri bu kontekstdə elmi-tədqiqatlarda iştirak etməyə dəvət edib.
İclasda TDT-yə üzv ölkələrin təhsil gündəliyinə dair məsələlər dəyərləndirilib. Bu çərçivədə üzv ölkələr arasında qardaş ölkələrin məktəb təcrübəsi, müəllim-tələbə mübadiləsi proqramlarının davam etdirilməsi, ali təhsil sahəsində tələbə-müəllim mübadilə proqramları və sertifikat-diplom ekvivalenti ilə bağlı məsələlər müzakirə edilib.
İclasda, həmçinin növbəti TDT Təhsil Nazirləri Toplantısının Qazaxıstanda keçirilməsi və Elm Akademiyasının prezidentliyinin Azərbaycana verilməsi qərara alınıb.
Həmin gün keçirilən Türkiyə Akademiyası Elm Şurasının 7-ci Toplantısında Nazif Yılmaz bildirib ki, həm yeni reallıqlar, həm də ənənəvi qaydalar bir araya gətirilərək, mövcud ehtiyaclara uyğun qurulan təhsil sistemləri və modelləri üçün araşdırmalar aparılmalıdır.
Yılmaz hər iki görüşdə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Türk Dünyasının elm və təhsildə irəliləyişi üçün əməkdaşlığa açıq olduğunu bildirib.
Novayaepoxa.com Türk dünyası nazirlərinin Şuşa şəhərində məktəb ziyarətlərini əsas xəbər başlığı kimi fərqləndirərək, burada STEAM mərkəzlərinin yaradılması, təhsil sahəsində yenidənqurma işləri barədə oxucularını məlumatlandırıb.
“Demokrat” qəzeti də bu görüşü işıqlandıraraq, TDT-yə üzv ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb. Xəbərdə ölkəmizin elm və təhsil nazirinin “Ölkələrimiz arasında dostluq və qardaşlıq rəmzidir” fikri Türk Dövlətləri Təşkilatının fəaliyyəti ilə assosiasiya olunub.
Kknews.uz xəbər saytı isə elm və təhsil naziri Emin Əmrullayevin nitqinə əsasən, qeyd edir: “Türk Dövlətləri Təşkilatı qısa müddət ərzində yaxşı uğurlar əldə edib. Bununla yanaşı, türkdilli ölkələr arasında davamlı və sağlam əməkdaşlığın əsasının gənclər olduğu, təşkilat çərçivəsində tələbə mübadiləsinin türkdilli xalqların bir-birinin ortaq tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmasına imkan yaradır”. En.kabar.kg saytı da, öz növbəsində, iclasın gedişi ilə yanaşı, TDT çərçivəsində təhsil və elm sahəsində əməkdaşlığın təkmilləşdirilməsinə, o cümlədən Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) və “Orhun” mübadilə proqramının gücləndirilməsinə yönəlmiş təkliflər və konsepsiya sənədlərinin müzakirə olunduğunu vurğulayıb.
Brtk.net saytında milli təhsil naziri Nazım Çavuşoğlunun dəvətə görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə və bütün rəsmi şəxslərə, baş katibə, səfir Kubanıçbek Ömuraliyevə və Təşkilatın Katibliyinə təşəkkür etdiyi qeyd olunub.
"Qarabağda qələbə, həm də Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük bir qələbədir". – deyə Çavuşoğlunun nitqindən hissə fərqləndirilərək, onun çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunu işğal altında olan torpaqları geri alması münasibətilə ürəkdən təbrik etdiyi vurğulanıb. Həmçinin xəbərdə Türk dünyasının birliyini və həmrəyliyini gücləndirmək üçün bu cür ortaq fəaliyyətlərin əhəmiyyəti təqdirəlayiq hal kimi qiymətləndirilib.
Nazirlərin birgə bəyanatına işıq tutaraq, turkpolitics.com bu görüşü Türk Dövlətləri Təşkilatının əsas sektorlar üzrə əlaqələri gücləndirmək və əməkdaşlıq etmək üçün davam edən səylərinin bir hissəsi olduğunu yazıb. Görüş zamanı birgə müzakirələr və qəbul edilən qərarların türk dövlətlərində təhsil sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş gələcək təşəbbüslərə yol açacağı gözlənildiyi də yazıda qeyd olunub:
“Üzv dövlətlər diqqəti ortaq məqsədlərə və kollektiv səylərə yönəltməklə, təhsil sektorunda əhəmiyyətli irəliləyiş əldə etməyi və bununla da türkdilli xalqların ümumi inkişafına və birliyinə töhfə verməyi hədəfləyirlər”.
Haberler.com E.Əmrullayevin iclasdakı çıxışından yazır: “Türk dövlətləri arasında sabit və sağlam əməkdaşlığın əsasını gənclər təşkil edir və təhsil müəssisələri arasında tələbə mübadiləsi onların ortaq tarix, mədəniyyət və adət-ənənələri daha yaxından tanımasına şərait yaradır”.
“Anadolu Ajansı” iclası işıqlandıraraq, Azərbaycanın elm və təhsil nazirinin jurnalistlərə açıqlamasına əsasən, 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbinin açılmasını xüsusilə fərqləndirərək, Böyük Qayıdışa dair məsələləri diqqətə çatdırıb. “Anadolu Ajansı” nazirin nitqinə istinadən qeyd edib ki, bu məktəb universitet səviyyəsində təhsil müəssisəsi və orta ixtisas təhsili müəssisəsi olacaq. Bu orta məktəb olmayacaq. Təhsil müəssisəsi ali təhsil səviyyəsində peşəkar kadrlar hazırlayacaq. Şuşadakı bütün təhsil ocaqlarının, o cümlədən bu məktəbin Qarabağ Universiteti ilə bu və ya digər formada əlaqəsi olacaq.
Türk Akademiyası öz rəsmi saytında iyunun 1-də Azərbaycanın tarixi Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII iclası keçirildiyini diqqətə çatdıraraq, şura üzvlərinin “Şuşa - türk dövlətlərinin incisi” beynəlxalq uşaq festivalında iştirak etməklə yanaşı, Füzuli və Şuşa şəhərlərindəki məktəblərə ekskursiya etdiklərini də xəbər verib.
Vaqif FƏTULLAYEV