Şuşadayıq, öz doğma yurdlarına qayıdan şuşalıların məhəlləsində...
 
“Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi...”
 
Bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir. Söhbət də onun Şuşadakı evində baş tutur.
 
 
Səbinə xanımın atası Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. O, Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib. 
 
“1987-ci ildə Şuşa şəhərində anadan olmuşam. Atam qətlə yetirilən gündən sonra biz Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışıq. Onda mənim 5 yaşım var idi”.
 
 
Müsahibim həyəcanlıdır. O deyir ki, ilk dəfədir Şuşa haqqında, Şuşadakı evində müsahibə verir.
 
“Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik”.
 
Səbinə Gözəlova Şuşadan çıxdıqdan sonra Binəqədidə 115 nömrəli orta məktəbdə təhsil alıb. Və bu gün o, müəllimdir. 
 
“Məktəbi bitirdikdən sonra Azərbaycan Odlar Yurdu Universitetinin "Tərcümə" (ingilis dili) ixtisasını bitirmişəm. Sonra isə Azərbaycan Dillər Universitetində ixtisasartırma oxudum. Buranı də bitirdikdən sonra özəl təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmişəm. Daha sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, Qəbələ rayonunda yerləşən Şuşa rayon 24 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətə başladım. Və bir müddətdən sonra artıq orada direktorluq vəzifəsi vakant olduğu üçün direktorların işə qəbul müsabiqəsində iştirak etdim və qərara gəldim ki, öz karyeramı Şuşa adı ilə davam etdirim”.
 
 
8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub. 
 
O, artıq öz karyerasını Şuşa adı ilə yox, elə Şuşada davam etdirəcək...
 
“Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: "Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq”.
 
2020-ci il 8 noyabrda Şuşa işğaldan azad olundu. Həsrətlə gözlədiyi Şuşanın işğaldan azad olunma xəbərini isə Səbinə xanım belə alıb.
 
“Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, "bilirsiniz Şuşa azad olunub?". Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq”.
 
 
Şagirdlər əllərində bayraqlarla məktəbdən şuşalı Səbinə müəllimin evinə doğru...
 
“Bəli, Şuşa işğaldan azad olunan günü şagirdlər əllərində bayraq məktəbimizin qabağından düz mənim evimə qədər gəlib təbrik etdilər. Mən hər Şuşanın işğal olunduğu gün uşaqlara deyirdim ki, inşallah gələn il bu vaxtı biz Şuşada olacağıq. Hər dəfə də bu, arzu olaraq qalırdı. Nəhayət ki, artıq arzumuz reallaşdı. Mən sentyabr ayında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin olundum. May ayının 10-da cənab Prezident İlham Əliyev Şuşada bizə evimizin açarını təqdim etdi”.
 
 
Hə, Səbinə Gözəlova fəaliyyətini Şuşa 1 nömrəli tam orta məktəbin direktoru olaraq Şuşada davam etdirəcək və bu məktəb yenə böyük şəxsiyyətlər yetişdirəcək.
 
O bizimlə Şuşadakı evinin həyətində sağollaşıb, məktəbə doğru yol aldı...
 
Aytəkin CƏLALİ