"Müasir standarlara cavab verən Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir, 3 mərtəbə, 5 blokdan ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı var. Kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi, tibb və iaşə kabinetləri var".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
O bildirib ki, hazırda əhali köçürülmə mərhələsindədir.
“Məktəbdə əsasən Şuşa şəhər qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan insanların ailələrindən olan insanlar işlə təmin olunacaqlar. Müəllimlər üçün sitimullaşdırıcı təlimlər olacaq. Düşünürük ki, yay məktəbi təşkil edək. Həm müəllim, həm də şagirdlərin məktəbə adaptasiyası planlaşdırırılır. İlkin proqnozlara görə, məktəbdə 258 şagirdin təhsil alması nəzərdə tutulur. Bu proqnoza görə, təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması nəzərdə tutulur. Bu say arta bilər"- direktor əlavə edib.
Direktor, həmçinin bildirib ki, bu təhsil müəssisəsində rus dilində tədris nəzərdə tutulmayıb:
"Lakin Bakıda təhsil alan yuxarı sinif şagirdlərinin əksəriyyəti rus sektorunda oxuyur. Onların Azərbaycan dilli tədrisə adaptasiyasını təmin etmək və dərsləri daha aydın mənimsəmələri üçün müəllimlər tərəfindən ödənişsiz dəstək proqramları tətbiq ediləcək”.
Qeyd edək ki, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin bərpası artıq yekunlaşıb. Məktəb 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.