"Böyük Qayıdışın ilk məktəbləri" - Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti


Füzuliyə böyük köç davam edir. Köçün nəticəsi olaraq, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə şagirdlərin də, müəllimlərin də sayı artıb.
 
Bu barədə məktəbin direktoru Həcər Mahmudova “Azərbaycan müəllimi”nə danışıb. 
 
Onun sözlərinə görə, məktəb bu dərs ilinin əvvəlində 11 sinifdə 92 şagird və məktəb rəhbərliyi də daxil olmaqla 20 nəfər pedaqoji heyətlə işə başlayıb: 
 
“Ailələrin Füzuliyə davamlı köçü sayəsində şagirdlər yerdəyişmə edərək məktəbə qəbul olunub. Eyni zamanda köçlə Füzuliyə qayıdan müəllimlər də təhsil müəssisəsində işlə təmin ediliblər. Bu günə olan məlumata görə, rəhbərlik də daxil olmaqla məktəbimizdə 36 pedaqoji işçi fəaliyyət göstərir. Artıq sayı 463-ə çatan şagirdlərimiz 20 sinifdə komplektləşdirilib. Artım davam edəcək və düşünürəm ki, növbəti tədris ilinə yeni say, daha böyük tərkibdə başlayacağıq”.
 
H.Mahmudova bildirib ki, məktəb tədris ili ərzində şagirdlərin yaradıcı inkişafına təsir göstərən, fənlərin tədris keyfiyyətini artıran layihələrə qoşularaq fəallıq nümayiş etdirib. Məsələn, Respublika Fənn Olimpiadalarına qatılan Füzuli məktəbliləri mübarizəni yarımfinal mərhələsində dayandırsalar da, ruhdan düşməyiblər:
 
“Əlimizdə resurslar, bu sahədə hazırlıqlı, təcrübəli kadrlar olmadan yarımfinaladək irəlilədik. Bu, bizim üçün bir təcrübə oldu. Növbəti tədris ilində bu nəticə ilə kifayətlənməyəcəyik, daha irəli gedəcəyimizi düşünürəm”.
 
Məktəb direktoru bu il təhsil müəssisəsində ilk dəfə keçirilən buraxılış imtahanlarının təşkilindən də danışıb: 
 
“Bu il məktəbimizin IX siniflərində 31 nəfər, XI siniflərində 8 şagird imtahan verdi. İmtahanlar müəssisədə təşkil olundu. DİM-in nəzarətçiləri, koordinatorları məktəbdə prosesi idarə etdilər. İşğaldan azad olunan ərazinin məktəbliləri olaraq şagirdlərimizin başqa əraziyə getməmələrinin bizim üçün əhəmiyyəti çox böyükdür”.
 
Məktəb direktoru növbəti tədris ilinin planlarından da danışıb. Belə ki, yeni tədris ilində ilk Füzuli məktəbini “Rəqəmsal bacarıqlar” layihəsində görmək mümkün olacaq: 
 
“Ümumiyyətlə, yeni tədris ilində böyük yeniliklərimiz gözlənilir. “Rəqəmsal bacarıqlar” yeni fənn olaraq tədris ediləcək. STEAM layihəsinə qoşulacağımızı ümid edirəm. Bu layihəyə qoşulmaq üçün lazım olan texniki baza məktəbimizdə var”.
Məktəb “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının da qaliblərindəndir: 
 
“Valideynlərlə söhbət apardıq, 3-4 yaşlı uşaqlardan ibarət qrup yaratdıq. 22 nəfərlik bu qrupda təlimlər uğurla davam edir. Martın 15-dən bu yana böyük yol qət etmişik. Valideynlər çox razıdır, bu layihədə olmağı arzulayanlar yetərincədir. Uşaqlarımız da davranışları, vətənpərvərlikləri ilə fərqlənirlər. Bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə işləri aparırıq”.
 
H.Mahmudova deyib ki, onlar sadəcə bir məktəbin üzərinə düşən vəzifəni icra etmir, həm də şagirdlərinə işğaldan azad olunmuş bir ərazidə yaşamağın məsuliyyətini də aşılayırlar. Bu məqsədlə məktəbdə vaxtaşırı şagirdlərin təhlükəsizliyinin təmin olunmasına təsir edən tədbirlər həyata keçirilir: 
 
“Mina təhlükəsizliyi ilə bağlı vaxtaşırı ANAMA nümayəndələri məktəbimizdə olur. Ümumiyyətlə, hər köç gələndə ANAMA nümayəndələri sakinlərə müvafiq məlumatlar verirlər. Sonuncu dəfə martın 15-də Elm və Təhsil Nazirliyi və ANAMA-nın Füzuli rayonundakı nümayəndələri məktəbin texniki və pedaqoji heyəti üçün təlim keçiblər. Şagird və müəllimlərə maarifləndirici bukletlər paylanılıb. Belə tədbirlərdən əlavə, müəllimlərimiz də şagirdlərimizə təhlükəsizlik qaydalarını daim xatırladırlar”.
 
Ruhiyyə DAŞSALAHLI