Ömər Faiq Nemanzadənin müəllimlik fəaliyyəti


“Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”. 

Ö.F.Nemanzadə

 

Bu ilin dekabr ayında Azərbaycanın ictimai-siyasi, milli-mədəni tarixinin önəmli şəxsiyyətlərindən biri - Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur. Ölkə Prezidenti İlham Əliyev böyük tərəqqipərvər, publisist, maarifçı və ictimai xadimin yubileyinin qeyd edilməsi ilə bağlı oktyabrın 3-də sərəncam imzalayıb.

 

Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında yorulmadan fəaliyyət göstərən, keşməkeşli bir tarix dönəmində işıqlı ideyaları ilə öndə gedən maarifpərvər ziyalılardandır.

 

Onun yaşadığı illər Azərbaycanın ictimai-siyasi həyatında, fikir tarixində, mədəniyyətində önəmli, məzmunca yeni bir dövr kimi tanınır. Təbii ki, millilik və müasirlik meyilləri əsasında formalaşan və yayılan maarifçilik də bu məzmundan geridə qalmır və  mühüm  əhəmiyyət  kəsb  edir. Ömər Faiq Nemanzadənin fəaliyyətini şərti  - müəllimlik və publisistik olaraq iki hissəyə ayıra bilərik. Bu iki sahənin hər biri onun həyatında önəmli və əlaqəli yer tutur. Görkəmli ziyalımız Azərbaycan mək­­­təbinin və pe­da­qoji fikrin in­ki­­şafı ta­ri­xin­də mü­hüm yer tu­tan, bu yo­l­da si­­­­lin­məz izlər bu­raxan, çox­şa­­xəli ta­rixi xid­mət­ləri ilə me­­­todik fik­ri irəli aparan şəx­siy­yət­lər­­dən ol­ub.

 

Maarifçi-demokratik ideyaların yayıldığı ərəfədə öz xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan digər ziyalılarımız kimi Ömər Faiq Nemanzadə də tarixi önəm daşıyan bu zaman kəsiyində mətbuatı, məktəbi, elmi, təhsili nadanlıq və cahilliyə qarşı mübarizədə zəruri vasitə hesab edərək yazırdı: “...bu gün ancaq hər qüvvətin, hər xa­hi­­­­­şin, hər fik­­rin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik”.

 

Bir publisist, mətbuat nümayəndəsi olmaqla yanaşı, o, həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər idi. Həmin dövrlərdə Bakıda, Tiflisdə nəşr olunan qəzetlərdə, xüsusilə də  "Molla Nəsrəddin" jurnalında,  "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetlərində Ö.F.Nemanzadənin maarifləndirici əhəmiyyətə malik yazıları dərc edilirdi.

 

F.Nemanzadə əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti ilə yanaşı, müəllimlik peşəsi ilə də məşğul idi. Ömər Faiq xalqın savadlandırılmasını, cəhalətdən qurtulmasını önəmli hesab edir, azadlıq, özünü dərk və milli oyanış yolunda müəllimliyi əsas fəaliyyətindən biri sayırdı. Görkəmli ziyalı yazırdı ki, xalqın savad və mə­də­­­­­­niy­­yət də­rəcəsi nə qədər yüksək olarsa, onun azadlıq və yaxşı həyat uğrunda mü­­­­ba­­­ri­zəsi də o qə­dər səmərəli olar.

 

Ömər Faiq müəllimlik fəaliyyətini yüksək qiymətləndirir və deyirdi: “Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”.  Məhz bu səbəbdən görkəmli maarifpərvər  1893-1903-cü illərdə məktəblər təşkil edərək, Şəki, Şamaxı, Gəncə, həmçinin, Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Təbii ki, bu, böyük fədakarlıq, əzm, eləcə də xalqına, millətinin övladlarına sevgidən qaynaqlanan əmək və yaradıcı səy tələb edirdi. Həmin dövrdə artıq Azərbaycanda məktəb və mədrəsələrdə tətbiq edilən “Üsuli-Cədid” adlı yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan faəliyyət göstərirdi.  Burda mütərəqqi ziyalılar təhsil verir, dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi isə yeni üsulla aparılırdı. Azərbaycanın bəzi yerlərində, məsələn, Şamaxıda S.Ə.Şirvanı, Ordubadda M.T.Sidqi, Şuşada M.M.Nəvvab, Lənkəranda M.İ.Qasir tərəfindən bu tip məktəblər açılmışdı.

 

Ömər Faiq də bu işin davamı kimi 1894-cü ildə Şəkiyə gələrək yerli ziyalıların köməyi ilə kiçik bir cəmiyyət təşkil edərək, burada da “Üsuli – Cədid” üzrə milli bir türk məktəbi açır.

 

Nə qədər mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmiş olsalar da, xalqının övladlarının savadlanmasını istəyən insanlar bu işdən kənara çəkilmir və maarifçilik işində daha səylə çalışırdılar.

 

Ö.F.Nemanzadə yeni açılmış bu üsuli-cə­did məktəbində ana dili, ta­rix, coğ­ra­fiya, he­­sab və imla dərs­lə­­­rini de­yirdi və bunlar da yeni nəslin forma­laş­ma­sında əsas rol oynayan fən­­lər idi. Ömər Faiqin təşkil etdiyi bu yeni məktəb nümunəsində köhnə, heç bir tərəqqiyə əsaslanmayan, mütilik və cəhalət təbliğindən başqa bir şeyə yaramayan ənənəvi  “elm ocaqları” öz formasını tamamilə dəyişdi və  mütilik buxovlarını birdəfəlik qırdı. Şəki məktəbinin gənc müəllimləri ilk gündən köhnə ənə­nə­ni qırmağa ça­lı­şır­dı­lar.

 

Gürcüstanın Axalsıx qəzası Ömər Faiqin ana yurdu idi, o, burada doğulub-böyümüş, təhsil almışdı. Özü də axıska türkü idi.  Müəllimlik faəliyyəti ilə məşğul olduğu illərdə o, Axıskada milli məktəb açmaq fikrinə düşərək Tiflis maarif müdirinə ərizə yazır. Amma ondan "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alan Ömər Faiq Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləmişdir. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" demişdir.

 

1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllimlik edərkən dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiyatarix və türk dili fənlərini tədrisini önə çəkmişdir. 1900-cü ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq demişdi:  “Əgər Tağıyevin qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkərdim”.

 

1900-cü ildə Şamaxıya gələn Ö.F.Nemanzadə burda da milli məktəb işinin təşkilinə yaxından   köməklik etmiş, məktəblərdə çoğrafiya, hesab və türk dillərindən dərs vermişdir.

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Azər­bay­­can dünya ilə müqayisədə el­min tərəqqisində geridə qalırdı. Bunun bir səbəbi Rusiya im­pe­ri­ya­sı­nın dü­­şü­nül­­­­­müş şə­­kil­də apardığı milli müstəmləkə siyasətindən irəli gəlirdisə, digər sə­­bəbi isə avam insanların is­lam dininə kor-koranə baxışının nəticəsi idi. Buna görə də işıqlı insanların, yazarların, eləcə də müəllimlərin üzərinə böyük məsuliyyət düşürdü ki, millətinə elmin, məktəbin, savadlanmanın əhəmiyyətini başa salsın, xalqı qəflət yuxusundan oyadıb  mədəni inkişafa yönləndirsin. Buna görə də Ömər Faiq daim xalqın içində idi və onun problemlərini, eləcə də həllindəki əsas yollardan birinin savadlanmaq olduğunu gözəl bilirdi. Ömər Faiq Nemanzadə xalq kütlələri içərisində maarif və mə­də­niy­yə­­tin ya­­yıl­­ma­sı üçün geniş təbliğat işləri görür, elmin, təhsilin böyük əhə­miy­yə­tin­dən söhbətlər aparır, uşaqları  müasir məktəblərə cəlb edir, bu­nun­la əla­qədar mətbuat sə­­­­hifələrində mün­­­tə­zəm çıxışlar ed­­ir, elm və mədəniyyət naminə görülən bütün təd­bir­­­­lərin həyata ke­çi­­ril­məsində fəal ça­lış­ırdı.

 

Ömər Faiq Nemanzadənin  müəllimlik və maarifçilik fəaliyyətinin məntiqi davamı sayılan “Molla Nəsrəddin” jurnalının nəşri və fəaliyyətində misilsiz rolunu vurğulamadan keçmək olmaz. O, 1906-cı ildən 1917-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının məsul katibi vəzifəsində çalışdı. Cəlil Məmmədquluzadənin özü Ömər Faiqin əməyini və  xidmətlərini həmişə ehtiramla xatırlayırdı.

 

Ö.F.Nemanzadə xalqın tərəqqisini müəllimlərin fəa­liy­­­yə­­tində gö­rürdü. Bu fi­kir­­lə bağlı ya­zırdı: “Müəllim mə­sə­ləsi yal­nız bi­­zim de­yil, hər millətin ölüm-di­rim məsələsidir, bir ovuc ingilislərin top­suz, tü­fəng­siz dün­ya­nın ya­­rısına sahib olmaları Misirdəki və ya Hin­dis­tandakı bir ne­çə pi­yan əs­gər­lə­rilə deyil, Lon­­dondakı müdir, alim, dur­bin və fədakar mü­əl­lim­lə­rilədir. İşin iç üzünə bax­­maq is­təyən­lə­rə mə­lum­dur ki, rus­ları pəri­şan edən cahil rus generallarını basan ya­pon müəl­­lim­lə­ri, ya­pon müəl­lim əs­gərləri idi”.

 

Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ömər Faiq həmişə təqiblərə, həbslərə məruz qalmış, amma öz ideyalarından üz döndərməmişdir. Çox təəssüf ki, 1937-ci ildə repressiyanın qurbanlarından oldu və güllələndi. Bir xalqın, millətin tarix səhnəsində təşəkkül tapmasında, özünəxas yer tutmasında və inkişafında işıqlı insanların böyük rolu daim olub. Onların ideyaları hər zaman yolgöstərənimiz, qoyub getdikləri irs həmişə dəyərli mədəni xəzinəmiz hesab edilib. Ömər Faiq Nemanzadə də onlardan biridir. Tarix durduqca onun da adı hər zaman xatırlanacaq, fəaliyyəti və irsi araşdırılaraq təbliğ ediləcək.

 

 

Dilrubə SƏRDARQIZI