Ömər Faiq Nemanzadə - 150 | |
“Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”. Ö.F.Nemanzadə
Bu ilin dekabr ayında Azərbaycanın ictimai-siyasi, milli-mədəni tarixinin önəmli şəxsiyyətlərindən biri - Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur. Ölkə Prezidenti İlham Əliyev böyük tərəqqipərvər, publisist, maarifçı və ictimai xadimin yubileyinin qeyd edilməsi ilə bağlı oktyabrın 3-də sərəncam imzalayıb.
Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında yorulmadan fəaliyyət göstərən, keşməkeşli bir tarix dönəmində işıqlı ideyaları ilə öndə gedən maarifpərvər ziyalılardandır.
Onun yaşadığı illər Azərbaycanın ictimai-siyasi həyatında, fikir tarixində, mədəniyyətində önəmli, məzmunca yeni bir dövr kimi tanınır. Təbii ki, millilik və müasirlik meyilləri əsasında formalaşan və yayılan maarifçilik də bu məzmundan geridə qalmır və mühüm əhəmiyyət kəsb edir. Ömər Faiq Nemanzadənin fəaliyyətini şərti - müəllimlik və publisistik olaraq iki hissəyə ayıra bilərik. Bu iki sahənin hər biri onun həyatında önəmli və əlaqəli yer tutur. Görkəmli ziyalımız Azərbaycan məktəbinin və pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan, bu yolda silinməz izlər buraxan, çoxşaxəli tarixi xidmətləri ilə metodik fikri irəli aparan şəxsiyyətlərdən olub.
Maarifçi-demokratik ideyaların yayıldığı ərəfədə öz xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan digər ziyalılarımız kimi Ömər Faiq Nemanzadə də tarixi önəm daşıyan bu zaman kəsiyində mətbuatı, məktəbi, elmi, təhsili nadanlıq və cahilliyə qarşı mübarizədə zəruri vasitə hesab edərək yazırdı: “...bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik”.
Bir publisist, mətbuat nümayəndəsi olmaqla yanaşı, o, həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər idi. Həmin dövrlərdə Bakıda, Tiflisdə nəşr olunan qəzetlərdə, xüsusilə də "Molla Nəsrəddin" jurnalında, "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetlərində Ö.F.Nemanzadənin maarifləndirici əhəmiyyətə malik yazıları dərc edilirdi.
F.Nemanzadə əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti ilə yanaşı, müəllimlik peşəsi ilə də məşğul idi. Ömər Faiq xalqın savadlandırılmasını, cəhalətdən qurtulmasını önəmli hesab edir, azadlıq, özünü dərk və milli oyanış yolunda müəllimliyi əsas fəaliyyətindən biri sayırdı. Görkəmli ziyalı yazırdı ki, xalqın savad və mədəniyyət dərəcəsi nə qədər yüksək olarsa, onun azadlıq və yaxşı həyat uğrunda mübarizəsi də o qədər səmərəli olar.
Ömər Faiq müəllimlik fəaliyyətini yüksək qiymətləndirir və deyirdi: “Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”. Məhz bu səbəbdən görkəmli maarifpərvər 1893-1903-cü illərdə məktəblər təşkil edərək, Şəki, Şamaxı, Gəncə, həmçinin, Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Təbii ki, bu, böyük fədakarlıq, əzm, eləcə də xalqına, millətinin övladlarına sevgidən qaynaqlanan əmək və yaradıcı səy tələb edirdi. Həmin dövrdə artıq Azərbaycanda məktəb və mədrəsələrdə tətbiq edilən “Üsuli-Cədid” adlı yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan faəliyyət göstərirdi. Burda mütərəqqi ziyalılar təhsil verir, dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi isə yeni üsulla aparılırdı. Azərbaycanın bəzi yerlərində, məsələn, Şamaxıda S.Ə.Şirvanı, Ordubadda M.T.Sidqi, Şuşada M.M.Nəvvab, Lənkəranda M.İ.Qasir tərəfindən bu tip məktəblər açılmışdı.
Ömər Faiq də bu işin davamı kimi 1894-cü ildə Şəkiyə gələrək yerli ziyalıların köməyi ilə kiçik bir cəmiyyət təşkil edərək, burada da “Üsuli – Cədid” üzrə milli bir türk məktəbi açır.
Nə qədər mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmiş olsalar da, xalqının övladlarının savadlanmasını istəyən insanlar bu işdən kənara çəkilmir və maarifçilik işində daha səylə çalışırdılar.
Ö.F.Nemanzadə yeni açılmış bu üsuli-cədid məktəbində ana dili, tarix, coğrafiya, hesab və imla dərslərini deyirdi və bunlar da yeni nəslin formalaşmasında əsas rol oynayan fənlər idi. Ömər Faiqin təşkil etdiyi bu yeni məktəb nümunəsində köhnə, heç bir tərəqqiyə əsaslanmayan, mütilik və cəhalət təbliğindən başqa bir şeyə yaramayan ənənəvi “elm ocaqları” öz formasını tamamilə dəyişdi və mütilik buxovlarını birdəfəlik qırdı. Şəki məktəbinin gənc müəllimləri ilk gündən köhnə ənənəni qırmağa çalışırdılar.
Gürcüstanın Axalsıx qəzası Ömər Faiqin ana yurdu idi, o, burada doğulub-böyümüş, təhsil almışdı. Özü də axıska türkü idi. Müəllimlik faəliyyəti ilə məşğul olduğu illərdə o, Axıskada milli məktəb açmaq fikrinə düşərək Tiflis maarif müdirinə ərizə yazır. Amma ondan "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alan Ömər Faiq Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləmişdir. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" demişdir.
1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllimlik edərkən dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və türk dili fənlərini tədrisini önə çəkmişdir. 1900-cü ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq demişdi: “Əgər Tağıyevin qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkərdim”.
1900-cü ildə Şamaxıya gələn Ö.F.Nemanzadə burda da milli məktəb işinin təşkilinə yaxından köməklik etmiş, məktəblərdə çoğrafiya, hesab və türk dillərindən dərs vermişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan dünya ilə müqayisədə elmin tərəqqisində geridə qalırdı. Bunun bir səbəbi Rusiya imperiyasının düşünülmüş şəkildə apardığı milli müstəmləkə siyasətindən irəli gəlirdisə, digər səbəbi isə avam insanların islam dininə kor-koranə baxışının nəticəsi idi. Buna görə də işıqlı insanların, yazarların, eləcə də müəllimlərin üzərinə böyük məsuliyyət düşürdü ki, millətinə elmin, məktəbin, savadlanmanın əhəmiyyətini başa salsın, xalqı qəflət yuxusundan oyadıb mədəni inkişafa yönləndirsin. Buna görə də Ömər Faiq daim xalqın içində idi və onun problemlərini, eləcə də həllindəki əsas yollardan birinin savadlanmaq olduğunu gözəl bilirdi. Ömər Faiq Nemanzadə xalq kütlələri içərisində maarif və mədəniyyətin yayılması üçün geniş təbliğat işləri görür, elmin, təhsilin böyük əhəmiyyətindən söhbətlər aparır, uşaqları müasir məktəblərə cəlb edir, bununla əlaqədar mətbuat səhifələrində müntəzəm çıxışlar edir, elm və mədəniyyət naminə görülən bütün tədbirlərin həyata keçirilməsində fəal çalışırdı.
Ömər Faiq Nemanzadənin müəllimlik və maarifçilik fəaliyyətinin məntiqi davamı sayılan “Molla Nəsrəddin” jurnalının nəşri və fəaliyyətində misilsiz rolunu vurğulamadan keçmək olmaz. O, 1906-cı ildən 1917-ci ilə qədər “Molla Nəsrəddin” jurnalının məsul katibi vəzifəsində çalışdı. Cəlil Məmmədquluzadənin özü Ömər Faiqin əməyini və xidmətlərini həmişə ehtiramla xatırlayırdı.
Ö.F.Nemanzadə xalqın tərəqqisini müəllimlərin fəaliyyətində görürdü. Bu fikirlə bağlı yazırdı: “Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyanın yarısına sahib olmaları Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimlərilədir. İşin iç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi”.
Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ömər Faiq həmişə təqiblərə, həbslərə məruz qalmış, amma öz ideyalarından üz döndərməmişdir. Çox təəssüf ki, 1937-ci ildə repressiyanın qurbanlarından oldu və güllələndi. Bir xalqın, millətin tarix səhnəsində təşəkkül tapmasında, özünəxas yer tutmasında və inkişafında işıqlı insanların böyük rolu daim olub. Onların ideyaları hər zaman yolgöstərənimiz, qoyub getdikləri irs həmişə dəyərli mədəni xəzinəmiz hesab edilib. Ömər Faiq Nemanzadə də onlardan biridir. Tarix durduqca onun da adı hər zaman xatırlanacaq, fəaliyyəti və irsi araşdırılaraq təbliğ ediləcək.
Dilrubə SƏRDARQIZI
|
|
01.11.2022 | 11:23 | |
|
|
|