Təşkili, fəaliyyətində müasir yanaşmaların nəzərə alınması təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə, şəxsiyyətin formalaşdırılması və inkişafına ciddi təsir baxımından əhəmiyyətlidir


Təhsil tarixindən məlumdur ki, məktəb hər zaman təlim və tərbiyə ocağı hesab edilmişdir. Bütün dövrlərdə formalaşan yeni nəslə elmlərin əsaslarının öyrədilməsi, onların müstəqil həyata hazırlanması kimi mühüm işlərin həyata keçirilməsində məktəbin böyük xidmətləri olmuşdur. Dünya ölkələrində olduğu kimi, Azərbaycan məktəbləri də bu istiqamətdə işlərini indi də uğurla davam etdirir.

 

Təcrübə göstərir ki, müasir dövrdə məktəbin  fəaliyyəti daha da genişlənir, öhdəlikləri də  getdikcə artır. Bu da ilk növbədə cəmiyyətin tələbatlarının artması, qloballaşma dövrünün çağırışları, yeni informasiya texnologiyaları  ilə bilavasitə bağlıdır. Cəmiyyətin inkişafının indiki mərhələsində müasir, hərtərəfli, cəmiyyət üçün daha böyük faydalar verə bilən şəxsiyyətlərin formalaşdırılmasına ehtiyac çoxdur. Belə şəxsiyyətlərin yetişdirilməsi isə məktəblə, təlim-tərbiyə işi ilə birbaşa bağlıdır.

 

Elmi araşdırmalar və tarixi təcrübə göstərir ki, cəmiyyətdə demokratik prinsiplərə əməl olunması, sosial  fəallığın və məsuliyyətin artması inkişafın davamlı xarakter almasında mühüm rol oynayır. Bu baxımdan, qarşılıqlı əməkdaşlıq münasibətləri zəminində  ən doğru model kimi Avropa və Amerikada mövcud olan və təhsilə “məktəb icması” adlanan yanaşmanı nümunə olaraq təqdim edə bilərik.

 

Fikrimizcə, aşağıdakı suallara cavab verməklə müasir şəraitdə məktəb icmasının mahiyyəti, fəaliyyəti ilə tanış olmaq və onu səmərəli təşkil etməkmümkündür:

 

  • 1. Məktəb icması nədir?
  • 2. Məktəbə nə üçün icma lazımdır?
  • 3. Məktəb icması şagird nailiyyətlərinə və onların şəxsi inkişafına necə təsir edir?
  • 4. Məktəb icmasının genişlənməsi və məqsədəuyğun fəaliyyəti üçün maraqlı tərəfləri əməkdaşlığa necə cəlb etmək olar?
  • 5. Məktəb icma üzvlərinin fəaliyyəti nədən ibarətdir?
  • 6. Rəhbərlər, müəllimlər, şagirdlər, valideynlər və maraqlı tərəflər ilə münasibətləri necə qurmaq olar?

 

Məktəb icması nədir?

 

İlk növbədə, məktəb icması nədir? sualına aydınlıq gətirməyə ehtiyac vardır. Qeyd etməliyik ki, “məktəb icması” anlayışı Amerika pedaqogikasında və təhsil psixologiyasında bir neçə onilliklər əvvəl yaranmışdır. Avropa və Amerikada məktəb islahatları zamanı bu yanaşma geniş yayılmış və hazırda cəmiyyətin və məktəbin həyatında aparıcı yer tutur. O, demokratiya, kollegiallıq, məktəb səmərəliliyi, situasiya liderliyi, şagird və müəllimlərin bir-biri ilə qarşılıqlı əməkdaşlığı prinsiplərinə əsaslanır. Buraya həm nəticələr, həm də öyrənmə, yəni şagirdlərin biliklərə yiyələnməsi, tədris prosesi,  müəllimin fəaliyyəti aid edilir.

 

Təcrübə göstərir ki, ilk növbədə ümumtəhsil məktəbinin və onun yerləşdiyi regionun dəyərlər sisteminin inkişafına faydalar verən məktəb icmasını yeni cəmiyyət qurmağın  məqsədəuyğun  yolu hesab etmək olar. Bundan ötrü böyük maliyyə xərcləri tələb olunmur. Araşdırmalardan aydın olur ki, məktəb icması (yəni, müəllimlər, valideynlər və işçilər) məktəbdə oxuyan şagirdlərin təhsili üçün ümumi dəyərlərə və standartlara malikdirlər. Bu icmanın ən mühüm səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, tədris prosesinin bütün iştirakçıları (məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər) arasında bərabərhüquqlu qarşılıqlı əlaqə, onların icmanın tələblərinə uyğun yaşamaq istəyi olur.

 

Məktəbə nə üçün icma lazımdır sualı da düşündürücüdür. Qeyd edək ki, cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu kimi, məktəb icması da ayrı-ayrı sosial statusa malik insanların birgə, bir məqsəd üçün əməkdaşlığı formasıdır. Məktəb icması, bir qayda olaraq, öz daxilində insanları birləşdirir, bu da öyrətmək və öyrənmək üçün müəyyən motivasiyanın yaranmasına təsir göstərir. Burada ortaq öyrənmə məqsədləri və əməkdaşlığı təmin edilir. Öyrənmə məqsədlərinin bölüşdürülməsi və əməkdaşlıq imkanlarının təmin edilməsi isə nəticədə bütün məktəb icması arasında hesabatlılığı artırır.

 

Şagird nailiyyətlərinə və şəxsi inkişafına təsiri

 

Məktəb icması şagird nailiyyətlərinə və şəxsi inkişafına necə təsir edir? sualı da maraq doğurur.

 

Məlumdur ki, təhsil və tərbiyə prosesinin əsas məqsədləri sırasında şagirdlərə bilikləri, münasibət və təfəkkür üslublarını, normaları, dəyərləri, istək və fəaliyyət modellərini ötürməklə, onları cəmiyyətdə gələcək müstəqil həyata hazırlamaq məsələləri dayanır. Məktəb icması səviyyəsində olan münasibətlər şagirdlərə sözdə deyil, əməldə demokratik münasibətlər modelini formalaşdırır. Belə bir icmanın yaradılması təlim nəticələrini yaxşılaşdırır, bütün məktəb üçün dəstəyi, əməkdaşlığı, şagirdlərin inkişafını və qavrama səviyyəsini, analiz - sintez etmək, nəticə çıxarmaq bacarığını və öyrənmə imkanlarını artırır.

 

Müasir dövrdə məktəblərdə birgə rəqəmsal öyrənmə mühitinin təkmilləşdirilməsi də vacibdir. Bu da şagirdlərin təlim materiallarını əldə etmək, onlarla qarşılıqlı əlaqəliliyi, əməkdaşlığı formalaşdırmaq və rəy almaq üçün daha çox imkanlar qazanmağa zəmin yaradır. Fərdiləşdirilmiş öyrənmə mühitinin təşkil edilməsi nəticəsində hər bir şagird üçün fərdi öyrənmə mühitini yaratmaq mümkündür. Belə ki, şagirdlər heç də eyni şəkildə və ya eyni sürətlə öyrənmirlər.

 

Məktəb icmasının bütün üzvləri öyrənmə prosesində, problemlərin həllində və şagirdlərin öyrənmə məqsədlərinə töhfə verməsində rol oynayırlar.

 

Maraq doğuran digər suallardan biri də belədir: Məktəb icmasının genişlənməsi və məqsədəuyğun fəaliyyəti üçün maraqlı tərəfləri əməkdaşlığa necə cəlb etmək olar?

 

Qeyd etməliyik ki, məktəb icması əməkdaşlığı, şagirdlərin və müəllimlərin problemlərinin yaradıcı həllində qarşılıqlı əlaqəni, əməkdaşlığı  nəzərdə tutur. Bu əməkdaşlığın şəffaf və demokratik prinsiplərlə təmin olunması, nəticələrin obyektiv qiymətləndirilməsi, görüləcək işlərin aydınlığı və konkretliyi nəticədə bütövlükdə  icmaya marağı və inamı təmin edir. İcmaya inam isə onun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə zəmin hazırlayır.

 

Məktəb icma üzvlərinin fəaliyyəti

 

Mühüm suallardan  biri də məktəb icma üzvlərinin fəaliyyətinin  nədən ibarət olması ilə bağlıdır.

 

Müvafiq qaydalara uyğun olaraq məktəb icmasının üzvləri bir-birləri üçün məsuliyyət daşıyır, intellektual öyrənmə mühitini təmin edir və ümumiyyətlə, cəmiyyətin bütün üzvlərinin təmsil olunduğu sağlam sosial mühit yaradırlar. Təcrübə göstərir ki, məktəbin rifahına sərmayə qoyan müəssisələr, fərdlər, seçilmiş nümayəndələr, xeyriyyə təşkilatları və məhəllələri də məktəb icmasının bir hissəsi sayıla bilər. İcmanın təşkilinə belə yanaşma da onun fəaliyyətinin çevik tənzimlənməsi baxımından əhəmiyyətlidir.

 

Məktəb icmasında  üzvlərin hər birinin səlahiyyətləri çərçivəsində məsuliyyətləri vardır. Məsələn, məktəb rəhbərlərinin fəaliyyətinə  icmaya lazımi dəstəyin göstərilməsi, icma üzvlərinin fəaliyyətinin müntəzəm izlənilməsi, aylıq və illik hesabatların dinlənilməsi, müvafiq tapşırıqların verilməsi və şəraitin təmin olunması daxildir.

 

Müəllimlərin fəaliyyət dairəsi də genişdir.  Məlumdur ki, müəllimlər məktəbdə oxuyan bütün şagirdlərdən ötrü kollektiv şəkildə məsuliyyət daşıyırlar. Onlar məktəb icması daxilində bütün şagirdlərin inkişafına nail olmaq, təkmilləşdirilmiş təhsil istiqamətində işləmək məqsədi daşıyan peşəkarlardır. Müəllimlər şagirdlərə təhsil məqsədlərinə çatmaqda yol göstərir, mentor kimi çıxış edir, şagirdlərin böyüməsi və inkişafı üçün dəstəkləyici mühiti formalaşdırırlar.

 

Məktəb icmasının mühüm komponentlərindən biri də valideynlərdir. Onlar öyrənməyə kömək məqsədilə evdə balanslı ailə həyatı və ideal şəraitin təmin edilməsi üçün  səy göstərməlidirlər. Valideynlərin fəaliyyətində şagirdlərə ev tapşırıqlarını yerinə yetirməkdə kömək, məktəb qərarları və idarəetmə üçün müəllimlərlə əməkdaşlıqməsələləri mühüm yer tutur.

 

Məktəb icmasında şagirdlərin fəaliyyəti də keyfiyyətin təmin olunmasına təsir göstərən mühüm amillərdəndir. Şagirdlər məktəb icmasının daxili nizam - intizamını gözləməli, öhdəliklərini aydın dərk etməli, icma üzvləri ilə əlaqə saxlamalı, çətinlik çəkdiyi hər hansı bir vəziyyətdə icmanın dəstəyindən istifadəni bacarmalı, öz həmyaşıdları və məktəbin şagird kontingenti arasında icmanın fəaliyyəti ilə əlaqəli məlumat verməlidirlər.

 

Səmərəli fəaliyyət üçün münasibətlər necə qurulmalıdır?

 

Məktəb icmasının səmərəli fəaliyyətinin təmin olunması üçün rəhbərlər, müəllimlər, şagirdlər, valideynlər və maraqlı tərəflər ilə münasibətləri necə qurmaq olar?  Elmi araşdırmalar göstərir ki, məktəb icmasının üzvləri olan məktəb rəhbərlərinin, müəllimlərin, valideynlərin, şagirdlərin və maraqlı tərəflərin fəaliyyətində aşağıda qeyd olunan cəhətlərin nəzərə alınması vacibdir:

  • 1. Pedaqoji prosesin bütün iştirakçılarının qarşılıqlı inamı;
  • 2. Bütün etik və əxlaqi standartlara uyğunluq;
  • 3. Birinci sinif şagirdlərindən başlayaraq hamının məktəb icmasının işində iştirakı;
  • 4. Şagirdlərin və müəllimlərin ümumi işə cəlb edilməsi, məktəb problemlərinin həllində və işin təşkilində səriştəlilik barədə məlumatlı olması;
  • 5. Məktəbin təhsil dəyərlərinin dərk edilməsinə ümumi yanaşmanın təmin olunmasına yönəlmiş davamlı iş (müzakirələr, mülahizələr, “dəyirmi masa”);
  • 6. Şagirdlər və müəllimlər arasında əməkdaşlıq və əlaqələr;
  • 7. Tədris metodu kimi dialoq və müzakirəyə əsaslanan iş;
  • 8. Nəzərdə tutulan nəticələrə gətirib çıxaran sərbəst razılaşdırılmış təlim fəaliyyətində hamının fəal iştirakı;
  • 9. Müəllimlərin və valideynlərin birgə əməkdaşlığının təmin olunması;
  • 10. Məktəb icmasının üzvü olan hər bir kəsin icmanın öhdəliklərinə bələd olması və qarşıya qoyulan məqsədə nail olmaq üçün birgə fəaliyyət göstərməsi;
  • 11. Hər bir üzvün icmanın daxili nizam-intizamına əməl etməsi;
  • 12. Şagirdlərə peşə yönümü, gələcək peşə seçiminə köməklik edilməsi;
  • 13. Valideynlərin məktəb həyatına cəlb edilməsi;
  • 14. Məktəb icmasının yaradılması və fəaliyyətinin təmin olunması üçün əlverişli şəraitin yaradılması.

 

Güclü məktəb-icma tərəfdaşlığını inkişaf etdirmək üçün strategiyalara daim diqqət yetirmək vacibdir. Belə ki, məktəb və icma arasında effektiv ünsiyyət əlaqələrinin qurulması və saxlanılması üçün hərtərəfli strategiya işlənilməsi və davamlı olaraq təkmilləşdirilməsi məqsədəuyğun sayılır. Buraya məktəb ərazisində və ya kənarda görüş yerlərinin yaradılması daxildir. Məktəblərdə  valideynlər və icma üzvlərinin  həm qeyri-rəsmi, həm də rəsmi görüşlərinin keçirilməsi, müzakirələrin təşkili, qərarların qəbul olunması üçün müvafiq şəraitin təmin olunması vacib məsələlər sırasındadır.

 

Məktəb və icma arasındakı tərəfdaşlıq münasibətlərinə dair siyasətin inkişafı və ya yenidən nəzərdən keçirilməsi həm müəllimlərin, həm də icma üzvlərinin fikirlərini əks etdirməlidir. Bu siyasət müəyyən edilmiş ehtiyacları və prioritetləri nəzərə almalı və tərəfdaşlıq sazişinin bağlanmasına töhfə verməlidir. Əlavə olaraq, fəaliyyət planları hazırlanmalı və müəyyən vaxt çərçivəsində müsbət nəticələrə nail olmaq üçün tələb olunan resurslarla birlikdə iştirakçılar məlumatlandırılmalıdır.  Plana effektiv tərəfdaşlıqların qurulması, davam etdirilməsi üçün təlim və digər dəstək tədbirləri daxil edilməlidir.

 

Təcrübə göstərir ki, məktəb və icma arasında əlaqələrin qurulması üçün məktəb rəhbərləri tərəfindən ağsaqqal və ya ağsaqqalların  təyin edilməsi məqsədəuyğundur. Məhz bu şəxslər  məktəb və icma nümayəndəsi kimi çıxış edərək mühüm əlaqələndirici funksiyanı yerinə yetirirlər.

 

Məktəblə icma arasında münasibətlər birgə inkişaf, məktəb və icma arasında effektiv qarşılıqlı informasiya və qarşılıqlı anlaşmanın dəstəklənməsinə istiqamətlənməlidir. Tərəflər arasındakı əlaqələrin əsas məqsədləri sırasında aşağıdakı məsələləri göstərmək olar:

  •  
  • - məktəblərin işi haqqında ictimaiyyətin məlumatlandırılması;
  • - valideynlər və müəllimləri birləşdirən tərəfdaşlıq konsepsiyasının təkmilləşdirilməsi;
  • - demokratiya şəraitində təhsilin vacibliyinə dair məlumatlılığın artırılması;
  • - cəmiyyətdə məktəbə möhkəm inam yaradılması;
  • - bütün şagirdlər üçün təhsil imkanlarının yaxşılaşdırılmasında ev, məktəb və icmanın inteqrasiyası;
  • - məktəbin məqsədləri və işi ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması;
  • - məktəb və onun icması  arasında davamlı əlaqələrin qurulması;
  • - məktəbin humanistləşdirilməsi və s.

 

Məktəb icmasının tərkibinə aşağıdakılar daxildir:

 

  • a) daxili icma (şadirdlər; müəllim heyəti; yardımçı heyət; mərkəzi ofisin əməkdaşları; təhsil şurası;)
  • b) xarici icma (valideyn; valideyn qrupları; vətəndaş qrupları; xidmət klubları; insan resursları)

 

Məktəb icmasının vəzifələri sırasında aşağıdakı məsələləri qeyd etmək olar:

 

  • - məktəbin fəaliyyətinin planlaşdırılmasında valideynlərin və ictimaiyyətin iştirakını asanlaşdırmaq;
  • - şagirdlərin öyrənməsi, onun ehtiyacları, resursları, dəstəkləri və istəkləri də daxil olmaqla, öz məktəb icması haqqında anlayışını inkişaf etdirmək;
  • - Məktəbin İnkişaf Planını hazırlamaq və həyata keçirmək üçün məktəb işçiləri ilə əməkdaşlıq etmək;
  • - hər il ailələr və icma üzvləri ilə onların fəaliyyətləri, əldə etdikləri nailiyyətlər haqqında məlumat və hesabat vermək;
  • - görülən işlərin icrası zamanı xərclədikləri maddi vəsaitin həcmi ilə əlaqədar açıq hesabat vermək.

 

Məktəb İcması Şurası aşağıdakılara məsləhət və tövsiyələr verə bilər:

 

- təhsil məsləhətləri (təhsil siyasəti, proqramlar və təhsil xidmətlərinin göstərilməsi);

- məktəb hüquqları, şagird davranış kodeksi, siniflərin təşkili, məktəbin idarə edilməsi;

- konkret müəllim tərəfindən təhsil xidmətlərinin göstərilməsi.

 

Ümumiyyətlə, məktəb icmasının təşkilində, onun fəaliyyətində  müasir yanaşmaların nəzərə alınması təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə, şəxsiyyətin formalaşdırılması və inkişafına ciddi təsir baxımından əhəmiyyətlidir. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcılllığı, davamlılığı məqsədəuyğundur.

 

 

İntiqam CƏBRAYILOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor