Məktəb icması və onun Azərbaycan şəraitində formalaşdırılması | |
Təhsil tarixindən məlumdur ki, məktəb hər zaman təlim və tərbiyə ocağı hesab edilmişdir. Bütün dövrlərdə formalaşan yeni nəslə elmlərin əsaslarının öyrədilməsi, onların müstəqil həyata hazırlanması kimi mühüm işlərin həyata keçirilməsində məktəbin böyük xidmətləri olmuşdur. Dünya ölkələrində olduğu kimi, Azərbaycan məktəbləri də bu istiqamətdə işlərini indi də uğurla davam etdirir.
Təcrübə göstərir ki, müasir dövrdə məktəbin fəaliyyəti daha da genişlənir, öhdəlikləri də getdikcə artır. Bu da ilk növbədə cəmiyyətin tələbatlarının artması, qloballaşma dövrünün çağırışları, yeni informasiya texnologiyaları ilə bilavasitə bağlıdır. Cəmiyyətin inkişafının indiki mərhələsində müasir, hərtərəfli, cəmiyyət üçün daha böyük faydalar verə bilən şəxsiyyətlərin formalaşdırılmasına ehtiyac çoxdur. Belə şəxsiyyətlərin yetişdirilməsi isə məktəblə, təlim-tərbiyə işi ilə birbaşa bağlıdır.
Elmi araşdırmalar və tarixi təcrübə göstərir ki, cəmiyyətdə demokratik prinsiplərə əməl olunması, sosial fəallığın və məsuliyyətin artması inkişafın davamlı xarakter almasında mühüm rol oynayır. Bu baxımdan, qarşılıqlı əməkdaşlıq münasibətləri zəminində ən doğru model kimi Avropa və Amerikada mövcud olan və təhsilə “məktəb icması” adlanan yanaşmanı nümunə olaraq təqdim edə bilərik.
Fikrimizcə, aşağıdakı suallara cavab verməklə müasir şəraitdə məktəb icmasının mahiyyəti, fəaliyyəti ilə tanış olmaq və onu səmərəli təşkil etməkmümkündür:
Məktəb icması nədir?
İlk növbədə, məktəb icması nədir? sualına aydınlıq gətirməyə ehtiyac vardır. Qeyd etməliyik ki, “məktəb icması” anlayışı Amerika pedaqogikasında və təhsil psixologiyasında bir neçə onilliklər əvvəl yaranmışdır. Avropa və Amerikada məktəb islahatları zamanı bu yanaşma geniş yayılmış və hazırda cəmiyyətin və məktəbin həyatında aparıcı yer tutur. O, demokratiya, kollegiallıq, məktəb səmərəliliyi, situasiya liderliyi, şagird və müəllimlərin bir-biri ilə qarşılıqlı əməkdaşlığı prinsiplərinə əsaslanır. Buraya həm nəticələr, həm də öyrənmə, yəni şagirdlərin biliklərə yiyələnməsi, tədris prosesi, müəllimin fəaliyyəti aid edilir.
Məktəbə nə üçün icma lazımdır sualı da düşündürücüdür. Qeyd edək ki, cəmiyyət ayrı-ayrı fərdlərdən ibarət olduğu kimi, məktəb icması da ayrı-ayrı sosial statusa malik insanların birgə, bir məqsəd üçün əməkdaşlığı formasıdır. Məktəb icması, bir qayda olaraq, öz daxilində insanları birləşdirir, bu da öyrətmək və öyrənmək üçün müəyyən motivasiyanın yaranmasına təsir göstərir. Burada ortaq öyrənmə məqsədləri və əməkdaşlığı təmin edilir. Öyrənmə məqsədlərinin bölüşdürülməsi və əməkdaşlıq imkanlarının təmin edilməsi isə nəticədə bütün məktəb icması arasında hesabatlılığı artırır.
Şagird nailiyyətlərinə və şəxsi inkişafına təsiri
Məktəb icması şagird nailiyyətlərinə və şəxsi inkişafına necə təsir edir? sualı da maraq doğurur.
Məlumdur ki, təhsil və tərbiyə prosesinin əsas məqsədləri sırasında şagirdlərə bilikləri, münasibət və təfəkkür üslublarını, normaları, dəyərləri, istək və fəaliyyət modellərini ötürməklə, onları cəmiyyətdə gələcək müstəqil həyata hazırlamaq məsələləri dayanır. Məktəb icması səviyyəsində olan münasibətlər şagirdlərə sözdə deyil, əməldə demokratik münasibətlər modelini formalaşdırır. Belə bir icmanın yaradılması təlim nəticələrini yaxşılaşdırır, bütün məktəb üçün dəstəyi, əməkdaşlığı, şagirdlərin inkişafını və qavrama səviyyəsini, analiz - sintez etmək, nəticə çıxarmaq bacarığını və öyrənmə imkanlarını artırır.
Müasir dövrdə məktəblərdə birgə rəqəmsal öyrənmə mühitinin təkmilləşdirilməsi də vacibdir. Bu da şagirdlərin təlim materiallarını əldə etmək, onlarla qarşılıqlı əlaqəliliyi, əməkdaşlığı formalaşdırmaq və rəy almaq üçün daha çox imkanlar qazanmağa zəmin yaradır. Fərdiləşdirilmiş öyrənmə mühitinin təşkil edilməsi nəticəsində hər bir şagird üçün fərdi öyrənmə mühitini yaratmaq mümkündür. Belə ki, şagirdlər heç də eyni şəkildə və ya eyni sürətlə öyrənmirlər.
Məktəb icmasının bütün üzvləri öyrənmə prosesində, problemlərin həllində və şagirdlərin öyrənmə məqsədlərinə töhfə verməsində rol oynayırlar.
Maraq doğuran digər suallardan biri də belədir: Məktəb icmasının genişlənməsi və məqsədəuyğun fəaliyyəti üçün maraqlı tərəfləri əməkdaşlığa necə cəlb etmək olar?
Qeyd etməliyik ki, məktəb icması əməkdaşlığı, şagirdlərin və müəllimlərin problemlərinin yaradıcı həllində qarşılıqlı əlaqəni, əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlığın şəffaf və demokratik prinsiplərlə təmin olunması, nəticələrin obyektiv qiymətləndirilməsi, görüləcək işlərin aydınlığı və konkretliyi nəticədə bütövlükdə icmaya marağı və inamı təmin edir. İcmaya inam isə onun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə zəmin hazırlayır.
Məktəb icma üzvlərinin fəaliyyəti
Mühüm suallardan biri də məktəb icma üzvlərinin fəaliyyətinin nədən ibarət olması ilə bağlıdır.
Müvafiq qaydalara uyğun olaraq məktəb icmasının üzvləri bir-birləri üçün məsuliyyət daşıyır, intellektual öyrənmə mühitini təmin edir və ümumiyyətlə, cəmiyyətin bütün üzvlərinin təmsil olunduğu sağlam sosial mühit yaradırlar. Təcrübə göstərir ki, məktəbin rifahına sərmayə qoyan müəssisələr, fərdlər, seçilmiş nümayəndələr, xeyriyyə təşkilatları və məhəllələri də məktəb icmasının bir hissəsi sayıla bilər. İcmanın təşkilinə belə yanaşma da onun fəaliyyətinin çevik tənzimlənməsi baxımından əhəmiyyətlidir.
Məktəb icmasında üzvlərin hər birinin səlahiyyətləri çərçivəsində məsuliyyətləri vardır. Məsələn, məktəb rəhbərlərinin fəaliyyətinə icmaya lazımi dəstəyin göstərilməsi, icma üzvlərinin fəaliyyətinin müntəzəm izlənilməsi, aylıq və illik hesabatların dinlənilməsi, müvafiq tapşırıqların verilməsi və şəraitin təmin olunması daxildir.
Müəllimlərin fəaliyyət dairəsi də genişdir. Məlumdur ki, müəllimlər məktəbdə oxuyan bütün şagirdlərdən ötrü kollektiv şəkildə məsuliyyət daşıyırlar. Onlar məktəb icması daxilində bütün şagirdlərin inkişafına nail olmaq, təkmilləşdirilmiş təhsil istiqamətində işləmək məqsədi daşıyan peşəkarlardır. Müəllimlər şagirdlərə təhsil məqsədlərinə çatmaqda yol göstərir, mentor kimi çıxış edir, şagirdlərin böyüməsi və inkişafı üçün dəstəkləyici mühiti formalaşdırırlar.
Məktəb icmasının mühüm komponentlərindən biri də valideynlərdir. Onlar öyrənməyə kömək məqsədilə evdə balanslı ailə həyatı və ideal şəraitin təmin edilməsi üçün səy göstərməlidirlər. Valideynlərin fəaliyyətində şagirdlərə ev tapşırıqlarını yerinə yetirməkdə kömək, məktəb qərarları və idarəetmə üçün müəllimlərlə əməkdaşlıqməsələləri mühüm yer tutur.
Məktəb icmasında şagirdlərin fəaliyyəti də keyfiyyətin təmin olunmasına təsir göstərən mühüm amillərdəndir. Şagirdlər məktəb icmasının daxili nizam - intizamını gözləməli, öhdəliklərini aydın dərk etməli, icma üzvləri ilə əlaqə saxlamalı, çətinlik çəkdiyi hər hansı bir vəziyyətdə icmanın dəstəyindən istifadəni bacarmalı, öz həmyaşıdları və məktəbin şagird kontingenti arasında icmanın fəaliyyəti ilə əlaqəli məlumat verməlidirlər.
Səmərəli fəaliyyət üçün münasibətlər necə qurulmalıdır?
Məktəb icmasının səmərəli fəaliyyətinin təmin olunması üçün rəhbərlər, müəllimlər, şagirdlər, valideynlər və maraqlı tərəflər ilə münasibətləri necə qurmaq olar? Elmi araşdırmalar göstərir ki, məktəb icmasının üzvləri olan məktəb rəhbərlərinin, müəllimlərin, valideynlərin, şagirdlərin və maraqlı tərəflərin fəaliyyətində aşağıda qeyd olunan cəhətlərin nəzərə alınması vacibdir:
Güclü məktəb-icma tərəfdaşlığını inkişaf etdirmək üçün strategiyalara daim diqqət yetirmək vacibdir. Belə ki, məktəb və icma arasında effektiv ünsiyyət əlaqələrinin qurulması və saxlanılması üçün hərtərəfli strategiya işlənilməsi və davamlı olaraq təkmilləşdirilməsi məqsədəuyğun sayılır. Buraya məktəb ərazisində və ya kənarda görüş yerlərinin yaradılması daxildir. Məktəblərdə valideynlər və icma üzvlərinin həm qeyri-rəsmi, həm də rəsmi görüşlərinin keçirilməsi, müzakirələrin təşkili, qərarların qəbul olunması üçün müvafiq şəraitin təmin olunması vacib məsələlər sırasındadır.
Məktəb və icma arasındakı tərəfdaşlıq münasibətlərinə dair siyasətin inkişafı və ya yenidən nəzərdən keçirilməsi həm müəllimlərin, həm də icma üzvlərinin fikirlərini əks etdirməlidir. Bu siyasət müəyyən edilmiş ehtiyacları və prioritetləri nəzərə almalı və tərəfdaşlıq sazişinin bağlanmasına töhfə verməlidir. Əlavə olaraq, fəaliyyət planları hazırlanmalı və müəyyən vaxt çərçivəsində müsbət nəticələrə nail olmaq üçün tələb olunan resurslarla birlikdə iştirakçılar məlumatlandırılmalıdır. Plana effektiv tərəfdaşlıqların qurulması, davam etdirilməsi üçün təlim və digər dəstək tədbirləri daxil edilməlidir.
Təcrübə göstərir ki, məktəb və icma arasında əlaqələrin qurulması üçün məktəb rəhbərləri tərəfindən ağsaqqal və ya ağsaqqalların təyin edilməsi məqsədəuyğundur. Məhz bu şəxslər məktəb və icma nümayəndəsi kimi çıxış edərək mühüm əlaqələndirici funksiyanı yerinə yetirirlər.
Məktəblə icma arasında münasibətlər birgə inkişaf, məktəb və icma arasında effektiv qarşılıqlı informasiya və qarşılıqlı anlaşmanın dəstəklənməsinə istiqamətlənməlidir. Tərəflər arasındakı əlaqələrin əsas məqsədləri sırasında aşağıdakı məsələləri göstərmək olar:
Məktəb icmasının tərkibinə aşağıdakılar daxildir:
Məktəb icmasının vəzifələri sırasında aşağıdakı məsələləri qeyd etmək olar:
Məktəb İcması Şurası aşağıdakılara məsləhət və tövsiyələr verə bilər:
Ümumiyyətlə, məktəb icmasının təşkilində, onun fəaliyyətində müasir yanaşmaların nəzərə alınması təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə, şəxsiyyətin formalaşdırılması və inkişafına ciddi təsir baxımından əhəmiyyətlidir. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcılllığı, davamlılığı məqsədəuyğundur.
İntiqam CƏBRAYILOV, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor
|
|
20.05.2022 | 11:30 | |
|
|
|