23 aylıq fəaliyyətin nəticəsində 637 ibtidai, 23 orta ixtisas və 1 ali məktəb
“...Hürriyyət!... O nə qüvvədir ki, yalnız zikri belə inşirahi-dərunə, səfayi-qəlbə baqi oluyor. Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyata sövq eliyor!... Yalnız zikrini eşidən insanların qanadlanıb uçacaqları, balalara pərvaz edəcəkləri gəliyor!... O nə qüvvədir ki, onun yolunda neçə-neçə fikirlər, zəkalar, dühalar... hər növ iztirabları, hər növ əza və cəfayi qəbul etdilər...”.
Əlibəy Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetində belə yazırdı.
Azadlıq! Bəli, elə bir şirin neymət ki, onu dadan heç vaxt əsarəti qəbul etməz. Azadlıq! İnsana elə bir qürur verir ki, zəif vücudlar belə əyilməz, nəhəng, azman olur. Azadlıq! Elə bir amal ki, yolunda ölmək belə ölümsüzlük yaradır.
Azərbaycan xalqının tarixin keşməkeşli, qanlı döngələrində başına nələr gəlmədi?! Yaranışdan mərd, məğrur, yenilməz olan türksoylu xalqımız öz döyüşkənliyi, çərçivələrə sığmazlığı ilə tanındı. Belə bir xalq buxovu, qandalı, əsarəti qəbul edə bilməzdi. Gözəl bir deyim var: “Türk qılıncı parlayanda tarixə istiqlal yazır”.
Qəhrəmanlıq səmalarında qanad çalan azad bir qartal qəfəsdə yaşaya bilməz.
Səmanın ənginlikləri uçmağı bacaranlar üçündür. Ancaq böyük güclərin tamah və hakimiyyət hərisliyi öz sözünü dedi: Şah babamız Şah İsmayıl Xətainin yaratdığı böyük bir dövlət xırda-xırda tikələrə bölündüyündən xalqımızın tarixinə qanla yazılan Gülüstan və Türkmənçay müqavilələri azadlığımızı əlimizdən aldı. 2 əsrə qədər rus əsarətində olduq. Dərdimizi, qarğışımızı araya sərhəd kimi düşüb vətəni bölən Araza-günahsız bir çaya ünvanladıq, haray çəkdik:
Ulduzları saya-saya,
İnsanlar yol açır Aya,
Mənim bu taydan o taya
Əlim çatmır sənə, qardaş.
Haqsızlıqların qurbanı olduq, sərvətimiz talandı, dilimiz, mənəviyyatımız, cismimiz əsarət altında oldu. Təkcə ruhumuzu, azad doğulub azad yaşamış xalqın ruhunu əsir etmək mümkün olmadı. Kül altında gizli-gizli közərən qığılcımlar 1918-ci ildə alova çevrildi. Xalq öz müstəqilliyinə qovuşdu. Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti quruldu.
Yeni yaranan milli dövlət hansı çətinliklərlə üzləşdi, nələrdən keçdi, bunu tariximizin şanlı səhifələrindən öyrənə bilsək də, bu günlərdə 100 illik yubileyini qeyd etdiyimiz AXC-nin 23 aylıq hakimiyyəti dövründə görülən işləri sadalamağa başlasaq, bu işlərin 23 aya necə sığdığını tam mənası ilə təsəvvür edə bilmərik. Dağılan, istismar olunan iqtisadiyyatı bərpa etmək, düşmənlərdən (təkcə əsarətinə qarşı çıxdığı rus imperiyasının deyil, həm də onların əlaltıları - evimizin içindəki qaniçənlərdən - ermənilərdən) qorumaq üçün ordu quruculuğundan, Azərbaycanın səsini dünyada eşitdirmək üçün siyasi durumu möhkəmlətməkdən , mədəniyyətin müxtəlif sahələrinin inkişafına təkan verməkdən və ən əsası təhsil sistemini yenidən qurmaqdan ibarət olan çox vacib işlərin həyata keçirilməsi gərgin əmək, yorulmaz fəaliyyət, məsuliyyətli təşkilatçılıq tələb edirdi. Bunların öhdəsindən gəlmək üçün insanın ürəyində vətən, xalq sevgisi olmalıydı. M.Ə.Rəsulzadənin, F.Köçərlinin, F.Xoyskinin, Ə.Şıxlinskinin və daha kimlərin, kimlərin ürəyindəki sevgi kimi.
Hər hansı bir dövlətin gələcəyə yolu düzgün qurulmuş təhsil sistemindən keçir. Yeni qurulan dövlətin ilk işlərindən biri də elə bu oldu. Əsarətdə olduğu dövrdə Azərbaycanda böyük şəhərlərdə rus məktəbləri, rusdilli təhsil mövcud idi. Bir də ayrı-ayrı vətənpərvərlərin çətinliklərlə, mübarizə apara-apara açdığı məktəblər.
1918-ci il mayın 28-də qurulan respublikanın vətənpərvər başçılarının ilk qərarlarından biri Xalq Maarif Nazirliyini yaratmaq və məktəbləri milliləşdirmək (28 avqust 1918-ci il) oldu. Həmin ilin 27 iyun tarixli qərarına əsasən isə Azərbaycan dili dövlət dili elan olundu. Beləliklə, bütün ibtidai siniflərdə təhsil ana dilində həyata keçirilməyə başlandı. Bakı, Gəncə, Şuşa, Qazax kimi böyük şəhərlərdə pedaqoji kadrlar yetişdirmək məqsədilə pedaqoji kurslar fəaliyyətə başladı. “Nina” qızlar məktəbi qızlar üçün gimnaziya ilə əvəz olundu. 23 aylıq hakimiyyəti dövründə AXC hakimiyəti 637 ibtidai, 23 orta ixtisas və 1 ali məktəb açdı.
Bir ali məktəb - Bakı Dövlət Universiteti idi, 1919-cu il 15 noyabrda bu ali məktəbdə dərslər başlandı. Ali təhsil almaq üçün ürəyi alışıb-yanan, ancaq xaricdə oxumaq üçün maddi imkanı olmayan və “daşa dönmüşlərə əks eyləmədi fəryadım” deyərək arzusunu ürəyinin dərinliklərində gizlədən gənclərin qarşısında elmə gedən yol açıldı. Vaxtilə Moskva, Sankt-Peterburq, Kiyev, Odessa şəhərlərində rus dilində, İstanbulda türkcə, Fransada fransız dilində təhsil alan Vəzirovlar, Haqverdiyevlər, Nərimanovlar, Hüseynzadələr, Çəmənzəminlilər, Zərdabilər vətənimizin ilk ali təhsil ocağının açılmasını, görəsən, nə qədər arzulamışdılar ?!
Bakı Dövlət Universitetinin açılması haqqında qərar veriləndə hamını bir sual düşündürürdü: “Görəsən, təhsil hansı dildə olacaq? Deyilənə görə, bu münasibətlə keçirilən iclasda ali məktəbin ilk qaranquşları-tələbələr və müəllim heyəti iclas zalında oturub həyəcanla çıxış edənləri dinləyir, müzakirədə iştirak edirdilər. İclasın gedişində rəyasətdə oturmuş İvanov soyadlı bir rus professoru söz alıb təklif edir ki, təhsil rus dilində olsun. Fikrini belə əsaslandırır ki, Azərbaycanın ali məktəbində Azərbaycan dilində dərs deyə biləcək öz milli kadrları yoxdur. Əgər təhsil rus dilində olsa, Rusiyadan alimlər dəvət eləmək olar (Yenə də Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən, bu xalqın torpağına, sərvətinə göz dikənlərin, təhsilmizə təcavüzü deyildimi İvanovun təklifi?). Özündən müştəbeh İvanov qalib kimi yerinə keçir. Zaldakıların başına sanki su ələnir. Öz ana dilində dərs deməyi, öz ana dilində təhsil almağı arzulayan azərbaycanlıların ürəyi qan ağlayır. Başları sinələrinə əyilir. Elə bu zaman onu tanıyanların nəzərində savadlı olduğu kimi, həm də vətənpərvər olan Şaxtaxtlı (adını bilmirəm) soyadlı bir müəllim ayağa durur. Söz alıb xitabət kürsüsünə çıxanda bayaqdan ümidsizliklə susanların üzündə canlanma yaranır. Bilirlər ki, dağdan ağır bu ziyalı bir çıxış yolu tapacaq.
Şaxtaxtlı sözə başlayıb beş dəqiqə ingilis dilində danışır. Üzünü İvanova tutub soruşur:
- Məni başa düşdünüz?
İvanov: “yox” deyir. Bu dəfə natiq beş dəqiqə alman dilində danışır. Yenə İvanovdan soruşur:
- Məni başa düşdünüz?
İvanov “yox” mənasında başını yelləyir, 3-cü dəfə fransızca danışıb yenə İvanova müraciət edir:
- İndi necə, məni anladınız?
Qəzəbindən çuğundur kimi qızaran İvanov dinmir. Bu dəfə rus dilində danışan Şahtaxtlı yenə də üzünü İvanova tutub:
- İndi məni başa düşdünüz, - deyir.
Təbii ki, İvanov onu başa düşmüşdü. “Azərbaycanın elmi potensialı, ali məktəbdə dərs deyəcək elmi kadrları yoxdur” deyən və çörəyini yeyib, suyunu içdiyi xalqa həqarətlə baxan bu dırnaqarası alim, demək olar ki, bir neçə dildə dərsini alır və bu Azərbaycan oğlunun, Azərbaycan ziyalısının qarşısında “yox” sözündən başqa heç nə deyə bilmir. Nə desin, axı ? Onda gərək etiraf edəydi ki, balaca sandıqları bu xalqın necə böyük övladları var.
Bütün salon xitabət kürsüsündən düşən alimi ayaq üstə alqışlayır. Hamının nəzərində o, bir qəhrəman idi: Təhsilin Azərbaycan dilində olub-olmaması sanki arxa plana keçmişdi . Hamı ancaq bir şeydən məmnun idi: xalqımıza xor baxanlar öz layiqli cavablarını aldılar.
Təhsilin ana dilində olması haqqında qərar qəbul olundu . Üçrəngli bayrağın dalğalandığı binada öz doğma dilində, öz doğma vətənində təhsil alanların sevinci sonsuz idi. Tələbələrin istifadəsi üçün həmin ilin martında ilk böyük kitabxana açıldı, 89 adda qəzet və jurnal nəşr olundu.
Təhsilin əsas sütunu dərsliklərin yazılması və nəşri işi də nəzərdən qaçmamışdı. Yaradilan dərslik komissiyasının tərkibinə dövrün tanınmış ziyalıları H.Cavid, A.Şaiq, M.Mahmudbəyov, C.Cəbrayılbəyli daxil edilmişdilər. İşlər yavaş-yavaş qaydasına düşür, müstəqil respublikanın addımları daha möhtəşəm, daha inamlı olurdu. Ancaq, təəssüf ki, müstəqilliyimiz yenə də Rusiyanın qırmızı terrorunun qurbanı oldu. Ürəyində Vətən eşqi olanların repressiyası başlandı. Bu dəfə düşmən ruhumuza əl uzatdı, dilimiz, dinimiz əsarət altına alındı. Bizi soy-kökümüzdən qoparmağa cəhd etdilər. Yenə əsarət, qadağalar, zorakılıq... Ancaq unutdular ki, “bir kərə yüksələn bayraq bir daha enməz ” və azadlığı bir dəfə dadanlar daha qul ola bilməzlər. Olmadılar da. 1991-ci ildə müstəqilliyimiz bərpa olundu . Müstəqil Azərbaycanımız müstəqilliyini bütün dünyaya bəyan etdi. Artıq böyük güclər Azərbaycanla razılaşmaq məcburiyyətində qaldılar. Elmimiz, mədəniyyətimiz, siyasətimiz Vətənin sərhədlərindən uzaqlarda belə bəyənildi, qəbul olundu. Artıq dünya xalqlarının leksikonunda “Azərbaycan” sözü tez-tez işlənir.
Elmira ALLAHVERDİYEVA,
Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi