“Türk qılıncı parlayanda tarixə istiqlal yazır”

“...Hürriyyət!... O nə qüvvədir ki, yalnız  zikri  belə inşirahi-dərunə, səfayi-qəlbə baqi  oluyor.  Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyata sövq  eliyor!... Yalnız  zikrini  eşidən  insanların qanadlanıb uçacaqları, balalara  pərvaz  edəcəkləri  gəliyor!... O nə  qüvvədir  ki, onun  yolunda  neçə-neçə  fikirlər, zəkalar, dühalar... hər  növ  iztirabları, hər  növ  əza  və  cəfayi qəbul  etdilər...”.

 

Əlibəy  Hüseynzadə  1905-ci ildə  “Həyat” qəzetində belə  yazırdı.

 

Azadlıq! Bəli, elə  bir şirin neymət  ki, onu dadan heç  vaxt əsarəti  qəbul  etməz. Azadlıq! İnsana elə bir  qürur  verir  ki, zəif  vücudlar belə əyilməz, nəhəng, azman olur. Azadlıq! Elə  bir  amal  ki, yolunda ölmək belə ölümsüzlük  yaradır.

 

Azərbaycan  xalqının  tarixin  keşməkeşli, qanlı döngələrində başına  nələr  gəlmədi?! Yaranışdan  mərd, məğrur, yenilməz  olan türksoylu  xalqımız  öz  döyüşkənliyi,  çərçivələrə  sığmazlığı ilə  tanındı. Belə  bir xalq  buxovu, qandalı, əsarəti  qəbul edə bilməzdi. Gözəl  bir  deyim  var:  “Türk  qılıncı  parlayanda tarixə  istiqlal  yazır”.

 

Qəhrəmanlıq  səmalarında  qanad  çalan azad  bir  qartal qəfəsdə  yaşaya  bilməz.

 

Səmanın ənginlikləri  uçmağı  bacaranlar  üçündür. Ancaq böyük  güclərin tamah və hakimiyyət   hərisliyi  öz sözünü dedi: Şah babamız  Şah  İsmayıl  Xətainin  yaratdığı   böyük  bir  dövlət  xırda-xırda  tikələrə  bölündüyündən   xalqımızın  tarixinə  qanla  yazılan  Gülüstan  və  Türkmənçay  müqavilələri  azadlığımızı  əlimizdən  aldı. 2 əsrə qədər  rus  əsarətində  olduq. Dərdimizi, qarğışımızı  araya sərhəd  kimi  düşüb  vətəni  bölən  Araza-günahsız  bir çaya  ünvanladıq, haray çəkdik: 

 

Ulduzları  saya-saya,

İnsanlar  yol açır  Aya,

Mənim  bu  taydan o taya

Əlim  çatmır  sənə, qardaş.

 

Haqsızlıqların  qurbanı olduq, sərvətimiz  talandı, dilimiz, mənəviyyatımız, cismimiz əsarət  altında  oldu. Təkcə  ruhumuzu, azad doğulub azad yaşamış xalqın ruhunu əsir etmək mümkün olmadı. Kül altında gizli-gizli közərən qığılcımlar 1918-ci ildə alova çevrildi. Xalq öz müstəqilliyinə qovuşdu. Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

 

Yeni yaranan  milli  dövlət  hansı çətinliklərlə  üzləşdi, nələrdən  keçdi, bunu  tariximizin  şanlı  səhifələrindən  öyrənə  bilsək də, bu günlərdə  100  illik  yubileyini  qeyd  etdiyimiz  AXC-nin  23 aylıq  hakimiyyəti  dövründə  görülən  işləri  sadalamağa  başlasaq, bu  işlərin 23 aya necə  sığdığını tam  mənası  ilə  təsəvvür  edə  bilmərik. Dağılan, istismar  olunan  iqtisadiyyatı bərpa etmək, düşmənlərdən (təkcə əsarətinə qarşı  çıxdığı  rus  imperiyasının  deyil, həm də  onların əlaltıları - evimizin içindəki  qaniçənlərdən - ermənilərdən) qorumaq  üçün  ordu  quruculuğundan, Azərbaycanın səsini dünyada  eşitdirmək üçün siyasi  durumu  möhkəmlətməkdən , mədəniyyətin  müxtəlif  sahələrinin  inkişafına  təkan  verməkdən və  ən  əsası  təhsil sistemini yenidən qurmaqdan  ibarət  olan çox  vacib  işlərin  həyata  keçirilməsi  gərgin  əmək, yorulmaz  fəaliyyət, məsuliyyətli  təşkilatçılıq   tələb edirdi. Bunların  öhdəsindən  gəlmək  üçün  insanın ürəyində  vətən, xalq  sevgisi  olmalıydı. M.Ə.Rəsulzadənin, F.Köçərlinin, F.Xoyskinin, Ə.Şıxlinskinin  və  daha  kimlərin, kimlərin  ürəyindəki  sevgi  kimi.

 

Hər  hansı bir dövlətin gələcəyə yolu  düzgün qurulmuş  təhsil  sistemindən keçir. Yeni qurulan  dövlətin  ilk işlərindən biri  də  elə  bu  oldu. Əsarətdə olduğu dövrdə  Azərbaycanda  böyük  şəhərlərdə rus məktəbləri, rusdilli təhsil mövcud idi. Bir də ayrı-ayrı  vətənpərvərlərin çətinliklərlə, mübarizə apara-apara  açdığı məktəblər.

 

1918-ci il  mayın  28-də  qurulan  respublikanın  vətənpərvər  başçılarının  ilk qərarlarından  biri Xalq  Maarif  Nazirliyini  yaratmaq və məktəbləri milliləşdirmək (28 avqust  1918-ci il) oldu. Həmin ilin 27 iyun  tarixli  qərarına  əsasən  isə Azərbaycan  dili  dövlət dili elan  olundu. Beləliklə, bütün ibtidai siniflərdə  təhsil  ana  dilində  həyata keçirilməyə başlandı. Bakı, Gəncə, Şuşa, Qazax  kimi böyük  şəhərlərdə  pedaqoji kadrlar yetişdirmək  məqsədilə   pedaqoji  kurslar  fəaliyyətə  başladı. “Nina” qızlar məktəbi qızlar üçün  gimnaziya ilə əvəz olundu. 23 aylıq  hakimiyyəti  dövründə AXC hakimiyəti  637 ibtidai, 23 orta  ixtisas və 1 ali məktəb açdı.

 

Bir ali məktəb - Bakı  Dövlət Universiteti idi, 1919-cu il 15 noyabrda  bu ali məktəbdə dərslər başlandı. Ali təhsil  almaq üçün ürəyi alışıb-yanan, ancaq xaricdə  oxumaq üçün  maddi  imkanı  olmayan  və “daşa dönmüşlərə   əks eyləmədi  fəryadım” deyərək arzusunu  ürəyinin dərinliklərində gizlədən gənclərin  qarşısında  elmə gedən  yol açıldı. Vaxtilə  Moskva, Sankt-Peterburq, Kiyev, Odessa şəhərlərində  rus dilində, İstanbulda  türkcə, Fransada  fransız  dilində  təhsil alan Vəzirovlar, Haqverdiyevlər, Nərimanovlar, Hüseynzadələr, Çəmənzəminlilər, Zərdabilər  vətənimizin ilk  ali təhsil ocağının açılmasını, görəsən, nə qədər  arzulamışdılar ?!

 

Bakı Dövlət Universitetinin açılması haqqında  qərar  veriləndə hamını bir sual düşündürürdü: “Görəsən,  təhsil hansı  dildə olacaq? Deyilənə görə, bu münasibətlə  keçirilən  iclasda  ali məktəbin  ilk qaranquşları-tələbələr və müəllim heyəti  iclas zalında  oturub həyəcanla  çıxış edənləri  dinləyir, müzakirədə  iştirak edirdilər. İclasın  gedişində rəyasətdə oturmuş İvanov  soyadlı bir rus  professoru söz alıb təklif edir ki, təhsil rus dilində olsun. Fikrini belə əsaslandırır ki, Azərbaycanın ali məktəbində Azərbaycan  dilində dərs deyə biləcək  öz milli kadrları yoxdur. Əgər  təhsil rus dilində olsa, Rusiyadan alimlər dəvət eləmək olar (Yenə də Azərbaycanın müstəqilliyi  ilə barışa bilməyən, bu xalqın  torpağına, sərvətinə  göz dikənlərin, təhsilmizə  təcavüzü  deyildimi İvanovun təklifi?). Özündən müştəbeh  İvanov qalib  kimi  yerinə keçir. Zaldakıların  başına sanki  su ələnir. Öz  ana dilində  dərs deməyi, öz ana dilində təhsil almağı arzulayan azərbaycanlıların ürəyi qan ağlayır. Başları sinələrinə  əyilir. Elə bu zaman  onu tanıyanların  nəzərində savadlı  olduğu kimi, həm də vətənpərvər olan Şaxtaxtlı (adını bilmirəm) soyadlı bir müəllim  ayağa durur. Söz alıb xitabət  kürsüsünə  çıxanda  bayaqdan  ümidsizliklə  susanların  üzündə  canlanma  yaranır. Bilirlər ki, dağdan ağır  bu ziyalı  bir çıxış yolu tapacaq.

 

Şaxtaxtlı  sözə başlayıb  beş dəqiqə  ingilis dilində  danışır. Üzünü İvanova  tutub soruşur:

- Məni başa düşdünüz?

İvanov: “yox” deyir. Bu dəfə  natiq  beş dəqiqə  alman  dilində  danışır. Yenə İvanovdan  soruşur:

- Məni  başa  düşdünüz?

İvanov  “yox”  mənasında başını  yelləyir, 3-cü dəfə  fransızca danışıb yenə  İvanova müraciət  edir:

- İndi  necə, məni  anladınız?

Qəzəbindən  çuğundur kimi qızaran  İvanov  dinmir. Bu  dəfə  rus  dilində  danışan Şahtaxtlı  yenə də  üzünü  İvanova  tutub:

- İndi  məni başa düşdünüz, - deyir.

 

Təbii ki, İvanov  onu  başa  düşmüşdü.  “Azərbaycanın elmi potensialı, ali  məktəbdə  dərs deyəcək elmi  kadrları  yoxdur” deyən və  çörəyini  yeyib, suyunu  içdiyi  xalqa  həqarətlə  baxan bu  dırnaqarası  alim, demək  olar  ki, bir neçə  dildə dərsini alır və  bu  Azərbaycan  oğlunun, Azərbaycan  ziyalısının  qarşısında “yox” sözündən  başqa  heç  nə deyə  bilmir. Nə  desin, axı ? Onda  gərək  etiraf  edəydi  ki, balaca  sandıqları  bu xalqın  necə  böyük  övladları  var.

 

Bütün  salon  xitabət  kürsüsündən  düşən  alimi  ayaq  üstə  alqışlayır. Hamının nəzərində o, bir qəhrəman  idi: Təhsilin  Azərbaycan  dilində olub-olmaması sanki  arxa  plana  keçmişdi . Hamı  ancaq bir  şeydən  məmnun  idi:  xalqımıza xor  baxanlar  öz layiqli  cavablarını  aldılar.

 

Təhsilin  ana  dilində olması  haqqında qərar  qəbul  olundu . Üçrəngli  bayrağın  dalğalandığı  binada öz  doğma  dilində, öz  doğma  vətənində  təhsil  alanların sevinci sonsuz  idi. Tələbələrin  istifadəsi  üçün həmin  ilin  martında ilk  böyük kitabxana  açıldı, 89 adda  qəzet və  jurnal  nəşr  olundu.

 

Təhsilin  əsas  sütunu  dərsliklərin  yazılması  və nəşri  işi  də  nəzərdən  qaçmamışdı. Yaradilan  dərslik  komissiyasının  tərkibinə  dövrün  tanınmış ziyalıları H.Cavid, A.Şaiq, M.Mahmudbəyov, C.Cəbrayılbəyli  daxil  edilmişdilər. İşlər  yavaş-yavaş  qaydasına  düşür, müstəqil  respublikanın   addımları daha möhtəşəm, daha  inamlı  olurdu. Ancaq, təəssüf ki, müstəqilliyimiz  yenə  də  Rusiyanın  qırmızı  terrorunun  qurbanı oldu. Ürəyində  Vətən  eşqi  olanların repressiyası başlandı. Bu  dəfə düşmən  ruhumuza əl  uzatdı, dilimiz, dinimiz əsarət  altına  alındı. Bizi  soy-kökümüzdən  qoparmağa  cəhd  etdilər. Yenə  əsarət, qadağalar,  zorakılıq... Ancaq  unutdular  ki, “bir  kərə  yüksələn  bayraq bir  daha  enməz ” və  azadlığı  bir dəfə dadanlar  daha qul ola  bilməzlər. Olmadılar  da. 1991-ci  ildə  müstəqilliyimiz  bərpa  olundu . Müstəqil  Azərbaycanımız müstəqilliyini   bütün  dünyaya  bəyan  etdi. Artıq  böyük  güclər  Azərbaycanla  razılaşmaq  məcburiyyətində  qaldılar.  Elmimiz, mədəniyyətimiz,  siyasətimiz  Vətənin  sərhədlərindən  uzaqlarda belə bəyənildi, qəbul  olundu. Artıq  dünya  xalqlarının  leksikonunda  “Azərbaycan” sözü  tez-tez  işlənir.

 

Elmira ALLAHVERDİYEVA,  

Sumqayıt  şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 



03.08.2018 | 16:41