Sumqayıtda
yay tətili dövründə şagirdlərin istirahətlərinin
təşkili diqqət mərkəzində saxlanılır. Belə ki,
şəhər rəhbərliyinin təşəbbüsü ilə şəhər gənclər
və idman baş idarəsinin və təhsil şöbəsinin
maliyyə vəsaiti hesabına 2003-cü ildən
başlayaraq hər il yay tətili günlərində tədris
ocaqlarında məktəblilərin yay istirahət
düşərgələri təşkil edilir. Birinci il altı
məktəbdə təşkil olunan belə düşərgələr sonrakı
illərdə daha çox məktəbi əhatə etmişdir. Bu il
isə yay istirahət düşərgələri şəhərimizin 46
ümumtəhsil məktəbində fəaliyyət göstərmişdir.
Hər il olduğu kimi, bu dəfə də yay istirahət
düşərgələrində hər məktəbdən 50 nəfər olmaqla
2300 nəfərdən çox şagird dincəlmişdir.
Şagirdlərin təlim-tərbiyəsi ilə hər məktəbdə 3
nəfər tərbiyəçi olmaqla 138 nəfər pedaqojı işçi
məşğul olmuşdur. Düşərgələr iyulun 1-dən
fəaliyyətə başlayaraq, istirahət günləri nəzərə
alınmadan, 21 gün davam etmişdir.
Düşərgənin
təşkil edildiyi məktəblərdə iş rejimi səhər saat
9.00-dan 13.00-dək davam etmiş, bu müddət
ərzində şagirdlərə yüngül səhər yeməyi verilmiş,
müxtəlif oyunlar, idman yarışları, görüşlər,
intellektual debatlar, şəhərin görməli
yerlərinə, parklara gəzintilər, kompüterlə
məşqul olmaq və s. maraqlı tədbirlər təşkil
olunmuşdur. Hər gün 8 düşərgə Sumqayıt Tarix
Muzeyinə, Paralimpiya Mərkəzinə, Şəkil
Qalereyesına, Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzinə, Bakı şəhərində Qız
qalası, Şirvanşahlar sarayı tarixi abidələrinə
və zooparka aparılmışdır.
Artıq iki ildir ki, hər gün iki düşərgə olmaqla
Quba şəhərinə birgünlük gəzinti təşkil olunur.
Ötən il olduğu kimi, bu il də həmin gəzinti
zamanı uşaqlar öncə Qubadakı soyqırım
məzarlığını ziyarət etmiş, sonra isə Ərməki
kəndində yerləşən "Qırmızı qərənfil" istirahət
düşərgəsində dincəlmişlər. Bu da şagird və
valideynlər arasında böyük rezonans yaradaraq,
yay düşərgələrinə marağın artmasına səbəb
olmuşdur.
Düşərgələrin təntənəli açılışı və bağlanışı,
açılışda şəhər rəhbərliyinin, ictimayyətin
nümayəndələrinin çıxışları, düşərgənin
fəaliyyəti dövründə fərqlənən uşaqların
rəğbətləndirilməsi də yaddaqalan hadisələrdən
olmuşdur.
Təranə HAQVERDİYEVA,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin yay
düşərgələri üzrə ümumi rəhbəri |