Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Avqust 2010 - ¹31

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə təhsilin idarəolunması, bu sahədə mövcud olan bəzi problemlər və perspektivlər barədə mülahizələrimi diqqətinizə təqdim etmək istəyirəm.

İnkar etmək olmaz ki, idarəetmə bütün səviyyələrdə effektiv olduqda fəaliyyət uğurlu olur. Bu gün təhsilin idarə olunması sahəsində mövcud olan bir sıra problemlər bütün təhsil ictimaiyyətini narahat edir. "Təhsil haqqında" Qanuna və nazirliyin Əsasnaməsinə görə, ölkədə təhsilin keyfiyyətinə görə birbaşa Təhsil Nazirliyi məsuliyyət daşıdığı halda, təəssüf ki, bu işlə birbaşa məşğul olmayan, heç bir cavabdehlik daşımayan, bu sahədə təcrübəsi və səriştəsi olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları idarəetməyə əsassız müdaxilələr edirlər ki, bu da nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir. Yerli təhsil orqanları rəhbərləri və əməkdaşlarının, məktəb direktorlarının tez-tez işdən azad edilməsi və yeni şəxslərin təyin edilməsi də idarəetmə sahəsində problemlər yaradır. Nəzərə alınmır ki, təhsil orqanlarında çalışan əməkdaşların, məktəb rəhbərlərinin peşəkar kadrlar kimi formalaşması üçün illərlə vaxt tələb olunur.

Onu da qeyd etmək lazımdır ki, heç də həmişə yeni təyinatlar zamanı peşəkarlıq amilləri ön plana çəkilmir. Şübhəsiz, ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyəti, təhsilin keyfiyyəti, fəaliyyətin düzgün qurulması, təlim prosesinin səmərə və keyfiyyətinin təmin olunması, sağlam iş şəraitinin yaradılması məktəb rəhbərlərindən birbaşa asılıdır. Ölkəmizdə adı hörmətlə çəkilən, cəmiyyətdə nüfuz qazanan direktorlar az deyildir. Məhz səriştəli direktorların səyləri nəticəsində təhsilin keyfiyyəti və şagirdlərin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur.

Təəssüf ki, yüksək uğurları ilə fərqlənən məktəblərimizin sayı arzu olunandan xeyli azdır. Əlbəttə, məktəbin nəticələrinə təsir edən amillər müxtəlifdir. Burada maddi-texniki baza da, kadrlar da, dərslik və metodik təminat da müəyyən rol oynayır. Lakin, fikrimcə, məktəbə kimin rəhbərlik etməsi, direktor amili daha həlledicidir. Elə direktorlar var ki, təhsilin müasir problemlərini lazımınca dərk etmir, yenilikləri qəbul etmək istəmir, köhnə təsəvvürlərdən və təfəkkür tərzindən yaxa qurtara bilmir, vəzifə məsuliyyəti, təşkilatçılıq qabiliyyəti, kollektivi vahid məqsəd ətrafında səfərbər etmək baxımından müasir tələbləri ödəmir, yaradıcılıq və təşəbbüskarlıqları ilə fərqlənmirlər. Belə direktorların rəhbərlik etdikləri məktəblərdə təlim keyfiyyəti daim aşağı olur və təbii ki, onlarla müasir inkişafı şərtləndirən təhsil ideyalarını həyata keçirmək qeyri-mümkündür.

Eyni zamanda hazırda məktəb direktorlarının seçilib yerləşdirilməsinə yerli icra hakimiyyəti orqanlarının müdaxilələri, ehtiyat kadrların hazırlanması sisteminin olmaması, məktəbin və direktorların fəaliyyətinin qiymətləndirilməsi mexanizminin, o cümlədən müvafiq peşə standartlarının işlənməməsi, direktorların peşəkarlığının artırılması üzrə sistemli treninq təcrübəsinin tətbiq edilməməsi, məktəb direktorlarının 15 %-nin pensiya yaşını ötməsi də məktəb səviyyəsində idarəetmənin lazımi şəkildə qurulmasına imkan vermir. Bütün bunlarla əlaqədar direktorların attestasiyası və təyinatı ilə bağlı yeni mexanizmlərin işlənib hazırlanması yaxın gələcəkdə ən vacib vəzifələrimizdəndir.

Bəs müasir dövrdə məktəb direktorları hansı tələblərə cavab verməlidirlər? Bu tələbləri aşağıdakı kimi ümumiləşdirmək olar:

* Məktəb direktoru mütləq pedaqoji təhsilli və ən azı 5 il pedaqoji staja malik olmalıdır.

* İxtisası üzrə yüksək biliyə və peşəkarlığa malik olmalıdır.

* İdarəetmə sahəsində lazımi səviyyədə peşə hazırlığı, bilik, bacarıq və vərdişləri olmalıdır.

* Məsələlərin təkbaşına və kollegial həllinin əlaqələndirilməsində yüksək şəxsi məsuliyyətlilik nümayiş etdirməlidir.

* Kollektivdə işgüzar və kollegiallıq əsasında düzgün qarşılıqlı münasibətlər formalaşdırmağı bacarmalıdır.

* Ünsiyyət mədəniyyətinə malik olmalı, kollektivdə sağlam mənəvi-psixoloji iqlim formalaşdırmalıdır.

* Tabeliyində olan işçilərin hər birini şəxsi keyfiyyətlərinə uyğun və vəzifələrinə münasib işlərlə təmin etməlidir.

* Müəssisənin fəaliyyətinin müntəzəm monitorinqinin aparılması əsasında onun perspektiv inkişaf strategiyasını müəyyənləşdirməlidir.

* Kadrları şəxsi, işgüzar keyfiyyətlərinə görə seçməli, onların peşəkarlıq keyfiyyətlərini obyektiv qiymətləndirməlidir.

* Qarşıya çıxa biləcək problemlərin düzgün, optimal və operativ həllinə səy göstərməli, qəbul olunmuş qərarların icrasını müntəzəm nəzarətdə saxlamalıdır.

* Məktəbin fəaliyyətinin strateji planlaşdırılmasını və icrasını təmin etməlidir.

* Ətrafda baş verən hadisələrin analitik təhlilini aparmağı və bunun əsasında məntiqi nəticələr çıxarmağı bacarmalıdır.

* Təhsildə aparılan islahatlar və təhsilin inkişaf perspektivləri barədə geniş məlumata malik olmalıdır.

* Məzmun islahatları, Milli Kurikulum sənədi ilə yaxından tanış olmalı, onu dərk etməli, bu sənədlərin mahiyyətinin kollektivə və valideynlərə çatdırılmasını təmin etməlidir.

* Təhsili şəxsiyyətyönümlü, nəticəyönümlü və tələbyönümlü prinsiplər əsasında qurmaqla, şagirdlərin pedaqoji prosesin mərkəzində olmasını, onlara zəruri həyati bacarıqların aşılanmasını təmin etməlidir.

* Təlimin səmərəli təşkilini və onun qiymətləndirilməsinin müasir texnologiyalarını bilməli, yeni qiymətləndirmə sistemi, xüsusilə məktəbdaxili qiymətləndirmə haqqında biliklərə malik olmalıdır.

* Təlim prosesində və idarəetmədə müasir informasiya və kommunikasiya texnologiyalarından mükəmməl istifadəni təmin etməlidir.

* Normativ-hüquqi qaydaları, əmək qanunvericiliyinin əsaslarını bilməlidir və bunlara gündəlik fəaliyyətində riayət etməlidir.

* Fəaliyyəti planlaşdırmağı, təhlil etməyi, ümumiləşdirməyi və müasir hesabatverməni bacarmalıdır.

* Məktəbdə sağlam və təhlükəsiz mühitin, hüquqi məkanın yaradılmasını təmin etməlidir.

* Daim təhsilin, məktəbin, müəllimin nüfuzunun yüksəlməsinə səy göstərməli, müsbət ictimai rəyin formalaşdırılmasına nail olmalıdır.

* İctimaiyyətdə məktəbə və kollektivə inam formalaşdırmalı, fəaliyyətin bütün sahələri üzrə şəffaflığı təmin etməlidir.

* Müəllimlərin hər biri haqqında ətraflı və dəqiq informasiyaya malik olmalıdır.

* Hər bir müəllimin fəaliyyətini dərs ilinin yekununda qiymətləndirməli və nəticəsini müəllimə bildirməlidir.

* Səmərəli fəaliyyəti ilə fərqlənən işçilərin mütəmadi rəğbətləndirilməsi üzrə tədbirlər görməlidir.

* Hər bir müəllimin peşəkar inkişafı, təkmilləşdirilməsi və ixtisasının artırılması üzrə proqram hazırlayıb həyata keçirməlidir.

* Hər bir şagird barədə məlumatlı olmalı, onlarla sıx münasibətlər yaratmalı, məktəbin fəaliyyətinin təşkilində onların rəy və təkliflərini nəzərə almalıdır.

* Maliyyələşmə sahəsində bacarıqlara, iqtisadi biliklərə malik olmalı, dövlət tərəfindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərdən səmərəli istifadəni təmin etməlidir.

* Dərsliklərin təhlilini təşkil etməli, onların təkmilləşdirilməsi və dərslik siyasətinə dair təkliflərin hazırlanmasını, dərslik fondundan düzgün istifadəni təmin etməlidir.

* İstedadlı uşaqların aşkar edilməsi və onların inkişafı sahəsində proqramlar hazırlayıb həyata keçirməlidir.

* Məktəbdə təhsilin inklüzivliyinə maks

imum şərait yaratmalıdır.

* Məktəb idarəetmə orqanlarının fəaliyyətini təşkil etməli və təhsil siyasətinə uyğun düzgün istiqamətləndirməlidir.

* Valideynlərlə işləməyi bacarmalı, onların idarəetmə prosesinə cəlb olunmasını təmin etməli, onlarla fərdi və kütləvi müzakirə və görüşlər keçirməli, valideyn birlikləri, assosiasiyaları ilə işgüzar əlaqələr yaratmalıdır.

* Digər dövlət müəssisələri və ictimai təşkilatlarla birgə iş təşkil etməlidir.

* Ölkədə və dünyada təhsil sahəsindəki tendensiyalarla, tətbiq edilən innovasiyalarla tanış olmalıdır.

* Məktəbin, müəllimlərin və şagirdlərin beynəlxalq layihə və proqramlarda iştirakını təmin etməlidir.

* Yüksək etik davranış mədəniyyətinə malik olmalı, mədəniyyəti, davranışı, xarici görünüşü ilə başqalarına nümunə olmalıdır.

* Saf mənəviyyata və nümunəvi əxlaqa malik olmalıdır.

* Liderlik keyfiyyətlərinə malik olmalı, kollektivi ümumi missiya ətrafında birləşdirməyi bacarmalı, komanda formalaşdırmalı, onları öz arxasınca apara bilməlidir.

* Özünə və tabeliyində olanlara yüksək tələbkarlıqla yanaşmalı, tənqid və özünütənqidi düzgün qarşılamalı, öz hüquqlarını qorumağı bacarmalı, başqalarının hüquqlarına hörmət etməlidir.

* Şəxsi intizam və icra mədəniyyətinə malik olmalıdır.

* Mətbuatı, o cümlədən pedaqoji mətbuatı müntəzəm izləməli, ümumi erudisiyaya, müasir dünyagörüşə və intellektual səviyyəyə malik olmalıdır.

* Milli - mənəvi keyfiyyətlərə malik olmalı və onu qiymətləndirməyi bacarmalıdır.

* Düşündüklərini şifahi nitqdə və yazıda məntiqli, dəqiq və düzgün ifadə etməyi bacarmalıdır.

* Təmkinli, ədalətli, diqqətli və nəzakətli olmalı, işçilərlə münasibətdə tolerantlığa, həssaslığa və tələbkarlığa riayət etməlidir.

Təhsil Nazirliyi bu tələbləri nəzərə alaraq, son illərdə məktəb direktorlarının təyinatı ilə bağlı yeni qaydalar tətbiq etmişdir. Belə ki, vakant məktəb direktoru vəzifəsinə R(Ş)TŞ-lər tərəfindən təqdim edilən namizədlərin ilkin mərhələdə sənədləri araşdırılır, təlimati sənədlərə uyğunluğu müəyyənləşdirilir. Bu mərhələdən keçənlər İKT üzrə treninqlərə cəlb edilirlər. Bu mərhələdən də uğurla keçənlər idarəetmə və təhsil qanunvericiliyi üzrə imtahan verirlər. Bütün mərhələlərdən uğurla keçən namizədlər müsahibədən sonra Təhsil Nazirliyinin rəsmi razılığı əsasında R(Ş)TŞ-lər tərəfindən direktor təyin edilirlər. Etiraf edim ki, belə bir mexanizmin tətbiqi daha səriştəli və bacarıqlı kadrların məktəblərə rəhbər təyin edilməsinə zəmin yaratmışdır.

Eyni zamanda rəhbər vəzifələrə peşəkar ehtiyat kadrların hazırlanması da hamımızı daim düşündürməlidir. Hazırkı dövrdə təhsil menecerlərinin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Düşünürük ki, ali məktəblərin magistratura pilləsində təhsilin idarəolunması sahəsində kadrların hazırlanması, hazırda işləyən kadrların bacarıqlarının artırılması sahəsində ciddi tədbirlərin görülməsinin vaxtı artıq çatmışdır.

Bütün bunlarla yanaşı, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

* İdarəetmə üzrə mütəxəssis hazırlığının konsepsiya və strategiyasının hazırlanması.

* Təhsil meneceri hazırlığı üzrə kurikulumun işlənməsi və seçilmiş pilot ali məktəblərdə eksperimentdən keçirilməsi.

* Səriştəli direktor müavinləri arasından ehtiyat kadrların formalaşdırılması sisteminin yaradılması.

* Perspektivli müəllimlərin idarəetmə təlimlərinə cəlb edilməklə direktor müavini vəzifəsinə irəli çəkilməsi.

* Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi və reytinq cədvəlinin tərtib olunması üzrə mexanizmlərin işlənməsi.

* Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsi üçün peşə standartlarının işlənməsi, qiymətləndirmənin həyata keçirilməsi, peşəkar inkişaf üçün təkliflərin hazırlanması.

* Məktəb direktorları üçün idarəetmə mövzuları üzrə treninq proqram və materiallarının hazırlanması, treninqlərin təşkili və keçirilməsi.

* Məktəb direktorlarının əlavə təhsili üzrə müasir proqramların işlənməsi, akkreditasiyadan keçirilərək tətbiq edilməsi.

Azərbaycan Respublikası Prezidentinin 31 mart 2006-cı il tarixli 1399 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 28 iyun 2006-cı il tarixli 189 nömrəli qərarı ilə Təhsil Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Həmin qərarla Bakı şəhərində təhsili idarəetmənin təkmilləşdirilməsi məqsədilə rayon təhsil şöbələri ləğv edilmiş və Təhsil Nazirliyinin birbaşa tabeliyində vahid idarəetmə orqanı - Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılmışdır. İlkin təhlil göstərir ki, yeni qurumun yaradılması şəhər təhsilinə ayrılan büdcə vəsaitindən daha səmərəli istifadə etməyə şərait yaratmış, yeni qurum birbaşa Təhsil Nazirliyinin tabeliyində olduğuna görə təhsil müəssisələrinə əsassız müdaxilələr azalmış, çevik idarəetmə nəticəsində son illər ərzində Bakı şəhərinin ümumtəhsil məktəblərinin keyfiyyət göstəriciləri xeyli artmışdır. 2008-ci ildə ali məktəblərə qəbul faizi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 452-dən 702-yə yüksəlmişdir.

Hesab edirəm ki, bu müsbət təcrübə ölkənin digər şəhər və rayonlarına da şamil edilməli, təhsil sistemində vahid idarəetmə həyata keçirilməlidir. Onu da qeyd edim ki, "Təhsil haqqında" Qanunda təsbit edilmişdir: "Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir".

Əhəmiyyətli məsələlərdən biri də məktəbin kollegial idarə edilməsidir. Dünya təcrübəsi göstərir ki, məktəblər yalnız direktor tərəfindən deyil, şuralar tərəfindən idarə olunur. Eyni zamanda, məktəbin direktoru şura qarşısında hesabat verir, məktəbin büdcəsinin idarə olunması da daxil olmaqla, bütün qərarlar şuranın iştirakı ilə çıxarılır.

Bizim təcrübədə də bütün ümumi təhsil müəssisələrində Məktəb şuraları yaradılmışdır, hətta onun sənədləşmə işləri də qaydasındadır. Lakin Şuralar formal fəaliyyət göstərdiyinə görə məktəb direktorları təkbaşına qərarlar qəbul edir, avtoritar idarəetməyə üstünlük verir, qərarların qəbul edilməsində kollektivin rəylərini nəzərə almırlar. Qeyd edim ki, 2007-ci ildən başlayaraq Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində 59 pilot məktəbində məktəb şuralarının yeni normativ baza əsasında təşkili, şuraların tərkibinə ictimaiyyətin nümayəndələrinin cəlb edilməsi həmin məktəblərdə idarəetmənin səmərəli təşkilinə və daha uğurlu nəticələrin əldə edilməsinə gətirib çıxardı. Düşünürəm ki, bu təcrübənin ölkə səviyyəsində tətbiqi qarşımızda duran ən ciddi məsələlərdəndir.

Məktəb səviyyəsində idarəetmənin səmərə

li təşkilində valideynlərin iştirakı vacib məsələlərdəndir. Son illərdə apardığımız islahatyönümlü tədbirlərdən biri də məktəbin fəaliyyətinin təşkili, idarə olunması prosesinə valideynlərin daha fəal cəlb olunmasıdır. Məqsədimiz müasir dünya təcrübəsinə əsasən idarəetmənin ictimai yönümünü gücləndirmək, bu sahədə demokratik prinsiplərin tətbiqinə nail olmaqdır. Bu məsələlərin həllində valideyn komitələri, məktəb-valideyn assosiasiyaları mühüm rol oynaya bilərlər. Son zamanlar Təhsil Nazirliyi belə qurumların yaradılması, onların səmərəli fəaliyyətinin təmin olunması üçün az iş görməyib. Belə ki, YUNİSEF-in yaxından dəstəyi ilə valideyn-müəllim assosiasiyası yaradılıb və hazırda bu birliyə daxil olan məktəblərin sayı artmaqdadır.

Bütün ümumtəhsil məktəblərində valideyn komitələri fəaliyyət göstərsə də, təəssüflə qeyd etməliyəm ki, hələlik "valideyn-məktəb", "valideyn-müəllim" münasibətləri müəssisənin inkişafından daha çox, fərdi qayğı və problemlərin həllinə yönəlmişdir. Halbuki ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və digər ölkələrdə valideyn birlikləri böyük nüfuza malik olmaqla, nəinki məktəblərin sosial-iqtisadi problemlərinin həllində, habelə təlimin məzmununun təkmilləşdirilməsində, pedaqoji kadrların tərkibinin yaxşılaşdırılmasında, məktəblərin idarəolunmasında fəal iştirak edir. Göründüyü kimi, ictimai qurumlarla, valideyn birlikləri ilə səmərəli fəaliyyət mexanizmlərinin tətbiqi məktəblərin fəaliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri kimi qəbul edilməlidir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təhsil ictimai dəstəksiz inkişaf edə bilməz. Beynəlxalq təcrübədə ictimaiyyətin rəyi təhsilin keyfiyyəti barədə etibarlı qiymət kimi özünü büruzə verir. Eyni zamanda ictimaiyyət təhsil prosesinin təşkili və idarəolunmasında fəal iştirak edir. Bu iştirak təhsil müəssisələrinin maliyyələşməsindən tutmuş, ümumilikdə fəaliyyətin təşkili məsələlərini də əhatə edir. Ölkəmizdə son vaxtlaradək müəyyən səbəblərdən ictimaiyyətin təhsil prosesində iştirakı yalnız tənqidi rəylərin irəli sürülməsi, təhsildə neqativ hallar və problemlərin qabardılması, irəliləyişlərin və nailiyyətlərin arxa plana keçirilməsi üstünlük təşkil edirdi. Gələcəyimiz olan təhsilə dəstək, problemlərin həllində iştirak, obyektiv ictimai rəy formalaşdırmaq isə yaddan çıxırdı. Təqdirəlayiq haldır ki, son vaxtlar ictimai rəydə müsbət dəyişikliklər baş verməkdədir. Bunun əsas səbəblərindən biri təhsilin dövlətin siyasətində prioritet təşkil etməsidir. Digər səbəb isə ictimai qurumlarla, təşkilatlarla işin səmərəli təşkilidir. Bunlarla yanaşı, təhsilə ictimai dəstəyin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir:

* təhsilin əhəmiyyəti, ölkədə təhsilin prioritet rolu barədə məlumatların ictimaiyyətə çatdırılması;

* təhsil sahəsində atılan müsbət və uğurlu addımlar, müvafiq inkişaf proqramları, əldə edilən nailiyyətlər barədə ictimaiyyətə ətraflı məlumatın çatdırılması;

* digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində həyata keçirilən tədbirlər barədə maarifləndirmə işinin aparılması;

* təhsil sahəsindəki mövcud problemlər barədə məlumatların verilməsi, həmin problemlərə həsr olunmuş diskussiyaların təşkili;

* yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq sisteminin yaradılması, ictimai rəyin formalaşdırılması prosesində onların imkanlarından istifadə;

* KİV-lərin, müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edilməsi;

* nazirliyin İnternet səhifəsinin mütəmadi olaraq yeniləşdirilməsi, informasiyaların digər dillərdə də təqdim edilməsi;

* yerlərdə media nümayəndələri və valideynlərin iştirakı ilə maarifləndirici seminarların təşkili;

* təhsil sahəsində görülmüş işlərə dair KİV nümayəndələri üçün maarifləndirici xarakter daşıyan kitabçanın hazırlanması;

* pedaqoji mətbuatın yalnız təhsil işçiləri üçün deyil, valideynlər və təhsilalanlar üçün maraqlı formalarda nəşrinin təmin edilməsi;

* KİV nümayəndələrini ölkəmizin müxtəlif bölgələrində təhsil sahəsi üzrə görülən işlər, yeni tikilmiş və müasir avadanlıqlarla təchiz edilmiş təhsil müəssisələri ilə yaxından tanış etmək məqsədilə həmin rayonlara səfərlərin təşkili;

* KİV-lə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi;

* operativ brifinqlərin, müxtəlif məsələlərə həsr olunmuş mətbuat konfranslarının təşkili;

* təhsildən yazan jurnalistlərlə müvafiq sahə üzrə seminarların təşkili.

***

Hörmətli oxucular, təxminən bir ildən çox müddətdə hər həftə Azərbaycan təhsilinin dünəni, bu günü və gələcəyi ilə bağlı məsələləri Sizin mühakimənizə təqdim etdim. Bu yazılarda, demək olar ki, təhsilin elə bir sahəsi olmadı ki, toxunulmasın. Problemlərimiz, uğurlarımız və gələcək planlarımız barədə səmimi fikirlərimizi təqdim etməklə, hər bir rəyə də hörmətlə yanaşdıq. Düşünürəm ki, davamlı olaraq verilən bu məqalələr ictimaiyyətin təhsilə münasibətinin müsbət mənada dəyişilməsinə də öz təsirini göstərdi. Eyni zamanda ictimaiyyət bu gün ölkə təhsilinin inkişaf mərhələləri, aparılan islahatlar və əldə olunan uğurlar barədə daha geniş məlumatlar əldə etdilər. İlk məqaləni hazırlayarkən, düşünməzdim ki, bu iş belə davamlı olacaq. Müşahidələr göstərir ki, təhsilimiz haqqında gedən yazılara müraciət edənlər həddən artıqdır və bu hal bizi sevindirməyə bilməz.

Oxucularla ünsiyyət imkanı yaratdığına görə "525-ci qəzet"in rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, ölkəmizin və xalqımızın həyatında ən mühüm amil olan təhsil haqqında davamlı yazılara öz səhifələrində yer ayırmaqla "525-ci qəzet" də özünə yeni və daimi oxucu auditoriyası qazandı, təhsilin inkişafına özünəməxsus töhfələr verdi.

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

13 Avqust 2010 - ¹31

Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-cu ildə respublikanın rayon və şəhərlərində sentyabr konfranslarının plenar iclaslarının keçirilmə qrafiki
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi)
 
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılıb (Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib)
 
Paytaxt məktəblərində 180-dək müəllimə ehtiyac var
 
Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib
 
Rayon və şəhər təhsil şöbələri işçilərinin məlumat bazası yaradılacaq
 
Bölgələrdə yeni dərs ilinə hazırlıq işləri görülür
 
 "Qlobal Tələbə Mübadiləsi Proqramı"nın qalibləri ABŞ-a gediblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib
 
Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər
 
Veteran müəllimlər çağırışçı gənclərlə görüşüblər
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov