Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin açılış mərasimində
nitqi
- Əziz sərhədçilər, mən sizi Dövlət Sərhəd
Xidməti Akademiyasının açılışı münasibətilə
ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda
xidmətinizdə uğurlar diləyirəm!
Akademiyanın
yaradılması böyük nailiyyətdir, böyük hadisədir.
Üç il bundan əvvəl akademiyanın yaradılması
haqqında imzaladığım Sərəncam bu gün artıq
reallığa çevrilib. Bu gözəl, əzəmətli, möhtəşəm
binada bizim gələcək sərhədçilər oxuyacaqlar,
tərbiyə alacaqlar və öz peşəkarlıqlarını
artıracaqlar. Burada oxumaq üçün bütün şərait
yaradılıb. Ən müasir avadanlıq, ən gözəl,
keyfiyyətlə tikilmiş korpuslar, istirahət etmək,
oxumaq, yaşamaq üçün bütün şərait vardır. Bu
akademiya qısa müddət ərzində və böyük
keyfiyyətlə artıq tikilibdir və bu gün
fəaliyyətə başlayır. Mən şübhə etmirəm ki,
akademiyada oxuyan kursantlar öz gələcək
fəaliyyətləri üçün lazım olan bilikləri burada
alacaqlar. Bizə bütün sahələrdə bilikli, savadlı
kadrlar lazımdır.
Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə
böyük diqqət göstərilir. Azərbaycanda bu sahə
prioritet sahələrdən biridir. Minlərlə məktəblər
tikilir, ali məktəblər təmir olunur, yeni ali
məktəblər, akademiyalar yaradılır. Təhsil bizim
gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz
bilikli, savadlı və vətənpərvər olsunlar. Dövlət
Sərhəd Xidməti Akademiyasının yaradılması bu
məqsədləri güdür.
Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb
və himn kimi. Azərbaycanın sərhədləri lazımi
səviyyədə qorunur. Sərhəd xidmətinin
formalaşması işində ulu öndər Heydər Əliyevin
müstəsna xidmətləri vardır. Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra, demək olar
ki, sərhədlərimiz açıq idi. Sərhəd
infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə
yaradılmış sərhəd infrastrukturu isə
dağıdılmışdı. Bizim, demək olar ki, bütün
sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu
öndərin rəhbərliyi altında qısa müddət ərzində
bütün sərhədlərimizdə tikinti-quruculuq işləri
başlanmışdır, sərhəd mühafizə infrastrukturu
yaradılmışdır və bu proses bu gün uğurla davam
etdirilir. Qəbul edilmiş proqram əsasında bütün
tikinti işləri, demək olar ki, başa çatmaq
üzrədir. Bütün sərhədlərdə lazımi səviyyədə
texniki qurğular yaradılıbdır, dəstələr,
qarnizonlar fəaliyyət göstərir. Bu gün
Azərbaycan sərhədləri bütün istiqamətlərdə -
quruda və dənizdə lazımi səviyyədə qorunur. Bu
məsələyə biz böyük diqqət göstəririk. Mən bütün
sərhədlərdə dəfələrlə olmuşam, şəxsi heyətlə
görüşmüşəm, vəziyyətlə tanış olmuşam və tam
əminliklə deyə bilərəm ki, sərhədlərimiz lazımi
səviyyədə qorunur.
Sərhədlərimizin
qorunması təhlükəsizliyimizin təmin edilməsi
deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi
üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizi
böyük dərəcədə gücləndirməliyik və buna nail
olmuşuq. Bu gün həm texniki vasitələr, həm
mühəndis qurğuları, həm də avadanlıq baxımından
Sərhəd xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd
xidmətinin maddi-texniki bazasının
yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün
mütəmadi qaydada ardıcıl tədbirlər görülür,
avadanlıq, silah-sursat, texnika alınır və
təchizat baxımından bizdə heç bir problem
yoxdur. Lazımi səviyyədə maliyyə vəsaiti də
ayrılır ki, bütün işlər yüksək səviyyədə
görülsün. Mən görürəm ki, ayrılan maliyyə
vəsaitindən çox səmərəli şəkildə istifadə
olunur. Sərhədçilər üçün, onların yaşayış
səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər
görülür, evlər tikilir, istirahət mərkəzləri,
idman qurğuları yaradılır. Yəni bütün bunlar
Sərhəd xidmətinin inkişafına yönələn böyük
addımlardır.
Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd
Xidməti bu gün dünya miqyasında özünə layiq
yerini tuta bilibdir və Azərbaycanın
sərhədlərinin qorunması işində böyük
nailiyyətlərə çatıbdır.
Biz elə etməliyik ki, gələcəkdə də bu məsələ
daim diqqət mərkəzində olsun. Azərbaycanın
sərhədləri lazımi səviyyədə qorunsun. Gələcəkdə,
əlbəttə ki, bu məqsədlərin həlli üçün əlavə
vəsait ayrılacaqdır, yeni texniki imkanlar da
əldə olunacaqdır.
Bütövlükdə Sərhəd xidmətinin müasir quruma
çevrilməsi istiqamətində çox böyük işlər
görülübdür. Bu gün Sərhəd qoşunları çox güclü və
çevik hərbi birləşmədir. Sərhəd xidmətinin
qarşısında qoyulan vəzifələrdən biri də məhz
ondan ibarətdir ki, Sərhəd qoşunlarının döyüş
qabiliyyəti artırılsın. Bu məqsədlər üçün
silah-sursat, texnikanın alınması prosesi davam
edir və deyə bilərəm ki, Sərhəd Qoşunları
istənilən anda Azərbaycanın ərazi bütövlüyünün
bərpası üçün ordumuzla bərabər hərəkət etməyə
hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə
keçirilmiş hərbi təlimlər və Sərhəd qoşunlarının
bu təlimlərdə fəal iştirakı bunun bariz
nümunəsidir.
Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu
etmək üçün bütün hərbi qurumlar vahid komanda
altında birləşib və Ali Baş Komandanın əmrləri
ilə hərəkət edirlər. Lazım gələn anda bütün
hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər
və Azərbaycanın ərazi bütövlüyünü bərpa
edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyat və
güclü hərbi potensial lazımdır. Azərbaycan həm
güclü iqtisadi potensiala, həm də hərbi
potensiala malik olan ölkədir.
Biz ölkədə gedən işləri yüksək səviyyədə
qururuq. Azərbaycan gündən-günə güclənir,
möhkəmlənir. Maliyyə imkanlarımız, hərbi
xərclərimiz artır və hərbi xərclərimiz dövlət
büdcəsində ən birinci yerdədir. Bu, belə də
olmalıdır, çünki biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin
birinci mərhələsi başa çatıbdır, atəşkəs rejimi
bağlanıbdır. Ancaq müharibə davam edir. Biz hər
an hazır olmalıyıq və hazırıq ki, öz
torpaqlarımızı işğalçılardan azad edək.
Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk
növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü
yaradırıq, böyük dərəcədə yaratmışıq və bu
proses uğurla davam etdirilir. Azərbaycanın
hərbi potensialının gücləndirilməsi üçün biz
bütün səyləri səfərbər etmişik, bütün maliyyə
resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı
işğalçılardan azad edək. Bu gün Azərbaycan
Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan
verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ
dinc yolla, danışıqlar yolu ilə həll olunsun.
Danışıqlarda Azərbaycanın mövqeləri güclənir.
Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi
artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla
məşğul olmağa və sadəcə olaraq, danışıqları
pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o
zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi
yolla həlli məsələsi gündəliyə salınacaqdır.
Biz elə etməliyik ki, Azərbaycan hərtərəfli
inkişaf etsin. Azərbaycanın böyük və gözəl
gələcəyi vardır, artıq gözəl gerçəkliyi vardır.
Bu gün ölkəmiz, sözün əsl mənasında intibah
dövrünü yaşayır. Bütün sahələrdə quruculuq,
abadlıq işləri, sürətli inkişaf təmin olunur.
Bütün regionlarda işlər sürətlə gedir. Bakı -
gözəl şəhərimiz gözəlləşir, abadlaşır. Bizim
maliyyə imkanlarımız artır. Uğurlu neft
siyasətimiz, regionların inkişafı. Bir sözlə,
Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı
illərdə dayanıqlı inkişafı artıq reallıqdır. Biz
ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq.
Azərbaycan müstəqil ölkə kimi böyük
nailiyyətlərə çatıbdır. Biz müstəqil ölkə kimi
müstəqil siyasət aparırıq. Azərbaycan xalqının
maraqlarını müdafiə edirik. Azərbaycan xalqının
maraqları hər şeydən üstündür. Bu gün Azərbaycan
dünya miqyasında böyük hörmətə malik olan bir
ölkədir. Azərbaycan etibarlı tərəfdaşdır və
regionda gedən proseslərdə fəal rol oynayan
ölkədir. Biz bütün sahələrdə, bütün
istiqamətlərdə işimizi konkret proqramlar
çərçivəsində qurmuşuq. Bütün istiqamətlərdə
inkişaf, tərəqqi vardır.
Ölkəmizin təhlükəsizliyinin qorunması üçün
Sərhəd xidmətinin çox böyük rolu vardır.
Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq
Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna
nail ola bilməyəcəklər.
Biz 1990-cı illərin əvvəllərini yaxşı
xatırlayırıq. Bir daha demək istəyirəm ki, o
vaxt Azərbaycanda sərhəd infrastrukturu yox idi
və xaricdən erməni terror təşkilatlarının təşkil
etdiyi terror aktları Azərbaycan dövlətini
sarsıtmışdı. Nəyə görə? Çünki biz öz
sərhədlərimizi o vaxt qoruya bilmirdik. Bu gün
Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur.
Bu, bizə imkan verir ki, ölkə daxilində bütün
işləri lazımi səviyyədə aparaq. Ölkə daxilində
mövcud olan sabitlik, ictimai-siyasi asayiş,
əmin-amanlıq bizim böyük nailiyyətimizdir. Biz
bu vəziyyəti qorumalıyıq və qoruyacağıq.
Azərbaycan xalqının firavan gələcəyini təmin
edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi
üçün bütün tədbirləri görəcəyik.
Bir daha demək istəyirəm ki, Sərhəd xidmətinin
bu işlərdə böyük rolu və töhfəsi vardır.
Sərhədçilər sərhədlərimizi müxtəlif yollarla
pozmaq istəyənlərə qarşı mübarizə aparırlar,
döyüşürlər və qələbə qazanırlar. Görülən bütün
bu işlərlə bağlı mən Dövlət Sərhəd Xidmətinin
bütün şəxsi heyətini təbrik etmək istəyirəm.
Akademiyanın açılışı münasibətilə bir daha
təbrik etmək istəyirəm. Sizə Vətən uğrunda
şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram!
Sağ olun! |