| 
									
										|  | Yerləşir: | Yaponiya, Tokio şəhəri |  |  |  
										| Yaranma tarixi: | 1877-ci il |  
										| Tipi: | Dövlət |  
										| İllik gəlirləri: | 4770845309 yapon yeni (90 yapon yeni,  təxminən,  1 ABŞ 
										dollarına bərabərdir)
 |  
										| İşçi heyəti: | 5779 nəfər |  
										| Tələbələrin sayı: | 30000 nəfər |  
										| Rəsmi saytı: | www.u-tokyo.ac.jp. |  
								
								 Tokio Universiteti (University of Tokyo) 
								dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən 
								biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində 
								yerləşir. Böyük Britaniyanın "Times Higher 
								Education Supplement - QS World Universities 
								Rankings" jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Tokio 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								22-ci yerdə sıralanıb. Tokio Universiteti Asiya 
								qitəsinin  ən nüfuzlu universitetidir.  
								
								
								Tarixi  
								
								1877-ci ildə Meydzi hakimiyyəti hüquq, elm, 
								ədəbiyyat və tibb departamentlərindən ibarət 
								olan universitet yaradır və bu ali təhsil 
								ocağına Tokio Daigaku, qısa olaraq Todai adı 
								verilir. 1886-cı ildə ali məktəbin adı 
								dəyişdirilərək İmperator, 1897-ci ildə isə Tokio 
								Universiteti olur. 1890-cı ildə universitetin 
								nəzdində Kənd Təsərrüfatı və Dendrologiya 
								kolleci, 1916-cı ildə Added İnfeksion 
								Xəstəliklər İnstitutu istifadəyə verilir. 
								1919-cu ildə imperatorun sərəncamı ilə təhsil 
								müəssisəsində iqtisadiyyat fakültəsi açılır. 
								1921-ci ildə burada Aviasiya Elmi-Tədqiqat 
								İnstitutu və Astronomiya rəsədxanası, 1942-ci 
								ildə mühəndislik fakültəsi, 1946-cı ildə 
								universitet xəstəxanaları, dəniz bioloji 
								stansiyası, botanika bağı, universitet meşəsi, 
								kənd təsərrüfatı mərkəzi, Balıqçılıq 
								mühəndisliyi tədqiqatları laboratoriyası, 
								İctimai Elmlər İnstitutu yaradılır.  
								
								1947-ci ildə Yaponiyanın II Dünya müharibəsində 
								məğlubiyyətindən sonra universitetin ilkin adı 
								özünə qaytarılır. 1949-cu ildə burada pedaqogika 
								fakültəsinin nəzdində filologiya fakültəsi, 
								Zəlzələ Elmi-Tədqiqat, Şərqşünaslıq Mədəniyyəti, 
								Sənaye, Jurnalistika institutları açılır. 
								1953-cü ildə Tokio Universitetində Kosmik Rey 
								tətbiqi mikrobiologiya laboratoriyası, 1955-ci 
								ildə Nüvə Tədqiqatları, 1957-ci ildə Bərk 
								Cisimlər Fizikası, 1962-ci ildə Okeanın 
								Tədqiqatı, 1966-cı ildə kompüter və tibb 
								mərkəzləri, 1967-ci ildə Kriogen Mərkəz 
								yaradılır, İnfeksion Xəstəliklər İnstitutunun 
								adı dəyişdirilərək Tibb Elmləri İnstitutu olur. 
								
								1970-ci ildə Tokio Universitetində Radioizotop, 
								1975-ci ildə Ətraf Mühit Elmləri mərkəzləri, 
								1981-ci ildə Kosmik Tədqiqatlar və Aeronavtika,  
								Fənlərarası Tədqiqatlar institutları, 1983-cü 
								ildə molekulyar genetika laboratoriyası 
								yaradılır, Kitabxana və İnformasiya 
								Elmi-Tədqiqat Mərkəzinin adı Biblioqrafik 
								İnformasiya Mərkəzi adı ilə əvəzlənir. 1985-ci 
								ildə əcnəbi tələbələr üçün Yapon Dili Mərkəzi 
								fəaliyyətə başlayır və bu qurum 1990-cı ildən 
								Beynəlxalq Mərkəz  adlandırılır. 1991-ci ildə 
								universitetin nəzdində İqlimin Tədqiqatı Mərkəzi 
								açılır, 1992-ci ildə isə riyaziyyat elmləri 
								bölməsi müstəqil fəaliyyət göstərməyə başlayır, 
								həmçinin Artefaktların öyrənilməsi Mərkəzi 
								yaradılır. 1993-cü ildə Tətbiqi Mikrobiologiya 
								İnstitutunun adı dəyişdirilərək Molekulyar və 
								Hüceyrə Bioelmlər İnstitutu olur, daha sonra 
								Biotexnologiya Tədqiqat Mərkəzi fəaliyyətə 
								başlayır. 1994-cü ildə Elementar Hissəciklər 
								Fizikası Beynəlxalq Mərkəzi, 1996-cı ildə 
								Tədqiqatlar və Ali Təhsilin İnkişafı Mərkəzi, 
								1998-ci ildə Qabaqcıl Texnologiyalar Ali 
								Məktəbi, Komaba Açıq Laboratoriyası, 
								Geinformasiya Elmi Mərkəzi, 1999-cu ildə 
								İqtisadi Mühəndislik, Yüksək Plazma Temperaturu 
								mərkəzləri açılır, Kompüter Mərkəzinin adı 
								İnformasiya Texnologiyaları Mərkəzi ilə əvəz 
								edilir.  
								
								2000-ci ildə Tokio Universitetində tibbi təhsil 
								sahəsi üzrə Beynəlxalq Tədqiqat Mərkəzi, Kasiva 
								kampusunda Kosmik Şüa Tədqiqatı İnstitutu 
								yaradılır. 2001-ci ildə Sənaye Elmləri İnstitutu 
								Komaba kampusuna köçürülür. 2004-cü ildə 
								Yaponiyanın bütün dövlət universitetləri "Milli 
								Universitetlər Korporasiyası" adı altında 
								birləşdirilir, Tokio Universiteti də bu 
								korporasiyaya daxil edilir. Həmin il Ali Dövlət 
								Siyasəti Məktəbi yaradılır. 2005-ci ildə Pekin 
								şəhərində Tokio Universitetinin filialı açılır.  
								
								
								Büdcə və təhsil haqqı  
								
								ötən il Tokio Universitetinin illik büdcəsi 
								4770845309 yen olub. Bu məbləğin 66%-ni dövlət 
								tərəfindən ayrılan vəsaitlər təşkil edib. Daxili 
								imkanlar hesabına (əsasən, tələbələrin təhsil 
								haqqından) universitetin əldə etdiyi gəlirlər 
								1357736000 yen olub. ötən il büdcə vəsaitinin 
								böyük hissəsi, təxminən, 60%-i universitetin 
								elmi potensialının artırılmasına və 
								elmi-tədqiqatların aparılmasına sərf edilib. 
								İşcilərin əməkhaqqına ayrılan vəsaitin məbləği 
								isə 863188180 yen olub. 
								
								Tokio Universitetində təhsil haqqı tələbənin 
								oxuduğu məktəbdən, seçdiyi ixtisasdan asılı 
								olaraq təxminən 500000-800000 yen arasında 
								dəyişir.  
								
								Məlumat üçün qeyd edək ki, xarici dövlətlərin 
								universitetlərində təqaüd anlayışı ölkəmizdə 
								qəbul olunmuş təqaüdlərdən fərqlidir. Belə ki, 
								ölkəmizin ali məktəblərində ödənişsiz və 
								ödənişli ixtisaslar mövcuddur və ödənişsiz 
								fakültədə təhsil alan tələbə semestr ərzində 
								aldığı qiymətlərdən asılı olaraq müəyyən 
								məbləğdə təqaüd alır. Dünyanın əksər 
								universitetlərində isə ümumilikdə təhsil 
								ödənişli olduğundan tələbəyə təqaüd verilmir. 
								Təqaüd anlamında olan "scholarship" sözü isə 
								istedadlı, əlaçı, gələcəkdə tədqiqatlarını davam 
								etdirmək arzusunda olan, əcnəbi, eləcə də  maddi 
								durumu çətin olan tələbələrə universitet 
								tərəfindən olunan yardım mənasında başa düşülür. 
								Bu təqaüd tələbəyə borc kimi verilir və tələbə 
								gələcəkdə işləyəndən sonra borcunu tədricən 
								qaytarır.  
								
								Yaponiya Tələbə Xidməti Təşkilatı (JASSO) 
								Yaponiya universitetlərində təhsil alan əcnəbi 
								tələbələrə təqaüdlər təklif edir. 2009-2010-cu 
								tədris ilində JASSO-nun Tokio Universitetində 
								bakalavrlar üçün ayırdığı təqaüdün 
								("scholarship")  məbləği ayda 48000 yen, magistr 
								və doktorantlar üçün isə 65000 yen təşkil edir. 
								Universitetlər iyun ayının əvvəllərində JASSO-ya 
								müraciət edir. JASSO komissiyası tərəfindən 
								seçim turu aparılır və müsabiqədən 
								müvəffəqiyyətlə keçmiş tələbələr haqqında 
								məlumat universitetlərə iyul ayının əvvəllərində 
								verilir. Tokio Universiteti Fondu da tələbələrə 
								təqaüd ayırır. Fondun verdiyi təqaüdün məbləği 
								ayda 50000 yendir.  
								
								
								Universitet bu gün  
								
								Hazırda Tokio Universitetinin nəzdində aşağıdakı 
								departamentlər fəaliyyət göstərir.  
								
								Fakültələr: hüquq, tibb, mühəndislik, 
								filologiya, dəqiq elmlər, kənd təsərrüfatı, 
								iqtisadiyyat, incəsənət və elmlər, pedaqogika, 
								əczaçılıq.   
								
								Ali Məktəblər: Humanitar və Sosiologiya Elmləri, 
								Təhsil, Hüquq və Siyasi Elmlər, İqtisadiyyat, 
								İncəsənət və Elmlər, Mühəndislik, Elm, Kənd 
								təsərrüfatı və Həyat, Tibb, Əczaçılıq, 
								Riyaziyyat Elmləri, Qabaqcıl Texnologiyalar, 
								İnformasiya Texnologiyaları, Fənlərarası 
								İnformasiya Tədqiqatları, Dövlət Siyasəti.
								 
								
								İnstitutlar: Tibb Elmləri, Zəlzələ 
								Elmi-Tədqiqat, Asiya Regionu üzrə Perspektiv 
								Tədqiqatlar, Sosial, Sənaye Elmləri, 
								İstorioqrafiya, Molekulyar və Hüceyrə Bioelmlər, 
								Kosmik Şüa Tədqiqatı, Bərk Cisimlər Fizikası, 
								Okeanın Tədqiqatı, Qabaqcıl Elm və Texnika 
								Tədqiqat.   
								
								Mərkəzlər: Universitet Muzeyi, Kriogen 
								Tədqiqatlar, Radioizotop, Ətraf Mühit Elmləri, 
								Beynəlxalq, Artefaktların öyrənilməsi, 
								Biotexnologiya-Tədqiqat, Asiya Təbiəti, 
								Beynəlxalq Tədqiqatlar üzrə Əməkdaşlıq, Komaba 
								Açıq Laboratoriyası, Geinformasiya Elmi, 
								Beynəlxalq Tibbi Təhsil, Səhiyyə, İnformasiya 
								Texnologiyaları, İqlimin Tədqiqatı, Beynəlxalq 
								Elementar Hissəciklər Fizikası, VLSI 
								Planlaşdırılma və Təhsil, İntellektual 
								Modelləşdirmə Laboratoriyası.  
								
								Təşkilatlar: Elmin Sabit İnkişafı üzrə Kompleks 
								Tədqiqatlar, Nano Kvant Elektronikası 
								İnformasiya İnstitutu, Kimya-Biologiya 
								Elmi-Tədqiqat Təşəbbüsü, Bilik Quruluşu Mərkəzi, 
								Okean Alyansı, Kainat Fizikası və Riyaziyyatı, 
								Todai Alternativ Siyasət Tədqiqat, Mütərəqqi 
								Tədqiqat Təşəbbüsü. 
								
								Tokio Universitetinin kitabxana sistemi Əsas, 
								Kaşiva, Komaba, eləcə də 34 bölmə və institut 
								kitabxanalarından ibarətdir. Hər fakültənin, 
								institutun, mərkəzin nəzdində öz sahəsi üzrə 
								kitabxanası mövcuddur. üç müxtəlif şəhərcikdə - 
								Honqo, Kaşiva, Komaba kampuslarında və kampusdan 
								kənarda yerləşən bu kitabxanalar yeganə bir 
								sistem çərçivəsində geniş spektrdə xidmət təklif 
								edir. Kitabxana sistemində, ümumilikdə, 8,8 
								milyon cild kitab, jurnal, dissertasiya və s. 
								mövcuddur. Bu rəqəmin üzərinə hər il 170 min 
								kitab, 152 min dövri nəşr artırılır. 
								Universitetin həmçinin OPAC (Online Public 
								Access Catalog) adlanan ümumi onlayn kataloq 
								səhifəsi mövcuddur. Tokio Universitetinin 
								kitabxana sisteminin əksər kolleksiyaları bu 
								kataloqda dərc edilib və oxucular həmin səhifəyə 
								daxil olaraq istədikləri materialı tapa 
								bilərlər.   
								
								Tokio Universitetinin muzeyi 1966-cı ildə 
								yaradılıb və Yaponiyanın ən aparıcı 
								muzeylərindəndir. Muzeydə təbii, mədəni və 
								tarixi materiallar toplanıb, sistemləşdirilib və 
								hamı üçün açıqdır. Universitet 6400000 tədqiqat  
								obyektinə malikdir, onlardan 2430000-i 
								universitetin muzeyində yerləşir. Muzeyin 
								kolleksiyası yerli və xarici mənbələr hesabına 
								mütəmadi olaraq yenilənir. Hazırda muzey 8,8 
								hektar ərazidə yerləşir. Muzey yerinin 
								darlığından kolleksiyalarının yerləşdirilməsi və 
								qorunmasında çətinlik çəkir, hətta bəzən 
								kolleksiyalarını azaltmaq və ya başqa yerə  
								köçürmək məcburiyyətində olur. Tokio 
								Universitetinin muzeyi bir neçə bölmədən 
								ibarətdir. Yer elmləri departamentində 
								mineralogiya, petrologiya, faydalı qazıntılar, 
								tarixi geologiya, paleontologiya, coğrafiya, 
								Biologiya departamentində botanika, meşə 
								botanikası, zoologiya,  tibb, antropologiya, 
								Mədəniyyətin tarixi departamentində arxeologiya, 
								memarlıq, mədəni antropologiya və təsviri 
								incəsənət tarixi, Radiokarbon laboratoriyasında 
								arxeologiya, tarix, geologiya elmlərinə aid, 
								Kurator tədqiqatları departamentində 
								elmi-tədqiqat materialları toplanıb. Muzeyin 
								Texnologiya departamenti 2002-ci ildə yaradılıb 
								və  "beyin mərkəzi" kooperativi kimi nəzərdə 
								tutulub. Media elmləri və informasiya 
								departamenti muzeydə toplanan elmi informasiyanı 
								ictimaiyyətə çatdırmaqla məşğuldur (Public 
								Relations). Koişikava adlanan muzeyin əlavə 
								binası universitetin Botanika bağının yanında 
								yerləşir. Burada sərgilər təşkil olunur, 
								tədqiqatçıların və geniş ictimaiyyətin 
								istifadəsinə zəngin verilənlər bazası təqdim 
								edilir.   
								
								Tokio Universitetinin Honqo, Komaba, Kasiva, 
								Şirokane və Nakano adlanan beş kampusu 
								mövcuddur. Universitetin əsas kampusu Honqo 
								adlanır və Maeda mülkədar ailəsinin 
								malikanəsində yerləşir. Bu, Yaponiyanın ən qədim 
								malikanələrindən biridir, xüsusilə burada 
								yerləşən Akamon (Qırmızı qapı) ölkənin tarixi 
								abidəsidir. Honqonun mərkəzi 1615-ci ilə aiddir. 
								Həmçinin bura Yaponiyanın ən gözəl yerlərindən 
								biri hesab edilir. Komaba kampusu universitet 
								tələbələrinin  məskunlaşdığı ən sıx şəhərcikdir.
								 
								
								Bütün başqa universitetlərdə olduğu kimi, Tokio 
								Universitetində də tələbələr yataqxanalarla 
								təmin olunur. Əcnəbi tələbələrin məskunlaşması 
								üçün Mitaka, Toşima, Lodge Komaba, Şirokanedai 
								adlı beynəlxalq yataqxanalar mövcuddur. Bu 
								yataqxanalarda bir nəfərlik yerin illik qiyməti 
								4700 - 5900 yen təşkil edir. Şirokane 1 qızlar 
								yataqxanası köhnə və yaşamaq üçün əlverişsiz 
								olduğundan 2007-ci ildə Toşima Beynəlxalq 
								yataqxanasında qızlar üçün yeni mənzillər 
								tikilib. 2009-cu ilin oktyabrında Kasiva Lodge 
								və Kasiva II Beynəlxalq yataqxana kampusu 
								istifadəyə verilib. 2010-cu ildə universitet 
								Beynəlxalq Oiveyk rezidensiyası tikməyi 
								planlaşdırır. Tələbələr universitetə yataqxanada 
								məskunlaşmaları haqqında ərizə ilə ildə iki dəfə 
								müraciət edə bilərlər - birinci dəfə yanvarda, 
								ikinci dəfə isə iyulda. Ərizəni tələbə oxuduğu 
								fakültə və ya məktəb vasitəsilə göndərməlidir.  
								Universitetdə əsasən oğlanlar yataqxanalarla 
								daha yaxşı təmin edilir, qızlar və uşaqlı 
								ailələr isə bu cəhətdən bir qədər əziyyət 
								çəkirlər. Burada tələbələrin istifadəsinə kirayə 
								mənzillər verilir, kənardan olan əməkdaşlar da 
								mənzillərlə təmin edilirlər. 
								
								Tokio Universitetində milliyyətindən asılı 
								olmayaraq istedadlı tələbəyə əlverişli şərait 
								yaradılır, maddi yardım göstərilir. Müxtəlif 
								fondlar əcnəbi tələbələr üçün təqaüdlər ayırır. 
								Hazırda Tokio Universitetində 30000-dən çox 
								tələbə təhsil alır. Burada dünyanın 100 
								ölkəsindən 2500-dən çox tələbə var. Əcnəbi 
								tələbələr universitetdə ingilis dilində təhsil 
								alır, bununla yanaşı, onlara yapon dili də 
								öyrədilir.  
								
								Tokio Universitetində 5779 işçi heyəti çalışır. 
								Hazırda universitetin prezidenti Cuniçi Hamada, 
								birinci icraçı vitse-prezidenti Siniti Sato, 
								ikinci icraçı vitse-prezidenti isə Eitiro 
								Matsumotodur.  
								
								Yaponiya dünyanın ən inkişaf etmiş ölkələrindən 
								biridir. "Gündoğar ölkə" adlandırılan 
								Yaponiyanın qədim tarixə, zəngin mədəniyyətə 
								malik olması, yapon texnologiyasının keyfiyyəti, 
								Yaponiya elminin sürətli inkişafı hər kəsə 
								məlumdur. Bu baxımdan, Yaponiyanın ali təhsil 
								müəssisələrində, xüsusilə dünya universitetləri 
								reytinqində yer alan Tokio Universitetində 
								təhsil almaq, bu qədim ölkənin əvəzolunmaz 
								təcrübəsindən bəhrələnmək böyük əhəmiyyətə 
								malikdir.   
								
								
								Tokio Universitetinin məşhur məzunları  
									
										|  | Masako Ovada | Yaponiyanın taclı şahzadəsi |  |  
										|  | Yukio Hatoyama | Yaponiyanın Baş naziri |  |  
										|  | Kiiçi Miyazava | Yaponiyanın sabiq Baş naziri (1991-1993) |  |  
										|  | Yasuhiro Nakasone | Yaponiyanın sabiq Baş naziri (1982-1987) |  |  
										|  | Eisaku Sato | Yaponiyanın sabiq Baş naziri, Nobel  
										mükafatı laureatı (1964-1972) |  |  
										|  | Nobusuke Kişi | Yaponiyanın sabiq Baş naziri (1957-1960) |  |  
										|  | İçiro Hatoyama | Yaponiyanın sabiq Baş naziri (1954-1956) |  |  
										|  | Şiqeru Yoşida | Yaponiyanın sabiq Baş naziri 
										(1948-1954) |  |  
										|  | Tetsu Katayama | Yaponiyanın sabiq Baş naziri (1947-1948) |  |  
										|  | Kijuro Şidehara | Yaponiyanın sabiq Baş naziri (1945-1946) |  |  
										|  | Kiiçiro Hiranumo | Yaponiyanın sabiq Baş naziri (1939) |  |  
										|  | Koki Hirota | Yaponiyanın sabiq Baş naziri (1936-1937) |  |  
										|  | Osaçi Hamaquçi | Yaponiyanın sabiq Baş naziri (1929-1931) |  |  
										|  | Reijiro Vakatsuki | Yaponiyanın sabiq Baş naziri (1926-1927, 
										1931) |  |  
										|  | Takaaki Kato | Yaponiyanın sabiq Baş naziri (1924-1926) |  |  
										|  | Takaşi Hara | Yaponiyanın sabiq Baş naziri (1918-1921) |  |  
										|  | Hakuo Yanagisava | Yaponiyanın səhiyyə naziri |  |  
										|  | Leo Esaki | fizika üzrə Nobel mükafatı laureatı |  |  
										|  | Masatoşi Koşiba | fizika üzrə Nobel mükafatı laureatı |  |  
										|  | Yaiçiro Nambu | fizika üzrə Nobel mükafatı laureatı |  |  
										|  | Yanusari Kavabata | ədəbiyyat üzrə Nobel mükafatı laureatı |  |  
										|  | Kenzaburo Oe | ədəbiyyat üzrə Nobel mükafatı laureatı |  |  
										|  | Rünoske Akutaqava | məşhur yapon yazıçısı |  |  
										|  | Kobo Abe | məşhur yapon yazıçısı |  |  
								
								
								Hazırladı:Lamiyə ƏLİYEVA
 |