Nimet çubukçu 1965-ci il martın 2-də Türkiyə
Respublikası Karaman vilayətinin Ayrancı
kəndində anadan olub. 1988-ci ildə İstanbul
Universitetinin hüquq fakültəsini bitirib.
1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə
başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq
haqları komissiyasında və uşaq məhkəmələrində
işləyib. Türkiyənin hakim partiyası AKP-nin
qurucu üzvü olan Nimet çubukçu 3 noyabr 2002-ci
il parlament seçkilərində AKP üzrə İstanbuldan
millət vəkili seçilib. 2 iyun 2005-ci ildə
qurulan 59-cu hökumətdə qadın və ailə
problemləri üzrə dövlət naziri vəzifəsinə təyin
olunub. 60-cı hökumətdə yenidən dövlət naziri
olub. 22 iyul 2007-ci il parlament seçkilərində
AKP-dən İstanbul üzrə təkrar millət vəkili
seçilib. 2009-cu il mayın 3-də keçirilən kabinet
dəyişikliyində Türkiyə Cümhuriyyətinin milli
təhsil naziri təyin olunub.
Xəbər verdiyimiz kimi, Türkiyənin ilk qadın
milli təhsil naziri xanım Nimet çubukçunun
başçılıq etdiyi nümayəndə heyəti yanvarın
21-22-də ölkəmizdə rəsmi səfərdə olub. Səfər
proqramı çərçivəsində yanvarın 21-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən qəbul edilən nümayəndə heyəti Təhsil
Nazirliyində, Azərbaycan Diplomatik
Akademiyasında, Bakı Dövlət Universitetində,
Türkiyənin "çağ" öyrətim Şirkətinin Qafqaz
Universitetində, Bakı Türk İlköyrətim Okulunda,
Bakı Türk Anadolu Liseyində görüşlər keçirib.
Səfər zamanı xanım Nimet çubukçu qəzetimizə
müsahibə verib. Həmin müsahibəni oxucularımıza
təqdim edirik.
- Nimet xanım, bizim üçün çox xoşdur ki,
Türkiyənin milli təhsil naziri olaraq ilk xarici
səfərinizi ölkəmizə etmisiniz. Səfərdə məqsəd
nədir?
- Hər şeydən öncə, ilk rəsmi ziyarətimi
Azərbaycana etməkdən böyük məmnunluq duyduğumu
bildirmək istəyirəm. Səfərimizdə məqsəd Türkiyə
ilə Azərbaycan arasında təhsil sahəsindəki
əlaqələrin mövcud vəziyyətini dəyərləndirib onu
daha da inkişaf etdirmək və bu sahədə işbirliyi
imkanlarını araşdırmaq idi. ölkələrimiz arasında
mədəni, o cümlədən təhsil əlaqələrini inkişaf
etdirmək üçün böyük potensial var. Bu
potensialın hərəkətə gətirilməsində isə,
bildiyiniz kimi, qarşılıqlı səfərlər xüsusi önəm
daşıyır.
- Səfər zamanı hansısa bir sənədin imzalanması
nəzərdə tutulubmu?
- Xeyr, tutulmayıb. Buna ehtiyac duyulmur. çünki
ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsini, əlaqələrimizin
inkişafını nəzərdə tutan 2 protokol mövcuddur.
Bunlardan biri 1998-ci ilin noyabrında
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı
ölkənizin Təhsil Nazirliyi ilə Türkiyə Milli
Təhsil Nazirliyi və Yüksək öyrətim Kurumu (Ali
Təhsil Şurası) arasında imzalanmış təhsil və elm
sahələrində əməkdaşlıq Protokolu, digəri isə
2000-ci ildə Türkiyənin milli təhsil naziri
Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi
arasında imzalanmış təhsil və elm sahələrində
əməkdaşlıq Protokoludur.
- Deyə bilərsinizmi, təhsil sahəsində
ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri
konkret olaraq hansı istiqamətləri əhatə edir?
- ölkələrimiz arasındakı tarixin
dərinliklərindən gələn mədəni bağlar təhsil
sahəsindəki işbirliyimizin möhkəm təməllər
üzərində qurulmasına zəmin yaradır.
Modern Türkiyənin qurucusu Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir" və Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin "Bir millət iki
dövlət" ifadələri bu təməli ən gözəl şəkildə
anlatmaqdadır. Bu baxımdan, ortaq tarix və
mədəniyyət əsasında davam etdirməkdə olduğumuz
təhsil sahəsindəki işbirliyi bir çox istiqaməti
əhatə edir, o cümlədən orta, peşə, ali təhsil
sahələrində səmərəli əməkdaşlıq əlaqələri
mövcuddur. Tələbə və müəllim mübadilələri,
müəllimlərin təkmilləşdirilməsi, müasir peşə
təhsili müəssisələrinin yeni modellərinin
yaradılmasında qardaş Azərbaycana kömək
göstərilməsi və s. istiqamətlərdə layihələr
gerçəkləşdirilir.
Türkiyə Milli Təhsil Nazirliyinin xətti ilə
Azərbaycanda hələ 1990-cı illərin əvvəllərindən
Bakı Türkiyə Türkcəsi Təhsil-Təlim Mərkəzi,
Bakı Türk Anadolu Liseyi, Bakı Türk İlköyrətim
Okulu yaradılmışdır və hazırda fəaliyyət
göstərməkdədir. 1993-2009-cu illər arasında bu
təhsil - tədris qurumlarında 352 müəllim
çalışmış, hazırda 64 müəllim çalışmaqdadır, 1579
şagird və yaşlı məzun olaraq diplom və
sertifikatlar almışdır. Hazırda 1266 şagird və
81 kurs müdavimi təhsillərini davam etdirir.
Azərbaycanın texniki peşə təhsili sahəsindəki
islahatlarını da dəstəkləyirik. Bu məqsədlə
təhsil naziri, hörmətli Misir Mərdanovun dəvəti
ilə texniki peşə təhsili sahəsində işbirliyi
qurmaq, yeni texniki peşə təhsili müəssisəsi
modeli yaratmaq işində Azərbaycan tərəfinə
dəstək vermək və kömək göstərmək məqsədi ilə
ötən il 25-28 yanvar tarixlərində nazirliyimiz
tərəfindən Türkiyə milli təhsil nazirinin
müavini Sadettin Sabarin rəhbərliyi ilə müvafiq
şöbələrin və idarələrin müdirlərindən, bir sıra
peşə təhsili müəssisələrinin rəhbərlərindən
ibarət bir heyət Azərbaycana göndərilmişdir.
Həmin nümayəndə heyətinin səfər çərçivəsində
keçirdiyi görüşlərdə Azərbaycanda texniki peşə
məktəblərinin Türkiyənin ən yaxşı texniki peşə
məktəbləri ilə qardaşlaşması, seçilmiş müəllim
və istehsalat təlimi ustalarına Türkiyədə və
Azərbaycanda təhsil dəstəyi verilməsi, bu təhsil
müəssisələrinin büdcədənkənar gəlir sisteminin
qurulması, proqram və dərsliklərin
hazırlanmasına kömək və s. məsələlər sahəsində
işbirliyi imkanları araşdırılmış və müvafiq
razılıq əldə olunmuşdur. Bu çərçivədə
2008-2009-cu tədris ilində ölkənizin peşə
təhsili müəssisələrindən 10 nəfərlik nümayəndə
heyəti Türkiyənin İzmir şəhərinə gedərək
buradakı Mahzar Zorlu Texniki və Sənaye-Peşə
Liseyində müvafiq hazırlıq keçmişdir. Bu il də
həmin məktəblərdə əvvəlki təlimin davamı olaraq
azərbaycanlı təhsil işçilərinə müvafiq təlim
keçiləcəkdir. Müəyyən edildiyi halda digər model
məktəblərə də lazımi dəstək veriləcəkdir.
Nazirliyimizin xətti ilə hər il yay aylarında
müntəzəm olaraq digər türk və qohum topluluqlar
kimi Azərbaycanın təhsil işçilərinə də təhsil
sistemindəki yeniliklərlə tanışlıq, təcrübə
mübadiləsi məqsədi ilə türk dilinin tədrisi,
türk mədəniyyəti və milli təhsil sistemini
tanıtma mövzularında seminarlar təşkil olunur.
Bu seminarlarda 1992-2009-cu illər arasında
bütövlükdə 282 azərbaycanlı təhsil işçisi
iştirak etmişdir.
- Azərbaycanda Türkiyə Milli Təhsil Nazirliyinin
xətti ilə yanaşı, digər qurumlarla birgə
işbirliyinin nəticəsi olaraq da xeyli təhsil
müəssisəsi fəaliyyət göstərir. Onlar barədə nə
deyə bilərsiniz?
- ölkənizdə Türk Dünyası Araşdırmaları Vəqfinə
aid 1 lisey və idarəetmə fakültəsi, Türkiyə
Diyanət Vəqfinin 1 liseyi, "çağ" öyrətim
Şirkətinin 11 liseyi, 1 ibtidai məktəbi, 10 kurs
mərkəzi və 1 universiteti olmaqla, bütövlükdə 26
təhsil-tədris qurumu fəaliyyət göstərir.
Bildiyimə görə, şagirdlərə verdikləri təhsilin
yüksək səviyyəsinə, ali məktəblərə qəbul
imtahanlarında yetirmələrinin topladıqları
ballara və beynəlxalq olimpiadalarda, digər
bilik yarışlarında qazandıqları uğurlara görə bu
təhsil müəssisələri Azərbaycan ictimaiyyəti
arasında böyük nüfuza malikdir. Təkcə bir faktı
göstərim ki, 1994-2010-cu illər ərzində
Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri
dünya fənn olimpiadalarında 75-i qızıl, 120-si
gümüş və 169-u bürünc olmaqla, bütövlükdə 364
medal qazanmışlar. Bütün bunlar bizi çox
qürurlandırır. Bu tədris ocaqlarında yüksək
səviyyədə təhsil alan şagirdlərin gələcəkdə həm
Azərbaycanda, həm də Türkiyədə çox böyük rol
oynayacaqlarına əminəm.
Yeri gəlmişkən onu da deyim ki, biz dövlət xətti
ilə Azərbaycanda açdığımız məktəblərin sayını
artırmaq fikrindəyik. Bununla bağlı görüşdə
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanovla söhbətlərimiz olub.
- Nimet xanım, hazırda Azərbaycanda Türkiyədən
nə qədər tələbə təhsil alır? Gələcəkdə onların
sayının artırılması nəzərdə tutulurmu?
- İndi Azərbaycanda 4 mindən çox türkiyəli
tələbə var. Onlar ölkənizin 21 ali məktəbində
təhsil alırlar. Onların sayının artırılması,
əlbəttə, mümkündür. ölkələrimiz bu mənada hər
cür işbirliyi qurmağa hazırdır.
- Bəs Türkiyə universitetlərində nə qədər
azərbaycanlı oxuyur? Əcnəbilərin Türkiyənin ali
məktəblərinə daha çox cəlbi istiqamətində nə
kimi çalışmalarınız vardır?
- Azərbaycandan olan tələbələrimizin sayı 5 min
civarındadır. Onların bir qismi, daha dürüst
desək, 209-u bakalavr, 96 nəfəri magistratura,
117 nəfəri doktorantura pilləsində, 95 nəfəri
isə tibbdə uzmanlıq üzrə dövlət xətti ilə
oxuyanlardır. Qalanları, yəni böyük əksəriyyəti
isə öz hesabına təhsil alırlar.
Bildiyiniz kimi, Türkiyədə ali təhsil
müəssisələrinə qəbul və yerləşdirmə Ali Təhsil
Qurumuna daxil olan Tələbələrin Seçilməsi və
Yerləşdirilməsi Mərkəzi tərəfindən YöS adlanan
test imtahanları vasitəsilə mərkəzləşdirilmiş
qaydada həyata keçirilir. Xarici tələbələrin
Türkiyədə oxuması da bu mərkəz tərəfindən təşkil
edilən imtahanların nəticələrinə uyğun aparılır.
Lakin bir tərəfdən ayrılan yerlərin məhdudluğu,
digər tərəfdən universitetlərdə oxumaq
istəyənlərin sayının çoxluğu mərkəzləşdirilmiş
imtahanları gərəksiz edir. Əsasən türk
şagirdləri üçün nəzərdə tutulmuş
mərkəzləşdirilmiş imtahanların digər bir
çatışmazlığı da çoxlu sayda bölümlərdə ayrılmış
tələbə yerlərinin boş qalmasına yol açmasıdır.
Xarici tələbələr üçün imtahanlar da əslində
xarici tələbələri ölkəmizə cəlb etmək üçün
pozitiv bir şey deyil, əksinə, imtahan
sistemlərinin uyğun olmaması ölkəmizdə bir
imtahana girmək və bu imtahanı qazanaraq
yerləşmə ehtimalını zəiflədir və nəzərdə
tutulmuş tələbə yerləri boş qalır. Dolayısı ilə
biz burada Yüksək öyrətim Kurumu və Milli Təhsil
Nazirliyi olaraq birlikdə çalışıb bu məsələnin
həllini tapırıq. Bir çox ölkələrdən gələn
tələbələr öz ölkələrində çox müvəffəqiyyətli
orta ballara sahib olduqları halda, bu
imtahanlara girə bilmirlər. Qeyd olunan
səbəblərdən bizdəki ali təhsil müəssisələrində
hazırda, təxminən, 130 min yer boş qalır.
Halbuki mövcud imtahan sisteminə əsasən
öyrəncilərin universitetlərə bal üstünlüyünə
görə seçim mexanizminin ləğv edilməsi ilə ali
məktəblərdə boş qalan yerlərinin tamamən
dolacağını düşünürəm. Mövcud imtahan
sistemlərinin aradan qaldırılmasının bizim üçün
heç bir şəkildə mənfi təsiri olmayacaq, əksinə,
daha çox sayda tələbə cəlb olunacaq.
Türkiyə bölgədə diqqətçəkən və canlanan bir
ölkədir. üstəlik, ali təhsil sahəsində çoxlu
sayda yaxşı universitetlər qurulur. Türkiyənin
hər vilayətində də yeni universitetlər təsis
olunur. Xüsusən bəzi ölkələrlə həmsərhəd olan
vilayətlərdə belə yeni universitetlərin özlərinə
həmsərhəd olan, amma inkişaf etməmiş ölkələrdən
tələbə cəlb etmək ehtimalı çox yüksəkdir.
Məsələn, yeni qurulan Trakiya, Tekirdağ
universitetləri Balkanlardan daha çox tələbə
alır.
Hazırda universitet rektorları bizdən xarici
öyrəncilər arasından öz tələbələrini özləri
seçmək sisteminin tətbiqini tələb edirlər. Artıq
il yarımdır ki, bu məsələnin həlli üzərində
işləyirik. Ali təhsil müəssisələrinin tələbə
qəbulu qaydalarında və imtahanların təşkili
mexanizmində ediləcək dəyişikliklərə əsasən
universitetlər xarici tələbələri orta ballarına
və ya öz ölkələrində bir imtahan sistemi varsa,
buna əsaslanaraq götürəcəklər. Hədəfimiz
dünyanın müxtəlif ölkələrindən daha çox sayda
tələbəni Türkiyədəki universitetlərdə
oxutmaqdır.
- Türkiyə ilə Azərbaycan arasında diplomların
qarşılıqlı tanınması sahəsində problemlər varmı?
- Hazırda hər iki ölkədə tibb və hüquq
ixtisasları üzrə diplomların tanınmasında
problem mövcuddur. Bu problemin aradan
qaldırılması üçün hər iki tərəf müvafiq iş
aparır. Bu məsələyə cənab Misir Mərdanovla
görüşümüzdə də toxunduq. Hər iki tərəfin
problemin həllində maraqlı olduğu və bu
istiqamətdə müvafiq çalışmalar yapıldığı ifadə
edildi.
İnşallah, yaxın gələcəkdə bu məsələ də yəqin ki,
öz həllini tapacaq.
- Türkiyənin milli təhsil naziri kimi ölkəmizə
ilk səfərinizi necə qiymətləndirirsiniz?
- Azərbaycana gəlişimdən çox böyük sevinc
hissləri duydum. çox səmərəli bir ziyarət keçdi.
Başda Bakı Dövlət Universiteti, Qafqaz
Universiteti olmaqla getdiyim təhsil
müəssisələrində apardığım müşahidələr
nəticəsində Azərbaycan təhsil sisteminin xeyli
inkişaf etdiyini gördüm.
- Müsahibə üçün sağ olun.
Müsahibəni apardı:
Yusif ƏLİYEV |